• çərşənbə axşamı, 16 aprel, 19:34
  • Baku Bakı 18°C

Məktəbdə kino

30.01.21 14:00 1424
Məktəbdə kino
İncəsənətə marağın erkən yaşlarda aşılandığını nəzərə alsaq...
Bir çox ölkələrdə dərs proqramlarında yaşa uyğun yerli filmlərin nümayişi, tədrisin mühüm komponentlərindən hesab edilir. Bu yaxınlarda Rusiya məktəblərində də dərs proqramlarında yerli kinoklassiklərin filmlərinin nümayişi ilə bağlı müzakirələr gedir. Hesab edirlər ki, filmlərin nümayişini məktəb proqramının bir hissəsi etmək lazımdır. Hətta məsələyə ölkə prezidenti Vladimir Putin də qarışıb. O, məktəb incəsənəti sistemini qoruyub saxlamaqla bağlı çağırış edib: ”Məktəblərdə yerli filmlərin nümayişi çox yaxşı ideyadır. Biz həmkarlarla mütləq bu barədə müzakirələr aparacağıq”- deyə dövlət başçısı bildirib.

Qeyd edilib ki, oxşar təklif əvvəllər də səslənib. Amma söhbət fakültativ məşğələlərdən getdiyi üçün elə müzakirə formasından uzağa getməyib. Hazırda isə söhbət yerli filmlərin nümayişini məktəb proqramının bir hissəsi etməklə bağlıdır. Rusiyalı rejissorlar hesab edirlər ki, sovet kinolarına, hətta ibtidai sinif şagirdləri də baxa bilər: "Harda ki, zorakılıq və erotika səhnələri yoxdursa, o filmləri seçib nümayiş etdirmək olar. Uşaqlar "Əsgər haqqında ballada”, "Adi faşizm” və s. kimi ekran əsərlərini yaxşı başa düşəcəklər. Artıq bir çox ölkələrdə milli kinematoqrafla bağlı məlumatlar tədris proqramına daxil edilib. Həftədə iki dəfə uşaqlar üçün yerli kinonun nümayişi kifayətdir”.

Ölkənin Təhsil Nazirliyi də məsələyə münasibət bildirib: "Bu, şagirdlərin vətənpərvər ruhda böyüməsinə, tarixlərini bilməsinə, davranış normalarının tərbiyəsinə kömək edəcək. Onlar incəsənəti, kinonu sevəcəklər, qəlblərində humanist hisslər yaranacaq, başqalarına dəyər verməyi, insanlara kömək etməyi öyrənəcəklər. Gələcəkdə aralarında kinoşünaslar, rejissorlar, aktyorlar yetişəcək. Bu, təməldir”.

Təəssüf ki, hələ ki, bizdə bu tip təkliflər səslənmir. Təşəbbüs olmadığından məktəblərdə şagirdlər üçün belə nümayişlər keçirilmir. Olsa-olsa, dərs kitablarında hansısa rejissor və ya film haqqında məlumat ola bilər. Dərsdənkənar vaxtlarda da müəllimlər şagirdlərinə belə məlumatların verilməsinə vaxt sərf eləmirlər. Texnologiyanın inkişaf etdiyi dövrdə isə uşaqlar incəsənətin dəyərli nümunələrindən uzaq düşərək, cihazlardan öz zövqlərinə uyğun, yəni daha çox əyləncə məqsədi ilə istifadə edirlər. Təbii ki, Azərbaycan kinosunun da maraqlı nümunələri çoxdur. Təkcə klassik rejissorların deyil, çağdaş dövrdə də çəkilən filmlər var. Məktəblilərin çoxu isə yerli filmlərdən məlumatsızdır. Amma incəsənətə marağın erkən yaşlarda tərbiyə olunduğunu nəzərə alsaq, bu cür addımların atılması bizdə də vacibdir. Xüsusən, torpaqları 30 ilə yaxın işğalda olan, Vətən müharibəsi ilə zəfər qazanan bir ölkənin tarixi haqqında uşaqların vizual məlumatlanması, ondan əvvəlki dövrlərlə bağlı tariximizin öyrədilməsi şagirdlərin milli-vətənpərvər ruhda böyümələri üçün əhəmiyyətli təşəbbüs ola bilər.
Məktəblərdə həyata keçirmək lazımdır...
Rejissor Tahir Tahiroviç filmlərin nümayiş etdirilməsi tendensiyasının sovet vaxtı bütün məktəblərdə olduğunu deyir: "Hər həftənin bir günü – çərşənbə günü bizi 8-ci kilometr qəsəbəsindəki "İliç” kinoteatrına aparırdılar. Şəxsən özüm də 70-ci illərin sonu, 80-ci illərin əvvəllərində bədii-sənədli cizgi filmlərini izləməyə gedirdik. Bu, qrup xarakterli idi, dərsə aid deyildi. Əgər dərsdən sonra qrupda qalırdınsa, bu filmlərin nümayişini izləyə bilirdin. Bu qayda bütün sovet məkanında vardı. Təbii ki, bu, daha çox böyük şəhərlərdə həyata keçirilirdi, ola bilsin ki, kənd yerlərində və ya ucqar yerlərdə filmlərin nümayişi mümkün deyildi. Həmçinin kinoteatrlarda uşaq filmləri göstərilidi”. Rejissor hesab edir ki, şagirdlər üçün filmləri nümayiş etdirməkdən ötrü öncə kinoteatr olmalıdır: "Bu gün dövlətdə kinoteatr yoxdur. Nəsə simvolik düzəldiblər. Məsələn, "Nizami” kinoteatrını kino mərkəzi ediblər. Ümumilikdə, kinoteatr dövlət nəzarətində deyil. Kommersiya təşkilatları olanlar da bu cür nümayişləri həyata keçirmək istəmirlər, çünki onlar pul qazanmaq istəyirlər. Söz yox ki, o təşkilatların başında bir az millətpərvər, azca vətənpərvər insanlar olsa, uşaqları çox ucuz qiymətə satılan biletlərlə kinoteatra gətirə bilərlər. Uşaqların səviyyəsini gücləndirmək üçün dünya klassik uşaq ədəbiyyatına müraciət etmiş müxtəlif ölkələrin filmləri var. Onları tərcümə etmək və nümayiş etdirmək lazımdır”.


