• cümə, 29 Mart, 14:35
  • Baku Bakı 14°C

Məmməd Arazın 80 illiyinə həsr olunmuş müsabiqənin qalibləri mükafatlandırıldı

13.12.13 12:20 1449
Məmməd Arazın 80 illiyinə həsr olunmuş müsabiqənin qalibləri mükafatlandırıldı
“Kaspi” qəzeti və Kaspi Təhsil Mərkəzinin təşkilatçılığı ilə Məmməd Arazın 80 illiyinə həsr olunmuş müsabiqənin qaliblərinin mükafatlandırma mərasimi və məqalələrin yer aldığı 600 səhifəlik “Haqqın var yaşamağa” adlı kitabın təqdimat mərasimi keçirilib.
APA-nın məlumatına görə, tədbirdə çıxış edən “Kaspi” qəzetinin baş redaktoru Natiq Məmmədli bildirib ki, qəzet silsilə xarakter daşıyan müsabiqələr elan edib.
Onun sözlərinə görə, şair Məmməd Arazın 80 illiyinə həsr olunmuş müsabiqəyə yazıların qəbulu 2013-cü ilin aprelindən sentyabr ayına kimi davam edib: “Müsabiqəyə təqdim olunan məqalələrdə şairin ədəbi irsi təhlil olunmaqla yanaşı, publisistik fikirlər də yer alıb. Şair barədə bir sıra arxiv materialları və xatirələr də kitaba daxil edilib. Müsabiqəyə 80 yazı təqdim olunsa da, bunlarda 60-ı müsabiqəyə daxil edilib. Kitabda əsərləri dərc olunmuş təxminən hər iki nəfərdən birinə mükafat təqdim olunacaq. Ümumilikdə müsabiqənin fondu 10 min manat təşkil edir”.
“Kaspi” qəzetinin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva bildirib ki, müsabiqəyə təqdim olunun bütün yazılara münsiflər heyəti tərəfindən diqqətlə yanaşılıb və təhlil edilib. O, Məmməd Arazı əbədiyaşar şair kimi qiymətləndirib: “Məmməd Araz İlahidən ona verilən xüsusi missiyasını yerinə yetirərək, bir millətin xüsusi məfkurəsini yaratdı. O, azərbaycançılıq məfkurəsini yaradan şairdir və azərbaycançılıq onun poeziyasının əsas qayəsi olub. Məmməd Arazın şeirləri hələ onun sağlığında folklorlaşmışdı ki, bu da onun dilindən gələn böyüklüyü göstərirdi. Mən inanıram ki, min illər keçsə də, Məmməd Araz poeziyası yaşayacaq və yeni nəsil bu poeziyadan bəhrələnəcək”.
Millət vəkili, yazıçı Aqil Abbas Məmməd Arazı “millət atası” kimi xarakterizə edib: “Çünki o, övladlarına verdiyi dəyərlərdən min dəfə artıq bu xalqa, millətə dəyərlər bəxş edib. Bu millətin varlığı Məmməd Araz kimi dahilərin yaşamasından asılıdır”.
Sonda isə müsabiqənin qalibləri mükafatlandırılıb. Birinci yerə yazıçı-publisist Akif Əli layiq görülüb.
“APA Holding”ə daxil olan “Kulis.az” saytının baş redaktoru Qan Turalı da qaliblər sırasında olub.
banner

Oxşar Xəbərlər