• cümə, 29 Mart, 03:55
  • Baku Bakı 7°C

“Mələk investorlara ehtiyac var” – Müsahibə

24.07.15 11:54 2872
“Mələk investorlara ehtiyac var” – Müsahibə
Ülvi Aslanov: “Azərbaycanda yeni fikrə ortaqlıq faizi çox böyükdür”
Bəzən gənclərimizin gözəl ideyaları olur. Amma bu ideyanı gerçəkləşdirmək üçün ya yol göstərənə, ya da müəyyən şəraitə ehtiyac yaranır. Məhz bu anda köməyə Yüksək Texnologiyalar Parkı gəlir. Müsahibimiz, Yüksək Texnologiyalar Parkında Layihələrə dəstək və elmi potensial şöbəsinin rəhbəri Ülvi Aslanovla işə yeni başlayan gənclər üçün yaradılan şəraitdən, gənclərin onlara hansı layihələrlə müraciət edə biləcəklərindən və s. danışdıq.
- Startap (startup) son zamanlar ən çox işlənən sözlərdən biridir. Startap nədir?

- Əgər siz yeni bir işə başlayırsınızsa, bu, startapdır. Azərbaycanda daha çox İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) sektorunda istifadə olunan termindir. Amma xaricdə istənilən sahədə təzə başlanan işə startap deyirlər. Əsasən, bütün iş modellərinin bir qolu gedib internetə söykənir. Azərbaycanda bazarda bir yer götürüb kiçik mağaza, yaxud sex açmaq da əslində startapdır. Amma İKT sektoruyla əlaqəli olmadığına görə biz onu startap adlandırmırıq. Startap yeni bir işi, bir ideyanı iş modeli olaraq həyata keçirmək, fikri ticariləşdirməkdir. Yeni bir iş modeli qurur və bundan qazanc əldə edirsinizsə, bu, sizin startapınızdır.
- Ülvi bəy, Yüksək Texnologiyalar Parkı olaraq ideyaların maliyyələşdirilməyinə yardım edirsiniz?

- Əslində bizdə maliyyələşdirmə yoxdur. Biz bunu qızıl üçbucaq olaraq təqdim edirik. Bir tərəfi Yüksək Texnologiyalar Parkı, digər tərəfləri İKT Fondu və İT təhsildir. Layihələrə pul yönümlü yanaşmırıq. Layihələrin gerçəkləşməsi üçün ofis, internet, biznes modelinə ehtiyac varsa, yardım edirik. İdeyanın formalaşmasında yol göstəririk. Həmçinin ideyanın formalaşdırılması üçün xaricdən mentorlarla görüşlər təşkil edirik. Önəmli olan “bişməmiş” fikri “bişirməkdir”. Biz bu sahədə daha çox kömək olmağa çalışırıq. Bundan başqa, ideya maraqlıdırsa, işi görmək istəyən komandanı investorlarla tanış etməyə, ideyanı PR etməyə çalışırıq. Bir sözlə, dövlət tərəfindən əlimizdən gələn dəstəyi veririk. Təhsil çox önəmlidir. Bu baxımdan startaplar üçün treninqlər, təlimlər təşkil edirik.
- Sizə kimlər öz ideyaları ilə müraciət edə bilər? Yaş senzi varmı?

- Yaş məhdudiyyəti yoxdur. Qeyd edim ki, İKT sahəsi elə bir sahədir ki, bu sahədə yeni təşəbbüslə işə başlayanların çoxu gənc olur. Amma ümumilikdə yaş senzi qoyulmur. Hamı öz fikri, ideyası ilə gələ və bizim köməkliyimizlə öz layihəsini həyata keçirə bilər. Biz onlar üçün infrastruktur köməkliyi edirik ki, gəlib burada işə başlayıb böyük bir şirkətə çevrilsinlər.
- Hansı sahələrlə bağlı yeni ideyası olanlara kömək edirsiniz?

- Daha çox proqram təminatı yönümlü layihələrə üstünlük veririk. Bu, onlayn, yaxud oflayn proqram təminatı ola bilər. Hələ ki inkubasiya mərkəzimizdə fərqli bir laboratoriyamız yoxdur ki, onlara təqdim edək və nə isə kəşf etsinlər. Bunun üçün Yüksək Texnologiyalar Parkının Pirallahı adasındaki ərazisində startaplar üçün əlavə avadanlıq, laboratoriyalar və bu kimi mərkəzlərin açılması üçün işlər aparılır. Verilənlər bazası, proqram kodu - bunların hamısını yazıb, birləşdirib bir komanda şəklində həyata keçirirlər. Ondan sonra yavaş-yavaş böyüyürlər.
Proqram təminatına yönümlü layihələr bir neçə sahəyə bölünür. Buraya sosial media həlləri, SAAS həllər, həyatımızı rahatlaşdıran həllər, mobil tətbiqetmələr, mobil oyunlar aiddir. Çalışırıq ki, ideyanın ticari, maddi tərəfi olsun. Ticari tərəfi yoxdursa, onun istifadəliliyi çoxdursa, geniş auditoriyanı əhatə edirsə, həmin startapın biznes modelinin formalaşması üçün mentorluq edirik.
- Yəni pul qazanmasına yardım edirsiniz...

- Bəli. Tutaq ki, 100 min nəfərə yaxın istifadəçisi olan, amma ödəniş qazanmayan bir layihə ilə bizə müraciət ediblər. Biz ona işini davam etdirmək üçün İnkubasiya Mərkəzində yer verir, kompyuter, internetlə təmin edirik, eyni zamanda, onu öyrətməyə çalışır, ideyanın ticariləşməsi üçün yardım edirik.
- Yeni ideyalarla bağlı müraciətlər çox olur?

- Azərbaycanda ideya çoxdur. İdeyanı həyata keçirmək çox önəmlidir. Bir il ərzində onlayn müraciətlərin sayı 150-yə çatıb. Bundan başqa, şifahi müraciətlər də olub. Əsas məqsədimiz Azərbaycanda olan layihələri tanıtmaq, dünyaya çıxarmaqdır.
- İnkişaf etmiş ölkələrdə investorlar startapların ideyasının həyata keçməsinə maliyyə baxımından yardım edirlər. Azərbaycanda vəziyyət necədir?

- Startaplara investorların maliyyə yardımı etməsilə bağlı bizdə hələ qanunvericilik yoxdur. Bunun üzərində iş gedir. Həmişə neftə fokuslandığımızdan bizim üçün bu sahə yenidir. Ölkəmizdə startaplara köməklik göstərən mələk investorlara ehtiyac var. Bu cür investorlar 100 min dollara qədər pul ayırır, çox kiçik faiz almaqla yeni ideya müəllifini qabağa aparmağa çalışır. Bizdə investorlar çox vaxt üzdə olmurlar. Yaxud Azərbaycanda yeni fikrə ortaqlıq faizi çox böyükdür. Məsələn, xaricdə yeni ideyaya yatırım qoyan investor ideyadan gələn gəlirin 20 faizinə ortaq olursa, Azərbaycanda bu, 50 faizə qədər çıxır.
- Yaxın günlərdə tələbə startaplarla birgə beynəlxalq müsabiqədə iştirak etmək üçün mentor qismində Amerikaya yollanacaqsınız. Bu barədə məlumat verərdiniz, zəhmət olmasa.

- Yüksək Texnologiyalar Parkı və Microsoft Azərbaycan arasında anlaşma memorandum imzalanmışdır və bu çərçivədə tədbirlər görülür. Azərbaycanda ilk dəfə keçirilən Microsoft İmagine Cup müsabiqəsinin tərəfdaşlarından biri də Yüksək Texnologiyalar Parkıdır. Microsoft Imagine Cup məktəb və universitet tələbələrinə ünvanlanmış və onlar tərəfindən texniki məhsul və həllərin yaradılmasını sövq edən qlobal müsabiqədir. Müsabiqə tam işlək həll və məhsulların yaradılmasını təşviq etməklə tələbələrin gələcək biznes mühitə hazırlığı, sərmayə axtarışı və məşğulluq məsələlərinin həlli məqsədləri daşıyır. YTP Biznes inkubasiya mərkəzində öz texniki həllərini hazırlayan komandalardan birinin layihəsi Imagine Cup müsabiqəsinin Milli mərhələsində qalib olaraq beynəlxalq yarımfinal mərhələsinə təqdim olunmuşdur. Beynəlxalq münsiflər heyətinin qiymətləndirməsi nəticəsində 64 ölkəni təmsil edən 150 layihə arasında 33 qalib Dünya Finalına vəsiqə qazanmışdır. Qaliblər arasında Azərbaycandan Bakı Dövlət Unviversiteti və Xəzər Universiteti tələbələrinin birgə yaratdığı NoObs komandası bu şansı əldə etmişdir. Qalib qismində Azərbaycanı Dünya Finalında təmsil etmək üçün komandanın 4 nəfərdən ibarət üzvü bu ilin 27-31 iyul tarixlərində ABŞ-ın Sietl şəhərinə səfər edəcək. Komandanın mentoru olaraq gənclərin bu müsabiqədə iştirakının məhsuldarlığını artırmaq və əlaqələrin qurulmasında mümkün lokomativliyi etmək vəzifəsi də mənim üzərimə düşmüşdür. Qeyd edim ki, Dünya Finalının qalibləri dəyərli hədiyyələr və beynəlxalq startap inkubatorlarında təcrübə imkanını əldə edəcəklər.
Lalə MUSAQIZI

banner

Oxşar Xəbərlər