AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Məmurun bizneslə məşğul olması korrupsiyaya aparan yoldur” müsahibə

“Məmurun bizneslə məşğul olması korrupsiyaya aparan yoldur” müsahibə

Müsahibə
08 Fevral 2013, 09:38 2064
Azərbaycanda bizneslə məşğul olan məmurlar və deputatlar cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı Cinayət Məcəlləsinə təklif olunan əlavə qəbul olunmayıb. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin fevralın 6-da keçirilən iclasında deputat Rafael Cəbrayılov bildirib ki, istənilən vəzifəli şəxs əgər vəzifəsindən sui-istifadə etmirsə, dövlət büdcəsinə qanuni gəlir gətirirsə, onun bizneslə məşğul olması ciddi cinayət faktı törətmir. Onun fikrincə, əgər o, vəzifəsindən sui-istifadə edirsə, bunun üçün inzibati məsuliyyət tətbiq eləmək olar və həmin şəxs törətdiyi əmələ görə vəzifəsindən uzaqlaşdırıla bilər. Digər millət vəkili Əli Hüseynli isə deyib ki, vəzifəli şəxslərin bizneslə məşğul olması barədə yaranan problemlərin aradan qaldırılması üçün buna uyğun yeni qanun hazırlanır və burada qeyd olunan problemin həll olunması, sərhədlərin müəyyən olunması üçün həmin qanun kifayət qədər şərait yaradacaq. Ə.Hüseynli bu səbəbdən Cinayət Məcəlləsinə əlavə maddə salınmasına ehtiyac olmadığını diqqətə çatdırıb. Müzakirələr aparıldıqdan sonra layihə geri qaytarılıb. Mövzunun aktuallığını nəzərə alıb, layihənin müəllifi Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılovdan qəzetimiz üçün müsahibə aldıq.

- İlyas müəllim, müəllifi olduğunuz yeni qanun layihəsini zəruri edən səbəblər nə idi?
- Hesab edirəm ki, Azərbaycanın ən böyük problemlərindən biri korrupsiya ilə mübarizədir. Fikrimcə, korrupsiyaya qarşı mübarizə hətta Qarabağ münaqişəsindən də mürəkkəb problemdir. Prezident İlham Əliyev də hər dəfə bölgələrə səfər çərçivəsində, eləcə də Nazirlər Kabinetinin iclaslarında etdiyi çıxışlarında korrupsiyaya qarşı mübarizəni ön plana çəkir. 2011-ci ilin fevral ayında Qazaxa səfəri zamanı da bu məsələni gündəmə gətirib. Dövlət başçısı çıxışında müvafiq qurumlardan korrupsiyaya qarşı mübarizə aparmağı tələb edib. Elə həmin ilin dekabr ayının sonunda, Yeni il axşamı Azərbaycan xalqına müraciətində də bu məsələnin üstündə dayanıb. Bu yaxınlarda Nazirlər Kabinetinin iclasında da korrupsiyaya qarşı mübarizəni qabartdı. Korrupsiya ilə mübarizə isə bir çox tədbirlərin həyata keçirilməsini zəruri edir. Mən Milli Məclisdəki çıxışlarımda da bunu demişdim. Birincisi, şərait tələb edir ki, hər kəs, hər bir vəzifəli şəxs gəlir deklorasiyası versin. Çox təəssüf ki, bu addım, faktiki olaraq həyata keçirilmir. Ona görə də təklif etdim ki, vəzifəli şəxslər nəinki gəlirləri haqqında, habelə xərcləri haqqında da deklorasiya verməlidirlər. Amma bu barədə təəssüf ki, bizdə qanun yoxdur. Bu səbəbdən, mən Milli Məclisdə çıxışımda dedim ki, təcili olaraq belə bir qanun qəbul etməliyik. Özü də bu qanunları biz internetdə yerləşdirməliyik ki, qoy hamı bilsin. Hər kəs bilsin ki, bu insanlar bu böyük binaları nəyin hesabına tikdiriblər. Doğrudan da bunu qanuni yolla qazanıblarsa, dövlətə nə qədər vergi verib və sair aydın olsun. Şəffaflıq təmin edilsin. Bəziləri deyir ki, kimisi alıb, kimisinə bağışlayıblar və sair. Qoy bizə öz xərcləri haqqında deklorasiya versinlər. Çox təəssüf ki, bizdə varlı adamlar biznesmenlər deyil, vəzifəli şəxslərdir. Bunlar öz vəzifəsindən sui-istifadə edərək qeyri-qanuni yolla sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar. Məsələn, “Korrupsiya ilə mübarizə haqqında” qanunda göstərilib ki, belə adamlar, yəni vəzifəli şəxslər sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməzlər. Amma buna baxmayaraq onlar sahibkarlıqla məşğul olurlar. Ona görə də mən prezidentin də mövqeyini müdafiə edərək, doğrudan da ölkəmizdə əliəyriliyin qabağını almaq məqsədi ilə Milli Məclisə belə bir qanun layihəsini təqdim etdim.

- Bu qanun layihəsində əsasən hansı müddəalar yer almışdı?
- Bu layihədə göstərilib ki, vəzifəli şəxslərin sahibkarlıq fəaliyyəti ilə məşğul olunmasına görə cinayət məsuliyyəti nəzərdə tutulsun. Layihədə təklif olunan maddəyə əsasən, deputat və məmurlar qanuna zidd olaraq bizneslə məşğul olmalarına görə cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Həmin şəxslərə qarşı 6 aydan 2 ilə qədər azadlığın məhdudlaşdırılması da təklif olunurdu. Amma müzakirələr zamanı deputatlar bu təklifə qarşı çıxdılar.

- Bəs, nəyə görə məhz indi belə bir təşəbbüslə çıxış etdiniz?
- Həmin qanun layihəsi iki ilə yaxın hər kəsdə saxlanıldı, amma gündəmə gətirilmədi. Bundan başqa yaz sessiyasındakı çıxışımda dedim ki, ikili vətəndaşlıq haqqında mən 2007-ci ildə qanun layihəsi vermişəm. Həmin qanun layihəsi İlyas İsmayılovun şəxsi arzusu deyil, bu Konstitusiyanın 152-ci maddəsinin tələbidir. Bu maddədə deyilir ki, Azərbaycan ərazisində doğulan və Azərbaycan ərazisində törəyən insanlar Azərbaycanın vətəndaşı hesab olunur. Hazırda Azərbaycanda doğulan, törəyən insanlar hər yerə səpələniblər. Xüsusən də keçmiş SSRİ məkanına. Bu yaxınlarda bizim Moskvadakı səfirimizin açıqlamasına görə artıq 700 mindən artıq azərbaycanlı Rusiya vətəndaşlığını qəbul edib. Biz onların taleyinə biganə qala bilmərik axı. Onları hüquqi cəhətdən Azərbaycana bağlamalıyıq. Bunun da yolu ikili vətəndaşlıqdan keçir. Prezident İlham Əliyev də hər dəfə çıxışında deyir ki, Azərbaycan dünyanın müxtəlif yerində yaşayan 50 milyon azərbaycanlının vətənidir. Amma vətəndaşsız vətən olmur axı. Bu adamlara vətəndaşlıq verməliyik ki, vətəninə maneəsiz gəlib getsin, vətən qarşısında öhdəliyi, məsuliyyəti olsun. Bu qanunu da bir daha müzakirəyə çıxardım, lakin görünür hələlik müzakirəyə çıxarmaq istəmirlər.

- Yeni qanun layihənizlə bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsindəki müzakirələr Sizdə necə təəssürat yaratdı?
- Tez-tələsik komitədə mənim ikinci qanun layihəmi, yəni vəzifəli şəxslərin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına görə cinayət məsuliyyəti nəzərdə tutan layihəmi müzakirəyə çıxarıblar. Mən hesab edirəm ki, düzgün etmirlər. Hər hansı bir qanun layihəsinin qəbulu tələb ediləndə ayrı-ayrı idarə müəssisələrdən, prokurorluqdan rəy alırlar. Sonradan bu rəydəki fikirlərə əsaslanıb qərar qəbul edirlər. Hansısa kənarda olan bir adamın fikri deputatın fikrindən üstün ola bilməz. Mənim fikrimi parlamentdə müzakirəyə çıxar, qoy deputatlar münasibət bildirsinlər.

- Bu qanun layihəsinə etiraz edən həmkarlarınız bildirir ki, istənilən vəzifəli şəxs əgər vəzifəsindən sui-istifadə etmirsə, dövlət büdcəsinə qanuni gəlir gətirirsə, onun bizneslə məşğul olması ciddi cinayət faktı törətmir. Siz bu arqumenti nə dərəcədə düzgün sayırsınız?
- Mən də mətbuatdan oxudum və gördüm ki, təqdim etdiyim qanun layihəsi ilə bağlı müxtəlif cəfəng fikirlər səsləndirilib. Onların fikrincə, əgər vəzifəli şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olub, vaxtlı-vaxtında vergisini verirsə, normal qəbul olunmalıdır. Axı, Azərbaycan qanunvericiliyi bunu qadağan edir. Başqa ölkələrdə mənim təklif etdiyim qanun layihəsi çoxdan qəbul olunub. Çünki bu, birbaşa korrupsiyaya aparan yoldur. Digər tərəfdən, belə fikir səsləndirilir ki, başqa bir qanun qəbul etmək lazımdır. Nə qanun? Korrupsiyaya qarşı mübarizə aparan bütün ölkələrdə mənim təqdim etdiyim layihə kimi qanun var. Yəqin ki, kimlərinsə marağına uyğun deyil. Bu, əlbəttə ki, düzgün yanaşma deyil. Birbaşa korrupsiyaya qarşı mübarizə haqqında qanunda vəzifəli şəxsin bu əməli, fəaliyyəti qadağan olunub. Deputatın elə şey deməyə ixtiyarı yoxdur. Deputatın və yaxud da hər hansı bir qısa fikri qanunun mətnindən, hüquq prinsipindən doğmalıdır.

- Başqa ölkələrdə bu cür məsələlər necə tənzimlənir?
- Bu yaxınlarda Rusiya belə bir qanun qəbul edib. Konkret olaraq, qonşu Gürcüstanda da belə bir qanun var. Ona görə də bir çox məmurlar orada vəzifədən azad edilərək cinayət məsuliyyətinə cəlb edildilər. Hər yerdə var bu qanun, təkcə Azərbaycanda yox.

- Sizcə vəzifəli şəxsin sahibkarlıq fəaliyyəti ilə məşğul olması hansı fəsadlara yol aça bilər?
- Vəzifə sahibi paralel olaraq biznes fəaliyyəti ilə də məşğul olursa, bu zaman o, tutduğu vəzifədən ancaq öz maraqları naminə istifadə edir. Korrupsiyanın da mahiyyəti sadəcə, kiminsə mənfəət güdməsindən, rüşvət almasından deyil, eyni zamanda məhz bundan da ibarətdir. Korrupsiyanın mahiyyəti ondan ibarətdir ki, dövlət aparatında məhz cinayətkar maraqlar çulğalaşır. Vəzifəli şəxsin bizneslə məşğul olması da məhz buna aparan yoldur. Bu yolun qarşısını kəsmək lazımdır. Əgər korrupsiyaya qarşı ciddi mübarizə aparmaq istəyiriksə, ölkəmizin gələcəyini düşünürüksə təqdim etdiyim qanun layihəsi ciddi müzakirələrdən keçib qəbul olunmalıdır. Ona görə də fikirləşirəm ki, Prezident İlham Əliyevə bu barədə məktubla müraciət edim. Çünki ölkə başçısı qanunvericilik təşəbbüsü ilə çıxış etsə, ona müqavimət göstərməzlər.

Rufik İSMAYILOV