• şənbə, 20 Aprel, 10:30
  • Baku Bakı 14°C

“Məmur siyasətə və ya hansısa cərəyana qoşulursa, məmurluqdan çıxır”

07.03.14 10:49 1586
“Məmur siyasətə və ya hansısa cərəyana qoşulursa, məmurluqdan çıxır”
“Azərbaycan qanunvericiliyində dövlət-din, din-cəmiyyət münasibətləri kifayət qədər aydın şəkildə əks olunub. Müstəqilliyimizin ilk illərində “Dini etiqad azadlığı haqqında” Qanun qəbul edilib. Həmin Qanunda dini etiqad azadlığına dair bir sıra müddəalar öz əksini tapıb. Bizim ana yasamızda – Konstitusiyamızda da insanların dini etiqad azadlıqlarından geniş bəhs olunub. Konstitusiyanın 48-ci maddəsində bu məsələlərə birbaşa aydınlıq gətirilib. Bildirilib ki, hər kəs vicdan azadlığına malikdir, hər kəs dinə münasibətdə azaddır. Hər bir insan tək və ya toplu şəkildə istədiyi dinə etiqad göstərə, öz mülahizələrini sərbəst ifadə edə bilər”.
Bu barədə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov rəhbərlik etdiyi qurumun təşkil etdiyi “Dini etiqat azadlığı, missionerlik fəaliyyəti və media” mövzusunda konfransda bildirib. O, Azərbaycanın tarixən öz tolerantlığı ilə seçildiyini diqqətə çatdıraraq, burada müxtəlif dinə etiqad göstərən insanların sərbəst şəkildə yaşadığını, onlar arasında heç bir ayrı-seçkiliyin olmadığını vurğulayıb. Deyib ki, Azərbaycan xalqının tolerant olması və bunun bir model kimi qəbul edilməsi beynəlxalq səviyyəli tədbirlərdə dəfələrlə dilə gətirilib.
Media dövlətin dini azadlıqlarla bağlı siyasətini həmişə dəstəkləyib

Şura sədrinin sözlərinə görə, ölkədə bu tolerantlıq mühitinin yaradılmasında Azərbaycan mediasının da rolu böyükdür: “Azərbaycanın ilk milli mətbuat orqanı olan “Əkinçi” qəzeti yaradılarkən, ilk növbədə onun dünyəvi amallara kökləndiyi bəyan edilib. “Əkinçi”dən sonra işıq üzü görən mətbuat orqanları da bu prinsiplərə sadiq qalıblar. Bu, kifayət qədər önəmli faktdır. O dövrdə fəaliyyət göstərən maarifpərvər insanlar öz yaradıcılıqlarında dünyəvi və dini dəyərləri birləşdirərək, ideoloji məfkurə yarada biliblər. Həmin ideoloji məfkurə isə Şərqdə ilk Demokratik Cümhuriyyətin qurulmasına gətirib çıxardı. Müasir Azərbaycan mediası da öz sələflərinin qoyduğu irsə, prinsiplərlə sadiq qalıb. İndiki şəraitdə heç bir aparıcı mətbuat orqanında dinlərarası təfriqə yaradan materiallara rast gəlinmir. Azərbaycan jurnalistləri özlərinin birinci qurultayında peşə davranışı qaydaları kodeksini hazırlayarkən, birmənalı şəkildə millətinə və irqinə, sosial vəziyyətinə, eləcə də dini etiqadına görə insanlara fərq qoymayacaqları öhdəliyi götürüblər. Azərbaycan mediası Azərbaycan dövlətinin dini azadlıqlarla bağlı həyata keçirdiyi siyasəti hər zaman dəstəkləyib. Çünki hər bir ölkədə əmin-amanlığın yaradılmasında dinə, dini etiqada, azadlıqlara münasibət mühüm rol oynayır. Əgər nəzərə alsaq ki, Azərbaycan Qərblə Şərqin, Şimal ilə Cənubun mərkəzində strateji bir mövqedə yerləşir, o zaman “Dini etiqat azadlığı, missionerlik fəaliyyəti və media” mövzusunun əhəmiyyəti bizlərə bir daha aydın olar”.
