• cümə axşamı, 25 aprel, 12:54
  • Baku Bakı 23°C

Mən də öz dərsimi aldım - Şou-biznes

03.08.15 10:33 2361
Mən də öz dərsimi aldım - Şou-biznes
Eldar Qasımov: “Tanındıqdan sonra nəinki dostlarının, hətta bir neçə günün içərisində qohumlarının, tanışlarının da sayı artır”

“Gənclik qəzeti”-nin bu həftəki qonağı gənclərin sevimlisi, “Eurovision-2011” yarışmasının qalibi Eldar Qasımovdur. O, bizimlə söhbətində yeni mövsümdə həyata keçirəcəyi layihələrindən bəhs etdi. Geridə qoyduğumuz mövsümdən isə yaxşı həyat dərsi aldığını bildirdi, dost dediyi insanlardan gileyləndi. Həmsöhbətimiz Azərbaycan gənclərinin musiqi zövqündən də danışdı.
- Eldar bəy, bu isti yay günlərində tətilinizi necə keçirisiniz? İstirahət edə bilirsinizmi?

- Hazırda ölkədəyəm, istirahət edə bilmirəm. İşlərimin çoxluğundan heç nəyə vaxt ayıra bilmirəm. Dincəlmək üçün 1 dəqiqə belə vaxtım yoxdur. Yaxın zamanlarda qonşu ölkələrin birində istirahət etməyi düşünürəm. Ola bilsin ki, növbəti həftə Türkiyəyə getdim. Bir neçə həftədən sonra yeni studiyamızın açılışı olacaq. Bu açılışda iştirak etməyi çox istəyirəm. Məhz orada iştirak etmək üçün uzaq ölkəyə getməkdən imtina etmişəm. Özüm də həmin studiyada çalışacağam.
- Tamaşaçılar yeni mövsümdə sizi hansı layihələrdə görəcək?

- Yeni mövsümdə tamaşaçılarım məni bir çox maraqlı layihələrdə görəcəklər. Yaradıcılığım üzərində durmadan çalışıram. Çoxlu yeniliklərim və işlərim var. Bununla bağlı çoxlu planlar qurmuşam və bu planlar üzərində işləyirəm. Belə ki, Azərbaycan, rus və Ukrayna dilində, eləcə də Avropa dinləyiciləri üçün ingilis dilində mahnılar yazdırmışam. Çox yaxın zamanlarda dinləyicilərimizə yeni mahnılarımızı təqdim edəcəyik. Bu günə qədər üzərində işlədiyimiz mahnıları tamaşaçıların ixtiyarına verəcəyik. Yaxın günlərdə yaradıcılığımla bağlı Kiyevə gedəcəyik. Ukraynada musiqi sahəsində tanınan bir sıra prodüserlərlə sıx əlaqələrimiz və işbirliyimiz var. Bu birliyi daha da möhkəmləndirmək üçün Kiyevə yollanırıq. Açığını desəm, hazırda mənə çox layihələr təqdim olunur. Hamısı da biri-birindən maraqlıdır. Ancaq vaxt məhdudiyyətindən hamısında iştirak edə bilməyəcəm. Bircə onu deyə bilərəm ki, sosial, əyləncə xarakterli layihələrlə fanlarımı təəccübləndirəcəm.
- İxtisasca diplomatsınız. Gələcəkdə də müğənnilik fəaliyyətiniz ixtisasınızı üstələyəcək, yoxsa ikisi ilə də paralel məşğul olmağı fikirləşirsiniz?

- Səhnədə əsl həyatımı yaşayıram. Səhnədə mən özüməm. Ona görə də səhnəni heç vaxt tərk etməyəcəyəm. Diplomatiya isə mənə çox böyük köməkdir. Bu, bir həyat məktəbidir. BSU-da təhsil aldığım müddətdə mən çox şeylər öyrəndim. Diplomatiya danışıqlar aparmağın sənətidir. Ona görə də hər iki sənətimi davam etdirəcəm.
- Sizin repertuarınızda xarici mahnılar daha çox üstünlük təşkil edir. Nə üçün yerli mahnılarımıza müraciət etmirsiniz?

- Mən deməzdim ki, yalnız xarici mahnılara müraciət edirəm. Mənim repertuarımda yer alan mahnılar müasir musiqilərdir. İstəyirəm ki, o müasirliyi öz mahnılarımıza qatım. Hər musiqinin öz dinləyicisi olur. İfa etdiyim mahnıların da kifayət qədər dinləyiciləri var. Mənim üşün ən vacibi odur ki, biz Azərbaycan gəncləri bir yerdə dayanmayaq. Daima irəli addımayaq, nələrisə öyrənək və bunu öz üzərimizdə tətbiq edək. Azərbaycan gənclərini irəlidə görmək istəyirəm. Biz inkişaf edək ki, insanların zövqünü genişləndirək. Hər kəsin tutduğu bir istiqamətdə, bir səmtə doğru getməyək. Yenilik etmək lazımdır.
- Hər mövsüm sizin Avropa turlarınız, konsertləriniz olur. Bəs yeni mövsümdə necə, belə konsert proqramları gözlənilirmi?

- Mən özüm haqqında o qədər danışmağı sevmirəm. Ancaq onu deyə bilərəm ki, yeni mövsümdə də Avropa turlarım olacaq. Onun üçün Avropanın bir neçə şəhərində olacağıq. Orada həm yerli, həm də xarici mahnılarımı ifa edəcəyəm.
- Geridə qoyduğumuz bu mövsümü sizin üçün uğurlu hesab etmək olarmı?

- Əlbəttə, istənilən baxımdan gözəl mövsüm oldu. Yaradıcılğımdakı nailiyyətlərim göz önündə oldu. Qeyd edim ki, bu bir il məni çox dəyişdirdi. Geridə qoyduğumuz bu ildə çox şey öyrəndim, bir növ ağıllandım. İnsanları daha yaxşı tanımağa başladım. Özüm üçün yeniliklər etdim, insanların iç dünyasını öyrənməyə çalışdım. Belə qərara gəldim ki, çevrəmi qısaldım və bir çox insanlardan imtina edim. Ətrafımda olan insanları özümdən uzaqlaşdırdım. Çünki məni yorur və işləmək üçün çox mane olurdular. Onlar istedadlı insanların inkişaf etməsinə mane olmağa çalışırlar, onu alçadırlar. Ona görə də belə insanlardan uzaqlaşdım. Elə insanlardan mənə dost olmaz. Çevrəmə nəzər yetirib, dost-düşmənimi tanıdım. İndi isə yanımda ən vəfalı, dəyər verdiyim istedadlı insanlar qalıb. Hesab edirəm ki, bu qərarım geridə qoyduğumuz mövsümün ən böyük nailiyyətidir.
- İnsan məşhurlaşanda onun çevrəsi də genişlənir. Yəqin məhz bu səbəbdəndir ki, çevrənizdə həddən ziyadə insanlar olub.

- Bu hər zaman belə olub. Tanındıqdan sonra hər kəs sənin əzizinə çevrilir. Dırnaqarası dostlarının sayı-hesabı olmur. Nəinki dostlar, hətta bir neçə günün içərisində qohumlarının, tanışlarının sayı artır. Amma zaman keçdikcə biz böyüyürük, ağıllanırıq. Aldığımız dərslər bizi daha qəti addımlar atmağa məcbur edir. Belə olanda da çevrəmizdəki yaxşı insaları seçə bilirik. Yaxşı insanların köməyi ilə pis insanları özümüzdən uzaqlaşdırırıq. Mən də öz dərsimi aldım.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər