Məktəblərin rus bölmələrinə maraq niyə artır?
Mütəxəssislər deyir ki, əgər artım tendensiyasının Azərbaycan dili bölmələrinin xeyrinə olmasını istəyiriksə, ilk növbədə bu sferada tədrisin səviyyəsi yüksəldilməlidir
Paytaxt
məktəblərinin rus bölməsinə birincilərin qəbulu ilə bağlı məhdudiyyətlərin
olması narahatlığı valideynlərin dilindən tez-tez səslənir. Bakı şəhəri üzrə
Təhsil İdarəsi bu fikirlərin həqiqəti əks etdirmədiyini desə də, valideynlər
"rus bölməsi çatışmır” - fikrində israrlıdırlar. "Məktəblərdə rus bölmələrinin
sayının az olması ilə bağlı fikirlər həqiqəti əks etdirmir. Bu il Bakı
şəhərində bəzi məktəblərdə yeni rus bölməsi üçün siniflər açılacaq. Hətta bəzi
məktəblərdə rus bölməsində siniflərin sayı Azərbaycan bölməsindən çoxdur. Rus
bölməsinə də qəbulda birinci növbədə məktəbin inzibati ərazisində yaşayanlar
nəzərə alınacaq. Hər bir sinifdə şagird tutumu məhdudiyyəti var” - deyə BŞTİ
valideynlərin narahatlığına son qoymağa çalışıb. Ancaq valideynlərin öz
övladlarını daha çox rus bölməsinə yönəltmək meyli ilə bağlı sual isə hələ ki o
qədər diqqət çəkmir...
Təhsil ocaqlarının rus bölmələrinə şagird axınının
artması, hətta sıxlığın yaranmasının səbəbi ilə maraqlanarkən, daha çox "ümumilikdə
rus bölmələrinə axınla bağlı tendensiya nə vəd edir” sualına cavab tapmağa
çalışdıq. Təbii ki, məsələyə yanaşmalar fərqlidir. Gerçəkliksə budur ki,
valideynlərin övladlarını rus bölmələrinə qeydiyyatdan keçirmələri halları daha
çox müşahidə olunur. Hətta əksər valideynlər övladlarını rus bölməsində
oxutdurmaq üçün sözün həqiqi mənasında canfəşanlıq edirlər. Bəzi valideynlər bu
meyli rus dilinin təhsil dili kimi nüfuzunun artması, rus dilində təhsilin daha keyfiyyətli olması ilə izah edirlərsə,
aralarında övladlarının əlavə dil imkanı qazanması, gələcəkdə əmək bazarının
tələblərinə cavab vermək istəklərini vurğulayanlar da var. Təbii ki, rus
dilində tədrisin nüfuzunun artmasına təkcə ana dilində tədrisi deyil,
ümumilikdə dilimizi sıxışdırma təhlükəsi kimi yanaşanlar da var.
Doğrudur, dil öyrənmək, başqa dildə təhsil
müasir dünyanın tələblərindəndir. Amma bu cəhdlər ANA dilində tədrisi ikinci
sıraya qoymağa əsas vermir. Müşahidə olunan isə budur ki, valideynlərin
övladlarını rus dilində təhsilə yönəltmək istəyi heç də həmişə yaxşı təhsil məqsədi
ilə bağlı olmur, çox vaxt "qonşudan qalma dala” prinsipinə söykənir...
Valideynin axtardığı mühit
Övladı 2-ci sinifdə təhsil alanvalideyn Rəhman Quliyev hər bir azərbaycanlı uşağın rus dilini bilməsini
müsbət hal kimi dəyərləndirir: "Düzdür, indi rus dilində təhsilə dəb kimi
yanaşanlar da var. Onların çoxu elə bilir ki, rus dilində oxumaqla uşaqlar öz
intellektləri ilə seçiləcəklər. Ancaq bu belə deyil. Əvvəla, indi əvvəlki intellektli
müəllim nəsli azalıb. Məncə uşaqların rus dilində təhsil almalarındansa,
ingilis dilinə üstünlük vermələri daha məqsədəuyğundur. Rus dilini əlavə dil
bilmək xətrinə öyrənmək olar. Amma ümumi tədrisi rus dilində almağa can atmaq
düzgün deyil. Xüsusən əgər uşaq Azərbaycanda yaşayıb işləyəcəksə, öz dilində
təhsil almalıdır. Ancaq əlavə dilləri mənimsəsə, gələcəyi üçün perspektivli
olar”. Söhbətləşdiyim digər valideyn
Esmira Nəsibova hesab edir ki, rus dilində təhsil alan uşaqların intellekt
əmsalı, yəni düşünmə qabiliyyətləri daha güclü olur: "Həmçinin rus dilində
tədris vəsaitləri mükəmməldir. Müəllimlərin şagirdlərə yanaşma metodları da
fərqlidir”.
Tədrisin
keyfiyyətinə mənfi təsir edən amillər
Təhsil ekspertləri, dilçi alimlər
məsələyə yumşaq yanaşmağa çalışsalar da, fikirlərində fərqliliklər də var.
Professor
Şahlar Əsgərov rus dilində təhsilə meyli hər bir
valideynin övladını layiqli mühitdə oxutdurmaq istəyi ilə əlaqələndirir. Belə
ki, bunun üçün məktəb abadlığı ilə bərabər müəllimlərin uşaqlara münasibəti,
dərsliklərin keyfiyyəti, müəllimlərin səviyyəsi çox vacibdir: "Əgər
dərsliklərin keyfiyyəti düzəlməyibsə, müəllimlərin şagirdə primitiv münasibəti
qalırsa, onda valideyn uşağını hansı bölməyə versin? Valideyn elə bir mühit
axtarır ki, uşağı bu cür mənfi hallarla qarşılaşmasın. Valideynlər istəmir ki,
onların uşaqları keyfiyyətsiz kitablardan dərs alsın. Ruslarda həm illüstrasiya,
həm də məna baxımından kitab məsələsinə daha ciddi yanaşma var. Məsələn, yaxşı
yazılmayan tarix kitabını kim oxuyar? Tarix kitabı peşəkar yazılmalıdır ki, bədii
ədəbiyyatdan aldığın zövqü ondan alasan. Təsadüfi insanlar, qohum-əqrəba kitab
yazmamalıdır. Bu amillər tədrisin keyfiyyətinə mənfi təsir edir”.
Təbii
proses
Tədris müəssisələrində rus bölmələrinin
sayının artmasının bəzən ekspertlər və ya müəyyən dairələr tərəfindən aqressiv
qarşılandığını deyən təhsil eksperti
Nadir İsrafilov bunu təbii proses hesab edir: "Bəzi insanlarda "bizim Konstitusiya dilimiz ana dilidir, nə üçün
rus bölmələrinin sayı artır” - kimi suallar yaranır. Bu, təbii prosesdir. 90-cı
illərdə orta məktəblərimizdə rus dili planda yer alırdı. Rus dili xarici dil
qrafasına salınır, hətta müvafiq saatlar artırılırdı. Sonra biz onu xarici dil
qrafasına daxil edib bir müddət fakultativ hesabına keçdik. Daha sonra rus
dilinin saatını müəyyən qədər azaltdıq ki, ingilis dili ön plana keçsin. Bütün
bunlar o zaman rus dilinə olan marağı bir qədər azaltdı. Ancaq son vaxtlar
yenidən rus bölmələrinə maraq və meyl artıb”.
N.İsrafilov statistikanı xatırladaraq Bakı
şəhəri üzrə rus bölməsinə üz tutan şagirdlərin sayının 17 faiz artdığını qeyd edir:
"Bu artım müəyyən dairələrdə narahatlıq hissi yaradır. Ancaq mən bu məsələdə
heç bir narahatlıq görmürəm. Bu, təbii prosesdir. Təbii prosesin qarşısını süni
yollarla almaq olmaz. Çünki bizdə qarışıq ailələr var, əhalimizin müəyyən
hissəsi Rusiya ilə bağlıdır. Digər tərəfdən, rus dili Tolstoyun, Dostoyevskinin
dilidir. Rusiya ilə Türkiyə arasında zaman-zaman müharibələr olsa da, hazırda
Türkiyədə ən çox oxunan rus dilidir”. Ekspert rus dilinə marağın artmasını,
həmçinin bu dildə ədəbiyyatın çoxluğu ilə əlaqələndirir: "Rus dilində
ədəbiyyatın çox olması, Azərbaycan dilində kifayət qədər ədəbiyyatın olmaması,
bizim dərsliklərdə müəyyən nöqsanların mövcudluğu da səbəblərdən biridir. Həmçinin
ali məktəblərə qəbul məsələsində ödənişin çox olması kimi məsələlər
valideynləri övladlarını Rusiyada oxutmağa istiqamətləndirir. Çünki müqayisədə Rusiyada
ödənişli təhsil nisbətən daha ucuz başa gəlir. Bir qrup ailələr isə hesab
edirlər ki, Azərbaycan bölmələrində tədris rus bölmələri ilə müqayisədə aşağı
səviyyədədir”.
Rus dilinin dünyaya çıxmaq üçün daha
geniş imkanlar açdığını deyən ekspertin fikrincə, məsələdə inteqrasiya olmalıdır:
"Biz Azərbaycan dilinin tədrisinin keyfiyyətini yüksəltməliyik. Həmçinin rus
sektorunda Azərbaycan dilinin tədrisinə fikir verməliyik. Yəni rus bölməsində
oxuyan şagirdlər də Azərbaycan dilini mükəmməl bilməlidirlər. Rus bölməsinin
sayının artmasını faciəyə çevirməyə ehtiyac yoxdur. Rus bölmələrinə meylin
artmasının səbəblərini araşdırmağa gəlincə, əsaslı təhlil aparılmalıdır. Əgər
artım tendensiyasının Azərbaycan dili bölmələrinin xeyrinə olmasını istəyiriksə,
bu sferada tədrisin səviyyəsi yüksəldilməlidir».
Həm
ingilis, həm də rus dili ilə rəqabət
Azərbaycan
Dövlət Pedaqoji Universitetinin (ADPU) professoru Buludxan Xəlilov məsələnin hansı tendensiya vəd etməsi ilə bağlı proqnoz yürütməyi
düzgün hesab etməsə də, rusdilli təhsilə meylin artdığını istisna etmir: "Məsələnin
nə vəd etdiyini söyləmək çətindir, çünki burada siyasi məqamlar və reallıqlar
mövcuddur. Rusdilli təhsilə meyl təkcə Bakı şəhərində deyil, həmçinin
regionlarda da artıb. Görünür, bunun müəyyən siyasi dayaqları var və yəqin ki, Rusiya
ilə siyasi, iqtisadi əlaqələrimiz əsasında baş verir. Hər halda rus qrupları
orta məktəblərdə artmağa başlayıb. Eyni zamanda, ali təhsil müəssisələrində də
rus qruplarında təhsil alacaq tələbələrin sayının çoxalması meylləri baş
qaldırır. Ola bilsin ki, yaşadığımız regionda rus dili və onun nüfuzu kimi
məsələlər gündəmə gəlir”.
B.Xəlilov rus dilində təhsilə meyli insanların
əlaqə qurmaq üçün rus dilindən vasitəçi dil kimi daha rahat istifadə edə və
ondan faydalana biləcəyi ilə əlaqələndirir: "MDB məkanında təhsil alan
abituriyentlərimiz rus dilində təhsil alırlar. Bu da rus dilinin imkanlarının
orta məktəblərdə gücləndirilməsinə, rus bölmələrinin artırılmasına və rus
dilinin təhsil dili kimi nüfuzunun artmasına imkan yaradır». Rus dilində
təhsilə meylin Ana dilimizə təhlükə yaradıb-yaratmamasına gəlincə, filoloq
hesab edir ki, bu gün bizim dilimiz həm ingilis dili, həm də rus dili ilə rəqabətdədir:
«Amma ingilis dilinə və rus dilinə üstünlük vermək bizim dilimizin nüfuzuna
xələl gətirmir. Bütün hallarda bu proses nəyinsə hesabına baş verməlidir. Yəni
orta məktəblərdə rus bölmələri artırsa, bu, Azərbaycan bölməsinin azalması
hesabına olacaq. Hər bir orta məktəbin maddi-texniki bazası, siniflərinin,
müəllimlərinin sayı, nəhayət tutumu var. Əgər rus bölməsi artırsa, bu,
Azərbaycan bölmələrinin imkanlarını təbii ki, əlindən alacaq. Yəni müəllim
kontingentini də, ştatı da, auditoriya fondunu da, maddi-texniki bazanı da
alacaq, Azərbaycan bölməsinin dərs saatları da aşağı düşəcək. Bu amillərin
dilimizin öyrənilməsinə mənfi təsir göstərə biləcəyi faktdır”.
Bütün hallarda övladının əlindən tutub onu
birinci sinfə aparan valideyn yüz ölçüb-bir biçməlidir. Müasir dünyanın
tələbləri ilə milli dəyərlərə söykənən təhsil arasında qızıl ortanı tapmaq,
yəqin ki, bu günün şagirdi, sabahın isə yetkin vətəndaşı olacaq uşaqlarımız
üçün ən yaxşı yol olardı.
Təranə
Məhərrəmova