Ə.Amaşov Azərbaycan müstəqillik qazandıqdan sonra müxtəlif təriqətlərin ölkəmizə yol tapmasına da toxunub: “Bir müddət əvvəl mətbuatda vəhhabiliklə bağlı materiallar yer alırdı. Bəzi məlumatlara görə, Səudiyyə Ərəbistanında yaranan vəhhabiliklə bağlı 80 milyard manat xərclənib. Son dövrlər isə nurçuluqla bağlı yazılar gedir. Azərbaycanda təriqətlərə qarşı mübarizə aparılmır. Dövlət qurumları, QHT-lər və media bu məsələlərə münasibət bildirmir. Çalışmalıyıq ki, milli və dövlət təhlükəsizliyimiz üçün heç bir təhlükə olmasın. Bu gün tədbirdə də əsas məqsəd son durumu müzakirə etməkdir. Tədbirin mövzusu tək Azərbaycanda deyil, eləcə də bütün dünyada önəmlidir. İstərdim ki, bu tədbirə qatılanlar öz fikir və mülahizələrini bölüşməklə, qarşıya qoyulan problemin araşdırılmasında və çıxış yollarının tapılmasında mühüm rol oynasınlar”.
Din-dövlət münasibətləri hər zaman aktualdır

Konfransda çıxış edən Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov din-dövlət münasibətlərinin aktuallığından söhbət açıb. Qeyd edib ki, dünya tarixinin bütün mərhələlərində, o cümlədən qloballaşmanın vüsət aldığı müasir dövrdə din və missionerlik amilinin etno-siyasi proseslərdə, cəmiyyət həyatında rolu, ictimai münasibətlərin formalaşmasına təsiri məsələsi daim geniş müzakirə mövzusu olub və öz aktuallığı ilə seçilib.
Onun sözlərinə görə, dünyanın müxtəlif bölgələrində dini və milli zəmində baş verən qarşıdurma və münaqişələr, dini konfessiyaların, təriqətlərin, institutların, cəmiyyətlərin siyasi həyatına, ayrı-ayrı dövlətlərin idarəçilik sisteminə təsir göstərmək cəhdləri bu gün də din-dövlət münasibətlərini gündəmdə saxlayır və ictimai müzakirəsini aktuallaşdırır: “Azərbaycanda din-dövlət münasibətləri Konstitusiyaya, müvafiq qanunlara və ölkəmizin qoşulduğu beynəlxalq konvensiyalara əsasən tənzimlənir. Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi və unitar Respublikadır. Ölkədə din dövlətdən ayrıdır, dövlətin hüquq, idarəçilik, təhsil, ictimai münasibətlər, qulluq və sair sistemləri dünyəvi xarakter daşıyır. Eyni zamanda, dini etiqad azaddır, hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək, yaymaq və sair hüququ vardır. Qanunun tələbinə görə, bütün bu proseslər dövlətin qanunlarına, dünyəvi idarəçilik sisteminə, cəmiyyətin hüquqi və ictimai normalarına müdaxilə və təzyiq yolu ilə deyil, qanun çərçivəsində baş verməlidir. Azərbaycanda öz fəaliyyətini mövcud qanunvericilik çərçivəsində quran, xalqımızın milli-mənəvi dəyərlərinə və dini hisslərinə hörmətlə yanaşan bütün dini təşkilatlar və icmalar üçün lazımi şərait yaradılır, onların təşəbbüsləri, rəy və təklifləri nəzərə alınır. Hökumət, hətta onun öhdəliyinə daxil olmasa belə, bu sahədə mövcud qanunlar çərçivəsində dini etiqad və ayinlərlə bağlı öz vətəndaşlarının fəaliyyətinə zəruri şərait yaradır, dövlət vəsaiti hesabına məscidlər, kilsələr, sinaqoqlar və sair ibadət ocaqları tikilir, köhnələri bərpa və təmir olunur, dindarların istifadəsinə verilir. Bundan başqa, dövlət başçısının sərəncamı ilə dini icmalara birbaşa vəsait ayrılır, onların bu və ya digər tədbirləri maliyyələşdirilir. Təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan dövlətinin din siyasəti demokratik vətəndaş cəmiyyəti kursuna, həmçinin dövlət-din münasibətlərinin mili-mənəvi və hüquqi müstəvidə tənzimlənməsi prinsipinə əsaslanır. Müasir dünya cəmiyyətlərinin ən mütərəqqi dəyərlərindən biri hesab olunan dini tolerantlıq mühiti Azərbaycan cəmiyyətinin nümunəvi birgəyaşayış normasına çevrilmişdir”.
Şöbə müdiri Azərbaycanda heç vaxt dini zəmində ayrı-seçkilik və vətəndaş qarşıdurmasının baş vermədiyini bildirib. Deyib ki, bu sahədə qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi münasibətlər mövcud olub: “Son illər Azərbaycan Prezidenti cənab İlham Əliyevin yürütdüyü daxili və xarici siyasət nəticəsində Bakı şəhəri regionun və dünyanın əsas dinlərarası və mədəniyyətlərarası dialoq mərkəzlərindən biri kimi tanınmağa başlayıb. Ölkəmizdə keçirilən çoxsaylı beynəlxalq tədbirlərdə dünyada milli və dini tolerantlığın gücləndirilməsi, multikulturalist dəyərlərin təbliği, dini zəmində ekstremizmə və ayrı-seçkiliyə qarşı birgə mübarizə yollarının araşdırılması, fərqli dinlərin və mədəniyyətlərin daşıyıcısı olan insanlar arasında dialoq və qarşılıqlı anlaşmanın bərqərar edilməsi və sair aktual problemlər geniş müzakirə olunur”.
Dini ibadət azadlığından və multikulturalist mühitdən sui-istifadə halları

Ə.Həsənov dini ibadət azadlığından və multikulturalist mühitdən sui-istifadə halları ilə mübarizədən də söhbət açıb. O, təəssüflə qeyd edib ki, Azərbaycanın sürətli inkişafı, ölkədəki sabitlik, vətəndaş həmrəyliyi, dini və milli tolerantlıq mühiti bəzi daxili qrupların və xarici qüvvələrin, müəyyən əcnəbi dairələrin maraqlarına cavab vermir: “Son zamanlar ölkəmizin hüdudlarından kənarda yaradılan və sistemli şəkildə istiqamətləndirilən müxtəlif missioner təşkilatları, dini təriqətlər Azərbaycana da ayaq açıb və respublika ərazisində şəbəkələşməyə cəhd göstərirlər. Bu cərəyanların bəzisi öz məqsədlərinə uyğun olaraq ictimai rəyin formalaşdırılması, radikallıq meyllərinin gücləndirilməsi, dövlətin hüquqi normalarına və idarəçilik sisteminə təsir imkanlarının əldə edilməsi istiqamətində cəhdlər göstərirlər. Vətəndaşların müxtəlif yollarla şirnikləndirilməsi, ələ alınması və müxtəlif şəbəkələrdə yerləşdirilməsi, cəmiyyətdə radikal dini ideyaların aşılanması, insanların təfəkkürünün, dünyagörüşünün süni yollarla dəyişdirilməsi, ayrı-ayrı qanunsuz icmaların yaradılması və fəaliyyətinin istiqamətləndirilməsi, cəmiyyət həyatının ahəngdar ritminin, mövcud ictimai-siyasi sabitliyin pozulması cəhdləri və s. bu təşkilatların ümumi xarakteristikasını təşkil edir. Bundan başqa, yeniyetmələrin və gənclərin özlərinin təsir dairəsinə salınması, yetişdirilməsi və məqsədyönlü şəkildə cəmiyyətdə təsir imkanlarının əldə edilməsi meylləri müşahidə olunmaqdadır. Bu gün Yaxın Şərqdə, bəzi region ölkələrində dini qrupların və təriqətlərin cəmiyyət həyatını, hakimiyyəti idarə etmək cəhdlərinin ciddi kataklizmlərə, qarşıdurmalara, siyasi və iqtisadi böhranlara səbəb olduğu açıq görünür. Hazırda bu məsələlərin geniş ictimai müzakirələrə yol açması, müxtəlif mülahizələrin, rəy və təkliflərin irəli sürülməsi bir daha təsdiq edir ki, cəmiyyət dağıdıcı təriqətlərin peyda olmasından narahatdır. Odur ki, hüquqi normalar çərçivəsində mövcud qanunlara və ictimai davranış normalarına riayət etməyən, maraqlı xarici dairələrin təsiri altında pozuculuq fəaliyyəti nümayiş etdirən təşkilatlara və şəxslərə qarşı respublikada dövlət səviyyəsində ardıcıl və sistemli tədbirlər görülür, bundan sonra da görüləcəkdir. Azərbaycan dövləti müxtəlif dini təriqətlərin, missioner təşkilatların anti-milli fəaliyyətinə qarşı qəti barışmaz mövqedədir və onların niyyətləri heç vaxt nəticə verə bilməz”.
Medianın və jurnalistlərin vəzifələri

Administrasiya rəsmisi müxtəlif dini təriqətlərin, missioner təşkilatların anti-milli fəaliyyətinin qarşısının alınmasında medianın və jurnalistlərin üzərinə düşən vəzifələrdən də danışıb. Bildirib ki, bu gün dövlətçilik maraqlarımıza zidd fəaliyyət göstərən, əsrlərlə formalaşmış milli-mənəvi dəyərlərimizə, adət-ənənələrimizə, milli və dini hisslərimizə hörmət etməyən, cəmiyyət daxilində gərginlik yaratmaq, vətəndaşları doğru yoldan sapdırmaq və üz-üzə qoymaq, onları dünyanın müxtəlif yerlərindəki münaqişələrdə iştiraka meylləndirmək və ya təhrik etmək istəyənləri, habelə şəbəkələşərək pozuculuq fəaliyyəti göstərənləri ifşa etmək, onların əsl simasını cəmiyyətə tanıtmaq kütləvi informasiya vasitələrinin qarşısında duran əsas vəzifələrdən biridir: “Azərbaycan mediası öz mütərəqqi ənənələrini davam etdirərək milli maraqlarımızı və mənəvi dəyərlərimizi hər şeydən uca tutmalı, ümummilli məsələlərdə vahid mövqe ortaya qoymalı, Azərbaycan dövlətçiliyinin və vətəndaş birliyinin əsaslarını sarsıtmaq istəyən daxili və xarici dairələrə qarşı barışmaz olmalıdır”.
Ölkə daxilindəki milli birlik uğur qazanmağımızda mühüm rol oynayır

“Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov Mətbuat Şurasının təşkil etdiyi tədbirin çox aktual bir mövzuya həsr olunduğunu vurğulayıb, konfransın təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib: “Azərbaycan dövlət müstəqilliyi qazandıqdan sonra xalqın iradəsi ilə demokratik cəmiyyət quruculuğu, bazar iqtisadiyyatı qaydaları hökm sürən bir quruluşa doğru irəlilədi. Xüsusilə son on ildə millətimizin, xalqımızın qazandığı çox böyük uğurları hər kəs yaxşı bilir. Artıq dünya miqyasında tanınan və dünya tərəfindən öyrənilən “İnkişafın Azərbaycan modeli” var. Bu inkişaf, bu model tək iqtisadiyyatı deyil, bütün sahələri əhatə edir. Azərbaycanın qazandığı bu uğurlarda ölkə daxilində milli birliyin, vətəndaş birliyinin olması da mühüm əhəmiyyət kəsb edir. Bu, ulu öndər Heydər Əliyev siyasi kursunun müasir dövrdə uğurla davam etdirilməsidir. Bütün bu müsbət məqamlar ölkəmizdəki din-dövlət, din-cəmiyyət münasibətlərində də öz əksini tapmaqdadır. Azərbaycanda din dövlətdən ayrıdır. 73 illik sovet hökuməti dövründə xalqımız öz dini etiqadından üz döndərmədi, Allahı unutmadı. Nə qədər əks təbliğat aparılsa, hədə-qorxular olsa da, insanlar Allah sevgisini, İslam dinini ürəklərində yaşatdılar, milli-mənəvi dəyərlərinə arxa çevirmədilər. 1991-ci ildə Azərbaycan müstəqillik qazanandan sonra isə insanların istədikləri dinə etiqad göstərməsi sərbəst buraxıldı. Həm qanunlar, həm də digər sahələrdə bu mənada hər hansı qadağalar olmadı. İnsanlar istədikləri dinə etiqad edir, sərbəst şəkildə dini məbədlərə gedir, istədikləri yerdə ibadətlə məşğul olurlar. Təəssüf ki, bu tolerantlığı, sərbəstliyi, insanlar arasındakı münasibətlərin inkişafını həzm etmək istəməyən xarici qüvvələr zaman-zaman ölkəmizdə milli və dini zəmində qarşıdurmalar yaratmağa cəhd ediblər. Lakin Azərbaycan xalqının mahiyyətcə tolerantlığı, ayıq-sayıqlığı bütün bunların qarşısını alıb. Ancaq son dövrlər baş verən hadisələri izləyəndə belə məlum olur ki, müxtəlif insanlar din pərdəsi altında aldadılmaq yolu ilə Suriyaya aparılıb, orada savaşa cəlb olunublar. Hətta belələri öldürülən zaman bəziləri onları şəhid kimi təqdim ediblər. Ancaq hörmətli şeyximiz bu məsələyə aydınlıq gətirib ki, şəhidlər öz torpaqları uğrunda döyüşdə həyatını itirənlərdir. Xaricə gedən, ayrı-ayrı terror qruplaşmaları ilə əlbir olanlar isə dövlət üçün təhlükələr yaradanlardır”.
Jurnalist hansısa zərərli dini cərəyanın ruporuna çevrilməməlidir

“APA Holding” MMC-nin prezidenti Vüsalə Mahirqızı bildirib ki, Azərbaycan postsovet məkanında dini etiqad azadlığının qanunla tənzimləndiyi azsaylı ölkələrdən biridir. Onun sözlərinə görə, Azərbaycan çox nadir ölkələrdəndir ki, burada məscid, sinaqoq və kilsə eyni küçədə yerləşir, hər üç böyük səmavi dinin təmsilçiləri eyni sərbəstlik və rahatlıqla öz inanclarına aid məbədlərə gəlib, dini rituallarını, ibadətlərini yerinə yetirirlər: “Çox təəssüf ki, bəzi hallarda həm ictimai müzakirələrdə, həm də mediada dini etiqad azadlığı ilə ayrı-ayrı sektaların dini bölücülük fəaliyyətləri qarışdırılır, zərərli missionerlik fəaliyyətinin təbliğinə yol verilir. Burada digər önəmli məsələ missionerliyin hansısa dinin, ya da sektanın təbliğatı mahiyyətindən çıxarılıb, dövlət maraqlarına toxunan, yayıldığı dövlətin təməl prinsiplərinə ziyan vuran, milli dünyagörüşünün məhvinə yönələn, bəzi hallarda dövlət idarəçiliyi, dövlət quruluşu ilə bağlı dəyişikliklərin təbliğatını aparan formaya çevrilməsidir. Missioner tipli təriqətlərdə əsas hədəflərdən biri də medianı nəzarətə almaqdır. Bu məsələnin bu gün müzakirəyə çıxarılması bizim ölkənin də bu təhlükələrdən xali olmadığını, kənarda qalmadığını göstərir. Müzakirə olunan məsələlərlə bağlı medianın üzərinə böyük məsuliyyət düşür. Əvvəla, media bu istiqamətdə maarifləndirmə işi aparmalı, fərqli təhlükələrə fərqli yanaşmağı bacarmalıdır. Bundan başqa, bu təhlükələrin hər birinin doğuracağı fəsadlar, Azərbaycan cəmiyyətinə və onun gələcəyinə vuracağı zərbələr barədə maarifləndirmə işi aparmaq, hər bir təhlükəyə individual və spesifik yanaşa bilən kadrlar hazırlamaq, bu istiqamətdə Dini Komitə ilə birgə seminarlar təşkil etmək, dərindən öyrənmədən, mahiyyəti bilmədən məsələni ictimailəşdirməmək, hansısa zərərli dini cərəyanın ruporuna çevrilməmək bu gün medianın əsas vəzifələri olmalıdır. Məncə, bu məsələ ilə bağlı vahid ideoloji konsepsiyaya da ehtiyac var”.
