• cümə, 29 Mart, 04:00
  • Baku Bakı 7°C

Məktəblərdə özünümaliyyələşdirmə mexanizminin mahiyyəti

03.10.17 11:30 1465
Məktəblərdə özünümaliyyələşdirmə mexanizminin mahiyyəti
2020-ci ilə qədər məktəblər özünümaliyyələşdirmə sisteminə keçməlidir. Bu barədə Bakı Şəhər Təhsil İdarəsinin direktoru Məhəbbət Vəliyeva deyib. Onun sözlərinə görə, bununla bağlı təhsilin inkişafına dair Dövlət Strategiyasında qeyd olunub: "Məktəbin idarə olunmasında maliyyənin böyük rolu var. Burada söhbət çoxsaylı uşaqların təhsilə cəlb olunması və təhsil ehtiyaclarının ödənilməsindən gedir. Maliyyənin rolunu qeyd etməmək olmaz. Biz hazırda məktəblərdə özünü maliyyələşməyə keçməmişik. Məktəblərin özünü maliyyələşməsi 2020-ci ilə qədər baş tutmalıdır".
M.Vəliyeva qeyd edib ki, təhsil sahəsində son 2 il ərzində islahatların aparılması ilə yanaşı, beynəlxalq təcrübənin tətbiqinə də geniş yer verilib: "Bu gün təhsil sahəsində vacib islahatlar aparılır. Bunların hamısının təməlini ümumtəhsil təşkil edir. Bu sahədə çalışan hər bir kəs üzərinə düşən məsuliyyəti dərk edir. Ümumtəhsil sahəsi təhsil sisteminin təməl sütunudur və şəxsiyyətin formalaşması buradan başlayır".
Onun bildirdiyinə görə, məktəblərin özünümaliyyələşdirməsi ilə bağlı plan Təhsil Nazirliyi tərəfindən hazırlanır. O, deyib ki, Təhsil Nazirliyinin hazırladığı plan BŞTİ-yə hələ təqdim edilməyib: "Məktəblərin özünümaliyyələşdirməsi istiqamətində Dövlət Strategiyasını və fəaliyyəti Təhsil Nazirliyi müəyyənləşdirir. Bu plan bizə təqdim edilmədiyi üçün bu barədə danışmaq hələ tezdir”.
Bu mexanizmin necə işləyəcəyini, məktəblərin özünümaliyyələşdirmə sisteminə necə keçəcəyini, ümumiyyətlə, bu keçidin mahiyyətini öyrənmək üçün Bakı Şəhər üzrə Təhsil İdarəsi ilə əlaqə saxladıq. Qurumun ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədovun məlumatına görə, məktəblər haqqında yayılmış bu informasiya mətbuatda yanlış şərh olunub: "Bəzi kütləvi informasiya vasitələrində "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda qeyd olunmuş təhsil müəssisələrinin bir təhsil alana düşən xərc əsasında maliyyələşdirmə mexanizminə keçidi, dövlət və bələdiyyə təhsil müəssisələrində özünümaliyyələşdirmə prinsiplərinin təşviqi məsələləri yanlış şərh olunub. Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planının 5.1.1-ci və 5.2.3-cü bəndlərində aydın şəkildə qeyd olunur ki, ortamüddətli proqnozlaşdırmada təhsilin maliyyələşdirilməsi xərclərinin ümumi daxili məhsula nisbətinin mərhələlərlə artırılmasının nəzərdə tutulması 2016-cı ildən, təhsil müəssisələrinin bir təhsil alana düşən xərc əsasında maliyyələşdirmə mexanizminin həyata keçirilməsi 2017-ci ildən başlayaraq icra olunacaq. Bu isə sadəcə, ənənəvi maliyyələşdirmə mexanizmindən adambaşına maliyyələşdirmə mexanizminə keçidi ehtiva edir. Yəni, daha sadə formada ifadə etsək, burada məktəblərin ödənişli olmasından söhbət getmir, dünya təcrübəsinə uyğun olaraq, təhsil müəssisələrinin maliyyələşdirilməsi zamanı xərclərin şagird sayına görə (adambaşına) müəyyənləşdirilməsi nəzərdə tutulur”.
Məsələni təhsil eksperti Kamran Əsədovla müzakirə etdik: "Azərbaycan Respublikasının 1995-ci ildə qəbul edilmiş Təhsil haqqında qanununa görə dövlət minimum icbari təhsil verməyi öz öhdəsinə götürüb. Yəni, dövlət buna borcludur. Heç bir halda dövlət müəssisələrində ödənişli fəaliyyət ola bilməz. Təhsillə bağlı pullu xidmətlərin göstərilməsi mümkün deyil. Sadəcə olaraq, 2016-cı ildən ölkəmizdə "publik hüquqi şəxs” statusu formalaşmağa başlayıb. Artıq bir çox müəssisələr təkcə dövlət büdcəsi hesabına yox, eyni ilə də bir sıra xidmətlər göstərməklə özlərini maliyyə baxımından təmin edirlər. Və hesab edirəm ki, bu hal Azərbaycanda orta ümumtəhsil məktəblərində də tətbiq olunmalıdır. Ən azından ona görə ki, məktəblər təchizat və təmir, bu və ya digər işləri göstərdikləri xidmətə görə ödəməlidirlər. Bu gün Azərbaycanın 4500-dən çox orta məktəbində 1,6 milyona yaxın şagird təhsil alır. Bu, əlbəttə ki, kifayət qədər ciddi saydır. Bütün təhsil ocaqlarının xərcləri bərabər şəkildə həyata keçirilir. Amma qeyd edim ki, məktəblərin şagird başına nə qədər tutumu varsa, ona görə maliyyələşmənin həyata keçirilməsi tədris resurslarına ciddi təsir göstərəcək. Məktəb direktorları çalışacaqlar ki, rəhbəri olduqları təhsil müəssisəsinin şagird sayı və göstəriciləri yüksək olsun. İndiyədək direktorlar bu məsələdə maraqlı deyildilər”.
Müsahibimiz "məktəblər pullu olacaq” ifadəsini çoxlarının yanlış anladığını və əslində mexanizmin başqa cür olduğunu deyir: "Məktəblər öz infrastrukturlarından ciddi şəkildə istifadə etməlidirlər. Amma təəssüflər olsun ki, bizdə bu sistem aşağı səviyyədədir. Təhsil müəssisəsi öz binalarında ödənişli şəkildə rəqs, rəsm, şahmat dərsləri, bu və ya digər xidmətləri göstərməklə, şagird cəlbini həyata keçirdər və rəsmi gəlir əldə edər. Bundan başqa, hər bir məktəb özü qrant layihələrində iştirak etməklə, məktəbinə böyük məbləğdə vəsait qazandıra bilər. Hesab edirəm ki, məktəb rəhbərliyi bu kimi xidmətlərlə yetərincə gəlir əldə etmiş olar. Bu o demək deyil ki, məktəblər ödənişli olacaq. Sadəcə olaraq, işlədilən ifadə insanlara düzgün çatdırılmayıb. Məktəblərin gəlir mənbəyi fərqli olacaq. Məsələn, hər bir məktəbin futbol və ya voleybol stadionu var. Həmin stadionlar dərsdən sonrakı saatlarda ödənişli şəkildə bütün vətəndaşların istifadəsinə verilərsə, bu zaman məktəb gün ərzində böyük gəlir əldə etmiş olacaq. Yenə də vurğulayıram ki, məktəb öz infrastrukturundan və kadr ehtiyatında səmərəli şəkildə istifadə edərsə, kifayət qədər gəlir əldə etmiş olar”.
Günel Azadə
banner

Oxşar Xəbərlər