• çərşənbə axşamı, 19 mart, 07:59
  • Baku Bakı 8°C

Məktəbləri birləşdirən “Qardaş ölkə” layihəsi

19.02.18 14:00 1185
Məktəbləri birləşdirən “Qardaş ölkə” layihəsi
İncəsənət Gimnaziyasında Bursa İncəsənət Liseyindən gəlmiş musiqi və rəssamlıq ixtisaslı şagirdlərin Bakıdakı həmyaşıdları ilə birgə tədbiri keçirilib.
Tədbir Azərbaycan və Türkiyənin təhsil nazirliklərinin dəstəyi ilə həyata keçirilən "Qardaş məktəb” layihəsi çərçivəsində təşkil edilib. Layihə çərçivəsində İncəsənət Gimnaziyasının dəvəti ilə Bursa İncəsənət Liseyindən 15 nəfərlik nümayəndə heyəti Bakıya səfər edib.
Tədbirdən öncə şəhidlər xiyabanı ziyarət edilib. Şəhidlərimiz haqqında türk şagirdlərə məlumat verilib. İki qardaş məktəbin şagirdlərinin iştirakı ilə təşkil edilən "Qardaşlıq qala gecəsi” tədbirində musiqi və rəqs nümayiş etdirdilər. Şagirdlərin rəsm və əl işlərinin sərgisi də keçirilib.

Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kəriminin rəhbərliyi ilə baş tutan tədbirdə Təhsil Nazirliyinin şöbə müdiri Emin Əmirullayev belə bir layihəni hər iki ölkənin gəncləri və eləcə də müəllimləri üçün təqdirəlayiq hal kimi qiymətləndirdi: "İki ölkə arasında təhsil sahəsində imzalanmış əməkdaşlıq protokoluna uyğun olaraq sözügedən təhsil ocaqları arasında şagird mübadiləsi, qarşılıqlı səfərlər, birgə sərgi və konsertlərin təşkili və digər fəaliyyətlərin aparılması nəzərdə tutulur, bu, başqa məktəblərə də örnək olacaq”.

Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və turizm müşaviri, yazar İrfan Çiftçi isə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü ərəfəsində gənclər arasında körpü rolunu oynayan bu layihənin 100 ilə yarayan işlərdən biri olduğunu vurğuladı.
Tədbirə gimnaziyanın müdiri Aytən Əhmədova, Türkiyədən gələn "Zəki Mürən Liseyi”nin müdiri Rəmzi Ayaz, Seyfettin Yıldırım, Mehriban Zəki, Suğra Bağırzadə kimi tanınmış sənətçilər, rəsmi şəxslər, məktəb direktorları və görkəmli mədəniyyət xadimləri iştirak etdilər. Onlar çıxışlarında bu layihənin hər il iki ölkə üçün faydasından danışdılar.

Layihənin müəllifi və rəhbəri, tanınmış rəssam Günay Mehdizadə çıxışında layihəyə ötən il başladıqlarını və səmərəli nəticə əldə edəcəklərini əmin olduğunu vurğuladı: "Layihəni irəli sürdükdə Respublika İncəsənət Gimnaziyasının rəhbərliyi bizə dəstək oldu. Layihəni sənədləşdirdik və bunun, hər iki ölkə üçün "Qardaş məktəbi” olacağına inandıq. Bu layihə çərçivəsində şagird, müəllim mübadilələri baş tutacaq və hər iki ölkə arasında baş verən təhsil prosesləri ilə yaxından tanış olacağıq. Bizim bu iş birliyimiz davamlı olacaq”.

Günay Mehdizadə türk dünyasının birliyini, qardaşlığını və böyüklüyünü bütün dünyaya bildirməyin ən layiqli yollarından birinin də təhsil və mədəniyyət olduğunu diqqətə çatdırdı. Tədbir çərçivəsində layihə rəhbəri Günay xanım, türk dünyasının zəngin incəsənət ənənələrinin qorunub saxlanılmasındakı böyük əməyinə, istedadlı gənc nəslin yetişdirilməsində gördüyü əvəzsiz xidmətlərə görə, Təhsil Nazirliyi tərəfindən təltif edildi. Eyni zamanda qardaş ölkənin liseyi tərəfindən də mükafata layiq görüldü. Rəssam, Bursa Zeki Müren Güzel Sanatlar Lisesi müdiriyyəti tərəfindən də mükafatlandırıldı.

Türkiyədən gələn qonaqlar bir həftə boyunca gimnaziyada həmyaşıdları ilə sənət dolu günlər keçirdilər.
Qeyd edək ki, Azərbaycan Milli Konservatoriyasının nəzdindəki İncəsənət Gimnaziyası ilə Türkiyənin Bursa Zeki Müren İncəsənət Liseyi (Güzel Sanatlar Lisesi) arasında "Qardaş məktəb” layihəsi həyata keçirilir.
Xəyalə Rəis



banner

Oxşar Xəbərlər