Məktəbli qızın qətlə yetirildiyi iddia olunan videogörüntüləri yayan şəxs saxlanılıb

Məktəbli qızın qətlə yetirildiyi iddia olunan videogörüntüləri yayan şəxs saxlanılıb

Kriminal
08 Noyabr 2019, 20:30 941
Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə guya 8-ci sinif şagirdinin atasının sifarişi ilə əmisi tərəfindən qətlə yetirildiyini əks etdirən videogörüntülər yayılıb.
Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətlərindən Trend-ə verilən məlumata görə, həmin məlumatlar həqiqəti əks etdirmədiyindən təkzib olunur.
Belə ki, cari il oktyabrın 8-də Gəncə şəhərində şəhər sakini Məhərrəm Siratinin qeyri-rəsmi nikah münasibətində olduğu şəhər sakini Natavan Mustafayevaya qısqanclıq zəminində bıçaqla çoxsaylı zərbələr endirərək onu qəsdən öldürməyə cəhd etməsinə şübhələr üçün əsaslar müəyyən edilmişdir.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin olunmuş, eləcə də əməliyyat tapşırıqları və müvafiq sorğular verilmişdir.
Məhərrəm Sirati təqsirləndirilən şəxs qismində cəlb edilərək Cinayət Məcəlləsinin qeyd olunan maddələrində nəzərdə tutulan ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
İctimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət etməklə cəmiyyətdə geniş ajiotaja səbəb olmuş həmin videogörüntünü sosial şəbəkələr vasitəsilə yayılmasını həyata keçirmiş şəxsin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi istiqamətində həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində Şəmkir rayonunun Seyfəli kənd sakini, 21 yaşlı Musa Məmmədov şübhəli şəxs qismində saxlanılmış və barəsində qanunvericiliyə uyğun tədbirlər görüləcəkdir.