Məhvedici pərinin xatirələri
Yazarla varlığı-yoxluğu təsdiqini
tapmamış pəri arasındakı real, universal və qarşısıalınmaz əlaqə əsrlərdir
həssas problem kimi mövcudluğunu qoruyur. Sənət əsərlərini ölümsüzləşdirən bu
məsələnin həssaslığıdır, yoxsa məchulluğu orası da müəmmadır. Getdikcə hər
yaradıcı personanın – yazar, şair, rəssam, bəstəkar və s. – öz geometriyasında
kəşf edə bilmədiyi və ilham pərisi adlandırıldığı qənaətinə inanıram. Bir əsəri
sıfırdan yaradan adam üçün bu bələd olmadığı qüvvənin ortaya çıxıb, ona yol
göstərməsi bəxtəvərlik simvoludur. Amma Tanrını kişi kimi, ilham pərisini qadın
kimi təsəvvür etməyimizin səbəbi nədir? Onu bilmirəm. Bu başqa bir mövzunun
sualıdır.
İngilis dilindən tərcümə edən: Elcan SALMANQIZI
Bu əfsanəvi qadının gəlişi sevdiyimiz,
ovsunlandığımız bütün qadınların gəlişi kimi uğurlu sayılır. Zühuru ilə sanki
beyin damarlarına başqa tərkibli qan axını reallaşır. Yazarın ilham pərisi onun
nə yazmaq istədiyini aydınlaşdırır, hardan başlamalı olduğunu göstərir, tarixi
ardıcıllığı requlyasiya edir, bir-birinə keçmiş xətləri ayırır, cəmi bir
başvurmada ziddiyyətləri çeşidləyib gur işıqlı meydanın ortasında sıralayır.
Yazar üçün dünya qədər ağırlığı olan işləri bir qadın görürsə, niyə
"Kolleksioner”, "Cadugər”, "Həşərat”, "Daniel Martin” kimi hər qrupun şərəfinə
bir roman yazan Con Faulz qadın haqqında "Mantissa-nı yazmamalıydı?!
"Mantissa” Faulzun yaradıcılığında ən
kəskin tənqidlərlə üzləşən romandır. Bəs, bu kütləvi tənqidin səbəbi nə idi?
Erotika? Bu, Faulzun yaradıcılığının ana xəttidir.
O, həyatın əsas hərəkətverici
qüvvəsini sənətin də şah damarı hesab edir. Yəni, bu erotik tərz Faulz
oxucularına yad deyil. Yoxsa tənqidçiləri huşunu itirmiş yazıçı obrazı narahat
edib? Yeni bir şah əsərin, fərqli, fəlsəfi, ruhani tərəfləri olan bir nümunənin
doğuşu prosesinə girən hər incəsənət adamı huşunu itirir. Ətraf mühitlə əlaqəsi
kəsilir, ideya axınına girən beynini yuxusuzluq, gərginlik əldən salır. Faulz
"Mantissa”da yazıçı Mayls Qrin ilə ilham pərisi arasındakı fiziki və ruhi
münasibəti qələmə alır. Bəli, etiraf etmək lazımdır ki, bu romanda
avtobioqrafik nüansların olduğunun müəllif tərəfindən etirafı məni də bir oxucu
kimi müəmmalı vəziyyətə salıb. Amma bu da Faulzun üslubudur. O, insani olanla
qeyri-insani olanın arasındakı münasibətin, insanın dünyanı lərzəyə salan
ehtirasının təsvirinə həmişə məftundur.
Romanda Mayls ilə onu həm qüdrətli
yazara çevirən, həm də bir anda dağıdan ilham pərisi arasındakı şiddətli sevgi,
qayğı və yüksək dozada mənfəət dolu qədim münasibətə şahidlik edirik. Pərinin
yazara olan münasibəti birbaşa fiziki toxunuşlardan, intim doyumluluq hissindən
qidalansa da, real dünyaya aid olan Mayls üçün bu məhəbbət bir var, bir yox
hallusinasiyalara dönür. Faulz ironik və mərhəmətsiz yanaşma tərzini gur bir
fənər kimi yazar-ilham pərisi münasibətinə dırnaqarası baxan oxucunun gözünə
tutur. Oxucuya suallar verir, onu özünə sorğulatdırır. "incə və güclü bir tor”
hörərkən, müəllif eyni zamanda eşq, ədəbiyyat və erotikanı fərqli prizmalarda
toqquşduraraq, qarşı-qarşıya gətirir. Oxucunu düşüncənin məngənəsinə salmaq
üzrə olduğu hissələrdə onu əyləndirməyi də arxa plana atmır. Hər nə qədər
tənqidə məruz qalsa da, bu dördhissəli roman postmodern ədəbiyyatın ən uğurlu
nümunələrindəndir. Bəli, roman əvvəldən-axıra uzun fikir mülahizələri, çətin
anlaşılan fəlsəfi sicilləmələri, dialoqlardakı ittihamları ayırd etməkdə
qarşılaşdığımız çətinlikləri ilə yorucu təsir bağışlayır. Amma təkcə baş
qəhrəmanın dilindən qələmə alınan modern və postmodern roman sənəti haqqında
düşüncələrlə tanış olmaq üçün belə bütün çətinliklərinə dözüb, oxumağa dəyər.
Düzdür, Faulzun qəhrəmanı oxucu auditoriyası tərəfindən "yad” münasibət gördü.
Oxucu və tənqidçilər Mayls Qrini belə bir romanda çox "yersiz”, "ziddiyyətli”,
"mənasız” kimi dəyərləndirdilər. Halbuki, Qrin dünya ədəbiyyatında qarşımıza
çıxmayan obrazlardandır. Bəlkə də, Con Faulz qeyri-ənənəvi bir roman üçün
qeyri-ənənəvi bir qəhrəman yaratmağa çalışıb. Huşunu itirmiş bir obraz bu
utopik hadisələr və çılpaq müzakirələr üçün onun nəzərində uğurlu bir seçim
kimi görünüb. Amma mən baş qəhrəmanı ümumi fondan ayrı dəyərləndirmirəm. Burada
biz ümumi yekuna köklənməliyik.
Yazıçı Mayls Qrin gözünü xəstəxana
otağında açır. O, yaddaşını tamamilə itirmiş vəziyyətdədir. Hadisələr də elə
daha çox onun bu müdafiəsiz halı üzərində cərəyan edir. Baş verənləri Faulzun o
fəlsəfi və intellektual müşahidələrilə izləmək oxucuya daha müfəssəl duyğular
aşılayır. Qrini tərk etməyən sadiq dost isə ilham pərisidir. Erato qarşımıza
gah qayğıkeş bir həkim, gah bir boşboğaz, gah bir geyşa, bəzən bir meşə şahzadəsi
kimi çıxır. Qrinin yarıbulanıq dünyasını hər gəlişilə alt-üst edən bu
fövqəltəbii güc Faulzun bədənin və sözün hər zaman uyğunluq içrə olduğu
ideyasının, həqiqətin və yaradıcılığın təbiətindəki bir-birini tamamlama
funksiyasının, sənətin diqqətsiz qalması, ədəbiyyatın getdikcə sönük bir üsluba
yelkən açdığı fikrinin müdafiəçisidir.
Həyatın hər sahəsində rəqabət
vəziyyətində olan qadın-kişi münasibətlərinin incəsənət, ədəbiyyat kimi
məsələlərdə qurduqları balansın necə pozulmaq üzrə olduğunu göstərən səhnələr
isə bir ədəbi tənqidçi, analitik qabiliyyətli oxucu kimi mənim nəzərimdə
romanın ən düşündürücü hissələridir. Qadınların və dünyanın yaranış məqsədinin
sirri heç açılmayacağı məsələsində Con Faulzla tam razıyam. Dünyada sonsuz ömrü
olan iki sirr qalacağını iddia edən Faulz baş qəhrəmana çox yerində cavabı hələ
də axtarılan suallar verdirir: "Qadınlarla dürüstlük meydanında mübarizə
aparası olsan, başqa sözlə, söz savaşına girsən, hər zaman uduzarsan...
Görəsən, qadınlar sırf qarşılığı verilməyən duyğularının intiqamını almaq,
özlərindən daha üstün olanların beynini qarışdırmaq, diqqətini dağıtmaq, həyati
əhəmiyyət daşıyan intellektual istəklərini sovurmaq məqsədiləmi ədəbiyyatı kəşf
edib, ona da qadından bir hərəkətverici qüvvə göndəriblər?!”.
Digər romanlarından fərqli olaraq,
"Mantissa”da Con Faulzun mövzu əhatəliliyi baxımından daha spesifikləşdiyini
müşahidə edirik. Digər nümunələrdə yazar həyatın bir çox sahəsini ana xətlə
əlaqələndirib, əsas ideya ilə yanaşı, bir çox məsələ ilə bağlı düşüncələrini
çatdırır. Burada isə daha konkret – yazar və ilham pərisi - əlaqəsi işlənib.
Əgər Faulzun yaradıcılığının kəşfinə bu romanla başlasanız, məftun ola
bilərsiniz. Yox, əvvəllər 3-4 romanını oxumusunuzsa, tənqidçilərin iddia etdiyi
kimi roman sizə quru, ruhsuz, texniki təsir bağışlaya bilər. Romanı mövzu və
əsas məqsədin çatdırılması baxımından uğurlu saysam da, etiraf etməliyəm ki,
Faulzun tez-tez baş vurduğu hikkəli dialoqlar, parıltılı ifadələr, incə
göndərmələr belə bu quruluğu aradan qaldıra bilməyib. Romanı "bəsit”
adlandıranlar da var. Yazarla ilham pərisi arasındakı sancılı münasibətə,
minillik universal ideyaya köklənib, Faulzun qələmindən çıxan bir romana
"bəsit” deyənləri isə ümumi cəhətlər birləşdirə bilər – yunan mifologiyasına
aid məlumatsızlıq, roman janrının texnikasına uzaqlıq, arxaiklərlə boğulmuş
mətni oxumaqda çətinlik və s.
Buna fəlsəfi bir eşq romanı kimi də
yaxınlaşa bilərsiniz. Amma nə qədər dərinliyə enirsinizsə, enin, "Mantissa”
əsla bir başucu kitabı olmayacaq. Romanın ən üstün bildiyim cəhəti isə
müəllifin mübahisəli bir mövzunu qələmə almaqla kifayətlənməyib, fərdi baxış
bucağını da ortaya qoymasıdır. Bəli, Mayls Eratonu seçim şansı əlindən alınmış
bir dişi kimi qəfəsdə görmək istəyir, onun gücünü önəmsəmir. Amma romanın
sonunda Faulz ona qapalı olduğunu, gizli qaldığını sandığı bütün
dərinliklərində, bütün zəif cəhətlərində Eratonun hökmranlıq etdiyini göstərir.
Faulza görə, ilham pərisi hər zaman meydandan qalib ayrılır. Bunu bəşəri dillə
ifadə etsək, kim ilham pərisinə təslim olursa, meydandan o qalib ayrılır.
Con Heqart
Mənbə:
Wisconsin Press universitetinin xüsusi nəşri, "Contemporary Literature”
dərgisinin 27-ci sayında yayımlanmış məqalə (ixtisarla)İngilis dilindən tərcümə edən: Elcan SALMANQIZI