• cümə, 29 Mart, 01:28
  • Baku Bakı 7°C

Məktəb direktorları üçün təlimlər keçiriləcək

04.11.13 18:11 1312
Məktəb direktorları üçün təlimlər keçiriləcək
Təhsil Nazirliyi ümumi təhsil müəssisələrinin idarə edilməsinin səmərəliliyini və nəticə yönümlüyünü artırmaq məqsədilə Bakı şəhərində fəaliyyət göstərən ümumi təhsil məktəblərinin direktorları üçün təlimlər keçirəcək.
Nazirlikdən APA-ya verilən xəbərə görə, təlimlərə 2014-cü ilin əvvəlindən başlanacaq.
Cari ilin sonuna qədər iştirakçıların müsabiqə əsasında seçiminin yekunlaşdırılması planlaşdırılır. Layihənin əsas məqsədi təlim iştirakçılarının idarəetmə sahəsində bilik və bacarıqlarının artırılmasıdır. Təlimlərdə məktəb direktorları ilə yanaşı, pedaqoji təcrübəyə malik digər şəxslər də iştirak edə bilərlər. Təlimlər səmərəli məktəb, kurikulum və idarəetmə, təhsilalanlar və idarəetmə, təhsilverənlər və idarəetmə, maliyyə və mühasibatlığın əsasları, məlumatın toplanması və təhlili, hesabatların hazırlanması və məktəb idarəetməsinin hüquqi əsasları mövzularını əhatə edəcək. Müxtəlif modullar əsasında təşkil ediləcək təlimlər 10-12 həftə davam edəcək. Təlimin yekununda uğur sertifikatı əldə etmiş iştirakçıların ümumi təhsil müəssisələrində müxtəlif pilot layihələrin həyata keçirilməsinə cəlb olunması planlaşdırılır. Bu tip pilot layihələr özünüidarəetməyə keçid, şagirdbaşına maliyyələşmə mexanizminin tətbiqi, məktəb icmalarının təşkili və digər islahatların həyata keçirilməsini əhatə edəcək.
Qeyd olunan tədbir “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulan təhsilin idarə olunmasında şəffaflığın təmin olunması, təhsilin nəticələrinə görə cavabdehliyin artırılması, məktəb liderliyi keyfiyyətinə sahib olma, nəticəyönlü menecmentin və digər müasir idarəetmə texnologiyalarının prosesə tətbiqini ehtiva edir. Təlimin məzmunu və iştirak üçün müraciət qaydaları haqqında yaxın vaxtlarda ictimaiyyətə əlavə məlumat veriləcək.
banner

Oxşar Xəbərlər