Məktəblərin cəmiyyətdəki nüfuzunu artıracaq dəyişiklik
Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyi tərəfindən birgə
hazırlanan və 2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində
təhsil alanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali
təhsil müəssisələrinə qəbul imtahanlarının modeli açıqlanıb. 9 illik təhsil
bazasında buraxılış imtahanları ilkin mərhələdə 3 saat, ikinci mərhələdə 2 saat
15 dəqiqə olmaqla iki mərhələdə keçiriləcək. Birinci mərhələdə maksimal 30,
ikincidə isə 70 bal olmaqla Azərbaycan dili, riyaziyyat və xarici dil fənnindən
imtahan veriləcək. 11 illik təhsil bazasında isə maksimal bal 100 olmaqla, 3 fəndən
(Azərbaycan dili, riyaziyyat və xarici dil), yalnız bir mərhələdə imtahandan
keçəcəklər (https://az.trend.az/azerbaijan/society/2962446.html).
Yeni modelə əsasən, qəbul imtahanında abituriyentlər 5 yox, 3 fəndən
imtahan verəcəklər. 1-ci ixtisas qrupunda riyaziyyat, fizika, kimya, 2-ci
qrupda riyaziyyat, coğrafiya, tarix, 3-cü qrupda azərbaycan dili, ədəbiyyat, tarix,
4-cü qrupda isə biologiya, kimya, fizika fənlərindən suallar olacaq.
Əvvəlki
illərin məzunları isə seçdikləri ixtisas qrupuna daxil olan fənlərlə yanaşı,
buraxılış imtahanı formatında əlavə qəbul imtahanı da verəcəklər və hər iki
imtahandan topladıqları balların cəminə əsasən ali təhsil müəssisələrinin
müsabiqəsində iştirak edəcəklər.
Yeni imtahan modelini abituriyentlərin
qabiliyyətini, bilik və bacarığını müəyyən etmək üçün məqbul hesab etmək
olarmı? Bu suala mütəxəssislərdən cavab aldıq.
Təhsil Eksperti Nadir İsrafilov bu
dəyişikliyin labüd olduğunu bildirdi: "Əslində, qaydaların tez-tez dəyişdirilməsinin
o qədər də tərəfdarı deyiləm. Çünki bu kimi dəyişikliklər təhsil alanlar,
onların valideynləri, bütövlükdə təhsil ictimaiyyəti arasında müəyyən çaşqınlıq
və narahatçılıq yaradır, təhsilin bir sistem kimi oturuşmasına müəyyən əngəl
yaradaraq onun inkişafını ləngidir. Amma bununla belə, bu dəyişiklik labüd idi.
Hər şeydən əvvəl ona görə ki, 2008-2009-cu tədris ilindən başlayaraq respublikamızın
orta ümumtəhsil məktəblərində kurikulum standartlarına uyğun həyata keçirilən
təhsil prosesi və buna müvafiq qurulan sistem şagirdlərin yalnız bilik
səviyyəsini müəyyən etməyə imkan verirdi, digər bacarıqlarını yoxlamaq isə
testin imkanı xaricində idi. Bu isə öz növbəsində səriştəyə əsaslanan təhsil
ideyasının həyata keçirilməsinə və əmək bazarına səriştəyə malik kadrların
çıxarılmasına əngəl idi”.
Ekspert
qeyd etdi ki, imtahanların yeni forması gələcəkdə təkpilləli vahid imtahan
sisteminə keçid üçün zəmin yarada bilər: "Yeniliyin bir müsbət cəhəti də ondan
ibarətdir ki, buraxılış imtahanının nəticələri də universitetə qəbul üçün əsas
götürüləcək. Bu da ali məktəblərə qəbula birtərəfli yanaşmaya son qoymaqla
yanaşı, həm də bu prosesdə orta məktəbin də rolunun və xüsusi çəkisinin
artırılması, bu vaxta qədər mövcud olan buraxılış və qəbul imtahanlarının nəticələrinin
proporsional bölgüsündəki ziddiyyətlərin aradan qaldırılması deməkdir. Təqdim
olunan fənlər üzrə yalnız qapalı testlər deyil, yeni növ tapşırıqların da
əksini tapacağı halda, təkcə məntiqi təfəkkür yox, həm də yazı vərdişlərinin
inkişafı və digər bacarıqların qiymətləndirilməsi mümkün olacaq. Belə bir
modeli tətbiq etmək və daha da təkmilləşdirməklə, yaxın gələcəkdə təkpilləli
vahid imtahan sisteminə keçidə zəmin yarada bilərik. Əlbəttə, tam
dəqiqləşdirilməyə ehtiyacı olan müəyyən məqamlar da var ki, bunlarla əlaqədar
daha konkret fikir söyləmək bir az çətindir. Hər halda, yeni modeli, tam təkmil
olmasa da, əvvəlki qaydalarla müqayisədə daha sadə, müasir və mütərəqqi hesab
etmək olar. Sadəcə olaraq, bununla bağlı proseslərə hazırlıq məqsədilə, maarifləndirici
xarakterli seminarlar, müşavirələr, sınaqlar davam etdirilməlidir”.
Təhsil üzrə psixoloq Hüseyn
Həsənov deyir ki, açıq tipli sualların olması əzbərçilikdən uzaqlaşıb praktik qabiliyyətlərin
inkişafına müsbət təsir göstərəcək: "Buraxılış imtahanlarının yeni modelində
fənlərə və sual tiplərinə nəzər yetirsək, görərik ki, əsas məqsəd şagirdlərin
qavrama səviyyəsini ölçməkdir. Təhsil və tədrisin dövrün tələblərinə
uyğunlaşdırılması baxımından, sualların qoyulma şəkli əvvəlki illərə nəzərən
qənaətbəxş sayılır. Uzun illərdir ki, test tipli sualların qazandırdığı
əzbərləmə, ancaq qavramama vərdişləri yeni model vasitəsi ilə mahiyyətini itirəcək
və şagirdlər qavrayaraq öyrənməni vərdiş halına gətirəcəklər. Bu da öz
növbəsində, kitaba, mütaliəyə olan ehtiyacı və marağı artıracaq. Müasir dövrün
tələblərinə uyğun olaraq, təfəkkür və təxəyyülün inkişafı zamanla formalaşacaq.
Xüsusilə, riyaziyyat fənni kimi məntiq yönümlü bir ixtisasda açıq tipli
sualların olması əzbərçilikdən uzaqlaşıb, praktik qabiliyyətlərin inkişafına
müsbət təsir göstərəcək. Xarici dil fənnindən də açıq sualların olması sadəcə
qrammatik qaydaları yox, dilin əsl məqsədi olan dialoq bacarığını da ölçməyə imkan
verəcək”.
H. Həsənov
buraxılış imtahanına aşağı bal limitinin qoyulmasını təklif edir: "Qəbul imtahanda
açıq tipli sualların olması, əslində yenilik sayılmaz, çünki əvvəlki illərdə də
açıq tipli suallara yer verilirdi. Şəxsən istərdim ki, gələcəkdə təfəkkürü,
təxəyyülü və məntiqi ölçən sual tipləri daha çox yer alsın, nəinki çoxdan seçməli
sual tipləri. Yeni modeldə əsas diqqətimi çəkən və xoş təsir bağışlayan odur
ki, şagirdlərin məktəbdə keçirilən buraxılış imtahanına olan diqqətləri
məcburən artacaqdır. O imtahanların tələbi də qavrama olduğu üçün mütaliəyə
ayrılan zaman çoxalacaq. Beləliklə, məktəblərin cəmiyyətdəki yeri bir az daha
müsbətə doğru irəliləyəcək. Bir məsələni də qeyd edim ki, keçid balı 400-ə
yaxın olan ixtisaslara yönələn abituriyentlərin sadəcə, ikinci mərhələyə
fokuslanmamaları üçün birinci mərhələdə toplanılacaq bala aşağı limit qoyulması,
zənnimcə, məqsədəuyğun olardı”.
Həmsöhbətim
təhsil sistemində edilən bu dəyişikliyin zamanla müsbət nəticələr verəcəyini
düşünür: "Ümumiyyətlə, hər bir dəyişikliyin xitab elədiyi kütləyə verdiyi bir
həyəcan, çəkingənlik vardır ki, bu da, normaldır. Xüsusilə də bu dəyişikliklə
ilk dəfə üzləşəcək şagirdlər müəyyən çaşqınlıqlar yaşaya bilərlər. Amma imtahanın
bu növü bir müddətdən sonra müsbət
təsirini göstərəcək. Əlbəttə, sistemin, illərdir daşlaşmış vərdişlərin bir anda
dəyişməsini təmin oluna bilməz, ancaq zamanla məqsədyönlü dəyişikliklər öz
bəhrəsini verəcək”.
Təhsil eksperti, pedaqoji elmlər
doktoru Hümeyir Əhmədov da
dəyişikliklərin müsbət nəticələri olacağını düşünür, amma bir məsələ ilə bağlı
iradını da bildirdi: "Əlbəttə, yeni model şagirdlərin bilik və bacarığını
yoxlamağa imkan verəcək. Xüsusilə də açıq tipli suallardan istifadə edilməsi
olduqca müsbət haldır. Amma düşünürəm ki, 3-cü ixtisas qrupunda xarici dil fənnindən
imtahan olsaydı, daha məqbul olardı.
Düzdür, buraxılış imtahanında xarici dil fənnindən imtahan var, amma bu
qrupda ixtisas olaraq xarici dil müəllimliyi olduğu üçün, məncə, abituriyent bu
fəndən də xüsusi olaraq imtahan verməlidir. Yəni azərbaycan dili və ədəbiyyatdan
sualları birləşdirib, yerinə xarici dil fənninin suallarını salmaq olar”.
Günel Azadə