• çərşənbə, 24 Aprel, 03:41
  • Baku Bakı 14°C

Məktəbdəki olay: tirajlanmalı, yoxsa unutdurulmalı?

14.02.18 11:00 1890
Məktəbdəki olay: tirajlanmalı, yoxsa unutdurulmalı?
Ötən həftə Bakı şəhərində yerləşən ümumtəhsil məktəblərinin birində 9 və 7-ci sinif şagirdləri arasında baş verən xoşagəlməz hadisə ilə bağlı yayılan video görüntülərin media orqanlarında, xüsusən onlayn mediada və sosial şəbəkələrdə tirajlanması ciddi narazılıq doğurdu. Təhsil müəssisələrinə cavabdeh qurum kimi Təhsil Nazirliyi "hadisə ilə bağlı müvafiq materiallar hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına göndərilib. Şagirdlərin yetkinlik yaşına çatmadığını nəzərə alaraq, kütləvi informasiya vasitələrindən məsələyə həssas yanaşmaları xahiş olunur” - deyə tövsiyə etsə də, bu tip xəbərlərə alışqan bəzi media orqanları və sosial şəbəkə istifadəçiləri adətincə, hadisənin ucundan tutub ucuzluğa getdilər.

Hətta iş o həddə gəlib çatdı ki, Baş Prokurorluq yetkinlik yaşına çatmayanlarla əlaqədar KİV-lərə çağırış edərək son günlər bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə yetkinlik yaşına çatmayan orta məktəb şagirdinin zorakılıq hərəkətlərinə məruz qalması, hər iki yetkinlik yaşına çatmayan şəxsin adı, soyadı və onlar haqqında digər məlumatların təqdim edilməsi, valideynlərinin, himayəçilərinin, hüquqi təmsilçilərinin rəyi nəzərə alınmadan bu cür məlumatların yayılmasının qanun pozuntusu olduğunu diqqətə çatdırdı. Baş Prokurorluq, həmçinin bu tip xəbərlərin ictimaiyyəti ciddi narahat etdiyini vurğuladı: "Faktla bağlı qanunla nəzərdə tutulmuş bütün tədbirlər həyata keçirildiyi halda, bəzi KİV-lərdə bu qəbildən olan informasiyaların ictimailəşdirilməsi yetkinlik yaşına çatmayanların psixoloji, emosional sarsıntısına səbəb olmaqla yanaşı, ciddi problemlərə yol açır və həmin şəxslərin gələcək həyatlarını ciddi sınaqlarla qarşı-qarşıya qoyur. Kütləvi informasiya vasitələrində bu qəbildən olan məlumatların ictimailəşdirilməsi milli mənəvi dəyərlərimizə zidd olmaqla yanaşı, Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş şəxsi toxunulmazlıq hüququnun, Cinayət Prosessual Məcəlləsinin, eləcə də digər qanunvericilik aktlarının tələblərinin pozuntusu kimi qiymətləndirilir”.

Baş verən hadisədən sonra yaranan ajiotaj, iştirakçıların və onların valideynlərinin, eləcə də məktəb kollektivinin sarsıntısını təsəvvür etmək təbii ki, çətin deyil. Bu sarsıntının üzərinə hadisə ilə bağlı xəbərlərin üst-üstdən tirajlanmasını əlavə etsək, onda vəziyyətin necə gərgin olduğunu təsəvvür etmək də çətin deyil.

Vəzifəsi xəbərlə işləmək olan media orqanları bu tip xəbərlərə yanaşmada hansı mövqeni nümayiş etdirməlidir? Olaya biganə yanaşmaq, onu ciddi informasiya şəklində təqdim etmək, yoxsa hər dəfə yeni detalı əlavə etməklə tirajlamaq? Ya bəlkə bu tip hadisələrə qarşı profilaktik tədbirlərə yönəlik mövqe tutmaq?
Əgər qarşı tərəfdən şikayət gələrsə...
Baş verən bu tip hadisələrin mətbuata sızması və geniş müzakirə olunmasının istənilən cəmiyyətdə yolverilməz hesab edildiyini deyən Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşovun sözlərinə görə, həddi-buluğa çatmayan uşaqların intiharı və yaxud başqa cinayətlər törətməsi ilə bağlı hadisələr praktikada müəyyən məhdudlaşmalarla təqdim olunur: "Bu, jurnalistlərin özlərinin qəbul etdiyi Peşə Davranış Kodeksindən doğur. Bu qaydalara görə, bu tip məlumatların yayılması yolverilməzdir və etik hesab edilmir. Çünki sonradan bu xəbərlərin fəsadları kifayət qədər ağır olur”. MŞ sədri bildirir ki, o cümlədən, ayrı-ayrı ölkələrin qanunvericiliyinə əsasən də bu tip hadisələrin mətbuatda geniş yayılması məhdudlaşdırılır: "Çox təəssüf ki, bu cür hadisə baş verdi. Media vasitələrində, internet resurslarında və sosial şəbəkələrdə hadisə kifayət qədər geniş yayıldı. Ancaq bu tip hadisələrin media orqanlarında yayılması yolverilməzdir».

Ə.Amaşovun sözlərinə görə, rəhbərlik etdiyi qurum jurnalistlərin peşə kodeksini əsas götürərək media işçiləri arasında maarifləndirmə işi aparır: "Əgər bu tip hadisələr davam edərsə, MŞ həmin mətbuat orqanını, jurnalistləri xəbərdar edə, peşə davranış qaydalarını pozduqlarına görə onları "qara siyahı”ya sala bilər. Əgər qarşı tərəfdən şikayət gələrsə, bu tip məsələlər ətrafında digər müstəvilərdə də müvafiq qərarlar qəbul etmək olar». MŞ sədri hesab edir ki, peşəkar jurnalistika öz fəaliyyətində bu tip hadisələrə yer vermir: «Əgər bu cür hadisələr daha çox baş verərsə və cəmiyyət üçün qorxulu fəsadlar yaratmaq təhlükəsi yaranarsa, o zaman bununla bağlı maarifləndirici məqalələr yazmağa ehtiyac yaranar”.
Müəyyən nüansları nəzərə almaqla

Hadisəyə münasibətdə ikili baxışın olduğunu deyən Demokratik Jurnalistlər Liqasının rəhbəri Yadigar Məmmədlininfikrincə, bu tip hadisələr diqqətdən yayınmamalı və media müəyyən nüansları nəzərə almaqla cəmiyyətə çatdırmalıdır. Belə ki, adlar çəkilməməli, şəkil verilməməli, etik qaydalar gözlənilməlidir: "Təbii ki, bu cür hadisələrə cəmiyyətin qınağı olmalıdır. Əgər cəmiyyətin qınağı olmasa, belə hadisələr ortaya çox çıxacaq. Hadisə ilə bağlı ən çox sosial şəbəkələr və özlərini "portal” adlandıran saytlar lüzumsuz detalları yayımlamaqla hadisəni şişirtdilər. Sosial şəbəkələr məsələyə münasibətdə ifrat mövqedə durdular. Nəzərə almaq lazımdır ki, o uşaqların gələcək həyatı var. Bu hadisə onların həyatında çox ciddi fəsadlara yol verə bilər”.

Y.Məmmədli bildirir ki, bu tip hadisələrin mətbuatda yayılması ilə bağlı Mətbuat Şurası monitorinq aparır. Eləcə də jurnalist təşkilatları bu cür xəbərləri tirajlayan saytları qınayır: «Jurnalistikaya xələl gətirən bu addımlar qınanılır və onlara qarşı mövqe bildirilir. Eləcə də ciddi mətbuat orqanları məsələni peşəkar səviyyədə yaymalıdır. Hadisələr nə qədər gizlədilsə, bir o qədər şayiələrə yol açar. Hadisənin cəmiyyətə təqdim olunması zamanı xəbərin yükü hiss olunmalıdır».
Cəmiyyət qarşısında vəzifə

"Qaynarinfo” olaraq məktəbdəki məlum intim qalmaqalı ümumiyyətlə heç bir formada işıqlandırmadıq. Fikrimcə, belə mövzuları gündəmə gətirməyin xeyli əks təsirləri olur. Biz bu kimi mövzulara xeyli həssas yanaşırıq. Doğrumu edirik?” deyə hadisənin onlayn və sosial mediada tirajlandığı gün status paylaşan saytın baş redaktoru Zahir Əzəmət hər bir media işçisinin cəmiyyət qarşısında məsuliyyətinin olduğunu deyir: "Hər gün on min insan bizim sayta daxil olursa, demək onların arasında azyaşlı, yeniyetmə, psixi problemləri olan insanlar da ola bilər. Media olaraq bizim də cəmiyyət qarşısında vəzifəmiz var. Ona görə bu tip xəbərlərin yayılmasından imtina etmək qərarına gəldik. Ənənəvi olaraq bunlar İP gətirən xəbərlər olsa da, biz bu informasiyalardan könüllü imtina etdik. Birmənalı şəkildə məişət zorakılığı, intihar xəbərləri, ailə davaları, zorlanmalar, boşanmalarla bağlı xəbərləri vermirik. Çünki bu xəbərləri oxuyanlar öz vətəndaşlarımızdır. Son olayda da bu hadisənin çox şişirdilməsi və yayılmasının mənfi tərəflərinin ola biləcəyini düşündük”.

Baş redaktor hesab edir ki, bu tip hadisələrlə bağlı maarifləndirici yazılar da olmalıdır: "Bu cür hadisələr əvvəllər də olub, bu gün də olur, həmişə də ola bilər. Sadəcə, texnologiya əsrində belə hadisələr daha çox tirajlana bilir. Təcrübə də göstərir ki, bu tip xəbərlərin sosial şəbəkələrdə yayılması heç də müsbət nəticələrə gətirib çıxarmır. Bir sıra savadsız, psixoloji cəhətdən zəif insanlar var ki, belə xəbərlər onların beyinlərində davranış təlimləri formalaşdırır. Müəyyən affekt vəziyyətdə olanda beyinlərində kodlaşmış xəbərlər onlara necə davranacaqlarını diktə edir. Bu tip xəbərlərin heç bir ictimai əhəmiyyəti yoxdur və hadisə ilə də hüquq-mühafizə orqanları məşğul olmalıdır. Hadisə ilə bağlı xəbərlərin tirajlanması, hətta videonun paylaşılması məndə bir vətəndaş kimi qəzəb doğurur. Ona görə bu məsələnin özünə bir ictimai qınaq olmalıdır”.
Hadisənin tirajlanmasının mənfi tərəfi

Baş Prokurorluğun bəyanatını müsbət dəyərləndirən vəkil Ceyhun Cəfərli bu məzmunda işlərə baxılarkən adətən qapalı məhkəmə iclaslarının keçirildiyini deyir: "Şəxsi həyat sirrini təşkil edən məlumatların gizli saxlanılması məqsədi ilə qapalı məhkəmə iclasları keçirilir. Məqsəd budur ki, insanların şərəf və ləyaqət, şəxsi həyat sirrini təşkil edən məlumatlar maksimum dərəcədə qoruna bilsin. Çünki olayda adı keçən şəxsin rüsvay olmamaq haqqı var. Bu məlumatların müxtəlif internet resursları tərəfindən yayılması, sosial şəbəkələrdə müzakirəsi, şəxsi informasiya resurslarına transfer olunması uzun illər sonra da bu informasiya resurslarından istifadə imkanı ehtimalını artıracaq. Bu məlumatlar olayda adı keçən şəxsləri bütün ömürləri boyu təqib edəcək».

Hüquqşünas hesab edir ki, hadisənin bu cür şişməsinə səbəb məhz onun tirajlanması idi: "Bu tip hadisələrin ağır nəticələrə səbəb olması məhz onun yayılması ilə bağlıdır. Yəni məcəlləyə görə, 14 yaşına çatmamış şəxslə cinsi münasibətin qurulması cinayət sayılsa da, bu hadisənin ağırlaşdırıcı tərəfi onun yayılması idi. Təbii ki, hadisə iştirakçılarının, eləcə də onların valideynlərinin keçirdiyi sarsıntını dillə ifadə etmək mümkün deyil. Prokurorluq da həmin sarsıntını minimuma endirmək üçün bu çağırışı edib”. Hüquqşünas təhsil müəssisələrində çalışanları şagirdlərə, xüsusən yeniyetmələrə nəzarəti gücləndirməyə, valideynləri övladlarının tərbiyəsinə daha çox vaxt ayırmağa çağırır: «Yetkinlik yaşına çatmış uşaqlarla valideynlər dostluq münasibətində olmalıdır”.

Psixoloq Narınc Rüstəmovahesab edir ki, belə vəziyyətdə daha çox profilaktik tədbirlər görmək, hadisə iştirakçılarına yardım etmək və onları yenidən cəmiyyətə qazandırmaq lazımdır: "Bəzi hallarda daha çox oxucu qazanmaq istəyən saytlar hadisəni tirajlamaqla, cəlbedici başlıqlar seçməklə, hadisə ilə bağlı görüntüləri yaymaqla insanları yanlış istiqamətə yönləndirirlər. Ancaq bu tip xəbərlərin psixikası zəif olan insanlara mənfi təsir göstərə biləcəyini və nəticədə belə hadisələrin arta biləcəyini unudurlar”.

Digər tərəfdən, informasiya əsrində yaşadığımız üçün bu tip hadisələrin verilməməsini mümkünsüz hesab edən psixoloqun fikrincə, bu qəbil xəbərlər bir çox insanları ayıq-sayıq olmağa, övladına daha çox nəzarət etməyə çağırır: "Bu baxımdan, belə informasiyaların yazılmasının müsbət tərəfləri də var. Sadəcə, daha çox o uşaqların cəmiyyətə qaytarılması üçün çalışmaq lazımdır. Belə situasiyalarda məlumatı yayanlar müəyyən amilləri nəzərə almalıdırlar. Daha çox hadisənin baş vermə səbəbi və qarşısının alınması yollarına diqqəti yönəltmək lazımdır”.

Təbii ki, hadisənin mediada yayılmasına münasibət birmənalı deyil. İnformasiyanı insanlıq hissinə qurban verənlərlə, bir növ İP ovuna çıxanların yarışı da demək olar. Sərhədləri çoxdan itən və çox vaxt məsələlərə ara söz-söhbətləri kimi yanaşmağı xoşlayan sosial şəbəkələr istisna olmaqla, mediada hadisəyə qanunvericilik və peşə davranış qaydaları çərçivəsində yanaşmaq ən düzgün baxış olardı.

Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər