AZE | RUS | ENG |

Məmməd Araz şeirinin yeni ömrü

Məmməd Araz şeirinin yeni ömrü
Azərbaycan Rəssamlar İttifaqının və Jurnalistlər Birliyinin üzvü, rəssam Kirman Abdin bu günlərdə mənə bir hədiyyə göndərib. "Məmməd Araz qrafik albomu” adlanan bu yeni nəşri diqqətlə, bir azda kövrək ruhda nəzərdən keçirdim və hər dəfə də  müxtəlif rənglərin  ahəngində sanki şairin səsini eşitdim. Misralarla naxışların pıçıltısı məni təlatümlü duyğuların ümmanında elə çırpındırdı ki, bu dəryanın sahilini tapa bilmədim. Yenə də sözə sığındım. Ona əl uzatdım... Allah sənə insaf versin, ay Kirman!  Bu rəssamı tanıdığım gündən onu həmişə Məmməd Araz yaradıcılığına bağlı gördüm. Yadımdadır, şair "Azərbaycan təbiəti” jurnalında çalışdığı günlərdə Kirman onun yanına tez-tez gələrdi və sonra da mənə dəyərdi. Hələ o vaxtlar bir neçə əsərini görmüşdüm. Rəssamın poeziyaya belə dərindən bağlılığı məni riqqətə gətirmişdi. Şairin vəfatından sonra sanki Kirman bütün yaradıcılığını Məmməd Araza həsr etdi. Məmməd Araz şerinin təsviri sənətdə bədii obrazını yaratmaq üçün istedadlı fırça ustası olmaqla yanaşı, həm də gərək qələm möcüzəsinə də dərindən bələd olasan. Kirman özü də şair ruhlu yaradıcıdır. Hətta şeir də yazır. Bu səbəbdən də o rənglərin, naxışların dili ilə şerin şəkilini çəkə bilib. Əlbəttə, bu təkcə zahiri bənzəyiş yox, həmdə misralardakı mətləbi, mənanı da səlis ifadə etmək deməkdi.
        Kirman Abdinin 2016-cı ildə Məmməd Arazın poeziyasına həsr etdiyi "İsinsin azacıq bu daş yuxular” adlı sərgisi də keçirilib. Rəssamın böyük şairin yaradıcılığı ilə bağlı 60-dan çox əsəri var. Bu iş hələ də davam edir. Onun sulu boya ilə işlədiyi əsərlər arasında qrafik cizgilərlə bərabər, şairin müxtəlif portretləri də diqqət çəkir. Hər bir əsərin də adı məhz şairin misralarından seçilib. Məmməd Arazın çox məğrur və təbəssümlü bir portretinin misralarla açması: "Əyilməz doğulan şair vüqarı, yalnız baş əyibdir əyilməzliyə”. Digər bir portretin də mənası düşündürücüdür: "Görünür ürəklə yaşayanların elə ölümü də ürəkdən olur”. Şairin digər bir portreti yenə də öz misraları ilə bizimlə söhbət edir, daha doğrusu, həyatın əzəli qanununu anladır: "Nədənsə insanın əzəldən bəri gəlişi sevincdir, gedişi qəmdir.”
        Bir dəfə rəssamdan aldığım müsahibədə bu istiqamətdəki işlərilə əlaqədar öz fikirlərini belə səciyyələndirirdi: "Mənim üçün Məmməd Araz yaradıcılığı hər zaman maraqlı olub. Ağlım kəsəndən, lap uşaqlığımdan onun şeirlərini sevmişəm. Əlimə fırça alandan Məmməd Arazın yaradıcılığına üç aspektdən yanaşmağa çalışdım. Həyata gülən, həyatda qəm çəkən və həyatda düşünən Məmməd Arazı göstərməyə çalışdım. Qrafik üslubda Məmməd Araz poeziyasına müraciət etmək mənə elə gəlir ki, bir müəllif olaraq məndən məsuliyyət tələb edirdi. Sevinirəm ki çəkdiyim zəhmətin  nəticəsini nümayiş etdirə bildim”. Əslində  Kirman Abdinin əsərlərindən ibarət sərgiləri çox olub. Təkcə Azərbaycanda deyil, Türkiyədə, İranda keçirilən beynəlxalq sərgilərdə iştirak edib və bir sıra mükafatlar qazanıb. Rəssam kimi həmişə vətənpərvərlik mövzularına üstünlük verib.
        Məmməd Araz bütün varlığı ilə elə Azərbaycanın özü deməkdir. Bu mənada onun poeziyasına müraciət etmək, misraların mənasını rənglərin dili ilə həm də göz yaddaşına salmaq, ürəyi heyrətə gətirmək Məmməd Araz şeirinin yeni ömrü, daha doğrusu əbədiyyətini  bir daha təsdiqləmək deməkdir. Əgər böyük şarimiz qətiyyətlə xəbərdarlıq edirdisə ki, "Vətən daşı olmayandan olmaz    ölkə vətəndaşı...” Əlavə izahata ehtiyac yoxdur. Kirmanın sulu boya ilə işlədiyi maraqlı və düşündürücü bir əsəri var - şarin misralarına rənglərlə libas biçib: "Qayalara həkk olmayan söz itər, bu bahardan o bahara iz itər”.
        Dünənini döşdən asmayan, sabahına qəbir qazmayan, zəmanə küləyinin əsirindən çox uzaqda, daim öz-özü ilə mənəvi hesabatda olan bir ömür yaşadı Məmməd Araz. Gəlimli-gedimli dünyanın son hökmünün ağrılarını ürəyindən keçirə-keçirə duyğularımızı bir xəbərdarlıq  üstündə köklədi:  "Dünya  sənin, dünya mənim,  dünya heç kimin...” Kirman Abdin məhz bu  misraların qrafik naxışlarını çox ustalıqla sulu boya ilə işləyərək üç möhtəşəm əsər yaradıb. Bir qədər diqqətini bu əsərlərə yönəldəndə dünyanın faniliyi rənglərin mətləbini təsdiqləyir. Bax bu əsərlərdə bir daha şairin böyüklüyü, rəssamın həssaslığı diqqət çəkir.
        Rəssamın böyük məhəbbətlə hazırladığı bu qrafik albomdan əslində Məmməd Araz şerinin poetik yaddaşı, mətləbi və məramı boylanır. Biz bu nəşrdə sadəcə misraların tufanına düşmürük, həm də onları görürük. Bu mənada bir əsəri nümunə gətirmək istəyirəm. Müxtəlif rənglərin harmoniyasından sanki bir kiçik pəncərə açılır: uzaqdan şairin gülümsər sifəti görünür. Elə bil şair irəli can atır, amma geriyə də çəkilmə var. Bu əsərin açması yenə də Məmməd Arazın məşhur misralarıdır: "Fikirimin çəkisi çəkimdən ağır, dartmaq da çətindir, atmaq da çətin...” İnsanı yaşamağa, həyata səsləyən bir əsər də adamın ruhunu dincəldir: "Dünyada bir damla olmaq istəsən, dünyaya sən ümman həvəsiylə gəl”.
Məmməd Arazın misralarıdır: "Yazılmamış, duyulmamış şeiriyyəti şeirə gətir”. Nə xoş ki, Kirman Abdin məhz bu tövsiyələri qrafik sənətinə gətirib. Bu il 60 yaşı tamam olan istedadlı rəssamımıza yeni uğurlar və neçə belə gözəl əsərlər müəllifi olmasını arzulayıram. Məmməd Araz yaradıcılığına müraciət etmək, nəhəng bir dağa söykənmək deməkdir. Bu dağın ətəklərində zərif çiçəyə dönmək - naxışlarla süslənmək  zirvədən boylanan  qartal ömrünə bərabərdir.

Flora  XƏLİLZADƏ,
Əməkdar jurnalist

 
 
                 

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8722
GEL 1 1 Gürcüstan larisi 0.5762
GBP 1 1 İngiltərə funt sterlinqi 2.111
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1761
CHF 1 1 İsveçrə frankı 1.714
KWD 1 1 Küveyt dinarı 5.5927
TRY 1 1 Türkiyə lirəsi 0.2967