• çərşənbə axşamı, 23 aprel, 18:15
  • Baku Bakı 20°C

Məktəbdə mütaliə

22.12.14 12:47 5876
Məktəbdə mütaliə
23 nömrəli tam orta məktəbdə fəaliyyət göstərən “Oxu klubu” ilk dəfə olaraq ziyalılar, ədəbi aləmin nümayəndələri, jurnalistlər və təhsil nazirliyinin rəsmiləri üçün ədəbi əsərlərin müzakirəsini təqdim etdilər. “Mütaliə mədəniyyətinin və oxuya motivasiyanın yüksəldilməsi” layihəsi çərçivəsində keçirilən görüş haqqında məlumat verən məktəbin direktoru Yuliya Kərimova bildirdi ki, layihənin əsas məqsədi təhsil müəssisələrində mütaliə edən icmanın yaradılması vasitəsilə şagirdlərdə oxuya marağın artırılması, məktəblilərin bədii ədəbiyyat, sənədli əsər və digər mətn növləri ilə tanışlığını təşviq etməkdir. Belə ki, layihə çərçivəsində şagirdlər və müəllimlər arasında oxunan ədəbiyyatın, müxtəlif mətn növlərinin müzakirə yolu ilə dəyərləndirilməsi, mübadiləsi, şagirdlərdə reflektiv oxu vərdişlərinin yaradılması nəzərdə tutulur.
Müxtəlif yaş qruplarında təhsil alan şagirdlərdən təşkil olunan klubların üzvləri oxuduqları kitabları müzakirə etdikdən sonra qonaqlar şagirdlərin mütaliə etdiyi kitablarla bağlı fikirlərini açıqladılar.
Xalq Yazıçısı Çingiz Abdullayev şagirdlərin mütaliəsinin bu gün çox vacib olduğunu qeyd etdi: “Mütaliə etmədən düşüncə formalaşa bilməz. Əgər bizim uşaqlar kitab oxumasalar, biz Qarabağı xilas edə bilməyəcəyik». Yazıçı şagirdlərə vətənpərvərlik mövzusunda olan ədəbi əsərləri oxumağı tövsiyə etdi.
Xalq yazıçısı Anar şagirdlərə xarici ədəbiyyatla yanaşı, Azərbaycan ədəbiyyatını oxumağı məsləhət gördü: “Şagirdləri elə istiqamətləndirmək lazımdır ki, onlar öz fikirlərini sərbəst ifadə etsinlər. Qoy pis ifadə etsinlər, ancaq öz fikirləri olsun. Onlar oxuduqları əsərə yaradıcı yanaşsınlar. Biz xarici ədəbiyyatı, rus ədəbiyyatını oxumalıyıq, amma öncə öz ədəbiyyatımızı bilməliyik.
Təhsil Nazirliyinin şagirdlərdə mütaliə mədəniyyətinin yüksəldilməsi istiqamətində apardığı işləri təqdir edən AYB rəsmiləri bu prosesə dəstək verəcəklərini bildirdilər.
