• cümə axşamı, 28 mart, 13:49
  • Baku Bakı 16°C

“Məmur dini inancını dövlət idarəetməsinə daşıya bilməz”

13.03.14 08:49 2042
“Məmur dini inancını dövlət idarəetməsinə daşıya bilməz”
Ötən həftə Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə keçirilən “Dini etiqad azadlığı, missionerlik fəaliyyəti və media” mövzusundakı konfransda Azərbaycanın sürətli inkişafı, ölkədəki sabitlik, vətəndaş həmrəyliyi, dini və milli tolerantlıq mühitinin bəzi daxili qrupların və xarici qüvvələrin, müəyyən əcnəbi dairələrin maraqlarına cavab vermədiyi diqqətə çatdırılıb. Bildirilib ki, ölkəmizin hüquqlarından kənarda yaradılan və sistemli şəkildə istiqamətləndirilən müxtəlif missioner təşkilatları, dini təriqətlər Azərbaycana da ayaq açıb və respublika ərazisində şəbəkələşməyə cəhd göstərirlər. Konfransda qeyd olunub ki, bu cərəyanların bəzisi öz məqsədlərinə uyğun olaraq ictimai rəyin formalaşdırılması, radikallıq meyllərinin gücləndirilməsi, dövlətin hüquqi normalarına və idarəçilik sisteminə təsir imkanlarının əldə edilməsi istiqamətində cəhdlər göstərirlər. Mövzunun aktuallığını nəzərə alıb sözügedən məsələlərlə bağlı “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlunun fikirlərini öyrənmişik.
- Hikmət müəllim, Azərbaycanda din-dövlət münasibətləri hansı səviyyədədir?
- Bu gün Azərbaycanda hüquqi dövlət mövcuddur. 1995-ci ildə qəbul edilmiş Konstitusiyada dinin cəmiyyətimizdə yeri və rolu müəyyənləşdirilib. Ana yasamızda bildirilir ki, din dövlətdən ayrı fəaliyyət göstərir, hər bir vətəndaşın dini etiqad azadlığı var. Amma çox təəssüf ki, dünyada baş verən qlobal proseslərin də təsiri nəticəsində son dövrlər Azərbaycan cəmiyyətində qeyri-ənənəvi hadisələr müşahidə olunur. Hər kəs bilir ki, din insanların fərd, sosial varlıq olaraq, çox həssas yanaşdıqları bir məsələdir. Əgər dindən düzgün istifadə olunmazsa, insanların din anlayışı, ictimai həyatımızda dinin rolu düzgün müəyyən edilməzsə, nəticədə bu, milli və dövlət maraqları ilə uzlaşmaya bilər. Belə olduqda ayrı-ayrı dini-missioner mərkəzlər dindən cəmiyyətdəki birlik və bərabərliyi pozmaq üçün istifadə edə bilərlər. Beynəlxalq təcrübədən də bəllidir ki, bəzi hallarda insanların dini inancından istifadə edilərək, dini siyasi vasitəyə çevirərək, ondan milli siyasi iradəni təmsil edən hakimiyyətə qarşı təzyiq vasitəsi kimi istifadə edirlər. Təəssüf ki, bu gün bir sıra qlobal imperialist mərkəzlər ayrı-ayrı cəmiyyətləri müxtəlif ideyaların və dinlərin, icma və ideoloji cərəyanların eksperiment laboratoriyasına çevirməkdədirlər. Biz bunu yaxın keçmişdə, Yaxın şərq və Şimali Afrika ölkələrində müşahidə etdik. Ona görə də buna bənzər tendensiyaların Azərbaycanda yaşanmaması üçün dövlət tərəfindən bütün tədbirlər görülməlidir.
- Bu kimi halların qarşısının almaq üçün medianın və jurnalistlərin üzərinə hansı vəzifələr düşür?
- Hesab edirik ki, bu prosesdə Azərbaycan milli mediasının üzərinə çox böyük tarixi missiya düşür. Çünki dini inanc və insanların inancı ümumi kütləvi mahiyyət daşıdığı üçün məhz kütləvi informasiya vasitələri, xüsusən də milli mətbuat milli maraqları müdafiə edən vasitə kimi çıxış etməlidir. Eyni zamanda vətəndaş-cəmiyyət-mətbuat üçbucağı bir-biri ilə milli maraqlar kontekstində uzlaşdırılmış fəaliyyət göstərməlidirlər. Ona görə də bu yaxınlarda keçirilən konfransda məsələlərin düzgün qoyulduğu qənaətindəyəm. Əgər bu gün mətbuat dinlə, dini müstəvidə cərəyan edən ayrı-ayrı hadisələrlə bağlı düzgün mövqe tutmazsa, dövlətin və milli maraqların qorunması prosesində iştirak etməzsə, bu, nəticə etibarilə Azərbaycan dövlətinin və xalqının maraqlarına zidd ola bilər. Azərbaycan vətəndaşları, ayrı-ayrı fərdlər milli və dövlət maraqlarının əleyhinə ola biləcək hər hansı prosesdə iştirak etməməlidirlər. Xüsusən də əgər bu, radikallaşmaya meylli olan müstəvidə baş verirsə, belə hallara əsla yolverilməzdir. Biz bilirik ki, jurnalistika həyatın bütün səviyyələrinə nüfuz edən bir peşədir. İndiki şərtlər içərisində media həm də ictimai etimadı təmin edən bir vasitədir. İnformasiya resurslarının paylaşılması ilə etimad əldə olunur. Bu prosesdə cəmiyyət ayrı-ayrı qütblərə parçalanacaqsa, ayrı-ayrı missioner təşkilatlar tərəfindən idarə olunacaqsa, fərqli dünya görüşünə sahib adamlar yetişdiriləcəksə və həmin mərkəzlər tərəfindən yaradılmış bu qruplar bir müddət sonra qarşıdurmaya cəlb olunacaqsa, əlbəttə ki, bu, yolverilməzdir. Azərbaycan jurnalistləri də bu zaman fərd olmalarına baxmayaraq, vətəndaş kimi üzərlərinə düşən məsuliyyəti hiss etməlidirlər. Hadisələrə məhz bu nöqteyi-nəzərdən yanaşaraq, obyektiv mövqe ortaya qoymalıdırlar. Atacaqları addımların milli maraqlara uyğun olmasını nəzərə almalıdırlar.
- Məmurun siyasətə, yaxud hansısa dini cərəyana qoşulmasına münasibətiniz necədir?
- Hər hansı bir məmurun siyasətlə məşğul olması qətiyyən yolverilməzdir. Ölkənin milli siyasi iradəsi seçkilər yolu ilə müəyyənləşir. Azərbaycanda dövlətin siyasətini də məhz seçkilər vasitəsilə seçilmiş legitim şəxs, ölkə prezidenti müəyyənləşdirir. Bu siyasətin həyata keçirilməsi üçün xüsusi dövlət aparatı qurulub. Dövlət aparatında çalışanlar isə siyasətçi deyil, məmurlardır. Milli siyasi iradəyə söykənərək hazırlanmış siyasət məmurlar tərəfindən sözsüz yerinə yetirilməlidir. Məmurlar siyasəti müəyyənləşdirənlər deyil, onu yerinə yetirənlər, icra edicidirlər. Bu səbəbdən hesab edirəm ki, heç bir halda hər hansı istənilən ranqda olan məmur, hakimiyyət iyerarxiyasının istənilən pilləsində təmsil olunan məmur siyasətlə məşğul olmamalıdır. O, məmur kimi öz üzərinə düşən vəzifəni yerinə yetirməlidir. Məmur öz siyasi və dini dünya görüşünü qətiyyən icra müstəvisinə daşımamalıdır. Bayaq qeyd etdiyim kimi, hər bir fərd vicdan azadlığına sahibdir. Ruhi mənəvi ehtiyaclarını qarşılamaq, tələbatını ödəmək üçün hər kəsin müəyyən azadlıqları vardır. Lakin öz inancından bir vasitə kimi yararlanmaq, dövlətin resurslarını istismar etmək qətiyyən yolverilməzdir. Bir anlıq düşünün ki, hər hansı bir ölkədə dövlət aparatında çalışan məmurların hərəsi dövlətə və onun idarə olunmasına öz dini inancı nöqteyi-nəzərindən yanaşır. Belə halda həmin dövlət nə günə düşər? Təbii ki, xaos yaranar, dövlət aparatı dağılmağa məhkum olar. Mən hesab edirəm ki, heç bir halda belə hallara yol vermək olmaz. Məmur dini inancını dövlət idarəetməsinə daşıya bilməz. Əgər belə hallar varsa, dövlət bununla bağlı müvafiq qaydada təcili tədbirlər görməlidir.
