• cümə, 29 Mart, 09:57
  • Baku Bakı 5°C

Meksikalıların Rusiyada ümidi olacaq “balaca noxud” - Portret

25.11.17 11:00 6794
Meksikalıların Rusiyada ümidi olacaq “balaca noxud” - Portret
Gələn il bütün futbol dünyasının gözü Rusiyada olacaq. Bu ölkə dördilliyin ən nəhəng futbol turniri olan futbol üzrə dünya çempionatına ev sahibliyi edəcək. Yenə sevinc, kədər, həyəcan bir-birinə qarışacaq, yalnız bir komanda isti yay günlərində soyuq şimal ölkəsində keçirilən nəhəng yarışdan kubokla ayrılacaq. Lakin bu cür böyük turnirlərdə yalnız çempion yox, bura vəsiqə qazanan bütün millilər qalib sayılır. Bu cür yarışa "bilet” əldə etməyin özü belə, artıq qalib olmaq deməkdir. Təsadüfi deyil ki, DÇ-2018-in seçmə mərhələ səddini dünyanın bir neçə sayılıb-seçilən nəhəng yığmaları da keçə bilmədi. Ancaq bəzi ölkələr də var ki, mundialda böyük uğurlar qazanmasa da, həmişə bu mötəbər turnirin iştirakçılarından olur, öz oyunu ilə futbol azarkeşlərinə zövq yaşadır.

Bu cür millilərdən biri də Meksika yığmasıdır. Mərkəzi amerikalılar bu il tarixi ərzində 16-cı dəfə (gələn il keçiriləcək dünya çempionatı sayca 21-ci olacaq) dördilliyin ən mötəbər idman yarışına vəsiqə qazandı. "Üçrənglilər” seçmə mərhələdə keçirdiyi 10 oyundan 21 xal toplayaraq, dünya çempionatına "bilet” əldə etdi.
Yuxarıda vurğuladığımız kimi, Meksika millisi heç də dünya çempionatlarının favoritlərindən deyil. Lakin "asteklər” mundiallarda sabit çıxışları ilə seçilirlər. Son 6 dünya çempionatının iştirakçısı olmuş meksikalılar, bu yarışların hamısında qrup mərhələsini adlayıb, ancaq bütün hallarda 1/8 finalda mübarizəni dayandırıb. "Üçrənglilər” yalnız iki dəfə - doğma meydanda keçirilən mundiallarda (1970, 1986) 1/4 finala kimi irəliləməyə nail olub.

Meksika kimi yığmaların heyəti ulduz futbolçularla zəngin olmur. Əsasən, komanda oyununa arxalanan bu cür millilərin heyətini bir və ya iki ulduz "bəzəyir”. Meksika azarkeşləri Rusiyada Xavyer Ernandesə güvənir. Məhz onun "asteklər”i arxasınca apararaq, "1/8 final” lənətini qıracağına inanırlar. Bu yazıda sizə Meksika futbolunun son illərdə yetişdirdiyi ən istedadlı hücumçulardan olan, Avropanın "Real”, "Mançester Yunayted” kimi nəhəng klublarında top qovmuşÇiçarito ləqəbli Xavyer Ernandesdən bəhs edəcəyik.

Futbol onun qanındadır
Xavyer Ernandes 1988-ci il, iyunun 1-də Meksikanın Qvadalaxara şəhərində dünyaya gəlib. Onun futbola necə gəlməsinin tarixini uzun-uzadı araşdırmağa ehtiyac yoxdur. Elə təkcə, atası və babasının vaxtilə futbol üzrə Meksika millisinin əsas üzvlərindən olduqlarını demək kifayətdir. Yəni belə deyək, Çiçaritonun top oyununu seçməsi üçün xüsusi bir səbəb yoxdur, sadəcə, futbol onun qanındadır.

Onun babası Tomas Balkazar DÇ-1954-də Meksika millisinin heyətində yer almış, hətta Fransa ilə qarşılaşmada (2:3) komandasının 2 qolundan birinə də imza atmışdı. Maraqlıdır ki, bundan 56 il (!) sonra onun nəvəsi Xavyer də babasının bu uğurunu təkrarladı. Lakin babasından fərqli olaraq, Çiçaritonun Fransa millisinə vurduğu qol meksikalılara qələbə qazandırdı (2:0).

Onun atası da mundial iştirakçısı olub. Xavyer Ernandes Qutyerres 1986-cı ildə, vətəndə keçirilən dünya çempionatında Meksika millisinin heyətində yer alıb.

