Məktəblinin belini əyən çantanın çəkisini necə azaltmalı?
"Təhsil Nazirliyi
tərəfindən tədris-metodiki ədəbiyyatların çapı ilə məşğul olan nəşriyyatlara
dərsliklərin çəkisinin yüngülləşdirilməsi ilə bağlı optimal yolların
müəyyənləşdirilməsi üçün tapşırıqlar verilib”. Bunu Trend-ə Milli Məclisin Elm
və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli deyib. Onun sözlərinə
görə, hazırda dərsliklərin çəkisinin yüngülləşdirilməsi üçün iş aparılır. İ.Həbibbəyli
keyfiyyətli dərsliklərin olması üçün hazırda əla növ kağızlardan istifadə
edildiyini söyləyib: "Adətən, dərsliklərin çapı üçün 70-80 qramlıq
kağızlardan istifadə edilir. İndi isə belə təkliflər var ki, dərsliklərin çapı
üçün daha yüngül kağızlardan istifadə edilsin".
Akademik qeyd edib ki,
hazırda dərsliklər əla növ kağızlardan istifadə edilməklə hazırlandığından, 4
il istifadə edilmək üçün nəzərdə tutulur. Amma təklif edilən yüngülçəkili
kağızlardan istifadə edilsə, dərsliklərin istifadə müddəti 1 ildən də az olar.
Bu isə iqtisadi baxımdan sərfəli olmaz: "Dərsliklərin çapı üçün təklif
edilən kağızların dözümü azdır. Onlar dərslik çapı üçün tam yararlı deyillər.
Bədii kitabların çap olunduğu kağızlar da dərslik üçün yararlı deyil. Ona görə də,
dərsliklərin çəkisini yüngülləşdirmək üçün variantlar axtarılır. Təhsil
Nazirliyi tərəfindən tədris-metodiki ədəbiyyatların çapı ilə məşğul olan
nəşriyyatlara tapşırıq verilib ki, davamlılığı qorumaq şərtilə dərsliklərin
çapı üçün mümkün optimal yollar müəyyən edilsin".
İ.Həbibbəyli Milli Məclisin
deputatı Aydın Mirzəzadənin məktəb çantalarının yüngülləşdirilməsi məqsədilə
dərsliklərin tədris ili üzrə deyil, rüb üzrə hazırlanması barədə səsləndirdiyi
təklifi də iqtisadi baxımdan əlverişli saymayıb. Onun sözlərinə görə,
dərsliklər dövlət vəsaiti hesabına çap edildiyindən, hər rüb üzrə hazırlanması
iqtisadi baxımdan çətinliklərə səbəb ola bilər.
Qeyd
olunan məsələ təhsil sahəsində uzun müddətdir ki, aktualdır və valideynləri də
narahat edir. Valideynlər bildirirlər ki, çantaların ağırlığından uşaqlarda bel
ağrıları olur. Həmsöhbətimiz Aygün Əliyeva deyir ki, iki övladını dərsə aparıb-gətirir
və ağır olduğu üçün hər ikisinin çantasını özü götürməyə məcbur olur: "1-ci
sinifdə elə də ağır deyildi, amma 2-ci sinfə keçəndən sonra dərsliklərin sayı
çoxaldı və çəki də artdı. Əvvəllər uşaqlar özləri aparırdılar çantalarını, amma
zamanla bel ağrıları olduğu üçün özüm götürdüm. İnanın, hətta mən də əziyyət
çəkirəm onların çantalarını götürəndə. Yazığım gəlir uşaqlara, necə götürsünlər
bu ağırlıqda çantaları? Arada düşündüm ki, bəzi kitabları qoymayım çantaya,
amma elə də olmur. Uşaq dərsdə kitabdan istifadə etməlidir. Açığı, bunun çıxış
yolu nədir bilmirəm, amma bu problem həll olunsa, yaxşı olar”.
Hazırda məsələnin həlli
yolu ilə bağlı konkret təkliflər irəli sürülmür. Amma kitabların nəşrində yüngülçəkili kağızlardan
istifadənin bu problemin həlli ola biləcəyi variantı səsləndirilib. Maraqlıdır,
kağızların çəkisinin azaldılması bu problemin həlli ola bilərmi və ya məktəbli
çantasının çəkisinin azaldılması ilə bağlı başqa hansı təkliflər irəli sürülə
bilər?
Təhsil
eksperti Nadir İsrafilov qeyd etdi ki, qaldırılan problem
dünənin, bu günün deyil, uzun illər təhsilimizdə müzakirə və çəkişmə obyektinə
çevrilən bir məsələdir: "Təhsil Nazirliyi tərəfindən tədris-metodiki
ədəbiyyatların çapı ilə məşğul olan nəşriyyatlara dərsliklərin çəkisinin
yüngülləşdirilməsi üçün optimal yolların müəyyənləşdirilməsi ilə bağlı
göstərişin verilməsi, Milli Məclisin Elm və təhsil komitəsi səviyyəsində
narahatlıq hissinin keçirilməsi və problemin gündəmə gətirilməsinin özü də təqdirəlayiq
hal olub, bir daha məsələnin nə dərəcədə ciddi olduğundan xəbər verir. Çünki
qaldırılan məsələ dünənin, bu günün deyil, uzun illər təhsilimizdə müzakirə və
çəkişmə obyektinə çevrilən, əslində bir növ problem xarakteri alan bir
məsələdir. Dərslik dövlətin təhsil siyasətinin həyata keçirilməsində, gənc
nəslin keyfiyyətli təhsil almasında başlıca vasitələrdən biridir. Günahkar
qismində təkcə Təhsil Nazirliyini ittiham etmək də bir qədər ədalətli mövqe
sayıla bilməz. Dərslik təkcə təhsillə bağlı məsələ deyil, bu problem həm də
səhiyyəni düşündürməlidir. Məktəbin vəzifəsi təkcə öz yetirmələrinə hansısa
bilik, bacarıq və vərdişlər aşılamaqdan ibarət deyil. Məktəb həm də mənəvi,
psixoloji və fiziki cəhətdən sağlam nəsil yetişdirib, onları müstəqil həyata
hazırlamalıdır”.
Ekspert
deyir ki, hər il yeni dərs ilinin başlanması ilə əlaqədar məktəbli çantalarının
ağırlığı məsələsi gündəmə gəlir: "Məktəbli çantası şagirdlər üçün ağır fiziki,
həm də mənəvi yükə çevrilir. İsa Həbibbəylinin də vurğuladığı kimi,
dərsliklərin çapı üçün təklif edilən yüngülçəkili kağızlardan istifadə
edilməsi, dərsliklərin istifadə müddətini azaldır, iqtisadi baxımdan da sərfəli
olmur. Məktəb çantalarının yüngülləşdirilməsi məqsədilə dərsliklərin tədris ili
üzrə deyil, rüb üzrə hazırlanması barədə səsləndirilən təklif də əlverişli
hesab edilmir. Düşünürəm ki, şagirdlərin təlim yükünün azaldılması, proqram
materiallarını səmərəli mənimsəmələri üçün təhsil proqramlarındakı ikinci,
üçüncü dərəcəli qəliz və lazımsız materialların çıxardılması yolu ilə problemi
həll etmək olar. Dərsliklərimiz həddən artıq yüklüdür, kitablara salınan ifrat
dərəcədə əhəmiyyətsiz fakt yığnağı, yeniyetmə və gənclərimizin gələcəkdə fəal
həyat mövqeyi tutmasına deyil, yalnız buraxılış imtahanlarını verib müvafiq
attestat almasına hesablanıb. Yetişməkdə olan nəslin mənəvi və fiziki inkişafı
kimlərinsə korporativ maraqlarından daha üstün tutulmalı, qaldırılan məsələ
daim diqqət mərkəzində saxlanılaraq, problemin həlli yolları araşdırılmalı və
müvafiq qurumlar tərəfindən bu istiqamətdə əməli tədbirlər görülməlidir”.
«Altun» kitab
nəşriyyatının direktoru
Rafiq İsmayılovbu
məsələyə tez-tez müraciət edildiyini və xüsusilə də ibtidai sinif şagirdlərinin
bu problemlə daha çox rastlaşdığını bildirdi: "Bu məsələnin həlli üçün müxtəlif
dövrlərdə fərqli təkliflər irəli sürülüb. Yadımdadır, bir dəfə Təhsil
Nazirliyində bütün vacib dərsliklərin çəkisi hesablandı, hamısı birlikdə
təxminən 1 kilo 700 qram oldu. Ancaq nəzərə alsaq ki, məktəbli çantasında
dərslikdən başqa əlavə vəsaitlər, müəyyən dəftərxana ləvazimatları, uşağın su
qabı və s. olur, bu zaman məktəbli çantasının çəkisi 5-6 kiloqrama gəlib çatır.
Bu da onların fiziki sağlamlığı üçün problem yaradır. Xarici ölkələrdə belə
situasiyalar yaşanmır. Çünki orada dərslik daşıma kimi bir qayda yoxdur, uşaq
dərsliklərini sinifdə qoyub gedir”.
Nəşriyyatın
direktoru kağızın çəkisinin azaldılmasının çıxış yolu olmadığını dedi: "Kağızın
çəkisinin yüngülləşdirilməsi ilə bağlı məsələyə gəlincə isə deyə bilərəm ki,
hər nəşr məhsulu üçün standart kağızlar var. Məsələn, dərsliklər üçün 80
qramlıq, iş dəftəri üçün isə 70 qramlıq kağızlardan istifadə olunur. Bu o
deməkdir ki, kağızın bir kvadrat metrinin çəkisi 80 qramdır. Həmin bir kvadrat
metrə isə ola bilsin ki, 14-15 səhifə yerləşsin. 160 səhifəlik kitab 80 vərəq
edir. Bunun üçün isə 3-4 kvadrat metrlik kağız istifadə oluna bilər, onu da 80 qrama
vuranda 240-250 qramlıq çap məhsulu əldə edilir. Ancaq bunu 70 qrama salsaq,
həmin keyfiyyəti ala bilmərik. Çünki bəzi rəngli materialları, qramı aşağı olan
kağızlarda çap edəndə keyfiyyət dərəcəsi aşağı olur. Yəni kağızın çəkisinin
azaldılması problemin həlli yolu deyil. Təhsil nazirliyinin bu məsələ ilə bağlı
bir təklifi vardı. Belə ki, ibtidai sinif dərsliklərini iki yarım ilə bölmək
istəyirlər. Birinci yarım il üçün dərsliyin bir hissəsi, ikinci yarım il üçün
isə qalan hissəsi çap edilsin. Bu təklif çıxış yolu ola bilər, bununla qismən
də olsa, problemin qarşısını almaq mümkündür”.
Maraqlıdır,
məktəbli çantasının çəkisi ilə bağlı bir norma varmı? Bununla bağlı kiçik bir
araşdırma etdik və görünən odur ki, məktəbli çantasının çəkisi ilə bağlı standart
norma qəbul edilib. Beynəlxalq aləmdə, həmçinin qonşu ölkə Rusiyada da bu
normaya əməl edilir. Amma bizdə belə bir norma yoxdur. Uşaqların çantası və hər
bir dərsliyin çəkisi onların yaşına görə təyin olunur. Bundan artıq çəki
yolverilməz hesab edilir. Ümumilikdə isə çanta hər uşağın çəkisinin 10%-i
qədərində olmalıdır. İndi isə həmin normanı siniflər üzrə təqdim edirik:
I-II
sinif şagirdləri üçün - 1,5 kq
III-IV
sinif şagirdləri - 2 kq
V-VI
sinif şagirdləri- 2,5 kq
VI-VIII
sinif şagirdləri -3,5 kq
Yuxarı
siniflərdə - 4 -4,5 kq
Hər
bir dərsliyin maksimal çəkisi:
İbtidai
siniflərdə: 300 qr
V-VI
siniflər üçün: 400 qr
VII-IX
siniflər üçün: 500 qr
Yuxarı
siniflər üçün: 600 qr
Günel
Azadə