- Ölkədəki dini ibadət azadlığından və tolerantlıq mühitdən sui-istifadə, dini zəmində ayrı-seçkilik və vətəndaş qarşıdurması yaratmaq hallarının qarşısını almaq üçün hansı işlər görülməlidir?
- Tolerantlıq Azərbaycan dini-ictimai mühitinin atributlarından biridir. Biz bununla fəxr edirik. Eyni zamanda onu da müşahidə edirik ki, xaricdə olan ayrı-ayrı mərkəzlər bu və ya digər formada Azərbaycanın milli dövlət kimi suverenliyini məhdudlaşdırmaq üçün müxtəlif addımlar atırlar. Tək Azərbaycanla bağlı deyil, bütün hallarda bu müşahidə olunur. Təəssüf ki, bəzən bu mərkəzlər məhz dini platformada insanları təşkilatlandıraraq, onlardan milli hakimiyyətə, hökumətə təzyiq vasitəsi kimi istifadə edirlər. Məsələyə bu cür yanaşdıqda biz görürük ki, əslində din pərdəsi altında gizlənən belə fəaliyyətlərin mənşə etibarilə dinlə əlaqəsi yoxdur. Sadəcə olaraq, din insanların, fərdlərin özü ilə səmimi bir müstəvi olduğu üçün burada insani, ruhi-mənəvi hisslər istismar olunur, dini inanclı insanlar təşkilatlandırılaraq milli dövlətə qarşı yönləndirilirlər. Hər bir vətəndaş heç bir halda imkan verməməlidir ki, onun dini inancından siyasi vasitə kimi istifadə edilsin. Bundan başqa, qanun çərçivəsində lazımi tədbirlər görülməlidir. Əgər qanunvericilikdə boşluqlar varsa, parlament səviyyəsində müzakirələr aparılmalı, bu boşluqlar tənzimlənməlidir. Əgər insanın dini inancı hardasa onu radikal əmələ cəlb edəcəksə, bu, əvvəlcədən müvafiq hüquq-mühafizə orqanları tərəfindən müəyyənləşdirilməli, tədbirlər görülməlidir. Biz Azərbaycanda tez-tez eşidirik ki, dini sektaların ayrı-ayrı üzvləri bu və ya digər şəkildə Azərbaycanın siyasi taleyinin müəyyənləşməsində söz sahibi olmağa cəhd edirlər. Bu, yolverilməzdir. Ayrı-ayrı fərdlər radikal dini cərəyanların təsiri altında qeyri-sabit bölgələrə gedir, döyüşlərə qatılır, radikalizm xəstəliyinə tutulur, özlərini və ailə üzvlərini çətin duruma salırlar. Öz ölkəsi ilə yanaşı, yaxın ətrafına da mənəvi ziyan vururlar. Əgər qanunlarımız daha da təkmilləşdirilərsə, bu cür hallar əvvəlcədən təsbit olunarsa, bu Azərbaycan cəmiyyətinin yalnız xeyrinə olar, ölkənin daha da inkişafına müsbət təsir edər.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər