• cümə, 29 Mart, 18:28
  • Baku Bakı 14°C

“Memati əvəzolunmazdı” Müsahibə

06.12.13 11:25 2255
“Memati əvəzolunmazdı” Müsahibə
Türkiyənin məşhur “Kurtlar vadisi Pusu” serialında Memati rolu ilə məşhurluq qazanan, hazırda Türkiyənin məşhur telekanallarının birində “Kaçak” serialında Serhat, “Mühteşem Yüzyıl” serialında Memar Sinan obrazlarını canlandıran tanınmış aktyor Gürkan Uyğun ötən gün Türkiyə mətbuatına çəkildiyi seriallardakı obrazlarını təhlil edib. Müsahibə zamanı aktyor “Tamam mıyız”, “Çanaq qala” filmləri barədə düşüncələrini də bölüşüb. Onun sözlərinə görə, heç xəyalına belə gəlməzdi ki, bir gün bu qədər məşhur olub, milyonların sevimlisinə çevriləcək.
Yaşlılıq öz sözünü deyəcək

- Gürkan bəy, ötən ay yayımlanan “Kaçak” serialının bu qədər sevilməsinə sizcə səbəb nə oldu? Adətən efirə yeni buraxılan serialların sevilməsi uzun zaman tələb edir.

- İnsanların gündəlik izlədiyi serialı sevməsi və özününküləşdirməsi onu yaradanlar üçün çox önəmlidir. Düşünürəm ki, bu serialın bu qədər sevilməyinə səbəb yaxşı ssenarisinin, yaxşı çəkiliş komandası və gözəl xarakterlərin olmasından irəli gəlir. Biz də çəkdiyimiz serialın tamaşaçılar tərəfindən sevilməsi üçün çalışırıq. Bunun üçün çox əmək sərf edirik. Bu qədər əziyyətdən sonra reytinqlərdə çəkdiyimiz əziyyətin qarşılığını görəndə çox sevinirik. Həmin an sevincimizin həddi-hüdudu olmur. Hər şey çox mükəmməl davam edir. Bu vəziyyət bizdə çox rahatlıq yaradır. Reytinqlərdə birinci olduğumuzu görəndə böyük ruh yüksəkliyi ilə işləyirik.
- Tamaşaçılara maraqlıdır, Serhat obrazını gələcəkdə hansı hadisələr gözləyəcək?

- Zamanla bir az sərtləşəcək və daha da inkişaf edəcək. Təbii ki, yaşlılıq da öz sözünü deyəcək. Bir az səbirli olun. Hər şeyi zamanla izləyə-izləyə görəcəksiniz.
- Seriallarda çəkilərkən məvacibi düşünürsünüzmü? Adətən sizi gəlirli filmlərdə daha çox görürük.

- Təbii ki, işin o tərəfi də var (gülür). Ümumiyyətlə, Amerikada və Avropada iş elə bir şəkildə qurulub ki, təhsili bitirdikdən sonra hansı serialdan nə qədər qazanacağını artıq bilirsən. Onlar üçün pensiyaya çıxandan sonra da hər şey rahat olur. Ancaq bizdə elə bir təminat yoxdur. Hamımız gələcəyə dair şübhələrlə yaşayırıq. Biz bu gün serialdan pul qazanırıqsa, sabah bu pul olmaya da bilər. Bilirsiniz ki, mənim iki övladım var. Hansı yolla olursa-olsun, onları dolandırmaq məcburiyyətindəyəm. Şükürlər olsun ki, bu gün rahat və xoşbəxt şəkildə yaşayıram. Əlimdə hər bir imkanım var. Əgər sabah imkansızlaşaramsa, pulum qutararsa, o zaman düşdüyüm şəraitə görə yaşamağı öyrənərəm.
Dramatik həyatım olmadı

- Məşhur olmamışdan əvvəl yoxsulluq çəkdinizmi?

- Çox şükür ki, belə bir çətinliyim olmadı. Bir çox məşhurlar kimi səhnəyə gəlməmişdən öncə dramatik həyat yaşamadım. Yəni uşaqlığımda istədiyimi ala bilmədim kimi yanıqlı bir keçmişim olmayıb. Biz beş qardaşıq və toxluq içində böyümüşük. Bu gün keçmişimə baxanda heç də utanmıram.
- Çox çalışmaqdan və zaman qıtlığından şikayət edirsinizmi?

- Xeyr. Nəticədə bu işi özüm seçmişəm və sevdiyim işi də sevərək edirəm. Gərgin iş rejimi ilə əlaqədar bəzi şeylərdə hərdən tənbəllik baş qaldırır. Ancaq yaşadığım hər günə görə Allahıma şükür edirəm. Hər gün yuxudan oyananda həyatda olduğum üçün, nəfəs alanda, su içəndə şükür edirəm. İşlərimin çoxluğundan heç vaxt şikayətçi olmamışam. Sevdiyi iş ilə məşğul olan şanslı bir insanam.
Axtarıram...

- “Kurtlar vadisi” serialı ilə gələn məşhurluğu itirmə qorxusunu yaşadınızmı?

- “Kurtlar vadisi” serialında çox gözəl bir zaman keçirdim və həmin müddət ərzində ətrafıma kifayət qədər dost toplaya bildim. Demək olar ki, 10 ilin 7 ili həm yaşam standartı olaraq, həm də məşhurluq baxımından çox gözəl və uğurlu yaradıcılığım oldu. Bunu nə zamansa itirəcəyimdən heç zaman qorxmadım. Çünki bundan əvvəlki həyatımı heç zaman unutmadım. Bu şəkildə həyat yaşamaq üçün qarşıma belə bir hədəf də qoymamışdım. İşlədiyim və həyatın mənə qoyduğu şərtlər məni bu məşhurluğa qədər gətirib çıxardı. Öncədən heç nəyi planlaşdırmamışdım. Biz heç bilmirdik ki, bu serial bu qədər məşhurluq qazanacaq.
- İnsanlar sizi daha çox həmin serialın qəhrəmanı Memati obrazına görə tanıyır. İkinci dəfə elə bir obraz yarada bilərsinizmi ki, onun kimi məşhur olsun?

- Bu haqda çox düşünmüşəm. İnsanların beynindəki o məşhur Mematini heç bir obraz əvəz edə bilməz. Bir zamanlar öz-özlüyümdə düşünürdüm ki, səhnəyə hansı obrazla çıxsam, yenə də insanların beynində Memati olaraq qalacam. Sevinirəm ki, bu gün o şəkildə düşünmürəm. “Bu aktyor başqa rol oynaya bilməz” deyən insanlar da yeni obrazlarımı gördükdən sonra get-gedə bu fikirlərindən daşınmağa başlayırlar. Obraz baxımından hazırda axtarış içindəyəm. İnsanların ən az Memati qədər sevdiyi bir obraz axtarıram. Ümumiyyətlə, üç il bundan öncə daha fərqli düşünürdüm. İndi isə tamam fərqli düşünməyə və obrazlarımı fərqli şəkildə nümayiş etdirməyə başlamışam. “Kurtlar vadisi” serialından sonra 7-8 obraz canlındırmışam. Boynuma alıram ki, obrazları necə təhlil edəcəyimi hələ indi-indi öyrənirəm.
Aktyor olmaq mənim xəyalım deyildi

- Serialdan əlavə siz “Çanaq qala” filmində çox gözəl obraz yaratmısınız. Deyirlər ki, siz serial deyil, gözəl film qəhrəmanı ola bilərdiniz.

- “Çanaq qala” filmi baş rolda çəkildiyim və öz üzərimdə keçirdiyim ilk yaradıcılıq təcrübəmin olduğu bir layihə idi. Serialda vəziyyət elədir ki, 15-20 bölümdə obrazı yaradırsınız, ancaq yaratdığınız obrazda özünüzü tapa bilmirsiniz. 30 bölümdən sonra obrazı mənimsəməyə başlayırsınız. Filmdə isə vəziyyət bir az başqa cürdür. Filmdə obrazı qəbul etmək, onu mənimsəmək daha asan olur.
- Hazırda xəyalınızda qurduğunuz həyatı yaşayırsınızmı?

- Aktyorluq mənim uşaqlıqdakı xəyalım deyildi. Həyat məni bu günlərə qədər gətirib çıxardı. Vəziyyət elə gətirdi ki, mən aktyor oldum. Bir də onda baxdım ki, mən serial qəhrəmanıyam. Şükürlər olsun ki, bu gün həm filmlərdə, həm də teatrda istədiyim obrazları canlandıra bilirəm. Biz aktyorların ən böyük arzusu bəyənilmək və tamaşaçılar tərəfindən tərif eşitməkdir. Aktyor etdiyi işlərə görə çox gözəl rəylər almaq istəyir. Allahıma şükürlər olsun ki, mən də bu yolda inkişaf etdiyimi və irəli addımladığımı görürəm. Bu gün əminliklə deyə bilərəm ki, xəyalını qurduğum və qarşıma qoyduğum bir çox arzularıma qovuşmuşam. Çox realist insanam. Həyata qarşı kinli insan deyiləm.
Hazırladı: Xəyalə Rəis
banner

Oxşar Xəbərlər