Kiçik Xavyer futbolun sirlərinə 9 yaşında, yerli "Qvadalaxara” klubunda yiyələnməyə başlayıb. Onun yüksəlişi çox qısa olub. Cəmi 15 yaşında bu klubla ilk peşəkar müqaviləsini bağlayıb. 18 yaşında isə ölkə çempionatında ilk oyununu keçirib. Çiçarito həmin mövsümdə şans qazandığı 7 oyunda 1 qola imza atıb. Bu hücumçunun çıxışı çox çəkmir ki, Avropanın istedad axtarışında olan, ayıq-sayıq skautlarının diqqətindən yayınmır. Onun "izinə” ilk düşən nəhəng isə "Mançester Yunayted” olur. 2009-cu ildən Çiçaritonu izləməyə başlayan mankunianların nümayəndələri nəhayət, onunla bağlı yekun qərarı verirlər - Transfer edilməlidir!

Gənc yaşda başlayan legioner karyerası
Mərkəzi və Cənubi Amerika ölkələrində top qovan bir çox futbolçu Avropa xəyalı ilə yaşayır. Lakin onların "köhnə qitə”nin nəhəng klublarına yolu heç də hamar olmur. Amerikalı istedadlar top oyunundakı bacarıqlarını nümayiş etdirmək, ulduzlar mərtəbəsinə yüksəlmək üçün ilk növbədə Avropanın Hollandiya, Belçika kimi "ikinci eşelon” ölkələrindən körpü kimi istifadə etməli olurlar. Bəzi oyunçuların isə bu cəhətdən bəxti gətirir. Bu futbolçular elə gənc yaşlarında nəhənglərin diqqətini cəlb edirlər. Çiçarito da bu oyunçulardan olur. "Qırmızı şeytanlar” gənc istedadın transferi üçün 7,5 milyon avrosundan keçməli olur. 2010-cu ilin aprelində mankunianların üzvü olan Çiçarito həm də, ölkəsinin futbol tarixinə düşür. Belə ki, o, "Mançester Yunayted”də forma geyinən ilk meksikalı olur.

Futbol dahisinin etimadını qazanan meksikalı
Çiçarito "Mançester Yunayted”dəki ilk mövsümündə bu komandanın o vaxtkı baş məşqçisi, futbol dahilərindən hesab edilən Aleks Ferqyusonun etimadını qazana bilir. Xavyer Premyer Liqadakı ilk mövsümündə 15-i əsas heyətdə olmaqla, cəmi 27 matçda şans qazanır ki, bu oyunlarda da 13 dəfə rəqib qapılara yol tapır. Ümumilikdə isə meksikalı mövsümü 20 qolla başa vurur. Şotlandiyalı mütəxəssis növbəti mövsümlərdə də ona şans verir. O, 2011/12 və 2012/13 mövsümlərində müvafiq olaraq 12 və 18 qola imza ataraq, məşqçinin ümidlərini qoğruldur.
Eniş dövrü, bir illik "Real” macərası
Maraqlıdır ki, Ferqyusonun məşqçi karyerasını bitirib, "Mançester Yunayted”dən ayrılmasından sonra Çiçaritonun oyununda eniş yaşanır. O, növbəti mövsümdə cəmi 4 qola imza atır. Çiçaritonun mankunianlarda əsas heyətə düşməkdə çətinlik çəkməsi Avropanın başqa nəhəng klubu - "Real”ı hərəkətə keçirir. "Kral klubu” 3 milyon avro qarşılığında meksikalını 1 illik icarəyə götürür. Lakin Xavyer Madrid təmsilçisində əsas heyətə düşməkdə çətinlik çəkir. Çiçarito La Liqada mövsüm ərzində cəmi 7 dəfə əsas heyətdə yer alsa da, bu, ona 7 qol vurmağa mane olmur. Ancaq icarə müddətinin sonunda "Real” onu komandada saxlamamaq qərarı verir. Beləliklə, Çiçarito "Mançester Yunayted”ə geri qayıdır.

