• cümə axşamı, 25 aprel, 20:33
  • Baku Bakı 21°C

Memarlıq və İnşaat Universitetində mediatur keçirilib - Fotolar

11.01.18 15:44 2035
Memarlıq və İnşaat Universitetində mediatur keçirilib - Fotolar
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 2017-2018-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının gedişini müşahidə etmək məqsədi ilə mediatur təşkil edilib. Mediaturda universitetin rəhbərliyi, millət vəkilləri, ictimai təşkilatların nümayəndələri, ölkəmizin təhsil ekspertləri və kütləvi informasiya vasitələri (KİV) təmsilçiləri iştirak ediblər.

Tədbirdən əvvəl AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova qonaqları qəbul edib, onları universitetdə görməkdən məmnun olduğunu bildirib. Mediaturun təşkilinin təhsilin keyfiyyətinin artırılması və neqativ halların aradan qaldırılması ilə bağlı olduğunu diqqətə çatdıran rektor bildirib ki, eyni zamanda əsas məqsəd imtahan sessiyasının obyektiv və şəffaf şəraitdə keçirilməsi barədə ictimaiyyəti məlumatlandırmaqdır. Sonra rektor qonaqlara universitetdə aparılan islahatlar, görülən işlər və yeniliklər haqqında, imtahan sessiyasının gedişi barədə ətraflı məlumat verib. Rektor, imtahanlara hazırlıq məqsədi ilə universitetdə lazımi şərait yaradıldığını, tələbələr üçün məsləhət saatlarının keçirildiyini deyib. O, imtahanların şəffaf, normativ sənədlərə uyğun test, yazılı və qabiliyyət tələb edən fənlər üzrə ənənəvi qaydada keçirildiyini qonaqların diqqətinə çatdırıb.

G.Məmmədova bildirib ki, universitetdə bütün məsələlər "Elektron Universitet Portalı” vasitəsilə nəzarətə götürülür, istər yazılı, istərsə də test imtahanlarının nəticələri dərhal həmin sistemdə qeydə alınır: "Tələbə test imtahanlarının nəticələrini cavabları təsdiq etdikdən dərhal sonra kompüterin ekranından görür. Yazılı imtahanlar da test imtahanları kimi ciddi nəzarətə götürülüb, yazılar şifrələnir, sonra yoxlanılır, həmin gün qiymətlər tələbələrə elan edilir. Hər günün sonunda istər yazılı, istərsə də test imtahanlarının nəticələri universitetin elektron portalında yerləşdirilir. Bununla yanaşı, imtahan sessiyasında şəffaflığı təmin etmək, neqativ hallara yol verilməsinin qarşısını almaq məqsədi ilə imtahanlarda ictimaiyyətin və valideynlərin iştirakına da şərait yaradılıb. Həmçinin universitetdə imtahan sessiyasının gedişinə nəzarət etmək məqsədilə Qərargah və Apelyasiya Komissiyası yaradılıb. Qiymətləndirmədən narazı qalan tələbələrin Apelyasiya Komissiyasına ərizə ilə müraciət etməsi üçün şərait təmin edilib. Komissiya bütün müraciətlərə baxır, araşdırır, qiymətləndirmədə şəffaflıq və operativliyi təmin edir”.

Millət vəkili, "Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu Azərbaycanda təhsil islahatlarının çox mühüm mərhələdə olduğunu bildirib. O, bu mərhələnin ictimai etimad mərhələsi olduğunu qeyd edib: "Hörmətli rektor, bugünkü qəbul və mediatur vasitəsilə Siz bizlərə nümayiş etdirirsiniz ki, universitetdə imtahan sessiyasının keçirilməsi şəffaf və obyektiv təşkil olunur. Biz də bu prosesi müşahidə edir, doğruluğunu əyani şəkildə görürük. Bu həm müəllim-tələbə arasında, həm də ictimaiyyət arasında etimadı formalaşdırır. Ona görə də bu, olduqca mühüm məsələdir. Əminəm ki, bir neçə ildən sonra bu etimad tam formalaşacaq. O zaman heç bir təhsil müəssisəsi ehtiyac duymayacaq ki, imtahan sessiyasının obyektiv və şəffaf keçirildiyini cəmiyyətə nümayiş etdirsin. Artıq o vaxt heç bir valideyn ehtiyat etməyəcək ki, övladına qarşı hansısa formada haqsızlıq ola bilər, qiyməti kəsilə bilər və sair. Bu mərhələdən sonra təhsildə keyfiyyət və rəqabət mərhələsi başlayacaq. Son nəticədə təhsil, tədris və əmək bazarı arasında əlaqələr yaranacaq. Əminəm ki, ali təhsil müəssisələrində başladılan indiki proseslər bu mərhələyə çatmağı daha da sürətləndirəcək”.

Millət vəkili Aydın Mirzəzadə AzMİU-nun məzunu olduğunu xatırladaraq, 38 il bundan əvvəl Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu "Sənaye və mülki tikinti” ixtisası üzrə bitirdiyini dilə gətirib. Deputat tələbəlik illərində ona dərs deyən müəllimləri hörmətlə xatırladığını, o zaman əldə etdiyi biliklərin indi də yaddaşında olduğunu söyləyib: "SSRİ dövründə təhsil aldığım institut dünyanın ən nüfuzlu ali təhsil müəssisələrindən sayılırdı. Bu institut ümummilli lider Heydər Əliyevin təşəbbüsü və təkidi ilə 1975-ci ilin may ayında xüsusi qərarla təsis edilib. İnstitutun ilk rektoru Sənan Mustafayev təhsil nazirinin müavini idi. O, bu ali təhsil müəssisəsinə rektor təyin edilmişdi ki, institutun bazası düzgün qurulsun. Daim bu institutda, indiki universitetdə obyektiv, bilikli müəllimlər olub. Zahid Şabanbəyov, Hüseynağa Muradxanov, Xeyrulla Zərgərli və adlarını daim hörmətlə andığımız müəllimlərin əksəriyyəti xan nəslindən idilər. Onların mühazirələrinə, dərslərinə hər zaman böyük maraqla, diqqətlə qulaq asılırdı. Şadam ki, müasir dövrdə universitetimizdə 7 minə yaxın tələbə kontingenti var. Halbuki, ötən əsrdə 4-5 min arası tələbə kontingenti olurdu. Bu onu göstərir ki, inşaat mühəndislərinə, mütəxəssislərinə böyük tələbat var. Azərbaycandakı 10-a yaxın texniki universitet arasında AzMİU yeganə ali təhsil müəssisəsidir ki, inşaat sahəsi üçün mütəxəssis hazırlayır. Bu, onu göstərir ki, AzMİU sıradan bir universitet deyil, Azərbaycanın simasıdır. Sevindirici haldır ki, ölkəmiz, cəmiyyətimiz inkişaf etdikcə, bu universitet də inkişaf edir, müasir dövrün tələblərinə cavab verir”.

Tədbirdə millət vəkili Aydın Hüseynov, "İki sahil” qəzetinin baş redaktoru, əməkdar jurnalist Vüqar Rəhimzadə, media eskperti Azər Həsrət, təhsil eksperti Kamran Əsədov və başqaları da çıxış edərək öz fikirlərini bildiriblər.
Sonra mediatur iştirakçıları universitetin bir neçə auditoriyasında imtahanların gedişini canlı izləyib, yazılı imtahanların şifrələnmə otağında olublar. Universitetin Qəbul Komissiyasının rəhbəri Surxay Əliyev yazılı keçən imtahanların nəticələrinin yoxlanılması prosesi haqqında ətraflı məlumat verib. Yazılı imtahan işlərinin şifrələnməsi, işlərin qiymətləndirilməsi və ekspertlərə təqdim olunması, yoxlama prosesinə nəzarət, şifrələrin açılması, universitetin elektron səhifəsinə daxil edilməsi işləri üzrə rektorun əmriylə universitetin müəllimlərindən, əməkdaşlarından ibarət işçi qrup formalaşdırıldığını da diqqətə çatdırıb.

Qonaqlar daha sonra Memarlıq fakültəsində qabiliyyət imtahanlarında tələbələrin hazırladıqları işlərə baxıblar, bu imtahanlarda qiymətləndirmənin aparılması barədə məlumatlar əldə ediblər.Monitorinq başa çatdıqdan sonra imtahanlarla bağlı təkliflər səsləndirilib, fikir mübadiləsi aparılıb.

Alpər TURAN
banner

Oxşar Xəbərlər