• çərşənbə axşamı, 23 aprel, 17:32
  • Baku Bakı 24°C

“Məktəb və teatr”

03.11.14 18:10 2128
“Məktəb və teatr”
Akademik Milli Dram Teatrı Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə birgə “Məktəb və teatr” adlı bir layihə həyata keçirir. Sözügedən layihə ətrafında müzakirələr aparmaq, əməkdaşlıq əlaqələrinin perspektivlərini müəyyənləşdirmək məqsədi ilə Bakı məktəblərini təmsil edən valideyn komitələrinin nümayəndələri və təhsil müəssisələrində çalışan məktəbdənkənar iş üzrə mütəxəssislərlə Akademik Milli Dram Teatrında görüş olub.
Toplantıda çıxış edən Akademik Milli Dram Teatrının direktoru, sənətşünaslıq doktoru, professor İsrafil İsrafilov müsətqillik illərində gənc nəslin mənəvi tərbiyəsində təhsilin əhəmiyyətindən danışıb. Dövlət quruculuğu işində təhsil və mədəniyyət işçilərinin üzərinə düşən məsuliyyəti xüsusi qeyd edən direktor, onu da vurğulayıb ki, yetişməkdə olan gənc nəslin arasında milli mədəniyyətimizin və incəsənətimizin təbliği, məktəblilərdə teatr sənətinə marağın artırılması məqsədinə xidmət edən “Məktəb və teatr” layihəsinin uzunmüddətli olacağı nəzərdə tutulur.
Layihənin mahiyyəti, məqsəd və vəzifələri haqqında məlumat verən İ.İsrafilov hər məktəbdə açılacaq məktəblinin teatr guşəsində Akademik Milli Dram Teatrının aylıq repertuarı ilə yanaşı, ölkənin teatr həyatında baş verən önəmli yeniliklər, görkəmli teatr xadimləri – dramaturqlar, rejissorlar, aktyorlar haqqında mütəmadi şəkildə məlumatlar yerləşdiriləcəyini də bildirib.
Layihədə Məktəblərdə fəaliyyət göstərən dram, bədii qiraət, rəqs, pantomim dərnəklərinin işində iştirak edən şagirdlərə teatrda çalışan mütəxəssislər tərəfindən peşəkar yardımın göstərilməsi də nəzərdə tutulur. Belə ki, layihəyə əsasən, təcrübəli sənətkarlar incəsənət sahəsinə marağı olan yeniyetmə və gənclərə istiqamət verəcək, öz məsləhətləri ilə onlara dəstək olacaq. Bundan başqa Akademik Milli Dram Teatrı məktəblərdə keçirilən sənət müsabiqələrinin təşkilinə əməli köməklik göstərəcək.
Layihəyə görə, yaradıcı heyətinin məktəblilərlə görüşünün təşkili, göstərilən tamaşaların müzakirəsi də nəzərdə tutulur. Əldə olunan razılığa əsasən, tamaşaya baxdıqdan sonra şagirdlərə tamaşa haqqında fikir bildirmək üçün şərait yaradılacaq. Bu zaman şagirdlər öz təəssüratlarını yaradıcı heyətlə bölüşmək, onları maraqlandıran sənət məsələlərini müzakirə etmək imkanı qazanacaqlar.
İsrafil İsrafilov onu da qeyd edib ki, Akademik Milli Dram Teatrının cari repertuarında məktəblərin tədris proqramlarında yer alan əsərlər mövcuddur. Eyni zamanda təhsil müəssisələrinin də repertuarın tərtibinə öz təkliflərini verməsini xahiş edib.
İ.İsrafilov çıxışının sonunda bu layihəni dəstəklədiyi üçün, Təhsil naziri cənab Mikayıl Cabbarova təşəkkürünü bildirərək, bir daha vurğulayıb ki, Akademik Milli Dram Teatrı təhsil işçiləri ilə hər cür əməkdaşlığa hazırdır, milli mədəniyyət və incəsənətimizin, təhsilimizin inkişafına yönəlmiş hər bir konstruktiv təklif Akademik Milli Dram Teatrının rəhbərliyi tərəfindən dəyərləndiriləcək.
Altay Cəfərsoy
banner

Oxşar Xəbərlər