"Bayer”də liderə çevrilən Çiçarito
Ancaq "Mançester Yunayted” də onu istəmir. Meksikalının potensialının tükəndiyini düşünən "qırmızı şeytanlar” onu 12 milyon avro qarşılığında "Bayer”ə göndərir. Xavyer isə "asprinlər”in heyətində mankunianların yanıldığını sübut edir. Leverkuzen təmsilçisində keçirdiyi 76 oyunda 39 qola imza atan Ernandes, komandanın liderlərindən olur. Bu il isə Çiçarito İngiltərəyə qayıdır. Premyer Liqa təmsilçisi "Vest Hem” 17,8 milyon avro qarşılığında 29 yaşlı hücumçunu heyətinə cəlb edir. London təmsilçisində əsas heyətin üzvü olan Çiçarito, cari mövsümdə şans qazandığı 11 oyunun hamısında start heyətində şans qazanıb. Ancaq meksikalı əvvəlki məhsuldarlığından bir qədər geri qalır. Belə ki, o, bu oyunlarda cəmi 4 dəfə rəqib qapılarına yol tapıb.
Meksika millisinin rekordçusu
Çiçarito millidə 2009-cu ilin sentyabrında, Kolumbiya ilə oyunda (1:2) debüt edir. O, yığmada ilk qoluna 2010-cu ilin fevralında, Boliviya ilə yoldaşlıq oyununda imza atır. Hücumçu komandasının 5:0 hesablı qələbəsinə 2 qolla töhfə verir. Çiçarito DÇ-2010-da Meksika millisinin əsas üzvlərindən olur. O, Fransa üzərində qələbəyə (2:0) bir qolla töhfə verməklə yanaşı, Argentinaya məğlubiyyətdə (1:3) komandasının təsəlli qoluna imza atır. DÇ-2014-də də Meksika millisinin heyətində yer alan Ernandes, "üçrənglilər”i növbəti mərhələyə daşıyan Xorvatiya ilə vacib oyunda (3:1) komandasının 3-cü qoluna imza atır. Son illərdə Meksika millisinin "vuran ayağı”na çevrilən Çiçarito, bu il yığmanın rekordçusu oldu. O, Xorvatiya ilə yoldaşlıq görüşündə (1:2) fərqlənərək, millinin tarixi ərzində ən yaxşı bombardir olan Xared Borqettinin (46 qol) rekordunu qırdı. Hazırda Ernandesin hesabında 49 qol var. Onun cəmi 29 yaşı olduğunu nəzərə alsaq, ciddi bir hadisə baş verməsə, bu göstəricinin bir xeyli də artacağını gözləmək olar.

Niyə Çiçarito?
Ernandesə atasından təkcə futbol istedadı keçməyib. Belə ki, o, Çiçarito ləqəbini məhz atasından alıb. Yaşıl gözlü ata Ernandes, məhz buna görə "Çiçaro” (ispanca - noxud) ləqəbini almışdı. Meksikalılar onun oğluna da bu ləqəbi verir və onu "Çiçarito” (balaca noxud) adlandırırlar. Ernandes bu ləqəbi o qədər sevir ki, hətta oynadığı klublarda formasının arxasına məhz bu adı yazdırır. Bu gün də bir çox futbol azarkeşi onu Xavyer Ernandes yox, məhz Çiçarito adı ilə tanıyır.
Oyun tərzi
Onun meydanda əsas xüsusiyyətləri sürətli, texnikalı və dəqiq olmasıdır. Bir sözlə, hücumçuya lazım olan əsas keyfiyyətlərə malikdir. Çiçarito hər bir forvard kimi cərimə meydançasında xüsusilə təhlükəlidir. Əsasən yaxın məsafədən fərqlənən Xavyer, "fürsətcil hücumçu” kimi də tanınır. Onun hər iki ayağı işləkdir. Yəni həm sağ, həm də sol ayağından eyni ustalıqla istifadə etməyi bacarır. Almaniya millisinin sabiq hücumçusu Rudi Föller onun barəsində "Çiçaritonun hər zərbəsi qol olmur, ancaq o, topun istiqamətini müəyyənləşdirmək baxımından inanılmaz hissiyata malikdir” deyir. Aleks Ferqyuson isə onu cəld, hər iki ayağından istifadə etməyi bacaran, texnikalı - əsl hücumçu adlandırırdı.

Xoşməramlı səfir
Çiçarito 2012-ci ilin mayından Meksikanın UNİCEF-dəki xoşməramlı səfiridir. Onun burdakı əsas missiyası isə uşaq və yeniyetmələri təhsildən uzaq düşməkdən çəkindirmək, bu istiqamətdə görülən işlərdə, tədbirlərdə yaxından iştirak etməkdir. Çiçarito dindardır. Katolik olan Ernandes oyunlardan öncə etdiyi dualarla da diqqət çəkir. Belə ki, o, bir çox oyundan öncə diz üstə çökərək, tanrıya dua edir.
Portret

İntizamlı, cəld, mübariz olan Çiçarito hər bir məşqçinin sərəncamında görmək istədiyi hücumçulardandır. O, gənc yaşında "Mançester Yunayted”ə transfer ediləndə də, bu komandanın əsas üzvlərindən birinə çevriləndə də "ulduz xəstəliyi”nə tutulmadı. Qalxdığı yüksəklikdən aşağı endikdə, "Real”, "Mançester Yunayted” kimi nəhənglərdən "Bayer” kimi ortababa keçəndə isə futbol həvəsi azalmadı, oyununda geriləmə müşahidə edilmədi. Eyni əzmkarlıqla davam etdi. İndi meksikalı futbol azarkeşləri ondan bu intizamı, əzmkarlığı gələn il Rusiyada da nümayiş etdirməsini gözləyirlər. Ancaq Çiçaritoya gələn ilki mundialda daha bir xüsusiyyət - liderlik də lazım olacaq. Onun lider kimi öz missiyasının öhdəsindən necə gələcəyinə isə mundialda şahidlik edəcəyik.
Elnur

banner

Oxşar Xəbərlər