• cümə axşamı, 18 aprel, 07:35
  • Baku Bakı 12°C

Məmurların şəffaf işləməkdən başqa çıxış yolları yoxdur

25.12.19 18:21 855
Məmurların şəffaf işləməkdən başqa çıxış yolları yoxdur
Millət vəkilləri fikrincə, dövlət başçısı nəzarət tədbirlərini gücləndirməklə xalqın arzusunu həyata keçirir

Bu günlərdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev, Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş Qoca Səmədov və başqaları vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılmış cinayət işləri üzrə şübhəli şəxs qismində saxlanılıblar. Baş vermiş bu hadisədən əvvəl isə dəfələrlə Prezident İlham Əliyev tərəfindən məmurlara, icra başçılarına öz fəaliyyətlərini normal qurmaq üçün qeyri-qanuni yollardan çəkinmələri ilə bağlı xəbərdarlıqlar edib. Lakin görünən odur ki, bəzi məmurlar bu xəbərdarlığı diqqətə almadıqları üçün indi törətdikləri əmələ görə cinayət məsuliyyətinə cəlb ediliblər. Hətta bu həbsdən sonra da Prezident İlham Əliyev yerlərdəki icra qurumları ilə bağlı öz fikirlərini tövsiyələrini və xəbərdarlığını etmiş oldu. Son olaraq isə Prezident İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibəsində bir daha məsələyə aydınlıq gətirib. O qeyd edib ki, rayona icra başçısı təyin olunanda ona dediyi sözlər, verdiyi tövsiyələr təbii ki, rayon ictimaiyyəti tərəfindən də qəbul edilir: "Onlar artıq o adamdan bu meyarlara uyğun olmasını tələb edirlər və tələb etməlidirlər. Mən dəfələrlə demişəm ki, ictimai nəzarət daha güclü olmalıdır. Bunu, sadəcə, söz naminə demirəm. Bəlkə də bir çox hallarda bunu təkrarlayıram. Nəyə görə? Çünki bu yoxdur bizdə. Bilirsiniz, ya yoxdur, ya da ki, ibtidai vəziyyətdədir. Belə olmaz, ictimai nəzarət olmalıdır. Əgər ictimai nəzarət olmasa, biz məlumatı haradan əldə edəcəyik? Mən, misal üçün bildirmişəm və bir daha demək istəyirəm ki, bəzi hallarda mən mətbuatdan bir çox şeyləri öyrənirəm. Çünki bəzi məsələlər mənə məruzə edilmir. Çünki sərf etmir o adamlara məruzə etmək. Ona görə ya mən bölgələrə gedəndə çalışıram vətəndaşlardan vəziyyətlə bağlı öyrənim, onları narahat edən problemlər haqqında eşidim. Ya özüm gedirəm təftiş edirəm orada işləri, ya da ki, ictimaiyyətdən verilməlidir bu məlumat. Dövlət məmurları hər bir ölkədə ancaq yaxşı raport verməyi öyrəşiblər. Onlardan soruşsan deyərlər ki, hər şey əladır, hər şey mükəmməldir, heç bir problem yoxdur. Mən bir çox rayonlara gedəndə icra başçısı ilə söhbət edəndə deyirəm hansı problem var - hər şey əla. Axı belə ola bilməz. Ya özü bilmir, ya da ki, bunları ört-basdır etmək istəyir, ya da bilmirəm hansı məqsədi güdür. Ona görə mənim kameralar qarşısında yeni təyin edilmiş icra başçılarına dediyim sözlər onlara verilən ən ciddi tapşırıqdır və onlar bu tapşırığı yerinə yetirməlidirlər. O cümlədən vətəndaşlara münasibətdə yekəxanalığa yer olmamalıdır, özlərini təkəbbürlü aparmamalıdırlar, vətəndaşlara yuxarıdan aşağıya baxmamalıdırlar, vətəndaşlara xidmət etməlidirlər, vətəndaşları incitməməlidirlər, hansısa abadlıq işlərinə sahibkarlardan qanunsuz pul tələb etməməlidirlər”.
Dövlət başçısı vurğulayıb ki, 40 minə yaxın ictimai iş yerləri yaradılıb: "O mənada ictimai ki, ictimai işlərlə məşğul olur, haradasa təmizlik işləri, bərpa işlərilə. Bəziləri bağban kimi işləyir. Ödənişli, çünki buna görə maaş alır. Bax, bu maaşı da onlar qıymadılar o kasıb adamlara. O kartları götürüb oradan pul çəkib öz ciblərini doldurdular. Buna nə ad vermək olar? Bu, vicdansızlıqdır. İndi yaxşı, xalqdan qorxmursansa, Allahdan qorx. Belə şey etmək olarmı? Ona görə, bax, bu, onu göstərir ki, bu, məmurun mənəvi deqradasiyasıdır, bu, insanın mənəvi deqradasiyasıdır. Belə məmurlar bizə ləkədir, ölkəmizə ləkədir, iqtidara ləkədir. Hamı bilsin, eşitsin ki, belə hallara qarşı mübarizə daha ciddi aparılacaq. Hamı ibrət götürsün, dərs götürsün, hər kəs üçün dərs olsun. Dövlət məmuru olmaq istəyirsənsə, vicdanla xidmət et dövlətə. Yox, sən dövlət vəzifəsinə gəlir mənbəyi kimi baxırsansa, heç getmə o vəzifəyə. Çünki bədbəxt olarsan. Bunu anlamayanlar, hesab edirəm, anlamalıdırlar ki, yeni dövrdə, yeni çağırışlar qarşısında olan ölkədə başqa cür ola da bilməz. Biz ölkəmizdəki vəziyyəti daha da sağlamlaşdırmalıyıq və xoşagəlməz hallara qarşı mübarizə bundan sonra da aparılacaq. Eyni zamanda, həm mətbuatdan, həm ictimaiyyətdən mən həm dəstək görürəm, həm də ki, onlar mənə bu işdə kömək edirlər”.
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Azərbaycan Vəhdət Partiyasının sədri, millət vəkili Tahir Kərimli bildirdi ki, Prezident İlham Əliyevin mütəmadi olaraq müxtəlif səpkili auditoriyalarda, o cümlədən jurnalistlərə müsahibəsində işinə məsuliyyətsiz yanaşan məmurlarla bağlı məsələyə toxunması onun ardıcıl olaraq korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə aparmaq istəyindən irəli gəlir: "Yəni, dövlət başçısı bu addımı ilə bəyan edir ki, bu kampaniya xarakterli deyil, korrupsiya ilə mübarizə, ümumiyyətlə dürüstlük onun strateji xəttidir. Çünki cəmiyyətimizdə belə bir fikir var ki, belə açıqlamalar hansısa əlamətdar günlərdə dilə gətirilir, sonra yaddan çıxır. Amma bu yanlış yanaşmadır”.
T.Kərimli qeyd etdi ki, dövlət başçısı bu prosesi qətiyyətli, ardıcıl aparmaq niyyətindədir: "Hesab edirəm ki, bu da xalqımıza bir mesajdır. Yəni, bu o deməkdir ki, cənab Prezident ictimai nəzarətin artırılmasını xalqdan umur. Hətta o, son müsahibəsində qeyd edir ki, çox şeyləri məndən gizləyirlər və bunu mətbuatdan öyrənirəm, yaxud da yerlərdə görüşlərim zamanı xəbər tuturam. Dövlət başçısı vurğuladı ki, bir sıra görüşləri ictimailəşdirilir və bu, yaxşı haldır. Yəni, icra başçıları bu görüşlərdə səsləndirilən fikirlərdən nəticə çıxarmalı, təkəbbürlülük etməməli, xalqdan özlərini ayırmamalı və rüşvətxorluq etməməlidirlər. Təsəvvür edin ki, bəzi məmurlar ünvanlı sosial yardım üçün ayrılan maliyyəni camaata vermir, onu mənimsəyir. Bu, həqiqətən dəhşətlidir. Cənab Prezident dediyi kimi, bu hərəkətə ad vermək olmur. Ona görə də hər bir məmur özünü yığışdırmalı və bilməlidir ki, bu xəbərdarlıqlar ötəri deyil, davam edən prosesdir. Xalq da bunu hiss edir və ona görə də aparılan islahatları dəstəkləyir. Dövlət başçısı da məhz xalqın arzusunu həyata keçirir və hökmən müvəffəqiyyət qazanacaqdır”.
Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə bildirdi ki, Prezident İlham Əliyevin bu xəbərdarlıqları bütün məmurlara məsuliyyətli olmaq və hüququn aliliyinə hörmət edərək vətəndaşların xidmətində olmaq üçün bir əmr idi: "Əslində bu qərarlardan sonra məmurlara aydın olacaq ki, başqa yolları yoxdur. Onlar ya dövlətə, xalqa xidmət etməlidir, ya da ki, çox ciddi cəzalarla üzləşəcəklər. Ölkədə həyata keçirilən sosial-iqtisadi islahatlar, kadr dəyişiklikləri, yeni, gənc nəslin dövlət idarəetməsinə dəvət olunması da köhnə nəslin dəyişə bilmədiyini nümayiş etdirdi. Bəzi kadrlar köhnə davranışdan əl çəkə bilmirlər və məhz ona görə də cəzaya məruz qalırlar”.
A.Mollazadə əlavə etdi ki, dövlət başçısı telekanallara müsahibəsində bu mənada ictimai nəzarət məsələsinə toxundu: "Hesab edirəm ki, aparılan işlərin nəticəsi olaraq icra strukturlarının üzərində daim həm ictimaiyyətin, həm mətbuatın, həm də qanunverici orqanın nəzarəti olmalıdır ki, məmur özbaşınalığına son qoyulsun”.

BƏXTİYAR
banner

Oxşar Xəbərlər