• çərşənbə axşamı, 19 mart, 11:06
  • Baku Bakı 8°C

Məğlub qəhrəman, qalib akademik

23.10.17 12:24 12286
Məğlub qəhrəman, qalib akademik
Hardan, necə başlamaq çox çətindir... Çox nadir hallarda fikirlərim bu cür qarışıq düşür, hislər sözə tabe olmur, susmaq da mümkün deyil. Heç mümkün deyil. Çar imperiyası bizi susdurmağa çalışdı, sovet rejimi danışan dilləri kəsdi. Amma həqiqət susqunluğun övladı deyil, o heç vaxt susmayan bir səsdir. Tarixin bütün dövrlərində həqiqət zamanın diliylə, qəhrəmanların, şairlərin, tarixçilərin diliylə danışıb. Akademik tarixin belə ölümsüz qəhrəmanlarından idi.
Bilgisayarda yeni fayl açıb adını "akademik” qoyuram. İki gün ərzində oxuyub bitirdiyim roman akademik haqqındadır, təkcə akademikin deyil, tarix boyu yer üzündən silməyə cəhd etsələr də səməndər quşu kimi külündən doğulan, uca, yenilməz bir millətin Şərlə savaşı haqqındadır. "Akademikin son əsəri”dir. Müəllifi xalq şairi, həm də bu millətin "Ömür kitabı”nı yazmış Sabir Rüstəmxanlıdır. Bir dəfə Sabir bəy haqqında yazımda qeyd etmişdim ki, Sabir Rüstəmxanlı ədəbiyyata gəldiyi çağlardan onun qələminin kompası tarixə yönəlib. Türkün böyük tarixi, qan yaddaşı onun yaradıcılığından bir qırmızı xətt kimi keçir. "Cavad xan” poeması, "Qan yaddaşı” və milli şüuru oyadan onlarla şeirləri, Azərbaycanın həm coğrafi, həm də fikir, düşüncə xəritəsi olan "Ömür kitabı” insanlar üçün həm də bir tarix dərsi idi. Ardınca "Göy tanrı”, "Ölüm zirvəsi”, "Difai fədailəri” tarixi romanları yazıldı. Klassik realizmə xas cəhətləri özündə qoruyub saxlayan bu əsərlərin hər biri ədəbi prosesin faktına çevrildi. İnsanlar öz keçmişiylə bağlı həqiqətləri qondarma tarix kitablarından deyil, bu əsərlərdən öyrəndilər. "Qondarma” ifadəsi sovet dövründə məqsədyönlü şəkildə saxtalaşdırılan tariximizə aiddir. "Akademikin son əsəri” romanının qəhrəmanı da bütün ömrünü şərəfli keçmişimizi düşmənlərimizin xeyrinə saxtalaşdıran "tarixçilər”ə qarşı savaşa sərf etmiş böyük bir ziyalıdır. Akademik bizim müasirimizdir, canlı tarixdir. Böyük yazıçımız İsmayıl Şıxlının diliylə desək, sapı özümüzdən olan baltalar bu azman qayaya dörd bir tərəfdən zərbələr endirir, onu parçalamağa, sındırmağa çalışırdılar. O isə mətanətlə dözür, mübarizəsini davam etdirirdi. Böyük Vətən Müharibəsindən möcüzə nəticəsində sağ çıxıb qalan ömrünü də elm cəbhəsindəki döyüşlərə sərf edən akademik Ziyad Şıxlı hamımıza tanış bir simadır. Oxucu söhbətin kimdən getdiyini bilir. Romanda Sovet İttifaqı Qəhrəmanı, akademik, tarix elmimizin patriarxı Ziya Bünyadovun parlaq obrazı yaradılıb. Sabir bəy fədakar, qorxmaz, prinsiplərindən ölüm bahasına belə geri çəkilməyən tarixçi alimin həyatıyla paralel olaraq xalqımızın yaxın tarixinin qaranlıq məqamlarına da işıq salır. Fitnəkar qonşularımızın türk birliyinə qarşı planları, 1918-20-ci illərdə ermənilərin Azərbaycanda törətdikləri vəhşiliklər, Stalin-Mikoyan-Beriya üçlüyünün bir xalqı deportasiyaya məruz qoyması, 37-ci il repressiyaları, dinc quruculuq illərində də davam edən qadağalar, xalqın düşünən beyinlərinə qarşı mənəvi terror üsulları, nəhayət, ermənilərin Dağlıq Qarabağ iddiaları, məkrli Sumqayıt planları və Qara yanvar... Müstəqilliyin ilk illərində əsarət yükünü çiynindən atmış xalqın müharibə ilə üz-üzə qalması və iç savaşları...
Əsər Stalinin məkrli siyasəti nəticəsində doğma vətənindən Qazaxıstana sürgün edilmiş bir ailənin övladı Muradın yuxusu ilə başlayır və bu yuxu əslində romanın yaranma səbəbidir; doğum evlərində körpələr səssiz-səmirsiz, lal doğulur, (bu məqamda xalq şairimiz Bəxtiyar Vahabzadənin bu romanın ideyası ilə səsləşən "Nağıl-həyat” şeirindən bir misranı xatırladım: "danışmaq öyrətdin sən öz körpənə, nola mən anadan lal doğulaydım” – K.H) onlar ana südündən imtina edirlər və sonda məlum olur ki, bir millətin övladları ayrı-ayrı, anlaşılmaz dillərdə danışırlar. Tarix boyu bu millətin ən böyük faciələrindən biri bir-biriylə yad, özgə dillərdə danışması olub. Mirzə Cəlil "Anamın kitabı” əsərində millətin ruhunu zədələyən, onu kökündən ayıran, birliyinə imkan verməyən bu faktı böyük ürək ağrısıyla bədii mətnə çevirib. Söhbət təkcə bir millətin nümayəndəsinin əcnəbi dillərdə danışmasından getmir, onları bu xalqa bağlayan mənəvi bağların qırılmasından, ruhən öz soyuna, geninə yadlaşmasından gedir. İmperiyanın dəyişməz planlarından biri də bu idi, bir xalqı məhv etmək üçün onun keçmişini məhv etmək, tarixini saxtalaşdırmaq, yaddaşını silmək. Ziyad Şıxlı Böyük Vətən Müharibəsinin qəhrəmanlarındandır. Müharibədən qayıdıb öz xalqının yaxın keçmişini araşdıranda çox dəhşətli faktlarla üz-üzə qalır. "Biz Avropa yollarını dizin-dizin sürünərək faşistləri Rusiyadan çıxaranda ... Stalin də mənim millətimi Krımdan, Şimali Qafqazdan, Gürcüstandan, Ermənistandan qoparıb evlərini yağmaladırmış”.
Akademik arxivlərdə repressiya qurbanlarının aqibətiylə tanış olduqca özünü qalib kimi deyil, məğlub kimi hiss edir, döyüşlərdən sağ çıxdığına heyfisilənir. Böyük aldanışdan doğan sarsıntılar onun mənəvi rahatlığını əlindən alır. O, bu dəfə uğrunda canını qoyduğu imperiyaya qarşı savaşa qalxır. Kremldə oturanlar Bakıda 20 yanvar faciəsini törədəndə akademiki sındırmaq üçün onun oğlunu bu şəhərə komendant göndərirlər. Ata ilə oğulu üz-üzə qoyurlar. Akademik oğluyla görüşündə onu geri qayıdıb istefa verməyə çağırır. "Sözümü deyəcəyim bütün kürsüləri əlimdən alıblar, öz doğma oğlumun əliylə susdurmaq istəyirlər məni...”
Oğul onun millətini qan içində boğan sovet ordusunun zabiti idi. Ata da bir zamanlar həmin ordunun qəhrəmanlarından olmuşdu. Xalqı öz əliylə vurmağın quş səsi eşitməyən metodlarından biri də bu idi.
Akademikin xarakterini bəlirləyən canlı dialoqlar, iç təlatümlərini əks etdirən daxili monoloqlar, dövrün mənzərəsini bütün aydınlığı ilə sərgiləyən təsvirlər oxucunu əsərin cazibəsində saxlayır. Romanda Muradın taleyi də akademikin ömür yolunu izləyir. O, babalarının yaşadığı torpağa qayıdıb yenidən sönmüş ocaqlarını yandırmaq istəyir. Taleyin xoş təsadüfü nəticəsində akademikin aspirantı olur. Amma burda tələbənin qarşısına elə maneələr çıxır ki, gözlənilmədən vətənini tərk edib geri qayıdır. Murad Bakıda bir sevgi macərası da yaşayır. Onun sevgisinin də arxasından repressiyanın utancverici gizli faktları çıxır və o, sevdiyi qızla ailə qurmağa tərəddüd edir. Xoşbəxtlikdən hər şey yaxşı qurtarır. Muradla Ayselin sevgi süjeti romanın strukturuna o qədər ustalıqla hörülüb ki, bu süjeti çıxarsan romanda boşluq yaranacaq. Onların sevgisi həm də yaraların sağalması deməkdir, pərən-pərən düşmüş böyük bir millətin yenidən birləşməsinin, ocaq yerlərinə qayıtmasının, Şər üzərində qələbənin, murada yetməyin rəmzidir. Akademikin "nağıl-roman”ında yer alan Kamranla Sunay əhvalatı isə ibrətamiz pritçadır. Yazıçı intertekstuallıq metodundan istifadə edərək müxtəlif zamanlarda baş verən hadisələri bir mahiyyətə tabe etdirir. Doğrudan da? "təməl əyri olanda zaman heç nəyi düzəldə bilmir”. Oxucu bu əhvalata da xüsusi diqqət yetirsə, akademikin hansı mənəvi ağrılarla yaşadığını görəcək.
Əsərdə damarda qanı donduran faciələrdən bəhs olunur. Akademik yüzillər boyu təklənən, əzilən, əsarət altında saxlanılan, repressiya olunan, amma Ruhu hər zaman dipdiri qalan məğlubedilməz bir xalqın böyük ağrılarından danışır. Sabir Rüstəmxanlı hələ illər öncə xalqın yenilməz, sərhədsiz Ruhu haqqında belə deyirdi:
Bu Vətən deyilən dünyam sirlidi,
Bir paytaxtı sevinc, bir paytaxtı qəm.
Bu Vətən torpağı nə qəribədi,
Hələ sərhəddini tapa bilmirəm.
Arzu da beləcə sərhədsiz olur,
Ümman da beləcə, göy də beləcə.
Ruhumuz sərhədsiz olduğu üçün
Payımız gəlibdir göydən beləcə.
Onun kitabları sərhədsiz ruhumuzun tarixidir, əslində? bir kitabdır. "Qan yaddaşı”ndan, "Ömür kitabı”ndan üzübəri "Xətai yurdu”na, "Göy Tanrı”ya, "Ölüm zirvəsi”nə qədər yazılan bu tarix kitabının ünvanı Azərbaycandır. "Akademikin son əsəri” romanında bizim nəslin payına düşən tarix də öz əksini tapır. İtkilərlə, məhrumiyyətlərlə dolu illər və azadlıq günəşinin tarixin üfüqlərində görünməsi... Akademik yenə də savaşdadır; erməni tarixçilərinin yalanlarını faş edən yazılarıyla, elm məbədi sayılan Akademiyanı dağıtmaq istəyən nadanları tərk-silah edən dəmir məntiqi ilə həmişə olduğu kimi, mübarizənin ön sıralarındadır. Həqiqət onun ən kəsərli silahıdır. Vətən onun başı üstündəki Tanrı kimi uca və müqəddəsdir.
Altay Qızılbaş müəllifin öz obrazıdır. Onun da Azərbaycanın müstəqillik tarixində Ziyad Şıxlı qədər böyük xidmətləri var. O da müstəqilliyimizin qəhrəmanlarındandır və bu gün şairlikdən əlavə həm də salnaməçilik missiyasını yaşının bu çağında da əvvəlki entuziazmla davam etdirməkdədir. Missiya davam edir.
Kənan Hacı
banner

Oxşar Xəbərlər