T.Tahiroviçin fikrincə, indi texnologiya dövrü olduğu üçün uşaqlar artıq özləri cizgi filmlərinə baxır, oyun oynayırlar. Belə ki, artıq onların kinoteatra marağı yoxdur: "Məcburi əmək olaraq bunu məktəblərdə həyata keçirə bilərlər. Amma kim keçirəcək? Bax, bu, maraqlıdır. Mən Azərbaycan Kinematoqrafçılar İttifaqının idarə heyətinin üzvüyəm. Mənim kənd səyyar kinoteatrı yaratmaq təklifim rəhbərlik tərəfindən də bəyənilmişdi. İstəyirdim ki, rayonları gəzək, kinoseansları verək, məktəblərdə film nümayiş etdirək. Amma pandemiya buna imkan vermədi. Bununla belə, məktəblərdə bunu həyata keçirmək lazımdır”.
Uşaqlara kino zövqü aşılanmalıdır
Rejissor Rufət Şahbazov hesab edir ki, Rusiyada böyük kino məktəbləri olduğundan və kino sektoru inkişaf etdiyindən, bu tip təkliflərin yaranması da təbiidir: "Rusiyada kino sektoru inkişaf etmiş sahədir. Bizdə isə bu sahə o qədər inkişaf etməyib. Əlbəttə, orta məktəblərdə bizim klassiklərin filmlərinin nümayişini müsbət dəyərləndirirəm, ancaq hesab edirəm ki, ilkin olaraq bu cür təşəbbüsü ali məktəblərdə reallaşdırmaq lazımdır. Filmləri incələmək, detallarına getmək, rejissor işinin, ssenarisinin düsturunu tapmaq və onları tələbələrə aşılamaq daha yaxşı olardı. Hazırda yeni mədəniyyət nazirimiz var. Biz ümid edirik ki, mədəniyyət və incəsənətimizin bütün sahələrində daha güclü inkişaf başlayacaq. Müasir dünya kinosunu daha çox öyrənilməsi, klassiklərin filmlərinin incələnməsi daha çox olacaq. O cümlədən, dərsliklər tərcümə olunacaq və ali məktəb, kinematoqrafiya kursları, kolleclər səviyyəsində öyrəniləcək. Yalnız bundan sonra Azərbaycanda kino orta məktəblərdə nümayiş oluna bilər”. Rejissor hesab edir ki, milli filmlərimiz haqqında dərsliklərdə məlumatlar yer almalıdır.

Belə ki, şagirdlər nəinki kino haqqında, həm musiqimiz, ədəbiyyatımız, rəssamlığımız haqqında öyrənməli, klassiklərimizin haqqında məlumat bilməlidirlər: "Bu, çox vacibdir. Çünki uşaqlar sosial şəbəkələr, "Youtube”, "İnstaqram” kimi platformalarda olan videoların zövqündə böyüyürlər. Ona da baxmalıdırlar. Yəni biz buyuq, bu da var. Uşaq orta məktəbdən "dramaturgiya” sözünü başa düşsə, sabah incəsənət sahəsinə ayaq atanda, bu, onun üçün böyük bilgi olacaq. Təəssüf ki, bizim sahədə olan insanların çoxunun heç dramaturgiya anlayışı, bu barədə təsəvvürü yoxdur. Çoxu "dramaturgiya” deyəndə "drama” başa düşür. Bu, çox gülməlidir. Orta məktəbdən bu bilgilər verilməli, uşaqlara kino zövqü aşılanmalıdır. Mərhum rejissorların, o cümlədən yaşayan korifeylərimizin - Eldar Quliyevin, Elxan Cəfərovun, Elçin Musaoğlunun, İlqar Nəcəfin filmləri haqqında onların təsəvvürü olmalıdır. Bu rejissorların ustad dərsləri keçirilməlidir. Bəzən ildə bir dəfə xaricdən rejissor dəvət edib ustad dərsi keçirlər. Nəyə görə, gənclərə yaşayan canlı rejissorlarımızın, korifey sənətkarlarımızın ustad dərsləri keçirilmir? İndi gənclər çalışır, yetişmək istəyən, üzərilərində işləyənlər var. Hesab edirəm ki, orta məktəblərdə filmin nümayişlərində bizim rejissorlardan dəvət olunmalı, onlarla şagirdlərin tanışlığı baş tutmalıdır”.
Rejissor, ümumiyyətlə, filmlərin nümayişinin problem olduğunu qeyd edərək bildirir ki, hazırda Azərbaycanda kinonu inkişaf etdirmək üçün ən çox maliyyəni kinonun bazarına, məsələn, kinonun nümayiş yerlərinə - kinoteatrlara yönləndirmək lazımdır: "Hər janrda filmlər çəkilməlidir. Hətta müəllif filmləri də çəkilməlidir - ya internet portalı, ya kinoteatr ya televiziya üçün. Sadəcə, filmin nümayişi üçün yer olmalıdır. Film təkcə xarici festivala gedib itməməlidir. Film kütlənin baxması üçündür. Əgər filmə tamaşaçı baxa bilmirsə, nə üçün çəkilir? Film çəkilirsə, tamaşaçıya təqdim olunmalıdır. Tamaşaçı da kütləvi şəkildə o filmə baxmalıdır. İrəlidə "Netflix” kimi portallar olmalıdır ki insanlar öz məhsullarını nümayiş etdirməyə yer olsun, məhsullar da rəfdə qalmasın”.
Rejissor, həmçinin dünya kinematoqrafiyası, kursları, rejissor işi, qurğu, montaj və s. mövzularla bağlı dünyanın ən öndə gedən professorlarının yazdığı kitabların dərslik kimi tərcümə olunmamasını da böyük problem adlandırır: "Mən bu mövzuları oxumaq üçün Türkiyə və Rusiyadan kitablar sifariş verirəm. Azərbaycanda bu mövzuda tərcümə olunmuş ədəbiyyat tapa bilmirəm. Bizdə kinematoqrafiyaya aid olan kitablar dünya kinosunun incəliklərini öyrənməyə kifayət eləmir. Bu yaxınlarda Həmidə Ömərova mənə ABŞ kino tarixi haqqında kitab verdi. Mən ordan, sadəcə tarix oxuyuram. Amma rejissor üsulunun yöntəmləri, dünya rejissorlarının əl uzatdığı düsturlar haqqında dərslik formasında tərcümə olunmuş kitablar yoxdur. Çox istərdim ki, bu kitablar Azərbaycan dilində də olsun”.
Yeni filmlər çəkilməlidir
Rejissor Ramin Hacıyevin fikrincə, ilk növbədə "Köhnə filmlərin məktəblərdə nümayişi bizə nə verəcək?” sualına cavab verilməlidir. Bizdə, əsasən sovet dövründən qalan filmlərdir. Yeni filmlər çəkilmir, köhnədən qalanlar da, demək olar ki, azdır. Yadımda yalnız sovet filmləri qalıb. Onlar da pioner, komsomol təbliğatından bəhs edir. "Şir evdən getdi”, "Ögey ana” və s. kimi filmlər var. 3-4 filmi göstərməklə nə əldə etmək olar? Təkcə köhnə filmlərlə iş bitmir”. Rejissor hesab edir ki, ümumiyyətlə, yeni filmlər çəkilməlidir: "Hazırda komediya filmləri, videofilmlər çəkilib. Nə qədər uğurlu olub-olmadığını demək çətindir. Komediya və dram serialları çəkilib və baxılıb. Bir neçə ildir ki, televiziyalar serial sarıdan durğunluq yaşayır. Bu sahədə irəliləyiş yoxdur”.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər