• cümə, 29 Mart, 12:26
  • Baku Bakı 14°C

“Mən belə böyük xəyallar qurmamışdım” – Müsahibə

04.02.15 07:25 1535
“Mən belə böyük xəyallar qurmamışdım” – Müsahibə
O, illər öncə Show TV-də adi bir müxbir idi. Zamanla özünü təsdiqlədi və istedadlı bir televiziya insanına çevrildi. Nəticədə tanınmış simaların can dostu oldu, geniş kütlənin isə ailədən hesab etdiyi fenomenə çevrildi. Hazırladığı proqramların reytinqinə görə, ona “reytinq canavarı” adı verilmişdi.
Müxbirlikdən televiziya rəhbərliyinə qədər yüksələn Acun Ilıcalının bu gün hər addımı, eləcə də özəl həyatı mətbuatın diqqət mərkəzindədir. Hazırda onun TV8 adlı televiziya kanalı və maraqlı layihələri var. Acun Türkiyə mətbuatına müxbirlikdən rəhbərliyə necə gəlib çatmasından danışıb.
- Güzgüyə baxanda nə görürsünüz?

- İçimdəki şeytanı görürəm (gülür). İnşallah, gələn il bu sualı mənə yenidən verərsiniz. O zaman sizə güzgüdə kimi və necə bir insan gördüyümü deyərəm. Hazırda güzgüyə baxanda, sadəcə uğura doğru irəliləyən və bunun üçün can atan bir şəxsiyyət görürəm.
- Əvvəllər arzulayırdınızmı ki, böyük bir kanalın sahibi olasınız?

- Mən hər zaman “Xeyirli olsun” deyirəm. Sənət həyatımda nəsə pis bir şey olanda, buna heyfsilənmirəm. Həmin hadisələrə hər zaman müsbət yanaşıram. Hesab edirəm ki, əgər bir dəfə uduzmuşamsa, 10 dəfə udmuşam. Düzdür, dünya kubokunu ala bilmədim, amma Acun Ilıcalının adını tarixə yazdırmağı bacardım. Həyatımdakı bütün neqativlər müsbət sonluqla bitdi. Başıma elə hadisələr gəldi ki, mən onları heç yuxuda belə görməzdim. Yəni bir kanalımın olması mənim üçün çox iddialı xəyal idi. Mən belə böyük xəyallar qurmamışdım. Bu dərəcəyə qədər gəlib çıxmağı da ağlımın ucundan belə keçirməmişəm.
- Kanal rəhbəri olduqdan sonra sizin haqqınızda “Acun da dəyişdi” kimi fikirlər səsləndimi?

- Mən insanlara heç zaman yuxarıdan aşağı baxmamışam. Mənim ailəm mənə elə tərbiyə verməyib. Qazandığım uğuru da itirmək niyyətim yoxdur. Bir şey bilirəm ki, nə uğurla, nə də pulla adam olmaq olmur. Hansı insanın daha dəyərli olduğunu heç kim bilmir. İnsanları bacarıqsız və uğursuz deyə günahlandıra bilməzsiniz. Xasiyyəti pisdir deyə günahlandıra bilərsiniz. Buna görə də yaxşı olduğunu düşündüyüm insanlara qarşı səmimiyəm. Davamlı olaraq onlara yaxşılıq etmək istəyirəm.
- Müxbirlikdən media orqanı rəhbəri vəzifəsinə qədər gəldiniz. Hər kəs bu barədə danışır. Deyirlər ki, Acun illər öncə müğənnilərdən bir neçə cümlə almaq üçün saatlarla gecə klublarının qabağında gözləyib. İndi isə əməyinin bəhrəsini görür.

- Elədir. Bizim şirkətdə hər kəs işin bir ucundan tutur. Acun Ilıcalı kanal sahibi olduğu andan etibarən işçilərinin hamısı kanal sahibidirlər, deməkdir. Artıq onların da deməyə söz haqları var. İnanıram ki, mən ətrafıma doğru insanları cəmləmişəm. Onlar da təxmin etdiyimdən artığını verdilər və mənim etibarımı doğrultdular. Beləliklə, mən də bir kanal aldım.
- Həyatınızın kəlməsi nədir? Risk, şans, xoşbəxtlik, reytinq…

- Xoşbəxtlik. Ən çətin zamanımda belə xoşbəxt olmağı bacardım. Ancaq sizin bu soruşduqlarınız hamısı bir-birinə zəncir kimi bağlıdır. Misal üçün, reytinq də xoşbəxtlik gətirir. Şans da burada böyük rol oynayır.
- Sizi bu günlərə nə gətirdi? Şeytan tükümü, yaxşı insan olmaqmı, yoxsa insanları tanımaqmı?

- Xaricdə olarkən bir gün həyatımda etmədiyim bir riski etdim. Ən yüksək sürətlə avtomobil idarə etdim. Gecə yatarkən hiss etdim ki, mən adrenalini sevən insan imişəm. Böyük riski xoşlayıram. Nəyisə etdikdən sonra öz-özümə təəccüblənirəm. Özlüyümdə “Mən neylədim?” – deyirəm. Misal üçün, iki dəfə batmış olan bir layihəni - “Varmısın, yokmusun?”-nu yenidən efirə gətirdim. Əslində bu manyaklıqdır. “Survivor” layihəsi də əslində batmış bir layihə idi. Ancaq mənim təkidimlə o yenidən efirə gəldi. Layihələr də elədir ki, iki bölüm çəkib təcrübə qazanmaq olmur. Şirkət rəhbəri öncədən 50 bölümün pulunu verir. Buna görə də bütün bu layihələri yenidən həyata qaytarmaq böyük risk tələb edirdi.
- Həyatınızda ən çox nəyə məyus olmusunuz?

- Anamla-atamı itirdiyim gün həyatımın ən pis günü idi. Bir də Show TV-yə işə qəbul olduğum gün.
- Kanalı əlinizdən alarlarsa, yenidən müxbirliyə dönərsinizmi?

- Hesab edirəm ki, o sahədə çalışmaq mənim üçün çox çətin olar. Artıq mən bu uğuru əldə etmişəm. Əgər hər şeyi sıfırdan başlasam, bu zirvəyə qədər gəlib çıxa bilmərəm. Müxbirliklə nəyəsə nail olmaq çox çətindir. Müxbirlik çox enerji və səbir tələb edir. Həyatımın ən böyük enerjisini isə bu layihələr üçün xərclədim. Dörd il küçələrdə, təyyarələrdə yaşadım.
- Sizinlə işləmək istəyən kifayət qədər gənc var. Misal üçün, Gezi parkı hadisələrində çox istedadlı tələbələr üzə çıxdı. Ancaq sizinlə onların siyasi görüşləri çox fərqlidir. Onların sizinlə çalışma şansı ola bilərmi?
- İndiyə kimi kimisə işə götürəndə, siyasi görüşü ilə maraqlanmamışam. O ki qaldı siyasi görüşlərimizə, mən müxtəlif fikirli insanlarla işləməyi sevirəm. İstəyirəm ki, cəmiyyətin güzgüsü olan bir şirkətim olsun ki, onlar cəmiyyətin bütün nümayəndələrinə xitab edə bilsinlər. Xəyalını qurduğu nailiyyəti əldə edən, iş mövzusunda dünyanın ən şanslı insanlarından biriyəm. Sevdiyim işi görərək bu yüksəkliklərə gəlib çatmışam. Ancaq təəssüf edərək deyə bilərəm ki, bu müsahibəni oxuyan insanların bəziləri sevdiyi işlə məşğul deyillər. Hesab edirəm ki, əgər sevdiyiniz iş sizi istəyirsə, o özü mütləq sizi tapacaq. Ona görə də buradan sizə “onu edin, bunu edin” deyə göstərişlər verə bilmərəm.
- Siz hər vəziyyətdən çıxmağı bacaran bir müxbir idiniz. Fransadaymış kimi İstanbuldan çəkdiyiniz verilişləri bilməyən yoxdur. Bu kimi oyunları indi necə, tamaşaçı qəbul edərmi?

- O zamanlar bizə sərbəstlik verilmişdi. Mən çox cəsur və istədiyimi tezliklə əldə edən bir müxbir idim. Bir pis cəhətim var idi ki, günortadan sonra mütləq yatmalı idim. O zamanlar bu kimi hadisələr anormallıq hesab olunurdu. Ancaq mən birtəhər onu rəhbərliyə qəbul etdirdim. Düzdür, müxbir olan zaman bir çox çılğınlıqlar etmişəm. Mənim zamanımda mətbuatda çox ciddi şəkildə nizam-intizam var idi. Hazırda mən öz işçilərimə belə bir sistem yaratmamışam. Onların işə neçədə gəlməsi ilə maraqlanmıram. Əgər işçim üç gün işə gəlməsə, ona “haradaydın” sualını vermərəm. Mən insanların işdəki nailiyyətlərinə baxıram. Ola bilsin ki, o, iki ay işləməyib. Ancaq önəmli bir layihə olanda ən çətin işi ona verirəm. Mən öz işçilərimə hər şeyə icazə vermişəm. Əgər biri mənə qarşı elə bir oyun oynayarsa da buna əsəbiləşmərəm.
- TV8-i aldıqdan sonra xəbərlər verilişini ləğv etməniz çox söz-söhbətə səbəb oldu. “Kanalımda xəbər proqramı istəmirəm” dediniz. Nə üçün həmin kanalın xəbər müxbirlərinin adlarını divara yazıb o şəkildə işdən qovdunuz?

- Hadisə olan gün kanalı mən idarə etmirdim. Bunu kanalın köhnə rəhbəri işdən çıxanda boşluqdan istifadə edən işçilər ediblər. Bunun bizimlə uzaqdan və ya yaxından heç bir əlaqəsi yoxdur.
- Xəbəriniz olsaydı, bunun qarşısını alardınızmı?

- Əlbəttə ki, alardım. Mənim olduğum yerdə elə bir hadisə baş verə bilməz. Ola bilsin ki, o siyahını divardan asan da bəlkə heç kanalda çalışmayıb. Biz o hadisələr barədə tam təfərrüatı ilə məlumatlı deyilik. Yəni hadisə olanda biz orada deyildik.
- Bundan sonra hər hərəkətinizdə “Acun, sən də köhnə müxbirsən, bunu necə edərsən. Keçmişini nə tez unutdun?” kimi sözlər eşidəcəksiniz.

- Buna sadəcə gülürəm. Başqa kanallarda və qəzetlərdə də eyni hadisələr oldu. Təzminatlar verildi, hər kəs öz yoluna davam etdi. Hazırda 150 nəfərlik komandam var. Əgər insanlar icazə verərlərsə, öz komandamla işləmək istəyirəm. Nə edim? Öz komandamın üzvünümü qovum? 10 ildir birlikdə çalışdığım dostlarıma “Mən kanal aldım, sizə gülə-gülə”mi deyim? İnsanların bu tip analizlərini anlamaqda çətinlik çəkirəm.
- 8 nömrəsinin sizin üçün özəl bir anlamı varmı?

- Ötən il sekiz.com saytını aldım. Daha sonra sekiz.com-un köynəklərini hazırlatdırdım. Kanal almağa qərar verdiyim zaman mənim diqqətimi ilk olaraq -TV8 çəkdi. Mənim uğurlu rəqəmim doqquzdur. Ancaq səkkiz də pis rəqəm deyil. Kənardan baxarkən şəkil olaraq gözəl görsənir. Ancaq mən bu loqonu dəyişdirəcəm. Hazırda beynimdə gözəl bir fikir var.
- Ötən ay bir proqramda “Efirdə ölmək istəyirəm” dediniz. Bu sözü deyərkən ciddi idinizmi?

- Ekrana o qədər çox çıxıram ki (gülür)... Riyazi olaraq elə bir ehtimal var. “Necə ölmək istəyirsən” sualına heç bir cavabım yoxdur.
- Hansı proqramınız ilk dəfə reytinq rekordunu qırdı və ilk maaşınız nə qədər idi?

- İlk böyük skandal yaradan proqramım “Varmısın, yokmusun?” oldu. İlk maaşım isə 1994-cü ilin mart ayında aldığım 100 dollar idi.
- Siz tanınmış sima olaraq verilişlərə dəvət alırdınız. Ancaq indi hər bir kanalın rəqibi hesab olunursunuz.

- Məncə, yenə də verilişlərə dəvət alacağam. Sizi əmin edirəm ki, indiyə kimi heç kimin görmədiyi müdir olacağam. Özümü elə hiss edirəm. Təbii ki, məni şirkətin rəhbəri kimi tanıyacaqlar. Ancaq yenə də verilişlərə dəvət alacağam. Unutmayın ki, ekranların sevimli siması olan tək müdirəm. Ola bilər ki, gələcəkdə dünyada da böyük kanal sahibi, məşhur insan olaram.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər