• cümə axşamı, 28 mart, 15:02
  • Baku Bakı 16°C

“Məktəb açmaq bina tikib, uşaq yığmaqdan ibarət deyil”

04.07.14 09:54 4829
“Məktəb açmaq bina tikib, uşaq yığmaqdan ibarət deyil”
- “Kaspi” liseyi hansı zərurətdən yarandı?
- “Kaspi” liseyi “Kaspi” Təhsil Şirkətinin yeni açılmış liseyidir. Ancaq biz liseyin açılmasına bu yaxınlarda qərar verməmişik. Bu şirkət artıq 8-ci ildir ki, fəaliyyət göstərir. 8 illik fəaliyyət təhsil sahəsində təcrübə yığmağa, onu düzgün başa düşməyə kifayət qədər kömək edib. Təhsil şirkəti təsis olunan da gələcəkdə lisey də açılacağı bəlli idi. Şirkətin bünövrəsi qoyulanda razılaşdırılmış məsələlərdən biri də bu idi ki, 5 il ərzində məktəb təsis etməliyik. Biz məktəb açmağın çox məsuliyyətli bir iş olduğunu bilirik. Məktəb açmaq bina tikib ,uşaq yığmaqdan ibarət deyil. Burada təhsil sistemini, tədrisi, metodikanı, proqramları, müəllimlərin işini düzgün başa düşmək lazımdır. Şirkətimizin ilk təcrübəsi ingilis dili tədrisi ilə bağlı idi. Biz bir il ərzində Bakıda ən böyük ingilis dili məktəbinə çevrildik. Bu günə qədər 10-minə yaxın adam “Kaspi”nin ingilis dili kurslarından faydalanaraq ingilis dilini mükəmməl şəkildə öyrənib. Onlardan bir çoxu dil öyrəndikdən sonra xaricdə təhsil alıb. Növbəti mərhələdə 2008-ci ilin sonunda abituriyent hazırlığına başladıq. Bilirsiniz, bu yuxarıya doğru addımdır. Şagirdləri ali məktəbə hazırlayır. Bu bizə kömək edir ki, yuxarı siniflərin vəziyyətini doğru anlayaq. Həm ikillik, həm də bir illik proqramlarla məktəbin beş -altı illik keçirilmiş proqramının təkrarını həyata keçiririk. Bununla yanaşı kadrlar yığılırdı, müəllimlər yoxlanılaraq işə götürülürdü. Bu da bizə təkan oldu ki, sahəni öyrənək. Bundan sonra “Kaspi kids” məktəbəqədər hazırlıq kurslarını açdıq. Burda məqsəd o idi ki, biz ibtidai siniflərin fəaliyyətini başa düşək. Artıq 4-cü ildir ki, “Kaspi kids” də fəaliyyət göstərir. Azərbaycanda həcminə görə ən böyük məktəbəqədər hazırlıq mərkəzidir. Paralel olaraq bir xaricdə təhsillə də məşğul oluruq. “Kaspi”nin xarici təhsil xidməti 100-dən artıq universitetlə, orta məktəblə, hazırlıq mərkəzləri ilə partnyordur. Bu da bizə xarici təcrübəni öyrənməyə kömək etdi. Bundan əlavə Azərbaycan məktəblilərinə və gənc müəlimlərə kömək etmək məqsədiylə təcrübəli və peşəkar müəlimləri cəlb etməklə siniflər üzrə fənlərin 500 video dərsi cəkərək sosial lajihə olan"Oxu TV" portalını yaratdıq, və ödənişsiz olaraq ictimaiyyətin istifadəsinə verdik. Bütün bunlardan təcrübə yığılması nəticəsində müəllim ehtiyatını daha da genişləndirərək bu liseyi açdıq.
Bütün sahələrdə olduğu kimi təhsildə də rəqabət inkişafa yol açır. Qeyd edim ki, ölkədə özəl təhsil müəssisələrinə baxsaq görərik ki, sayları azdır. Türk liseyləri var idi. Bir neçə də ingilis dilli məktəb- Oksford , British school kimi məktəblər var idi. 9 milyonluq əhali üçün barmaqla sayılacaq qədər az olan özəl məktəblər var.
İkincisi, Bakının bu hissəsində, yəni Sabunçu, Suraxanı, Nizami rayonlarını əhatə edən özəl məktəb yoxdur. Valideyn uşağını özəl məktəbə qoymaq istəyirsə, evindən çox-çox aralıda olan məktəblərə aparmalıdır.
Üçüncüsü, biz tədrisə fərqli baxış gətiririk. Hesab edirik ki, bu ölkənin gələcək təhsil sisteminə fayda verəcək.
- “Kaspi” liseyinin açılması Araz kurslarının və özəl türk liseylərinin bağlanması ərəfəsində baş verdi. Siz bunu təsadüf hesab edirsiniz?
- “Çağ” Öyrətim şirkəti Socarla birgə bəyanat yayıblar. Həmin bəyanatda buna aydınlıq gətiriblər. Bu birbaşa təsadüfdür. Təhsil sahəsində olanlar anlayır ki, məktəb açmaq bir ayın işi-beş ayın işi deyil. Məktəb açmaq üçün ən azı iki il əvvəldən bunu planlaşdırmalısan. Bu məsələlər hamısı çox təəssüf ki eyni vaxtda təsadüf etdi. Ancaq bizim bu məsələyə aidiyyatımız da yoxdur.
- Son günlər sosial şəbəkələrdə, ictimaiyyət arasında ən çox müzakirə olunan mövzu budur ki, Araz kursları və Türk liseyləri ona görə bağlandı ki, “Kaspi” liseyi açılır.
- Deməzdim ictimaiyətdə, ola bilər kimlərdəsə belə bir səhv təsəvvür var. Bəzi media orqanları da bu fikri yaratmağa çalışırlar. Bir daha deyirəm ki, biz 8 ildir ki, fəaliyyət göstəririk. Biz fəaliyyətə başlayanda da Araz Hazırlıq Kursları var idi. “Kaspi” olaraq biz həmişə sağlam rəqabətdə olmuşuq. Çalışmışıq ki, nəticələrimizi daha da irəli aparaq. Gedişat da onu göstərir ki, bu 8 il ərzində nə onlar bizdən, nə də biz onlardan təpki görmüşük.. Bu müddət ərzində də hər şey normal gedib.
- Mütəxəssislər qeyd edirlər ki, bu liseylərin bağlanması Azərbaycan təhsilinin məhvinə səbəb olacaq. Sizin görüşünüz nədir?
- Mən düşünmürəm ki, bütün ölkənin təhsili 10-11 litseyin üzərində qurulub, müəyən cətinlikləri istisna etmirəm, hər halda ölkədəki alternativlər diqqətdən keçirilib. Respublikada digər özəl məktəblər də var ki uşaqlar həmin özəl məktəblərdə təhsillərini davam etdirə bilərlər. Və yaxud dövlətin yüksək səviyyədə təhsil verən liseylərini də seçə bilərlər.
Hazırda “Kaspi” liseyi də 9-cu sinifə qədər sənəd qəbulu elan edir. Həmin uşaqlar özünə uyğun məktəb axtarırsa, düşünürük ki, biz burada keyfiyyətin yaxşısını onlara verə biləcəyik. Bir məktəbin alternativi də biz ola bilərik. Azərbaycanda özəl təhsil sfearası çox böyük deyil. “Kaspi” liseyinin açılmasının bunların bağlanması ilə əlaqəsinin olmadığını göstərən bir fakt da odur ki, bizim məktəb 10 və 11-ci sinif şagirdlərini qəbul etmir. Baxmayaraq ki nə qədər 10 və 11-ci sinif şagirdləri bu qərardan sonra özlərinə məktəb axtarırlar. Biz əgər onların bağlanmasından fürsət götürüb açılmış olsaydıq, həmin şagirdləri də qəbul edərdik.
- Həmin liseylərin müəllim kontingentindən “Kaspi” liseyində istifadə olunacaqmı?
- Hazırda bizə həmin liseylərin müəllimlərindən müraciətlər var. Biz onsuz da liseyin müəllim qəbulunu elan etmişik. Hazırda “Kaspi”nin liseylərinə və hazırlıq mərkəzlərinə hər il olduğu kimi müəllim qəbulu aparılır. Qəbul da əvvəlcədən qəbul edilmiş standartlara əsasən həyata keçirilir. Uyğun gələn iddiaçılar birinci mərhələdə imtahana dəvət olunurlar. Test imtahanından keçənlər intervyuya dəvət olunacaqlar. Həm pedaqoji xüsusiyyətləri araşdırılıcaq, həm də psixoloji məqamlara diqqət yetiriləcək. Bu intervyudan keçən müəllimlər isə açıq nümunəvi dərslərə dəvət olunacaqlar. Onlar mövzular seçib dərslər təqdim edəcəklər. Həmin dərslərdə də onlar müşahidə olunacaqlar. Son variantda seçilənlər işə qəbul olunacaq və liseydə onlara treninq keçirilməyə başlanılacaq. Bizim yeni tədris sistemi, texnologiyalardan, ağıllı lövhələrdən istifadə barədə bir ay ərzində təlim keçəcəklər ki, sentyabra hazır olsunlar. Bu bizə müraciət edən iddiaçıların hamısına şamil olunacaq. Kaspi peşəkar fəaliyətnən məşğuldur,öz standartları var.Bu standartlara cavab verən hər kəs bizimlə işləyə bilər. İstənilən halda müəllimlərimizi bu süzgəcdən keçirəsiyik.
- Liseyin şagird tutumu nə qədərdir?
- Bina iki korpusdan ibarətdir. Məktəbin gücünə uyğun 1000 nəfər tələbə götürmək imkanımız var. Amma bu il 1000 nəfər götürmək istəmirik. Biz məktəbin gücünün 30-40 faiz həcmində fəaliyyətə başlayacayıq.Hazırda sənəd qəbulu gedir. Yüzlərlə müraciətlər var. I sinifdən IV sinfə qədər olan hissəni təşkil etdiyimiz komissiya intervyu edəcək. Kriteriyalara uyğun gələn uşaqları məktəbə qəbul edəcəyik. V- IX siniflər isə riyaziyyat, məntiq, ana dilindən test imtahanı verəcəklər. İmtahandan keçən şagirdlərimizi məktəbə qəbul edəcəyik. Təhsil ödənişli olmasına baxmayaraq imtahanla həyata keçirilir.
- Təhsil haqları nə qədərdir?
- Hazırda 4500 manatdır. Məktəbin əslində hesablayıb qoymaq istədiyi qiymətin kifayət qədər aşağısındadır. Təhsil sahəsi kifayət qədər investisiya tələb edən sahədir. Bizim bu məktəbin qiymətini aşağı qoymaqda da baxışımız budur ki, hazırda qiymət qaldırıb gəlir qazanmaq niyyətində deyilik. Sadəcə olaraq bu sahədə təhsilin inkişafına kömək etmək istəyirik. Məktəbin də şərtlərinə baxsaq, bu qiymət ən yaxşı halda onun xərclərini bağlaya bilər. Binada, dərs otaqlarında yüksək səviyyəli şərait yaradılıb. Şagirdlərin məktəb formalarını da lisey verəcək. Həmin paltarlar ölkədən kənarda sifariş olunub. Məktəb onların yüksək çeşidli və zəngin, gigiyenik naharla da təmin edəcək. Dərslərdən sonra saat beşə qədər uşaqlar bütün əlavə məşğələlərdən, rus dili ingilis dili, idman , şahmat, musiqi , rəqs, rəsm və s. yararlana biləcəklər.
- Növbəti illərdən qiymət qalxacaq?
- Ola bilər. Biz həm də bu il qiymətləri aşağı müəyyən etmişik. Gələn ildən qiymət qalxımı indidən bilmək olmaz.
- Liseyin yataqxanası varmı?
- Var. Amma bu il onu fəaliyyətə verməyəcəyik. Çünki yataqxana tamamilə ayrı bir sahədir. Burada məktəb çox böyük məsuliyyəti üzərinə götürür. Bu o deməkdir ki, uşaqların bütün günü burada keçəcək. Biz düşünürük ki, bu təhsildən kənarda ayrıca bir işdir. Biz bina olaraq buna hazırıq. 100 nəfərlik tutumu olan yataqxana var. Biz hələ ki, təhsil işini başlayaq. Gələn il bu məsələni götür qoy edərik.
banner

Oxşar Xəbərlər