• cümə, 26 Aprel, 18:49
  • Baku Bakı 22°C

Memarlıq və İnşaat Universiteti məzunlarına iş tapmaqda kömək edir

21.04.16 15:04 3111
Memarlıq və İnşaat Universiteti məzunlarına iş tapmaqda kömək edir
Nadir Kərimov
AzMİU-nun Təcrübə və Karyera şöbəsinin müdiri
Hər bir gəncin arzusu ali məktəbi bitirdikdən sonra ixtisasına uyğun işləmək, gələcək karyerasını qurmaqdır. Ali təhsil ocaqlarının mütəxəssis kimi yetişdirdiyi yüksək ixtisaslı kadrlar böyük ümidlər, arzularla iş həyatına can atırlar. Hər il təxminən 25-30 min gənc ali məktəbi bitirir, əlində diplom gələcəyini qurmaq üçün çox qapıları döyür. Təəssüflər olsun ki, bu axtarışlar həmişə uğurlu olmur, gənclərin böyük bir qismi işsizlik problemiylə qarşılaşır. Günün ən aktual probleminə çevrilən bu məsələ miqyasına görə o qədər böyüyüb ki, artıq ixtisaslı kadr yetişdirən ali məktəbləri də hərəkətə gətirib. İllərlə yetişdirdiyi məzunlarının iş tapmaması, karyera qura bilməməsi bu təhsil ocaqlarının rəhbərlərini problemi çözmək üçün çıxış yolları axtarıb tapmağa məcbur edib.
Son illər ali təhsil məktəblərində məzunların iş problemini həll etmək, onların ölkə daxilində əmək bazarında işə düzəlmələrinə kompleks şəkildə kömək etmək üçün karyera mərkəzləri yaradılır, bu mərkəzlər iş tapmaqda gənclərə yardımçı olur. Azərbaycan Memarlıq və İnşaat Universitetində də 2015-ci ildə “Təcrübə və Karyera” şöbəsinin yaradılmasına qərar verilib. Şöbənin yaradılmasında əsas məqsəd yüksək ixtisaslı peşəkar mütəxəssislər hazırlamaq, tədris və istehsalat təcrübələri arasında əlaqə yaratmaq və Universitetdə təhsil alan, eləcə də məzun olmuş gənclərin məşğulluq probleminin həllinə kömək göstərməkdir. Bu məqsədlə AzMİU-nun saytında elektron baza yaradılıb, məzunlarımız haqqında bütün məlumatlar orda yerləşdirilib. Məlumatlarda tələbənin bitirdiyi fakültə, hazırda işlədiyi yer və əlaqə telefonları göstərilir. Təcrübə və karyera şöbəsi 2015-ci ildə yaradılsa da, biz ötən illərdə məzun olmuş tələbələrimizlə də maraqlanırıq, işsiz məzunlarımızın işlə təmin olunması istiqamətində müvafiq təşkilatlarla danışıqlar aparırıq. 2011-13-cü illərdə universiteti bitirmiş məzunlarımızın işlə təminatı haqqında bütün məlumatlar orda yerləşdirilib. Məsələn, apardığımız sorğular nəticəsində məlum olub ki, 2011-ci ildə 988 məzundan 546-sı, 2012-ci ildə 1002 məzundan 720-si, 2013-cü ildə 1025 məzundan 748-i işlə təmin olunub. Hazırda işləməyən məzunlarımızın ixtisasına uyğun vakansiyalar olduqda, onlarla əlaqə yaradıb təklif olunan iş yerləri barədə məlumat veririk, habelə müəssisə və şirkətlərin təklif etdiyi vakansiyaları da elektron bazaya daxil edirik. Bu gün bizim məzunlarımız müxtəlif dövlət və özəl şirkətlərdə işləyir, onların arasında AzFEN, Akkord, AEKON, Azkommunlayihə, Monolit MMC, AzVirt MMC, Visa MMC, Encotec kimi böyük şirkətlər, habelə dövlət qurumları, layihə institutları, elmi-tədqiqat institutlarının müvafiq qurumları və s. var.
Fəaliyyətimizdə beynəlxalq standartları əsas götürürük, əməkdaşlarımız mütəmadi monitorinqlər keçirir, əmək və əməkhaqqı bazarını öyrənir, mütəxəssis ehtiyacı olan dövlət və özəl şirkətləri müəyyən edirlər. Dünyanın qabaqcıl ölkələrinin təcrübələrindən istifadə edərək təhsil prosesinə biznes və dövlət strukturlarını cəlb edirik, aparıcı şirkət və təşkilatlarla işgüzar əlaqələr yaradırıq, təcrübə mübadiləsi təşkil edirik, tələbələrin işədüzəltmə mexanizminə yardımçı oluruq. Əmək bazarının tələblərinə cavab verən mütəxəssislərin hazırlanmasında fakültə və kafedraların istehsalatla işgüzar əlaqələrin genişləndirilməsi, tələbələrin dərslərdən kənar vaxtlarda müxtəlif şirkətlərdə, real layihələrdə könüllü və ya ödənişli təcrübəçi kimi işləməsi əsas rol oynayır. Bu baxımdan, bakalavr və magistrlərin təcrübələrinin səmərəli və müasir tələblərə cavab verən səviyyədə keçirilməsi üçün hər il tələbələrimizi müvafiq təcrübələrə göndəririk və onlar da gələcək karyeralarını qurmaq yolunda ilk addımlarını atırlar. Dövlət və özəl sektorda olan qurumların ixtisaslaşmış mühəndis və idarə heyətiylə tələbələr arasında görüşlər keçiririk, bu da tələbələrin universitetdən məzun olduqdan sonra iş həyatlarına müsbət təsir edir. Bu əməkdaşlığın nəticəsidir ki, Paşa İnşaat, Holcim, Akkord, ARDNŞ, Azərsu, ARDNŞ-nin Neft-Qaz Tikinti tresti, Amec Foster Wheeler və s. şirkətlər 2015-ci il ərzində 70 tələbəni müsahibə və ixtisaslarına uyğun imtahanlar nəticəsində ödənişli yay təcrübəsinə qəbul edib. Bu tələbələrin bir qismi təcrübələri bitdikdən sonra həmin müəssisələrdə yarımştat işlə təmin olunub.
Universitetimiz öz tələbə və məzunlarının işlə təmin olunmasında, əmək bazarında bilik və bacarıqlarına uyğun iş tapmalarında maraqlıdır. AzMİU inşaat və memarlıq təhsili sahəsində Azərbaycanın tək və ən qədim ənənələri olan təhsil ocaqlarından biridir. Məhz bu baxımdan onun məzunlarına həmişə tələbat var. Ölkəmizin aparıcı kompaniyaları, işəgötürənlər yüksək hazırlıqlı kadr axtararkən məhz bizim ali məktəbə üz tuturlar.
banner

Oxşar Xəbərlər