• çərşənbə, 24 Aprel, 00:22
  • Baku Bakı 14°C

Məğlubiyyət müxalifətimizin alın yazısıdır

10.02.15 07:25 1771
Məğlubiyyət müxalifətimizin alın yazısıdır
Bu il Azərbaycanda parlament seçkiləri keçiriləcək. Məhz bu səbəbdən də bəzi siyasi partiya və təşkilatlar indidən hazırlıqlara başlayır, seçkiyə tək, yaxud birlikdə getmək üçün öz tərəfdaşlarıyla danışıqlar aparırlar. Elə bu günlərdə Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzinin (SPDİHM) növbəti iclasında 8 siyasi partiyanın “Azadlıq-2015” seçki blokunu təsis etməsi də parlament seçkilərinə hesablanan qərardır. Seçkiöncəsi ölkədəki ictimai-siyasi vəziyyət, partiyaların seçkilərə hazırlığı, müxalifətin növbəti bloklaşma siyasəti, bu blokun özünü doğrultma ehtimalı və sair məsələlərlə bağlı “Kaspi”nin suallarını Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev cavablandırır.
-Elşən müəllim, seçkiöncəsi ictimai-siyasi vəziyyəti, siyasi partiyalardakı durumu, xüsusən də müxalif düşərgədəki vəziyyəti necə dəyərləndirirsiniz?

-Parlament seçkiləri siyasətlə məşğul olan, özünü siyasi proseslərin içində hiss edən istənilən fərd üçün əlamətdar hadisədir. Odur ki, seçki yaxınlaşdıqca xüsusi aktivliyin, canlanmanın olması, baş verməsi tam məntiqəuyğun, öncədən gözlənilən, eyni zamanda, proqnozlaşdırılan gedişat kimi qiymətləndirilməlidir. O ki qaldı siyasi partiyalardakı vəziyyətə, təbii ki, Azərbaycan müxalifəti yarandığı gündən etibarən mövcud iqtidarla baş-başa gəlməyi bacarmayıb. Ona rəqib, alternativ ola bilməyib. Nə ağıl, nə siyasi resurs, nə də səmimiyyət mövzusunda. Bu günə qədər müxalifət adına sıralanan bütün biabırçı, rüsvayçı məğlubiyyətlərin də səbəbi məhz budur. Durum bu gün də dəyişməyib. Radikal müxalifətin eyni adlı estafeti bu gün də davam etməkdədir. Üstəgəl, ünvansız bir yol boyunca.
-Partiya rəhbəri olaraq bu seçkilərlə bağlı qəti qərara gəlmisinizmi? Parlament seçkilərində iştirakınız hansı formada olacaq, bunun üçün nə kimi planlarınız var?
-Parlament seçkiləri həm də sınaq meydanıdır, bir siyasətçinin özünütəsdiq şansıdır. Ona görə də belə fürsəti fövtə vermək olmaz. Seçkiyə qatılmaq lazımdır. Və qərarımda israrlı olsam, daha doğrusu, bu qərarda sona qədər qalsam, namizədliyimi vermək fikrindəyəm. Hətta indidən bölgə ilə də bağlı hesablamalar aparıram. Çox güman ki, yekun oalraq 117 saylı Oğuz-Qəbələ seçki dairəsinin üzərində dayanacam. Çünki bu bölgədə (2003, 2008, 2013-cü illərdə) cənab Prezidentin seçki təbliğatını aparmışam. Eyni zamanda, 2009-cu ildə referendumla bağlı yaratdığımız təşviqat qrupunun üzvü kimi fəaliyyətim olub. Üstəgəl, 2005-ci ildə parlamentə namizədliyim də eyni adlı dairədən irəli sürülüb. Həmin seçkidəki uğurlarım, düşünürəm ki, Oğuz və Qəbələ əhalisinin bu gün də xatirindədir. Ən nəhayət, mən Oğuzda anadan olmuşam. Bu faktorun da mənə əlavə dividendlər gətirəcəyi qənaətindəyəm.
-Bu günlərdə SPDİHM-nin növbəti iclası keçirilib və parlament seçkiləri ilə bağlı müzakirələr aparılıb. Müzakirələrin yekununda “Azadlıq-2015” adlı seçki blokunun yaradılması ilə bağlı Azərbaycan Xalq, Azadlıq, Klassik Xalq Cəbhəsi, Aydınlar, Azad Demokratlar, Vətəndaş və İnkişaf, Böyük Azərbaycan və Azərbaycan Liberal Demokrat partiyaları qərar qəbul edib. Müxalifət partiyalarının bu birliyi özünü doğruldacaqmı?
-Xahiş edirəm, əvvəla qurumun adına diqqət edək: “Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzi”. Nə deməkdir bu? Nə anlam daşıyır? Hansı məsuliyyətsiz qoyur bu gözəgəlimli, bərli-bəzəkli adları? Özlərinimi, camaatımı dolayırlar, yoxsa düşüncələri, məntiqləri həqiqətənmi budur? İnanın, artıq Azərbaycan müxalifətinin düşərgəsində elə bir başıpozuqluq yaranıb ki, sabah onlar Siyasi Partiyaların Ginekoloji Mərkəzində də toplaşsalar, artıq təəccüb etmərəm. Tam səmimi deyirəm. Çünki adamların pafos, fantaziya imkanları da tükənib. Hər şeydən, mümkün olan bütün adlardan istifadə ediblər. SİDSUH-dan tutmuş ta üzü bəri. Artıq bir şey qalmayıb. Odur ki, adı ciddi olmayan qurumun fəaliyyətindən də ciddi nəsə gözləməyə dəyməz. Ayrıca düşünürəm ki, adlarındakı hərf sayı üzvlərinin sayından daha çox olan partiyalar özlərini növbəti dəfə biabır etməsələr, daha yaxşı olar. Heç olmasa abırları üzərlərində qalar.
-Müsavat, Azərbaycan Demokrat və Ümid partiyaları SPDİHM-də təmsil olunsalar da, “Azadlıq-2015” seçki blokundan kənarda qalıblar. Sizcə, bu qərar nə ilə əlaqədar ola bilər?
-Adlarını sadaladığınız partiyalar özlərini cırtdan partiyaların böyük və ağır “abiləri” hesab edirlər. Prosesə bu qədər tez qoşulmağı da olmayan reputasiyalarına sığışdırmırlar. Vəssalam. Səbəb yalnız budur. Eyni zamanda, onların birliyi bir tək parlament seçkilərinə hesablanmayıb ki. Qarşıda hələ Əli Kərimli ilə, “Milli Şura”ilə uzun müddətdən bəri çəkilməmiş qalan haqq-hesab var, müxalifət adının, daha doğrusu, müxalifətçilik brendinin möhürünə, gerbinə, bank hesabına sahiblənmək, əlqərəz, yüz dənə məsələ var. Ona görə gəlin tələsməyək. Proseslər hər şeyi özü bəlli edəcək. Məğlubiyyət müxalifətimizin alın yazısıdır. Onların qabiliyyətinə, istəyinə, səmimiyyətinə, gücünə tam adekvat olan bir yekundur. Adamların 22 illik məğlubiyyət immuniteti var. Artıq onlarda arsızlıq mərhələsinə keçid var.
-Fikir vermisinizsə, Azərbaycan müxalifəti bir neçə qütbə bölünüb. Onlar arasında Əli Kərimlinin təsiri altında olan Milli Şura, İsa Qəmbərin təsiri altında olan SPDİHM daha çox üzdə olan qütblərdir. Sizcə, müxalifətin bu durumu nə vəd edir və bu vəziyyət onların seçkilərdə iştirakına necə təsir göstərəcək?
-İndiki situasiyada İsa Qəmbərin dərdi itirmiş olduğu başqanlıq statusunu kompensasiya etməkdir. Ona görə hansısa qurumu, təsisatı yaradıb öz qüdrətini göstərməyə çalışır. Eyni zamanda, qarşı tərəfə “mən də varam” mesajını verir. Əli Kərimli isə Milli Şuranı əlində alət edib cibini güdməklə, pulunu qazanmaqla məşğuldur. Yəni bunların yönümləri tam fərqlidir. Sadəcə, məsələ burasındadır ki, adları çəkilən insanlar bir-birinə uzun illərdən bəri patoloji nifrət bəsləyir. Ona görə də məqsəd və amal hər nə olursa-olsun, məqamı gələndə, fürsət düşəndə öz zəhərlərini tökəcəklər, nifrətlərini büruzə verəcəklər. Seçki söhbəti isə hər iki siyasətçi üçün çoxdan bitmiş mövzudur. İsa Qəmbər və Əli Kərimli radikal müxalifətin qələbə görməyən uğursuz veteranlarıdır.
-Vaxtilə ana müxalifət adına iddialı olan Müsavat Partiyasında da durum yaxşı deyil. Daxili gərginlik və narazılıq faktiki olaraq partiya içində partiya və təşkilat yaranması ilə nəticələnib. Seçkilərə qədər Arif Hacılı Müsavatın bütövlüyünü qoruya, narazıları ram edə biləcəkmi?
-Müsavatın 10 illik dinamikasını müşahidə etsək, bugünkü durumun nə qədər acınacaqlı, faciəvi xəttə qədər irəlilədiyini də açıqca fərq edərik. Arıf Hacılının başqanlığa gəlişi isə vəziyyəti daha da mürəkkəbləşdirib. Ya da belə deyək: adam partiyanın icra aparatı sədri funksiyasını necə icra edirdisə, o cür də başqanlığını “yürüdür”. Yəni eyni ampluadadır. Qisascıl, kompromatbaz, provakator ampluada! Odur ki, Arıf Hacılının tezliklə İsa Qəmbərin bütün ölənlərinə rəhmət oxutduracağını düşünürəm. Belə olan halda isə ümumiyyətlə hər hansı bir uğurdan, perspektivdən söhbət gedə bilməz. Müsavat son seçkiyə qədər süni nəfəs aparatına qoşulmuşdu. Seçkidən sonra oradan da ayrıldı və dəfn olundu. Ölünün dirildiyini isə bu günə qədər kimsə görməyib.
-Müxalifətin hər dəfə seçkiöncəsi birlik nümayiş etdirdiyini, seçkidən sonra isə uğursuzluğun günahını bir-birinin üstünə atdığını, hətta liderlərin ən ağır formada bir-birini təhqir etdiyini görmüşük. Üzümüzə gələn seçkilərdə də bu ənənə davam etdirilə bilərmi?
-İttiham özünümüdafiə instinktidir. Heç bir siyasətçi məğlubiyyəti həzm edəcək gücdə deyil. Eyni zamanda, Azərbaycan müxalifətinin təmsilçiləri. Bu səbəbdən gəlin ittihamları normal qəbul edək. Eyni zamanda, təhqirləri. Niyə? Çünki belə olan halda kənardan görünən mənzərə möhtəşəm olur. Və ya, baxın, məsələn, son prezident seçkilərində, müxalifətin keçirdiyi tədbirlərdə masa başının dəyişməz simaları kimlər idi? İsa Qəmbər və Əli Kərimli. Ortada da onların əl oyuncağı Cəmil Həsənli. Amma 3 aydan sonra nə baş verdi? Ayrılmaz dostlar dönüb oldu barışmaz düşmən. Təhqirin biri bir qəpikdən göylərə uçdu. Bax, “tamaşa”nın ləzzətli yeri də bu idi. Daha doğrusu, ən baxımlı yeri. Hətta buna “güzgü mənzərəsi”, özünüifşa da deyə bilərik. Təsəvvür edirsinizmi, bu adamlar hakimiyyətə gəlsə ölkənin 3 əsas vəzifə postunu öz aralarında böləcəkdilər. 3 aydan sonra isə qırışma başlayacaqdı. Hətta bu qırışma labüd idi. Nəticə isə Azərbaycan xalqının başında çatlayacaqdı. Eynən 1992-93-də olduğu kimi. Odur ki, bu gün ağıllı insanlar, ölkə vətəndaşları Azərbaycan müxalifətinə dirsək göstərməklə ən doğru olanı edirlər. Çünki İsa Qəmbər və Əli Kərimlinin azərbaycançılıq ideyaları Gülümsərovun “limandra” təcrübəsinə bənzəyən bir şeydir. Hətta ondan daha bəsitdir.
-Hər dəfə seçkiöncəsi müxalifət liderləri ABŞ-ın, Avropanın, yaxud da Rusiyanın onları dəstəklədiyini bildirirdilər. Hətta keçirdikləri mitinqlərdə də buna uyğun şüarlar səsləndirir, Avropa İttifaqının bayraqlarını dalğalandırırdılar. Sizcə, müxalifətin məğlubiyyətinin səbəbi həm də onda deyilmi ki, onlar dəstəyi ölkə daxilində, xalqdan deyil, xaricdən gözləyirlər?
-Xaricdən kömək, sədəqə ummaq radikal müxalifətin qanına, canına hopmuş bir vərdişdir. Bir dilənçiyə milyonlar da versən yenə gedib dilənər ha, bunlar da o cür, 22 ildir əlləri havadadır. Açıq vəziyyətdə qalıb. Qarşısında ağlamadıqları, zırıldamadıqları adam qalmayıb. Çünki tək ümid, tək şans, tək nəfəslik budur. Və ya xalqın, əhalinin dəstəyini almayan siyasətçi başqa neyləyə bilər ki? Neyləməlidir ki? Təbii, əlində yad ölkənin bayrağını, hansısa fövqəldövlətin prezidentinin rəsmini tutmalıdır. O bayrağı, o rəsmi öpməlidir. Hətta lazım gəlsə, duz kimi yalamalıdır. Bəs necə? Onların doğruları da budur da.
-Bəs builki parlament seçkilərində necə, müxalifətin “xaricdən dəstək alırıq” şousu gözləniləndirmi?
-İnanmıram. Çünki xaricin bunlar üçün düzənləmədiyi şou qalmayıb. Hər cürünü sınaqdan keçiriblər. Əyinlərinə narıncı paltardan tutmuş, qara çarşaba qədər hər şey geyindiriblər. Ara yerdə isə maya batıb. Ona görə şou kontekstində son “güvənli” variant Əli Kərimli və ona bənzər siyasi təlxəklərin fərdi təxəyyülü ola bilər.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər