AZE | RUS | ENG |

Məktəbdə siqaret çəkən uşaqları görəndə… ARAŞDIRMA

Məktəbdə siqaret çəkən uşaqları görəndə… ARAŞDIRMA
Orta məktəblərdə psixoloq maaşı alanların hamısı öz işiylə məşğul olurmu?

Azərbaycanda orta məktəblərin demək olar ki, hamısında psixoloq ştatı var. Bəs bu ştata uyğun maaş alanlar öz işlərinin öhdəsindən gələ bilirlərmi? Problemə keçməmişdən öncə xatırladaq ki, qonşu Rusiyada psixoloji yardıma ehtiyac duyulan 18 min uşağın olmasına baxmayaraq ildən-ilə məktəb psixoloqlarının sayının azalması böyük narahatlıqlara səbəb olub. Belə ki, uşaq hüquqları üzrə saytda 69,5 faiz məktəbdə psixoloqun yoxluğu ilə bağlı maraqlı bir rəqəm yer alıb. Rusiyada əhaliyə yardım üçün psixoloji mərkəzlər, inam telefonları, psixoloji yardım kabinetləri fəaliyyət göstərsə də, Rusiya Səhiyyə Nazirliyində bu problemlə məşğul olsalar da məsələ çözülmür.

Bəs Azərbaycanda analoji vəziyyət necədir? Orta məktəblərdə psixoloji xidmət üzrə kadr çatışmazlığı həll olunubmu?
Hərçənd ayrı-ayrı ekspertlərə, pedaqoqlara, vətəndaş cəmiyyətinə ünvanladığımız suallara aldığımız cavablar fərqli olsa da, daha çox problemin mövcudluğu ilə bağlı fikirlər səsləndi.

Psixoloq qıtlığı
Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin təhsil siyasəti və tədqiqatlar üzrə proqram direktoru Elmina Kazımzadənin fikrincə, əvvəllər məktəb psixoloqları əlavə olaraq 9 aylıq kurs keçəndən sonra psixoloq sertifikatı alır, müəllimlikdən birbaşa psixoloq vəzifəsinə keçirdi. Bu gün isə vəziyyət fərqlidir: “Onu deyə bilərəm ki, məktəb psixoloqlarının qıtlığı var. Məktəblər psixoloqla tam təmin olunmayıb. Bütün məktəblərdə belə ştat yoxdur. Məktəb psixoloqu əhalinin psixoloji sağlamlığına xidmət edən vəzifədir. O üzdən bu xidmət məktəblərdə vacibdir. Ən vacib məqam odur ki, psixoloji sağlamlıq profilaktika fəaliyyətləri ilə bağlıdır. Yəni müəyyən problemləri, xəstəlikləri və davranış problemləri olan uşaqlarla iş aparılmalıdır”.

E.Kazımzadə hesab edir ki, yeniyetməlik həssas dövr olduğundan xüsusən valideynlərlə uşaqların, müəllimlərlə şagirdlərin münasibətində psixoloqların böyük rolu olmalıdır: “Yeniyetməlik dövrü ilə əlaqədar baş verən müxtəlif hadisələrin qarşısını isə təkcə məktəb psixoloqlarının alması çətindir: «Bizdə psixologiya üzrə fənlər keçirilmir. Ola bilsin ki, hansısa müəllim öz marağından irəli gələrək həmin fənni uşaqlara çatdıra bilər. Psixoloji xidmətlə məşğul olanlar peşəkar mütəxəssis olmalıdır. Belə ki, bura treninqlər, ünsiyyət vərdişlərinin inkişafı, davranış problemlərinin qrup müzakirəsi və fərdi məsləhətlər daxildir. Bu isə kifayət qədər peşəkarlıq tələb edən işdir».

Sadəcə ştatı tutmaq

Təhsil üzrə ekspert, professor Əjdər Ağayevin fikrincə, məktəblərdə psixoloji xidmət mütləq olmalıdır. “Ekoloji problemlərin insan psixologiyasına təsiri böyükdür. Həkimlərin məlumatına görə, yeni doğulan uşaqların bəlkə də 80 faizi qüsurlu dünyaya gəlir. Bundan əlavə, həmin uşaqlarda müəyyən ruhi, hissi çatışmazlıqlar da olur. Demək həyati tələb kimi psixoloji xidmətə ehtiyac yaranır. Harda ünsiyyət və münasibət varsa, orada davranışın səviyyəsi, tərzi meydana çıxır. Nəticədə psixoloji yanaşmalara xüsusi ehtiyac yaranır”. Ə.Ağayev hesab edir ki, təlim prosesinin çətinlikləri, kurikulum təhsil proqramları üzrə hazırlanan dərsliklərdə uşaqların fizioloji, psixi inkişaflarını nəzərə almaq lazımdır: “Dərsliklər olduqca ağırdır. Nəinki şagirdlər, hətta, bəzi müəllimlər də dərsliklərdəki bəzi tapşırıqları yerinə yetirə bilmirlər. Xüsusən, riyaziyyat fənni üzrə. Bu çətinliklər ruhi sarsıntılara gətirib çıxarır. Birinci sinifdən dərsliklər ağır olduğu üçün uşaq gərginlik keçirir. Bütün bunların qarşısını almaq üçün psixoloji xidmətin böyük əhəmiyyəti var». Ə.Ağayev ümumiyyətlə, orta məktəblərdə psixoloji xidmət işinin təşkilini normal səviyyədə hesab etmir. Şura sədrinin sözlərinə görə, Bakı şəhəri üzrə Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma institutunda və BDU-da psixoloji xidmət üzrə mütəxəssislər hazırlanır. Amma bu hazırlanmalar kifayət dərəcədə deyil: “Hazırda məktəblərimizdə psixoloji xidmətə və psixoloq mütəxəssislərə çox ehtiyac var. Bəzi məktəblərdə yaxşı psixoloji xidmət göstərən kadrlar fəaliyyət göstərir. Amma əksəriyyətində ştatı tuturlar, heç bir psixoloji eksperiment aparmırlar, psixoloji diaqnostik iş görmürlər, sadəcə, işə gəlib-gedirlər. Həmçinin bəzi valideynlərin də «Mənim uşağımı niyə izləyirsən?» fikirləri də psixoloqun işinə mane olur. Mən istərdim ki, bugünkü məktəblərimizdə psixoloji xidmət işi çox güclü şəkildə həyata keçirilsin və məktəbdə əsas sima kimi öz yerini tutsun. Bu, həm təbliğati, həm tədqiqi, həm psixoloji sağlamlıq baxımından xeyli təsir göstərə bilər».

2000 şagird = bir psixoloq

Amma təhsil sahəsinə nəzarət edən strukturların məsələyə münasibəti fərqlidir. Belə ki, Bakı şəhər Təhsil İdarəsinin strateji təhlil, planlaşdırma və kadrların idarə olunması sektorunun müdiri Bəhmən Nəbiyevin sözlərinə görə, bu gün Bakı məktəblərinin psixoloqla bağlı heç bir problemi yoxdur: «Bütün məktəblər psixoloji xidmətlə əhatə olunub. Ola bilsin ki, kimsə çıxsın, başqa yerə getsin, bu, başqa məsələ». Məktəblərdəki psixoloqların vəzifə funksiyalarından danışan B.Nəbiyev bildirib ki, psixoloq profilaktik və diaqnostik iş prosesində təhsildə çətinliklə qarşılaşan, inkişafı və davranışında çatışmazlığı olan uşaqların üzə çıxarılması ilə məşğul olur: “Psixoloq şagirdlərin intellektual və şəxsi emosional inkişafının fərdi, psixoloji xüsusiyyətlərini öyrənir, siniflərdə və qruplarda sosial psixoloji mühiti tədqiq edir. Uşaqların məktəbdə psixoloji cəhətdən hazırlığını araşdırmaqla onların yaş və inkişaf səviyyələrini müəyyən edir. O cümlədən, emosional pozuntuları olan, pis davranışlara meyl edən və istedadlı uşaqları üzə çıxararaq onlarla iş aparır».

B.Nəbiyevin sözlərinə görə, bu gün paytaxtın hər bir məktəbində psixoloji kabinet fəaliyyət göstərir: “Ola bilər ki, müəyyən şəraitləri yoxdur, amma bütün məktəblərdə yaxşı psixoloji xidmət mühitinin yaradılması üçün lazım olan şəraiti yaratmağa çalışırıq. Düzdür, Bakı Təhsil İdarəsi fəaliyyətə başlayanda məktəblərdə psixoloqların olmaması, onlarla lazımi işlərin aparılmaması müəyyən problemlər yaradırdı. Tədricən bu problem aradan qaldırıldı». B.Nəbiyev azyaşlılar arasında baş verən intihar, evdən qaçma və s. Halları isə məktəblə əlaqələndirmir: «Bütün problemləri də məktəbin üzərinə atmaq düzgün olmaz. Təsəvvür edin ki, məktəblərdə 1500-2000 uşaqla bir psixoloq məşğul olur. Məktəb uşağın həyatının bir hissəsini təşkil edir. Amma bundan əlavə, valideynlər və cəmiyyətin özü uşaqla məşğul olmalıdır. Düzdür, mən deməzdim ki, hər kəs öz işini yüksək səviyyədə həyata keçirir. Çatışmazlıq da, öz işini yüksək səviyyədə bilməyən də ola bilər. Ancaq onu da deyim ki, psixoloji cəhətdən sarsıntı keçirmə və ya müəyyən intihar halları digər ölkələrə nisbətən Azərbaycanda daha azdır».

60 faiz tələbənin sözü

Bakı Dövlət Universitetinin Psixologiya kafedrasının müəllimi Yəmən Vəliyeva hər il ixtisas üzrə instituta 80-100 məzunun əlvida dediyini bildirib: «Onların bəziləri institutu bitirdikdən sonra rayonlara gedirlər və fəaliyyət göstərirlər. Amma daha çox onlar özləri üçün psixoloji mərkəzlər açırlar. Nə üçünsə onların hamısında məktəblərdə psixoloq kimi fəaliyyət göstərməyə maraq olmur. Bəlkə də bu, maddi tərəflə bağlıdır. Amma işləyənlər də var. Bu gün məktəbdə çalışmaq çox çətindir. Orada müxtəlif yaş qrupları üzrə şagirdlər təhsil alır. Keçid dövründən sonra şagirdlərlə, xüsusən oğlan uşaqları ilə işləmək çox mürəkkəbdir”. Y.Vəliyeva hesab edir ki, uşaqların daha çox məktəbə yönəlmələrindən ötrü məktəblərdə maraq dairəsi yaratmaq lazımdır: “Mən 14-15 yaşında narkotik istifadəçisi, siqaret çəkən uşaqları görürəm. Hər şeyi də ailənin üzərinə atmaq olmaz».

I kurs tələbələri ilə keçirdiyi sorğunun nəticələrindən danışan Y.Vəliyevanın sözlərinə görə, məktəbdə psixoloqlar həmin tələbələrlə işləməyiblər: «60 faiz tələbə dedi ki, məktəbdə psixoloqların fəaliyyəti aşağıdır. Ola bilər ki, məktəb həmin psixoloqlara şərait yaratmır. Məzunların maraq dairəsi kifayət qədər genişdir, sadəcə onların işlədiyi mühitdə şərait yaradılmalıdır. Onlara dərs saatı ayrılmalıdır ki, psixoloqlar problemli uşaqlarla söhbət aparsınlar. Psixoloqlara əlavə saatlar verilməlidir».

Psixoloqlar hardadır?

Hövsan qəsəbəsindəki 280 saylı orta məktəbin direktor müavini Nəbi Əsədov çalışdığı məktəbdə psixoloji xidmətin təşkil olunduğunu bildirdi. Hərçənd direktor müavini 1 növbəli iş sistemi ilə fəaliyyət göstərən təhsil ocağında psixoloqun hər gün saat 11-dən 13.00-dək çalışdığını söyləsə də bizim məktəbə telefon açdığımız zaman - saat 12.00-da psixoloqla əlaqə saxlaya bilmədik. Direktor müavini onun hazırda işdə olmadığını söylədi. Məktəbdə psixoloji xidmətin yüksək səviyyədə olduğunu qeyd edən direktor müavini “O, mütəxəssisdir, siniflərə girir, birinci siniflərlə xüsusi məşğul olur. Ayrıca kabineti var, işini yaxşı qurur. Fərdi maraq qrupu var”.

Sabunçu qəsəbəsindəki 67 saylı məktəbin direktoru İradə Bayramova isə rəhbərlik etdiyi məktəbdə psixoloqun 2 aydır ki sosial məzuniyyətdə olduğunu bildirdi: “Əgər 2 aya qayıtmasa, yerinə başqa psixoloq gətirəcəyik. İndiki cavanlar da qəribədir, gedəndə deyirlər ki, 2 aya qayıdacam. Ona görə də çətinlik çəkirik”.

Ən maraqlısı isə 14 yaşlı lənkəranlı məktəblinin “deyirlər ki, məktəbimizdə psixoloq var, amma indiyə qədər üzünü görməmişik” fikirləri oldu...

Təranə Məhərrəmova

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0037
GEL 1 Gürcü larisi 0.6911
GBP 1 İngilis funt sterlinqi 2.3703
TRY 1 Türk lirəsi 0.4144
KWD 1 Küveyt dinarı 5.6584
SEK 1 İsveç kronu 0.1997
EUR 1 Avro 2.0763
CHF 1 İsveçrə frankı 1.7381
USD 1 ABŞ dolları 1.7000