• şənbə, 20 Aprel, 13:10
  • Baku Bakı 23°C

Məktəbli formalarını yalnız iki müəssisə tikə bilər, qalanları saxtadır - Açıqlama

12.09.13 11:04 1490
Məktəbli formalarını yalnız iki müəssisə tikə bilər, qalanları saxtadır - Açıqlama
Bunu APA-ya açıqlamasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat katibi Fazil Talıblı deyib.
F. Talıblı bildirib ki, məktəbli forması xüsusi geyim növü hesab edildiyindən, mövcud dövlətlərarası standartın tələblərinə əsasən, bununla bağlı texniki şərt işlənməlidir: “Məktəbli formasının eskizi təsdiq edilməli, müvafiq qurumlar tərəfindən razılaşdırılmalıdır. Daha sonra müəssisə tərəfindən texniki şərt qəbul edilib, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməlidir. Yalnız bundan sonra həmin o texniki şərtin tələbləri əsasında məktəbli formasından nümunələr götürülüb laboratoriyada sınaqlara aparılır. Sınaqların nəticəsi müsbət olarsa, məktəbli forması kimi sertifikatlaşdırılır və sertifikatla bazara çıxır. Hazırda Azərbaycanda yalnız “Bakı Tikiş Evi” ASC və “Bakı Tekstil Fabriki” MMC məktəbli formasının istehsalı üçün sadaladığım qanunvericiliyin tələblərini yerinə yetirilir. Bu məhsulların təhlükəsizliyi və keyfiyyəti sübut olunaraq məktəbli forması istehsalını həyata keçirirlər”.
F. Talıblı bu iki müəssisədən başqa bazarda satılan müxtəlif şirkətlərin məhsullarının niyə saxta hesab edilməsinin səbəbini açıqlayıb: “Bizə həmin sertifikatı əldə etmək üçün başqa müəssisələrdən müraciət olunmayıb. Komitə təkcə məktəbli formasının parçasına yox, ümumilikdə tikilməsinə nəzarət edir. Komitə tərəfindən ona görə bu iki müəssisəyə sertifikat verilib ki, üçüncü şirkət bizə müraciət etməyib. Başqa şirkətlər də müraciət etsin, eyni qayda ilə texniki şərt hazırlasın, həmin şərti qeydiyyatdan keçirtsin, sertifikatını alsın, o da fəaliyyət göstərsin”.
Qeyd edək ki, satış məntəqələrində “Bakı Tikiş Evi” ASC və “Bakı Tekstil Fabriki” MMC-dən başqa digər şirkətlərin tikdiyi məktəbli geyimlərinin satışına da rast gəlinir.
banner

Oxşar Xəbərlər