İctimai nəzarət funksiyasını mətbuat həyata keçirməlidir

“Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev müəyyən sektaların QHT-lərdə, mediada, dövlət strukturlarında öz nümayəndələrini yerləşdirmək cəhdlərinin olduğunu bildirib. Qeyd edib ki, Azərbaycanda müəyyən silahlı qruplaşmaların yaradılmasında, məscidlərdə partlayışlar törədilməsində, gənclərin təşkilatlandırılaraq Əfqanıstan və Suriyaya göndərilməsində müxtəlif dini cərəyanların adları hallanır: “Bu gün media bununla bağlı vəzifələrini dərk etməli, eyni zamanda bu təsirlərin altına düşməməlidir. Bundan başqa, media dövlət mənafeləri üçün təhlükəli həddə çatan fəaliyyətləri ictimai müzakirəyə çıxarmalı, bununla mübarizə aparmalıdır”.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bu gün müxtəlif sektaların, cərəyanların islamafob qüvvələr tərəfindən maliyyələşdirildiyini vurğulayıb. Onun sözlərinə görə, məsələ hətta o qədər qlobal xarakter alıb ki, bəzi cərəyanlar qonşu ölkələrdə hakimiyyət strukturlarının formalaşmasında söz sahibinə çevrilməyə çalışır: “Bu, milli iradə və dövlətçilik maraqlarına ziddir. Azərbaycan mətbuatı ictimai nəzarət funksiyasını həyata keçirməlidir. Mətbuat leqal olaraq fəaliyyət göstərən, qeydiyyatdan keçmiş sektaların məhz həmin istiqamətdə fəaliyyətinə ictimai nəzarəti həyata keçirməlidir”.
“Haqqın.az” saytının baş redaktoru Eynulla Fətullayev sələfiliyin və nurçuluğun Azərbaycan dövləti üçün təhlükə olduğunu bəyan edib. O, həm sələfiliyin, həm də nurçuluğun bizə tamamilə yad ideoloji cərəyan olduğunu söyləyib: “Türkiyə üçün də bu cərəyan yaddır və getdikcə bunu dərk edirlər. Bu, əslində siyasi firqədir. Mən mətbuatda bununla bağlı yazıları təqdir edirəm. Azərbaycan dövlətinin əsasını sarsıdacaq ideologiyaya, nurçuluğa yer olmamalıdır. Bu məsələlər Azərbaycan hökuməti tərəfindən təhlil olunmalı və müvafiq qərar verilməlidir”.
Mollalarımızın yaslardan başı açılmalıdır

“Ədalət” qəzetinin baş redaktoru Aqil Abbas bildirib ki, müstəqillik illərində müxtəlif təriqətlər Azərbaycana axışıb, insanlar çaş-baş vəziyyətə düşüblər. O, bu gün Azərbaycanda müxtəlif təriqətlərə qulluq edən qəzetlərə rast gəlinmədiyini bildirib: “Ancaq bu məsələ ilə bağlı telekanallarda maarifləndirmə işi aparılmalıdır. Eyni zamanda, Qafqaz Müsəlmanları İdarəsi bu işlə məşğul olmalıdır. Mollalarımızın da yaslardan başları açılmalıdır. Hamısı ölünü necə yumaq, halvanı necə bişirmək lazım olduğundan danışır. Hətta bu gün elə yas mərasimləri olur ki, İslam, Məhəmməd peyğəmbər yaddan çıxır, yalnız Musa peyğəmbərdən danışırlar. Bu məsələdə Qafqaz Müsəlmanları İdarəsinin, telekanalların xüsusi rolu olmalıdır”.
Millət vəkili Çingiz Qənizadə terrorçuluq və muzdluluqla bağlı Cinayət Məcəlləsinə dəyişikliklərin parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirə olunduğunu, Müdafiə və təhlükəsizlik komitəsində də müzakirəyə çıxarılacağını deyib. Qeyd edib ki, bununla bağlı Cinayət Məcəlləsində 4 ildən 8 ilə qədər cəzalar nəzərdə tutulur: “Biz bu cəzaları artıraraq 8 ildən 12 ilədək qaldırırıq. Biz Cinayət Məcəlləsinə 283.1 maddəsinin qəbul edilməsini müzakirə etmişik. Bu, Azərbaycan hüdudlarından kənarda əməliyyatlarda iştirak etmək üçün qrup yaratmaqla bağlıdır. İnsanları maarifləndirmək lazımdır ki, bu məsələlərdən çəkinsinlər”.
Dövlət qurumları cəmiyyətdən gələn siqnallara daha həssas olmalıdır

Tədbirə Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov yekun vurub: “Konfransda səslənən fikirlər göstərdi ki, media rəhbərləri peşəkardırlar və vəziyyətdən çıxış yolları barədə aydın təsəvvürə malikdirlər. Mən Azərbaycanda dini tolerantlıq mühitinin qorunub saxlanmasında Qafqaz Müsəlmanları İdarəsinin xüsusi rolunu qeyd etmək istərdim. Hesab edirəm ki, Azərbaycanda dini tolerantlıq mühitinin qorunub saxlanması və möhkəmlənməsində ən çox maraqlı olan və bu istiqamətdə əməli fəaliyyət göstərənlər Azərbaycan hakimiyyəti və Qafqaz Müsəlmanları İdarəsidir. Hörmətli Şeyxülislam Hacı Allahşükür Paşazadənin fəaliyyəti ölkəmizdə dini tolerantlıq mühitinin qorunmasına ən dəyərli nümunədir. Əgər Azərbaycandakı dövlət-din münasibətləri modeli uğur qazanıbsa, bu modeli nəyə görə dəyişməliyik?”
Şöbə müdiri bildirib ki, Qafqaz Müsəlmanları İdarəsi öz fəaliyyətini Azərbaycanda mövcud olan balansı və modeli gözləyərək həyata keçirir: “Eyni zamanda, idarə müvafiq maarifçilik işləri aparır, müzakirələr təşkil edir, kurslar yaradır. Azərbaycanın dini modeli, onun tarixi, Azərbaycan dövlətinin bu sahədə yürütdüyü siyasət təbliğ olunur. Buna görə də Azərbaycan dövləti Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyətini dəstəkləyir. Düşünürük ki, idarənin gördüyü işlər yaxın vaxtlarda daha səmərəli nəticə verəcək”.
Ə.Həsənov bildirib ki, dövlət qurumları fəallaşmalıdır: “Dövlət qurumları cəmiyyətdən gələn siqnallara daha həssas olmalı, nəinki onlarla debata girməlidir. Dövlət orqanları siqnalları toplamalı, pozitiv və zərərli meylləri müəyyənləşdirməli, onları təhlil etməli, ümumiləşdirməli və müvafiq qənaətə gələrək əməli tədbirlər görməlidir. Bu işdə həm də mətbuat, ictimai təşkilatlar, fəal vətəndaşlar və intellektual elita dövlətin resursları kimi çıxış edirlər. Onların imkanlarından istifadə etdikdə, dövlət daha müvəffəqiyyətlə siyasət yürüdə bilir. Eyni zamanda, mətbuatda əks olunmuş yanlış iddialar da təkzib olunmalıdır. Dövlətin vəzifəsi həm də budur ki, cəmiyyətin çaşdırılması cəhdlərinə, yanlış iddiaların ictimai rəyə ayaq açmasına imkan verməsin. Hesab edirəm ki, biz bugünkü tədbirdə səslənən dəyərli çıxışları nəzərə alacağıq və ümumiləşdirəcəyik”.
Siyasətə, yaxud hansısa cərəyana qoşulan məmur, məmurluqdan çıxır

Əli Həsənov qeyd edib ki, bəzi mətbuat orqanları Prezident Administrasiyasında qarşıdurma olduğunu iddia edirlər: “Bu, əsla belə deyil. Cəmiyyətdən müəyyən siqnallar gələ bilər. Biz də, digər strukturlar da bunu araşdırmalıyıq. Dövlət strukturunda çalışan hər bir məmur öz fəaliyyətini “Dövlət qulluğu haqqında” qanuna və işlədiyi orqanın əsasnaməsinə uyğun qurmalıdır. Biz məmur olaraq Prezident Administrasiyasında yalnız cənab prezidentin qoyduğu vəzifələri icra etmək üçün çalışırıq. Əgər dövlət qulluğunda ola-ola, vəzifə tutarkən siyasətə, yaxud bu və ya digər cərəyana qoşuluruqsa, məmurluqdan çıxırıq. Qarşıdurma meylləri yaratmaq və onları qızışdırmaq istəyən qüvvələr ola bilər. Bəzi siqnalların içərisində həqiqət də ola bilər. Çünki Azərbaycan insanının hamısının təfəkkürü, düşüncəsi, bu və ya digər məsələlərə yanaşma meyarları eyni deyil. Buna görə də dövlət qulluqçuları, məmurlar öz vəzifə səlahiyyətlərini qanunun tələblərinə uyğun həyata keçirməli, məsuliyyətli olmalıdırlar”.
Sonda Ə.Həsənov Mətbuat Şurasının belə təşəbbüslərinin bundan sonra da davam etməli olduğunu vurğulayıb: “Media orqanları hardasa qarşıdurma yaratmaq yox, belə problemlər mövcuddursa, onların köklərini tapıb təhlil etmək və cəmiyyətə düzgün siqnallar vermək istiqamətində işləməlidir”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər