• çərşənbə, 17 Aprel, 01:43
  • Baku Bakı 14°C

Məktub yazdım...

24.11.15 12:01 2247
Məktub yazdım...
Son illər dünya ədəbiyyatının sevilən nümunələri arasında “yazıçı məktubları” xüsusi yer tutur. Yazıçıların bir-birlərinə, dostlarına, sevgililərinə, xanımları və övladlarına yazdıqları məktublar ədəbiyyatsevərlərin dərin rəğbətini qazandığından naşirlər də hər vəchlə bu nümunələri çap etməyə çalışır. 2000-ci illərin ortalarından ortaya çıxan yazıçı məktublarının hərraclarda fantastik qiymətlərə alıcı tapması da buna sübutdur. Ötən il isə Paul Auster və J.M. Kutzinin “İndi və burada” adlı kitab şəklində yayımlanan məktubları qısa müddətdə 20-dən çox dilə tərcümə olundu. Kitabsevərlər məktub oxumağın olduqca ləzzətli və maraqlı olduğunu iddia edir. Kutzinin məktublarından birində “kaş insanlar bir-birlərinə daha çox məktub yazsalar...” deməsi elə bu məktublaşmaların yazarların özlərinə də maraqlı olduğunu göstərir. Ədəbi tənqidçilər isə iddia edir ki, xüsusilə yazıçıların məktublarını oxumaq insanın zehin üfüqlərini daha da genişləndirir. Yazarların ən çox da övladlarına yazdıqları əyləncəli, zarafat, məsləhət və səmimi sevgini hiss etdirən ifadələrlə dolu məktubları ilə tanış olmaq insana heç də ədəbi əsərdən aldığından daha az zövq vəd etmir.
Eləcə də eşq və ayrılıq qoxulu məktubların təsirindən insan uzun müddət xilas ola bilmir. Hamı hər eşqin əbədi olmadığını, hətta hər sevginin hökmən vüsalla başa çatacağına inam olmadığını bilir. Amma uzun zaman könül bağı qurduğumuz insanlarla yolları ayıranda da bunu ürək qırmadan etmək lazımdır. Əgər ayrılıq qaçılmazdırsa, bunun daha normal yolunu tapmalı oluruq. Bəs, bu yolları kimdən öyrənməli?! Ədəbiyyatda sizə həm örnək olacaq, həm də sadəcə dərin zövq alaraq oxuyacağınız ayrılıq, eşq, dostluq məzmunlu məktublar saysız-hesabsızdır. Uzun illər danışılan, əfsanəyə çevrilən məhəbbət macəraları, dostluqları ilə tanınan yazıçıların məktubları əsərlərindən, xatirələrindən geri qalmır. Əslində bu məktublar bir az da oxucuya yol göstərir, qarşımızdakını incitməmək, bir yerdə zamanların təəssüf və göz yaşı ilə xatırlanmaması üçün lazım olan sözlərlə təmin edir. Bu dəfə sizə yazarların müxtəlif məzmunlu məktublarından seçmələr təqdim edirik.
Aqnes Von Kurovskidən Ernest Heminqueyə
Birinci Dünya müharibəsi illərində Milanda hərbi xidmət görən Ernest Heminquey yaralanır. Xəstəxanada müalicə alan Heminquey tibb bacısı Aqnesə vurulur. Gənc və yaralı əsgəri qayğısı ilə ələ alan 26 yaşlı Aqnes nədənsə onun evlilik təklifini rədd edir. 18 yaşında demək olar ki, ilk məhəbbət oxu daşa dəyən Ernest ondan uzaq qalmaq istəmir, hərbi xidmətdən sonra da ona yazmağa davam edir. Ernestlə Aqnesin macərası bu məktubla sonlanır.
“Erni!
Bu məktubu uzun-uzun düşündükdən sonra yazmağa qərar verdim. Qorxuram ki, burada yazdıqlarım səni incidəcək. Ancaq bu məktubla qəlbinə vuracağım zərbələrin qalıcı yaraları olmayacağına əminəm.
Sən buradan getdikdən sonra özümü aramızda yaşananların eşq olduğuna, bir-birimizi sevdiyimizə inandırmağa çalışdım, çünki sən həqiqətən də belə olduğuna inanırdın. Mən də əksini iddia etmirdim, özünü incitməyini istəmirdim.
İndi bir neçə aydır ki səndən uzağam, buna baxmayaraq sənə olan bağlılığım, düşkünlüyüm əvvəlki kimidir. Amma bir şeyin fərqinə varmışam, mənim sənə olan duyğularım bir qadının sevgilisinə olan hisslərindən çox, ananın oğluna olan hissləri kimidir. Bəli, mən sənin gözündə hələ də Kid (cütlük arasındakı əzizləmə forması – red. E.S.) olduğumu bilirəm, amma əslində elə deyiləm, üstəlik günbəgün bu düşüncədən uzaqlaşıram.
Yəni, bir sözlə, Kid, görəsən, bir gün bütün bunlar üçün məni bağışlaya biləcəksənmi? Pis adam olmadığımı, sənə zərər vermək istəmədiyimi bilirsən. Bəlkə də, xətanın böyüyünü mən lap əvvəldə etdim. Amma heç vaxt dəyişməyəcək bir həqiqət də var, mən səndən çox yaşlıyam.
Gələcəkdə sənin adını çox eşidəcəyimi, səninlə qürur duyacağım işlərə imza atacağını, çox məşhur insanlardan olacağını bilirəm, buna əminəm. O günü görmək üçün səbrsizlənirəm, amma karyera yolunda parlamaq üçün tələsmə.
Sənə bu xəbəri verirəm, amma əmin ol ki, bu xəbər elə mənim üçün də gözlənilməz və ani oldu. Mən çox yaxında artıq evli bir qadın olacağam. Məni bağışlayacağını, həyatını ulduzlarla bəzəyəcək karyera yolunda iri addımlar ataraq, nə qədər mükəmməl və istedadlı bir adam olduğunu hamıya göstərəcəyini ümid edirəm.
Dostun, Aqqi”.
Rilkenin Kappusa Məktubu
Şeirləri ilə yanaşı müasir alman nəsrinin lideri sayılan “Malte Laurids Briggenin qeydləri” (“Die Aufzeichnungen des Malte Laurids Brigge” – 1910) adlı əsəri ilə məşhurlaşan yazıçı Reyner Maria Rilke kapitalist qanunların məhdudlaşdırdığı, incəsənətdən uzaq bir mühitdə böyüyüb. Anasının aşırı qayğısı və rəftarı nəticəsində qız uşağı kimi formalaşan Rilk,e istər əsərləri, istər şəxsi həyatı ilə dövrə, insanları bir-birlərinə, özlərinə yadlaşdıran, yalnızlığa, kimsəsizliyə, sevgisizliyə sürükləyən sistemə qarşı çıxıb. Yazarın Kappus adlı gənc şairə yazdığı məktub.
“Əzizim, Kappus.
Məktublarsız keçən bu müddət ərzində ya səfərdə olmuşam, ya da əlimə qələm ala bilməyəcək qədər məşğul. Əslində bu gün də çox məktub yazmalı olmuşam, əlim yorulduğu üçün yazmaq çətinləşib. Əgər kiməsə diktə etmək imkanım olsaydı, sizə deyiləsi çox şey var. Amma indi o uzun məktubun əvəzində cəmi bir neçə sətir oxuyacaqsınız.
Tez-tez və elə güclü arzularla sizin yanımda olmağınızı istəyir, ikimizi düşünürəm ki, əzizim, elə bilirəm ki, siz bunu hiss edirsiniz, bu isə ikimizə də kömək olur. Məktublarımın sizə bir xeyri olurmu, bununla bağlı narahatam. Bəli, olur, deməyin. Onları minnətdarlıq və məmnuniyyətinizi ifadə etmək üçün almayın, mənim kağıza tökdüklərim hisslər qədər səmimi davranın. Mən sadəcə gözləyib, bu işin axrının necə olacağını görmək istəyirəm.
Keçən məktubda yazdıqlarınızı yenidən tək-tək araşdırmağın heç bir faydası olmayacaq. Sizin şübhəyə meylliliyiniz, daxili və xarici dünyanı uyğunlaşdırmaqdakı qabiliyyətsizliyiniz, sizi sıxan digər bütün məsələlərlə bağlı söyləyə biləcəklərim də əvvəl dediklərimin təkrarıdır. Sizin üçün bəslədiyim arzular hələ də eynidir – özünüzdə ətrafda baş verənlərə qarşı mübarizə əzmi formalaşdıra bilməyiniz, səmimi inanc xoşbəxtliyi və başqaları ilə mübarizə apardıqca yaranacaq yalnızlığınıza güvənməyiniz. Bundan başqa imkan verin həyat özü bildiyi kimi, yatağına uyğun axsın. İnanın mənə - həyat hər zaman onu yaşayanlardan daha haqlıdır, doğrunu o sizdən daha tez tapır.
Sizi tam olaraq əhatə edən, bir bütöv kimi əks etdirən bütün duyğuları sahiblənin, qoyun o duyğular kök salsın, sizi ucaltsın. Varlığınızın yalnız bir tərəfini əks etdirən və beləliklə də sizi yarımçıq, əyri göstərən duyğulardan qorunun, onları seçin və arınmağa çalışın. Uşaqlıqdan qalma bütün duyğular safdır, sizə aiddir, doğmadır. Ondan qalma bütün düşüncə tərzləri müsbət yönlüdür. Sizi həyatınızın ən yaxşı zamanlarında olduğunuzdan da irəli apara bilən bütün dəyişikliklər, duyğular, düşüncələr lazımlıdır. Onlardan uzaq düşməyin. Əgər bütün hüceyrələriniz yüksəliş yolunda olduğunuzu hiss edirsə, deməli, əlinizdə olan hər şey yaxşıdır. Nə demək istədiyimi başa düşürsünüz?
Şübhələr və narahatlıqlarınızı əhliləşdirə bilsəniz, onlar vacib keyfiyyətlərə çevrilə bilər. Onları maarifləndirin, tənqid edin, rəndələyin. Onların həyatınızın yaxşı anlarını burnunuzdan gətirməsinə, sizi eybəcərləşdirməsinə imkan verməyin. Şübhədən oyanan suallardan sübut tələb edin, onların özünü sorğulayın, onlara hakim kəsilin. Zamanla iradənizin, onlardan arınmış xarakterinizin hər şeyə dirəndiyini, necə möhkəmləndiyini görəcəksiniz. Sadəcə geri çəkilməyin, özünüzə xarakter formalaşdırmaq istəyirsinizsə, hər zaman davranışlarınıza qarşı gözüaçıq olun, güzəştə getməyin. Xarakter insanın ən yaxşı köməkçisidir.
Sizə bugünlük söyləyə biləcəklərim bu qədərdir, əziz Kappus. Məktubun əlavəsində Praqada “Alman mübarizəsi” dərgisində çıxan kiçik yazımın bir nüsxəsini də göndərirəm. Orada da yaşam və ölüm haqqında, hər ikisinin həyatiliyi, böyüklüyü və qədimliyindən bəhs edirəm.
Dərin hisslərlə,
Reyner Rilke”.
Tərcümə etdi:Elcan SALMANQIZI
banner

Oxşar Xəbərlər