Mütaliə və yazı əvəzedilməzdir
Mütaliə klublarının müzakirələrinə qoşulduğu üçün yaradıcı insanlara təşəkkürünü bildirən nazir Mikayıl Cabbarov layihənin ümumtəhsil məktəb şagirdlərinin oxuya həvəsini artıracağını və onların bədii estetik zövqünün inkişafına, mənəvi tərbiyəsinə müsbət təsir edəcəyini qeyd etdi. Nazirin fikrincə, mütaliənin populyarlaşdırılması şagirdlərdə geniş dünyagörüşün formalaşmasına müsbət təsir göstərəcək: “Düzgün təşkil edilmiş və planlaşdırılmış mütaliə biliyi genişləndirməklə yanaşı, insana məmnunluq hissləri bəxş edir: «Təhsil sistemində, ümumiyyətlə, cəmiyyətdə oxu mədəniyyətinin bərpası bizim əsas məqsədimizdir. İndiki zamanda mütaliə mədəniyyətinin bərpa olunması asan məsələ də deyil”. M.Cabbarov yazıçılara müraciət edərək onları uşaq ədəbiyyatına aid yeni hekayələrin, müasir dövrlə səsləşən əsərlərin, ümumilikdə, yeni məzmunun yaradılmasında fəal iştirak etməyə çağırıb: “Keyfiyyətli məzmuna böyük ehtiyac var. Məzmun nə bir dövlət məmuru, nə müəllimlər və ya nə də Təhsil Nazirliyi tərəfindən yaradıla bilər. Biz keyfiyyətli məzmundan danışırıqsa, bu mənada Azərbaycan yazıçılarının qatqısına ehtiyacımız var. Biz bununla bağlı təşkilati məsələləri həll etməyə, yeni əsərləri bütün təhsilalanlara çatdırmağa, kitabxanalara yerləşdirməyə hazırıq. Bu məzmunu müvafiq şəkildə tədris proqramlarında, dərsliklərdə və ya dərsdənkənar oxu fəaliyyətində istifadə etmək niyyətindəyik”.
Nazir şagirdlərdə mütaliə mədəniyyətinin yüksəldilməsində valideynlərin də üzərinə böyük yük düşdüyünü qeyd edib. Belə ki, övladının hər bir qayğısına qalan valideynlər onlarda kitab oxuma vərdişinin yaranmasına da diqqət yetirməldirlər. Bununla bağlı Mikayıl Cabbarov maraqlı statistika açıqlayıb: “Amerika Birləşmiş Ştatlarında məktəb yaşı çatmamış uşaqları olan əhalinin 60 faizi hər gün övladlarına kitab oxuyurlar”. Nazir öz ictimai şəxsi həyatından məktəblər üçün vaxt tapıb ayıran, valideyn iclaslarına qatılan atalara səslənib: ”Bu gün Bakı məktəblərində kişi müəllimlərlə qadın müəllimlər arasında çox təhlükəli bir tendensiya var. Bu tendensiya bizi bir cəmiyyət kimi düşündürməlidir. Ata valideynlərə üzümü tutub deyirəm ki, övladlarınızın təhsil sistemində sizin iştirakınıza ehtiyacları var. Təkə valideyn iclasları deyil, məktəbin fəaliyyətində yer tutan başqa tədbirlər – vətənpərvərlik günü, məzunlar günü. Biz istəyirik ki, məktəb məzunları məktəblərə qayıtsınlar. Çünki şagirdlər üçün sizin kimi insanlarla görüş imkanı onların həyata yeni baxışı deməkdir. Bu, onların şəxsiyyət kimi yetişməsinə kömək edir”. Yaradıcılıq və ya kreativlik fəlsəfəsini birmənalı şəkildə qəbul etdiyini bildirən nazir hesab edir ki, bu tənqidin obyekti uşaqlar olmamalıdır: “Əslində, bu bizə ünvanlanan iraddır, mən bunu haqlı hesab edirəm. Biz ömürboyu təhsili təbliğ ediriksə, burada mütaliə də əsas yer tutmalıdır”. M.Cabbarov intellektual şagirdlərin belə öz fikirlərini şifahi və yazılı şəkildə ifadə etməyə çətinlik çəkdiyin qeyd edib: “Mən bunu onların həyatında mütaliənin rolunun az olması ilə əlaqələndirirəm. Bizim təhsil sistemimiz şagirdlərə özünü ifadə etməyi öyrətməlidir. Mütaliə və yazı əvəzedilməzdir».
Yazı mədəniyyəti də bərpa olunmalıdır
“Bəşəriyyətdə ilk ilahi söz «oxu» sayılır. Yəni Allah əmr etdi «oxu». Baxın, 21-ci əsrdə bu, bizim gündəmə gəlib. Niyə? Çünki insanlar oxumur”- deyən professor Şahlar Əsgərov metroda, avtobusda heç kimin əlində kitab olmadığından gileyləndi: ”Mütaliədə insanların bədii ədəbiyyata maraq cəlb edilməsindən söhbət gedir Məktəblərdə ümumi test nəticəsi 200-220 baldırsa, 700 baldan bu rəqəmə – 200 bala düşübsə, deməli, oxumaq yoxdur. Bu baxımdan, mütaliə mədəniyyətinin formalaşdırılması yeni bir təşəbbüsdür. Valideynlərin, ailələrin, məktəblərin diqqətini bu problemə yönəltmək lazımdır”. Mütaliə mədəniyyətinin formalaşdırılmasını gözəl təşəbbüs adlandıran professor hesab edir ki, oxu mədəniyyəti ilə bərabər yazı vərdişləri də inkişaf etdirilməlidir: “Bizimkilər nəinki oxumur, heç yaza da bilmir. Məsələn, ali savadlı müəllim nazirə, vətəndaş prezidentə, işçi rəhbərliyinə məktub yaza bilmir. Buna görə yazı mədəniyyəti də bərpa olunmalıdır”. Ş.Əsgərov hesab edir ki, uşaqlara sərbəst düşünməyi öyrətmək lazımdır: «Uşağa yaxşı şey öyrədərsən, o, durub öyrətdiyini yaxşı ya pis, sənin qarşında deyə bilər. Ancaq əsas bu, deyil. İnsanlar bir-birlərinə tərif deyir. Ancaq beynin tənqid tərəfi elə bil ki, qapanıb. Mən neçə ildir müdafiələrdə iştirak edirəm. Qutuya bircə dənə də qara şar atılmır. Çünki insanlarda tənqidi düşüncə yoxdur».
Bütün məktəblərə həvalə edilməlidir ki...
Professor Əjdər Ağayev məktəblərdə mütaliə təşəbbüsünü yaxşı qiymətləndirdi. Belə ki, vaxtilə Azərbaycan gənclərini bürüyən bu mədəniyyət qarışıqlıqlardan, müxtəlif çətinliklərdən və təhsilin özündə də yeniliklərin meydana gəlməsindən səngiyib: “İndi təhsil sahəsində müəyyən irəliləyişlər var. Ancaq insanların ümumi mədəniyyət səviyyəsi, lazımi yanaşmalar çatışmır. Bu da bəllidir ki, ədəbiyyat oxumaqla mümkündür. Bu təkcə uşaq ədəbiyyatı deyil, məntiqi, elmi ədəbiyyatlardır. Və yaxud hadisələr, obrazlar, maraqlar, ziddiyyətlər, düşüncələr uşaq və gənclərdə həyatlarını qurmağa, həyatı anlamağa kömək edir. Bu mənada mütaliəyə həvəsin dirçəldilməsi çox yaxşıdır». Ə.Ağayev hesab edir ki, mütaliəyə həvəsi müxtəlif formalarda yaratmaq olar: «1-2 məktəbdə oxu klubunun yaradılması azdır. Təhsil kütləvi olduğu üçün bunu sistemli olaraq bir konsepsiya şəklində yaratmaq lazımdır. Bütün məktəblərə həvalə edilməlidir ki, uşaqlar bədii ədəbiyyat oxumağa alışsınlar. Bu, onlar üçün vərdişə çevrilsin. Buna görə də hər bir məktəbə nəzarət olmalıdır ki, uşaqlar hansı ədəbiyyatı seçir. İndiki zamanda ədəbiyyat seçmək də çətindir. Çünki ziyanlı kitablar da var”. Professor hesab edir ki, məktəblərdə kitabsevərlər klubu yaradılmalıdır: “Kitabşünaslıq elmdir. Həmin kluba rəhbərlik edən müəllim nəzarət etməlidir ki, hansı yaşda, hansı əsəri oxumaq olar. İstər xarici, istərsə də yerli ədəbiyyat olsun, onlar uşaqlarda vətənpərvərlik hissini yüksəltməlidir. Onları mübarizəyə, davamlılığa səsləməlidir. Hər yazılan kitab ədəbiyyat deyil».
Əjdər Ağayevin fikrincə, uşaqların mütaliə mövzuları oxunun təşkili mütəxəssisləri ilə məsləhət əsasında həyata keçməlidir: “Oxunan əsərlər, müzakirələr oxuya yönəlməlidir”.
Məktəbin şagirdi Cəmilə Poladova ədəbiyyata böyük həvəs göstərdiyini və “Oxu klubu”nun fəal üzvü olduğunu bildirdi: «Daha çox fantastik və dedektiv əsərləri xoşlayıram. Ən çox sevdiyim yazıçılardan biri Corc Martindir. Həmçinin Den Braun gözəl dedektivlər müəllifidir. Mən hesab edirəm ki, insan öz düşüncələrini formalaşdırmaq üçün çox oxumalıdır. Kitab oxuduqca çox şey öyrənirsən və sosiumda olanda danışmaq üçün çoxlu mövzular olur. Məncə mütaliə etməyən uşaq öz çevrəsini formalaşdıra bilməyəcək».
“Ən fəal oxucu”
Təhsil naziri Mikayıl Cabbarovun 18 dekabrda ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə əmri isə ümumtəhsil məktəblərində şagirdlərin mütaliəyə istiqamətləndirilməsi, onlarda mütaliə mədəniyyətinin formalaşdırılması üzrə zəruri tədbirlərin həyata keçirilməsi istiqamətində mühüm addım oldu. Belə ki, hər il yenilənməklə şagirdlərə mütaliə edilməsi tövsiyə olunan Azərbaycan və xarici ölkə yazıçılarının əsərlərinin təxmini siyahısı hazırlanmalı, məktəb kitabxanaları yeni nəşrlərlə zənginləşdirilməli, bunlarda dərs ili ərzində bədii əsərlərin oxusu və müzakirəsi təşkil edilməlidir. Əmrə görə, müvafiq qurumlar məşhur yazıçıların, o cümlədən ədəbiyyat sahəsində Nobel mükafatına layiq görülmüş yazıçıların, eləcə də tanınmış Azərbaycan ədiblərinin yaradıcılığı və əsərlərinin məzmunu haqqında şagirdlərə məlumatların çatdırılması yolu ilə onların bu əsərləri mütaliə etməyə istiqamətləndirilməlidir. Şagirdlərin müasir Azərbaycan yazıçıları ilə görüşləri keçirilməli, bu prosesdə şagirdlərin həmin yazıçılar və onların əsərləri haqqında məlumatlandırılmali, müvafiq təbliğat işləri həyata keçirilməlidir.
Əmrdə qeyd edilib ki, Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri, Təhsil Nazirliyi tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri şagirdlərin mütaliəyə həvəsləndirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılmasına yönəlmiş fəaliyyət planı hazırlayıb icrasını təmin etməlidirlər. Bundan əlavə, şagirdlərin müasir Azərbaycan yazıçıları ilə görüşləri keçirilməli, bu prosesdə şagirdlərin həmin yazıçılar və onların əsərləri haqqında məlumatlandırılmali, müvafiq təbliğat işləri həyata keçirilməlidir. Həmçinin müəssisələr məktəblərdə “Ən fəal oxucu”, “Bədii əsər haqqında ən yaxşı inşa”, “Bədii əsər barədə ən mükəmməl rəy” müsabiqələrinin, ədəbi-bədii qiraət gecələrinin, hekayə axşamlarının keçirilməsi və qaliblərin rəğbətləndirilməsini təmin etməlidirlər. Şagirdlərin oxuduqları və ya oxuyacaqları əsərlər əsasında hazırlanmış teatr tamaşalarına aparılması və onların müzakirəsinin keçiriləcək. Oxuduqları əsərlər üzrə məktəblərdə şagirdlərin iştirakı ilə fraqmentlər şəklində səhnələşdirilmiş tamaşa nümunələrinin təşkil edəcək.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər