• şənbə, 20 Aprel, 04:06
  • Baku Bakı 15°C

Məktəbli bazarı od tutub yanır - Foto-Reportaj

09.09.14 10:29 4384
Məktəbli bazarı od tutub yanır - Foto-Reportaj
Yeni dərs ilinin başlanmasına sayılı günlər qalıb. Artıq məktəbli ləvazimatları satılan dükan və bazarlarda canlanma müşahidə olunur. Növbəti dərs ilini şagirdlər həvəslə gözləsələr də, qiymətlərin bahalığı valideynləri narahat edir. Çünki bir şagirdi məktəbli ləvazimatları ilə təmin etmək valideynə heç də asan başa gəlmir. Üstəlik, çoxuşaqlı ailələrdə bu daha faciəvi hal alır. Biz də məktəb ləvazimatlarının qiymətləri ilə maraqlanmaq və valideylərlə söhbətləşmək üçün şəhərdə fəaliyyət göstərən bir neçə dükana baş çəkdik. İlk olaraq məktəbli ləvazimatlarının ən ucuz satıldığı dükanlardan sayılan, “28 may” metrosu yaxınlığındakı “Keçid kitab evi”nə yollandıq.
Burada alıcıların əlindən tərpənmək mümkün deyildi. Səhər saatları olmasına baxmayaraq, kassada növbə yaranmışdı. Bunun səbəbi isə qiymətlərin digər dükanlara nisbətən ucuz olması idi. Belə ki, bu mağazada 12 vərəqli dəftər 8-10 qəpikdir. 40 vərəqli 35 qəpik, 60 vərəqli 45 qəpik, 100 vərəqli dəftərlər isə 60 qəpiyə satılır. Qələm 20 qəpik, adi karandaş 10 qəpikdən 40 qəpiyədək, rəngli karandaşların qiyməti isə isə 1manat 20 qəpik və 7 manat arasında dəyişir. Tək xətkeş 20 qəpikdən 50 qəpiyədək, bir neçə dəsti olan xətkeş isə 2 manata satılır. Pərgar 1 manat, amma yanında əlavə dəstləri ilə birlikdə olanlar 3-6 manata arasında dəyişir. Pozanın və karandaş yonanın qiyməti isə 20 qəpiklə 1 manat arasında təklif edilir. Həmçinin 1 manat qiyməti olan məktəbli yapışqanları, plastilin, qayçı və s. məktəbli dəstlərini buradan almaq olar.
“Optavoy” qiymətinə məktəbli ləvazimatı

Bu il 3 övladını məktəbə yola saldığını söyləyən İlham Məlikov deyir ki, bu dükan digərlərinə nisbətən ucuz olduğu üçün məktəb bazarlığını hər il buradan edir: “Avqust ayının ortalarından başlayaraq, şəhərdə bir neçə mağaza gəzmişəm. Ən ucuzu elə “keçid kitab evi” sayılır. Deyilənə görə burada ləvazimatlar “optavoy” qiymətinə verilir. Ucuz olmasına baxmayaraq hələ məktəbli geyimini almamışam, amma 3 uşağa 300 manata yaxın pulum çıxır. Hər il qiymətlərdə artım müşahidə olunur. Ötən il 12 manata olan çanta bu il 15 manata satılır”.
Lətifə Kərimova da İlham dayı kimi qiymətlərin bahalığından şikayətləndi: “Adi pozanları, qələmləri, rəngli karandaşları müxtəlif dizaynlarda bəzəyib 5-8 manata satışa qoyurlar. Uşaqların da diqqətini belə ləvazimatlar çəkir. Qiymətlər od tutub yanır. Adi dəftər 50-60 qəpiyə satılır. Yemək qabı 3 manatdan 9 manatadək, su qabı 3 manatdan 14 manatadək, rəsm albomunun qiyməti isə 40 qəpiklə 2 manat arasında dəyişir. Üstəlik, qiyməti baha, keyfiyyətləri isə sıfırdır”.
Bunlar elə-belə deyillər”

“5 mərtəbə”də yerləşən məktəbli ləvazimatları satılan dükanda isə qiymətlər sözün əsl mənasında “cib yandırır”. Bu səbəbdən bu mağazaya çox az alıcı baş çəkir. Onlar da qiymətlərlə tanış olub geri qayıdırlar. Burada adi dəftərlər 2 manatdan satılır, müxtəliv növ qələmlər, pozanlar, karandaşların qiyməti isə 5 manatdan başlayıb 10 manata qədər dəyişir. Qiymətlərin niyə bu qədər baha olmasını soruşduqda isə satıcılar “bunlar elə-belə mal deyil, mallarımız xaricdən gəlir” kimi cavab verdilər.
Bir şagird üçün çəkilən xərc
Müşahidələrimiz nəticəsində məlum oldu ki, bu il baha qiymətə satılan məktəbli ləvazimatlarından biri çantalardır. Məktəbli çantalarının qiymətləri 15-70 manat arasında dəyişir. Hətta brend adı altında 100-120 manata olan çantalara belə rast gəlmək mümkündür.
Təxmini hesablamalarımız göstərir ki, övladı birinic sinifə gedən ailə ən azı, 40-50 manata yaxın pul xərcləməlidir. Təbii ki, bura məktəbli formaları və digər geyimlər daxil deyil. İbtidai sinifdə oxuyan bir məktəblinin xərci 120-150 manat arasında dəyişir. Sonrakı siniflərdə bu qiymətlər bir az da artır, yəni 170- 200 manata başa gəlir.
Məktəbli formaları neçəyədir?
Ötən il olduğu kimi, bu ildə Təhsil Nazirliyi vahid məktəbli forması tətbiq edir və qiymətlər nazirlik tərəfindən müəyyən edilir. Qiymətlər isə şagirdin sinfinə görə dəyişir. Bu formaların qiymətləri ilə maraqlanmaq üçün AMAY ticarət mərkəzində yerləşən Bakı Tikiş Evinin dükanına yollandıq. Aqressiv şəkildə alıcıları yola salan satıcı ilə söhbətimiz zamanı məlum oldu ki, Bakı Tikiş Evinin hazırladığı məktəbli formalarının rəsmi qiymətləri belədir: 1-4-cü siniflər üçün nəzərdə tutulan məktəbli formaları 40 manat, 5-6-cı sinif şagirdlərinin geyimləri 45 manat, 7-11-ci sinif şagirdlərinin geyim formaları isə 53 manatdır. Formaya köynək, jilet, pencək, ətək və yaxud şalvar daxildir.
Məlumat üçün bildirək ki, Bakının müxtəlif yerlərində BTE-nin 24 mağazası fəaliyyət göstərir.
“Ətəyin rəngi pencəyə uyğun gəlmir”
Burada da dükanın balaca olmasına baxmayaraq alıcı əlindən tərpənmək mümkün deyildi. Hər valideyn özünə yer tapıb kimi stolun üstündə, kimisi geyim otağında, kimisi də elə dükanın ortasında övladını geyindirirdi. 2-ci sinifə gedən qızına forma alan İradə Hüseynova bildirdi ki, 1 uşaq üçün artıq 300 manat xərcləyib: “Geyimə 70 manat pul xərcləmişəm. Amma ümumi xərcə gəldikdə isə artıq 300 manatım çıxıb. Məktəbli fromasının qiyməti baha, keyfiyyəti isə yoxdur. Hər il dəyişirik. Bu isə büdcəmə uyğun gəlmir. Hətta ətəyin rəngi pencəyə uyğun gəlmir. Satıcı isə deyir ki, bizə belə gəlib, nə edə bilərik?".
Oğluna məktəbli forması seçmək üçün növbədə gözləyən Yasəmən deyir ki,o məktəbli ləvazimatlarını şəhərə nisbətə ucuz qiymətə alıb: “Mənim məktəbli ləvazimatlarını almaq üçün o qədər də çox pulum çıxmayıb. “Sədərək” Ticarət Mərkəzindən 60 manata oğluma lazım olan bütün ləvazimatları almışam. Düşünürəm ki, bərbəzəkli ləvazimatlara pul xərcləməkdənsə, uşağa lazım olanları almaq daha sərfəlidir”.
Digər geyimlərə gəldikdə isə ayaqqabı 15 manatdan 40 manata, corab, burun dəsmalı, alt paltarının bir cütü 4 manatdan 8 manata qədər bahalaşıb.
Araşdırmalarımız nəticəsində məlum oldu ki, ötən ilə nisbətən bu il məktəbli bazarındakı qiymətlərdə artım var.
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər