• cümə, 19 Aprel, 01:24
  • Baku Bakı 18°C

Məğlub edilən İŞİD və Suriyada bitməyən müharibə

17.02.18 11:31 1210
Məğlub edilən İŞİD və Suriyada bitməyən müharibə
Yaxın Şərq regionunda İŞİD terror qruplaşmasının tamamilə sıradan çıxarılmasından sonra beynəlxalq aləmdə belə rəy yarandı ki, bölgədə sülh hökm sürəcək. Lakin proqnozlar doğrulmadı. Belə ki, indi Suriya ayrı-ayrı dövlətlərin maraqlarının poliqonuna çevrilib. Hətta vaxtı ilə İŞİD-in tərkibində döyüşən qüvvələr indi başqa bir terror qruplaşması daxilində hərəkət edir. Faktiki olaraq, Suriyada ABŞ, Rusiya, İsrail, İran və bir sıra ərəb ölkələri öz maraqlarını təmin etmək niyyətindədirlər. Türkiyə isə sərhədində yaranmış terror təhlükəsi səbəbindən Suriyaya daxil olaraq PKK, YPG və PYD qruplaşmalarına qarşı mübarizə aparır. Hadisələrin bundan sonrakı axarı necə olacaq? Belə davam edərsə, regionu hansı təhlükələr gözləyir?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, Suriyada indiki halda müharibə bitməyib: "Baxmayaraq ki, Rusiya prezidenti terrorçularla mübarizənin bitdiyini dedi və ordunun geri çağırıldığını bəyan etdi. Birincisi, Rusiya ordusunun müəyyən qüvvələri hələ də geri qayıtmayıb. Bu günlərdə Amerikanın bombardmanı zamanı xeyli rus muzdlu hərbçi də həlak oldu. Digər tərəfdən, deyək ki, İŞİD terror qruplaşması böyük ölçüdə neytrallaşdırılıb, amma müəyyən qüvvələri qalıb. Eyni zamanda başqa qüvvələr də var axı? PKK-ya bağlı kürd terrorçuları və digər terrorçu qruplaşmalar var. Böyük dövlətlərin hələ də Suriyada maraqları kəsişir. İranın Hizbullah hərəkatını İsrail Suriya ərazisində hədəf götürüb. İsrail Suriyanı vurur, Amerika bombalayır və eləcə də Rusiya təyyarələri terrorçuların yerləşdiyi əraziləri məhv edir. Yəni, həqiqətən müharibə bitməyib. Bitsəydi, Türkiyə bu böyüklükdə əməliyyat həyata keçirməzdi və PKK-nın qolları ilə savaşmazdı. Düşünürəm ki, vəziyyət daha da gərginləşəcək. Düzdür, İŞİD əvvəlki kimi qüdrətli deyil, amma böyük dövlətlərin Suriyada kəsişən maraqları var. Bu maraqlar, digər qruplar, hakimiyyət uğrunda mübarizə müharibənin hələ uzun müddət davam edəcəyinə dəlalət edir”.
E.Şahinoğlu qeyd etdi ki, Yaxın Şərq regionundakı gərginliyi 3-cü dünya müharibəsinin işartıları kimi qələmə verənlər də var: "Amma mən "3-cü dünya müharibəsi” ifadəsini işlətməkdən çəkinərdim. Hər halda, böyük dövlətlər gərək son anda məntiqi yanaşıb, özlərini bu təhlükədən sığortalasınlar. Çünki iki nüvə dövlətinin - Rusiya ilə Amerikanın Suriyada toqquşması çox böyük təlatümlərə gətirib çıxara bilər. Amma bununla bərabər, Suriya dünyanın bir nömrəli probleminə çevrilib. Burada böyük dövlətlərin maraqları kəsişir, toqquşmalar var. Məhz Suriyaya görə uzun illər müttəfiq olan Türkiyə və Amerika faktiki olaraq düşmənə çevriliblər. İranın, ərəb dünyasının da Suriyada maraqları var. Hamısı da hakimiyyətdə öz adamını görmək istəyir. İndi hakimiyyətdə olan Bəşər Əsəd ölkəyə tam nəzarət edə bilmir. Bütövlükdə məsələyə bu aspektlərdən yanaşsaq, 3-cü dünya müharibəsi adlandırmasaq da, hər halda bu münaqişənin davam etməsi bölgə üçün çox böyük təhlükələr vəd edir”.
Politoloq Turan Rzayev bildirdi ki, Yaxın Şərqdə baş verən proseslərin əsas mərkəzində duran səbəblərdən biri burada zəngin neft və qaz yataqlarının olmasıdır: "İŞİD-in bölgədə məğlub edilməsindən sonra vəziyyət bir o qədər dəyişmədi. Suriyanın Rusiyanın yanında yer alması ABŞ-ın İŞİD-dən sonra yeni tərəfdaş axtarışına çıxması ilə nəticələndi. Faktiki olaraq, Amerika PKK-nın buradakı qanadı olan YPG və PYD-ni maliyyələşdirir ki, bölgədə yeni münaqişə ocaqları yaransın. Təbii ki, ABŞ bu addımı ilə bölgədəki yeraltı sərvətlərin tək sahibi olmaq istəyir. Lakin indiki halda Türkiyənin PKK və digər kürd terror qruplaşmalarına qarşı apardığı mübarizə bunun qarşısını alır”.
T.Rzayev əlavə etdi ki, ABŞ sovetlər birliyinin süqutundan sonra dünyada yeganə güc olmağa çalışdı: "Lakin faktiki olaraq, indi dünya çox qütblü olmağa doğru gedir. Hazırda Yaxın Şərq regionunda güclər nisbəti bölünməkdədir. Ehtimallardan biri odur ki, burada regional güc formalaşacaq və qlobal aktor kimi çıxış etməyə başlayacaq. Hazırkı durumda bu, hansı ölkə ola bilər? Onu qeyd edim ki, bir müddət əvvələ qədər İran buna cəhd etdi, lakin daxilində baş verən iğtişaşlardan sonra bu ssenaridən uzaqlaşdırıldı. Burada həmçinin İsrail faktoru var və təbii ki, güclü dövlətdir. Lakin bir məsələ var ki, İsrailin əhalisi azdır və bu ərazilərdə imperialist siyasət yeridə bilməz. Yalnız özünə yaxın adamları hakimiyyətə gətirə bilər ki, bu da İsrail üçün artıq başqa bir problemdir. Hesab edirəm ki, hazırda bölgədə real güc olmağa namizəd Türkiyədir. Çünki Türkiyə bu bölgədə 500 ilə yaxın hökmranlıq etmiş bir imperiyanın varisidir. Həmçinin bölgədəki dini-etnik zəmindən xəbərdardır və burada yaşayan xalqları yaxşı tanıyır. Düşünürəm ki, bu bölgədə münaqişələrə bitə bilər. Lakin bunun üçün ABŞ bölgədən tamamilə uzaqlaşdırılmalıdır və bu isə çətin prosesdir. Yaxın Şərq regionundakı münaqişələrin səbəbi də məhz budur”.
Bəxtiyar MƏMMƏDLİ
banner

Oxşar Xəbərlər