• cümə, 19 Aprel, 07:25
  • Baku Bakı 13°C

Məktəblər publik hüquqi şəxs olarsa...

02.04.19 10:00 1024
Məktəblər publik hüquqi şəxs olarsa...
"Təhsil müəssisələrinin böyük əksəriyyəti publik hüquqi şəxsə çevrilməlidir. Məlum dövlət sifarişini çıxmaq şərtilə onlar müstəqil qurum kimi fəaliyyət göstərməlidirlər” - deyə çoxdan səsləndirilən fikirlər deyəsən təsdiqini tapmağa doğru gedir. Ötən həftə "Ümumi təhsil haqqında” qanun layihəsinin Milli Məclisdə müzakirəsi artıq bir çox sahələrə şamil edilən publik hüquqi şəxs statusunun ümumi təhsil müəssisələrinə yönəldilməsi ilə diqqət kəsb edib.
Dövlət təhsil müəssisələrinə publik hüquqi şəxs statusunun verilməsini nəzərdə tutan sənəd Milli Məclisin Elm və təhsil komitəsinin"Ümumi təhsil haqqında” qanun layihəsinin 12-ci maddəsinin (Ümumi təhsil müəssisəsi) 12.1-ci bəndini əks etdirib. Belə ki, dövlət və bələdiyyə tərəfindən yaradılan ümumi təhsil müəssisəsi publik hüquqi şəxsdir.
Xatırladaq ki, qanuna görə, publik hüquqi şəxs dövlət adından müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə adından isə müvafiq bələdiyyə orqanları tərəfindən yaradılır. publik hüquqi şəxslər tərəfindən də nizamnaməsində nəzərdə tutulmuş halda publik hüquqi şəxslər yaradıla bilər. publik hüquqi şəxsin yaradılması ilə bağlı digər məsələlər Mülki Məcəllə ilə tənzimlənir. publik hüquqi şəxs nizamnaməsində nəzərdə tutulmuş halda təsərrüfat cəmiyyətləri yarada və ya onlarda iştirak edə bilər. publik hüquqi şəxsin mənfəəti onun nizamnaməsində nəzərdə tutulmayan məqsədlər üçün yalnız təsisçinin qərarı ilə müvafiq olaraq dövlət büdcəsinə və yerli büdcəyə köçürülə bilər.
Mövcud qanunvericiliyə əsasən publik hüquqi şəxs statusunun verilməsi qurumların daha təkmil idarə edilməsi, daha geniş imkanların yaradılması baxımından müsbət addım hesab edilir. Digər tərəfdən, publik hüquqi şəxsə çevrilən qurumlar əvvəllər olduğu kimi, yenə də dövlətdən maliyyələşməni davam etdirirlər.
Məsələn, bəzi ali təhsil müəssisələrinə şamil edilən status imkan verir ki, yeni mexanizm ali təhsil müəssisələrində cavabdehliklə yanaşı, hesabatlılığın artmasına zəmin yaratsın. Bütövlükdə ali təhsil müəssisələrində idarəetmə sisteminin dünyanın qabaqcıl ölkələrinin aparıcı universitetlərinə uyğun formalaşdırılması yolu ilə keyfiyyətin yüksəldilməsi də bu məqsədə xidmət edir.
Ali təhsil müəssisəsinin publik hüquqi şəxs statusuna malik olması onun müxtəlif mənbələrdən istifadə olunmaqla təhsili maliyyələşdirmə mexanizminin təkmilləşdirilməsinə, göstəriləcək ödənişli təhsil xidmətlərinin çeşidinin genişləndirilməsinə şərait yaradacaq. Bu da ali təhsil müəssisəsinin maddi-texniki bazasının və infrastrukturunun yeni keyfiyyət əmsalı deməkdir. Ali təhsil müəssisələrinin iqtisadi cəhətdən dayanıqlılığının təmin olunması onların ölkədə və beynəlxalq səviyyədə rəqabət qabiliyyətini yüksəltməklə təhsil-tədqiqat-innovasiya mərkəzlərinə çevrilməsini və tədqiqat universiteti statusunu əldə etməsini stimullaşdırır. Bu da əldə edilmiş innovasiyaların ölkənin sosial-iqtisadi həyatına uğurlu tətbiqinin əsas şərtlərindən hesab edilir.
İndiyədək ölkəmizdə publik hüquqi şəxsə çevrilən qurumların, Dövlət İmtahan Mərkəzinin (DİM), o cümlədən ali təhsil müəssisələrinin fəaliyyət təcrübəsinə əsasən yeni statusun ümumi təhsil müəssisələrinin timsalında hansı əhəmiyyət kəsb edəcəyini aydınlaşdırmağa çalışdıq. Yəni publik hüquqi şəxs statusu ümumtəhsil məktəblərinə nə verə bilər?
Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, akademik İsa Həbibbəyli "Kaspi”yə açıqlamasında bildirdi ki, yeni layihə təhsil müəssisələrinin müstəqillik imkanlarını genişləndirməyə xidmət edəcək: "Ümumtəhsil müəssisələrinə publik hüquqi şəxs statusunun veriləcəyi ilə bağlı ayrıca sənəd qəbul olunmayıb. Milli Məclisdə qəbul olunan qanun layihəsində ümumi təhsil müəssisələrinin publik hüquqi şəxs olması barədə müddəa öz əksini tapıb. Bu o deməkdir ki, ümumtəhsil dövlət müəssisələri dövlətdən maliyyələşməklə yanaşı, sərbəst imkanlara da malik olacaqlar. Yəni onlar publik hüquqi şəxs kimi dərnəklər, məşğələlər təşkil edə, innovativ fəaliyyətlə, sahibkarlıq işi ilə məşğul olmaq imkanları əldə edə bilərlər”. Komitə sədrinin sözlərinə görə, publik hüquqi şəxs olmaq təhsil müəssisələrinə əlavə imkanlar verir: "Orta məktəb təhsili haqqında” qanun layihəsində belə bir müddəa öz əksini tapıb. Gələcəkdə ali təhsil müəssisələri haqqında qanun qəbul edərkən onların da publik hüquqi şəxs olması ilə bağlı müddəa layihədə öz əksini tapa bilər. Bu, ali məktəblərin müstəqillik imkanlarını genişləndirməyə xidmət edir. Ancaq belə bir statusun verilməsi o demək deyil ki, publik hüquqi şəxs elan olunandan sonra təşkilat və ya təhsil ocağı dövlət tərəfindən maliyyələşdirilməyəcək. Həm dövlət hesabına, həm də özünün gəlirləri hesabına fəaliyyət göstərəcək”.
Təhsil eksperti Etibar Əliyevin məsələyə münasibəti isə fərqlidir. Belə ki, təhsil eksperti "Orta ümumtəhsil haqqında” qanunun müzakirəsində və 3-cü oxunuşunda iştirak edib: "Onda qanun layihəsində bu, nəzərdə tutulmamışdı. Sonradan bu maddə qanun layihəsinə daxil edilibsə, bunun müəyyən izahı da olmalıdır”. E.Əliyev bildirir ki, ali məktəblərin, xüsusən universitetlərin publik hüquqi şəxsə çevrilməsi gözlənilən nəticəni verməyib: "Hesab edirəm ki, bu müddəanı ümumi orta təhsilə aid etmək mümkün deyil. Azərbaycanda 4500-dən çox ümumi orta təhsil müəssisəsi fəaliyyət göstərir. Bu sayın heç bir faizi özəl təhsilin üzərinə düşmür. Bütün dünyada orta təhsilin əsas hissəsi dövlətin qanadları altındadır. Dövlət orta məktəblərinin publik hüquqi şəxsə çevrilməsi məsələsi məncə, real deyil. Dövlət maksimal səviyyədə pulsuz orta təhsili genişləndirməli, eyni zamanda, hər şagirdə ayrılan vəsaitin hesabına təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına ciddi nəzarət mexanizmlərini qurmalıdır. Elə hesab edirəm ki, konkret olaraq orta məktəblərə publik hüquqi şəxs statusunun verilməsi ilə bağlı mexanizmin tətbiqi gözlənilən nəticəni verməyəcək”.
Ekspertin fikrincə, əgər gələcəkdə bələdiyyələr inkişaf edərsə, bələdiyyə məktəbləri yaradıla bilər: "Bələdiyyə məktəblərinin yaradılması da qanunda nəzərdə tutulur. Düşünürəm ki, bələdiyyə məktəblərinin maddi-texniki bazası yaxşı səviyyədə olsa, orta məktəblərlə rəqabət mühitinə daxil ola bilər. Fikrimcə, orta təhsildə üçüncü yolu seçmək düzgün deyil. Yəni publik hüquqi şəxs qismində orta məktəblərin formalaşmasını məqbul saymıram. Dövlət və özəl orta məktəblər var. Əgər özəl orta məktəbləri publik hüquqi şəxsə çevirirlərsə, qoy çevirsinlər. Amma hesab edirəm ki, dövlət orta məktəblərinə toxunmaq olmaz. Bu məktəblərə Konstitusiyada təsbit olunduğu kimi, dövlət pulsuz təhsil hüququnu verməklə yanaşı, təhsilin digər pillələrinin də pulsuz həyata keçirməsinə öz dəstəyini verməlidir».
Qeyd edək ki, hazırda ölkədə 6-7 qurum publik hüquqi şəxs elan olunub. Təhsil müəssisələrinin idarə olunması isə bu statusun verildiyi digər təşkilatlardan təbii ki, tam fərqlidir. Bu sahədə yeni forma və metodlar, idarəetmədə və fəaliyyətdə irəliləyişlərin yaranmasına ehtiyac var. Aydın olmayan məqam isə bəzi ali məktəblərə şamil edilən statusun hələ öz bəhrəsini tam verməməsindədir. Yəni ümumi orta təhsil müəssisələrinə şamil ediləcək status hələ ki ali təhsil müəssisələrindən örnək timsalı deyil. Ekspertin fikirlərindən çıxış etsək, hələ ki belə örnək yoxdur. Elə isə ümumtəhsil müəssisələrinə veriləcək statusun özünü doğruldub-doğrultmayacağı ilə bağlı indidən fikir yürütmək də qəlizdir.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər