Məhsullarını Amerika bazarına çıxarmağa hazırlaşan startapçı - Startap
Startapçı
olmağı bir mübarizə yolu adlandırır. Özünlə, ətrafınla mübarizə apararaq
ideyanı reallaşdırmaq, ayaqda durmaq üçün mübarizə aparırsan. Sıfırdan
başlayırsan, qarşına çıxacaq bütün çətinlikləri gözə alırsan. Bu çətinliklərlə
dolu yol, onun üçün maraqlıdır və bu istiqamətdə fəaliyyət göstərir, daim yeni
ideyalar ortaya qoymağa çalışır. Müsahibimiz "CaspiNet” şirkətinin təsisçisi və
rəhbəri, startapçı Bəhruz İbrahimovdur.
- İndiyə qədər
hansı startap layihələriniz olub?
-
2014-cü ildə "Buta CMS” layihəmiz olub. Bu layihənin mahiyyəti nədən ibarətdir?
Bu gün hər kəs işlə əlaqəli bir veb-saytının olmasını istəyir. Amma hər kəs kod
bilmir, bu işi reallaşdırmaq insanlara çətin idi. Biz kod biliyi olmayan şəxslərə
veb-sayt hazırlamaq üçün onlayn imkan təklif etmişdik. Bəyənildi, ekspertizadan
keçdi və İKT fondu tərəfindən 10000 manat məbləğində qranta layiq
görüldü, 6 ay müddətində icra edildi, Yüksək Texnologiyalar Parkında təqdim
olundu və uğurla davam edir.
2012-2013-cü
illərdə, hərbi xidmətdə olduğum zaman işlərim çox olurdu, qısa zamanda bir neçə
yerdə olurdum. İstər-istəməz hardasa bir əşyamı unudurdum, tapmaq isə böyük
problem idi. Sonra gördüm ki, bununla tək mən yox, çox adam üzləşir. İtkilərin
tapılması ilə bağlı bir layihə ərsəyə gətirmək haqqında düşündüm. Bunun nəticəsində
"e-Tap" itmiş və tapılmış əşyaların qeydiyyatı və ya axtarışı üçün
yaradılmış online portal ərsəyə gəldi. Bu, itirilən və tapılan əşyalarla bağlı
onlayn olaraq fəaliyyət göstərən tam əhatəli bir portaldır. Hansısa əşyanı itiribsənsə,
yaxud nə isə tapıbsansa, bunun elanı üçün harasa getməyə ehtiyac yoxdur,
telefonla həll etmək olur. Tutaq ki, "Elmlər akademiyası” metrostansiyası tərəfdə qara pulqabı itiribsən,
bununla bağlı sayta elan verirsən. Qara pulqabı tapılması ilə bağlı elan sayta
daxil olanda, biz həmin adama mesaj göndəririk. Düzdür, qara pulqabını başqa
adam da itirə bilər, yüz faiz deyə bir şey yoxdur, amma onun itirdiyi əşyadandırsa,
məlumat göndərilir. Yerləşdirilən elanlar bizim "facebook” səhifəmizdə
paylaşılır, 6 minə yaxın izləyicimiz var. Biz əşya saxlamırıq, vasitəçi
portalıq, itirənlə tapanı əlaqələndirək. Hərçənd, bu layihə ilə bağlı ölkəmizdə
yetəri qədər dəstək görə bilmədik, ancaq digər xarici investorlara çıxmağa
çalışdıq. Layihə "World Summit Award 2015"-də Media & News( Media) kateqoriyası
üzrəfinala çıxdı. Bu ilin aprel ayında isə beynəlxalq İT yarışması olan
"Golden bayt”ın regional finalını keçdik, Kiyevə dəvət aldıq. 200 layihə
arasında birinci yerə layiq görüldü. Bu, bizim üçün çox böyük uğur, ölkədən kənarda
ilk böyük qələbəmiz idi. Layihənin daha bir uğuru "Azercell”in Barama
İnkubasiya Mərkəzinə daxil olması idi. Onlar bizi ofislə təmin etdilər. Bunun
bizim üçün xeyri çox oldu. Layihəmiz Formula1 2016-2017-in rəsmi tərəfdaşı
olaraq yarışlar zamanı itirilən və tapılan əşyaların qeydiyyat sistemi kimi fəaliyyət
göstərmiş və təkcə 2016-cı ildə 3 gün ərzində edilən 52 müraciətdən 43%-lik nəticə
əldə edilmişdi. Eyni zamanda, layihəmiz özəl taksi xidmətləri,
Bakı metropoliteni ilə rəsmi müqavilə əsasında, e-Tap.az layihəsi çərçivəsində
sıx əməkdaşlıq edir. Əsas hədəfimiz daha böyük izləyici kütləsi toplamaqdır. Bu
zaman itirilənləri daha asan tapmaq olar. Biz bu layihəni beynəlxalq mühitdə də
tətbiq etmək istəyirik. Bir aydır ki, Amerikaya köçmüşəm. Bəzi işlərlə əlaqədar
ölkəyə gəlmişəm. Bu və digər startap layihələrimizi orda davam etdirmək niyyətindəyik.
- Startapların ideyası adətən, özünüz nəyəsə
ehtiyac hiss edəndə yaranır?
-
Startap innovativ metodla problemin həlli deməkdir. Mən hansısa problemi görürəmsə,
onun innovativ yolla həlli haqqında düşünürəm. Əgər nəsə metod olursa, bunu
startap edirəm. Məsələn, Amerikada heç kim gedib dayanacaqda avtobus gözləmir.
Bu da bir startapın nəticəsində olub. Telefona proqram yükləyirlər və
dayanacaqda uzun müddət gözləməyə ehtiyac qalmır. Avtobslar GPS-lə məlumatı mərkəzə
ötürür, nəqliyyatın dayanacaqda hansı dəqiqədə olacağı artıq insanların cibindədir.
Startaplarda ideya işin maksimum 5 faizi ola bilər. Onu reallaşdırmaq və təqdim
etmək daha böyük hissəsidir. Məsələn, biri yer kürəsində sıxlığı azaltmaq üçün
Marsda yaşayış təklif edə bilər, amma reallaşdırması məsələsi var.
Reallaşdırmaqdan ötrü komandaya ehtiyacın var, komandanı bir arada tutmaq
bacarığın olmalıdır.
- Bizdə startapların elə böyük maliyyəsi olmur.
Dostların köməyindən yararlanmaq burada effektli ola bilərmi?
- Əksər
vaxtlar, xüsusilə bizim bazarda startaplar sıfır maliyyə ilə başlanılır. Bizim
bazarda investorların startaplara marağı çox olmadığına görə, öz xərclərini özləri
qarşılamaq məcburiyyətindədirlər. İnvestor olmaq istəyənlər isə çox şərtlər irəli
sürürlər. Çünki onlar həmin ideyaya startap yox, biznes kimi baxırlar. Onları
maraqlandıran ən əsas sual gəlirlə bağlıdır. Əslində müəyyən mənada,
investorları da başa düşmək olar. Amma digər ölkələrin təcrübəsinə baxanda bir
az fərqli təcrübə var. "Mələk investorlar” qarşılıq gözləmədən dəstək olurlar.
O dəstəklərə bizdə ehtiyac var. Düzdür, ölkə başçısının tapşırığına əsasən İKT
fondu yaradıldı, qrantlar ayrılmağa başlanıldı, müvafiq ekspertizanı keçənlərə
müəyyən maliyyə ayrılır. Bizim uğurlarımızdan biridir ki, o müsabiqənin ilk
qaliblərindən olduq. Amma startapçıların əksəriyyətinin ilkin mərhələdə tam bir
şirkət olaraq mövcud olmamağı, onlara ideyanı biznes plan halına salmaq, bazar
araşdırması, düzgün maliyyə planlaması etmələrinə mane olan əsas səbəblərdəndir.
Bu baxımdan, fikrimcə, dövlətin startaplara etdiyi dəstək yalnız qrant və güzəştli
kreditlərlə yekunlaşmamalı, eyni zamanda startapçıların ekspertlərə və
mentorlara daha asan çıxmasını təmin edən bir mexanizm formasında olmalıdır ki,
ideyaları olan şəxslər bunu yalnız yerli investorlara deyil, eyni zamanda
xarici investorlara təqdim edə biləcək formada layihə planları hazırlansın.
Dostların köməyinə gəlincə... İlk olaraq yoldaşlar startaplarda bir-birinə dəstək
göstərməyə çalışırlar. Bu günə qədər bizə təmənnasız dəstək olan dostlarımız
var. Amma nəzərə alsaq ki, bizə dəstək ola biləcək bütün dost-tanışlar digər
işlərdə və ya öz biznesləri ilə məşğuldurlar, vaxt olaraq işləri daha sürətlə
görməkdən ötrü dayanıqlı komandaya ehtiyac vardır. Bizim layihə komandası 2014-cü
ildən indiyə qədər tam olaraq iki dəfə dəyişib. Gəlir olmayanda bəzən
uzaqlaşmağa məcbur olurlar, yaxud stressə, çətinliyə dayana bilmirlər və bu da
anlaşılandır. Çünki öz sahəndə cığır
açmaq üçün qarşına çıxa biləcək bütün çətinlikləri gözə almalısan və eyni
zamanda, hər kəsin şəxsi ehtiyacları və məsuliyyətləri vardır. Bu baxımdan
fikrimcə, belə olmağı normal haldır. Əksinə, daha uzun müddətdə komanda üzvlərini
dəqiq tanıyır, onlarla hansı yola çıxa bələcəyini təmin edə bilirsən. Qeyd
etdiyim kimi "e-Tap” startapı "CaspiNet” şirkətinin bir məhsuludur. Şirkət İT həllərlə
məşğuldur. Veb saytların hazırlanması, hostinq, şəbəkə təhlükəsizliyi... Mən
özüm "AzEduNet” şirkətində (təhsil şəbəkəsi) şəbəkə təhlükəsizliyi mühəndisi
kimi çalışıram. 2016-cı ilə kimi əldə etdiyim bütün gəliri startapa yatırmışam.
2016-cı ilə qədər şirkətə 18 min manat pul xərcləmişdim, amma gəlirimiz yox idi.
Çox adam bunun mənasız olduğunu dedi, komandadan uzaqlaşanlar az olmadı. Amma mən
dayanmadım, həll olunacağına inanırdım. Devalvasiyadan sonra bizim işimizdə
dirçəliş oldu. Devalvasiyanın xırda bizneslər üçün üstünlüyü ondan ibarət oldu
ki, daha rəqabətli mühit yarandı. Əvvəllər şirkətlər bütün işlərə daha çox
maliyyə ayıra bilirdilər, lakin sonra qənaət üçün digər variantları da
axtardılar, bu da şirkət olaraq bizim üçün yaxşı oldu. O xərclədiyimi də
götürdüm, əlavə də qazanmağa başladım.
- Qeyd etdiniz ki, Amerikaya köçübsünüz. Bəs şirkətin
fəaliyyəti necə olacaq?
- Mənim
ixtisasım informasiya texnologiyaları və sistemləridir. "CaspiNet” Azərbaycanda
təsis olunub, burda da fəaliyyətini davam etdirir. Amerikada isə şirkətin təmsilçiliyi
olacaq. Bu kimi fəaliyyətimizin bir qolu da orda olacaq. Biz öz məhsullarımızı
Amerika bazarına da çıxaracağıq.
- Amerika
bazarına daxil olmaq asan deyil...
- Bəli,
Amerika bazarına daxil olmaq çətindir. 2013-cü ildə burda sıfırdan başladığımız
kimi, indi də orda lap əvvəldən başlayacağıq. İstənilən halda bura doğulduğum, əlaqələrim
olan ölkədir. Amerikada ingilis dilini bilmək belə yetərli deyil. Burda
insanlarla necə münasibət qurmağı, hansı zarafatları etməyi bilirsən, orda
hamısı yaddır, onlara uyğunlaşmaq üçün zaman lazımdır. Biz orda sıfırdan
başlayırıq.
- Amma Amerika bazarında sizin xidmətləri tətbiq edən
şirkətlər çoxdur...
-
Düzdür, Amerika bazarında burda bizim gördüyümüz işi tətbiq edən şirkət çoxdur.
Amma bizim bir innovativ startapımız var ki, o Amerika bazarında belə tətbiq
olunmayıb. Bu "BonAdve” bir reklam platformasıdır. Bizim hədəfimiz bunu
"Facebook” və "Youtube”a satmaqdır. Bu inanılmaz səslənə bilər, amma general
olmaq istəməyən əsgər əsgər deyil. Bu, bizim əsas hədəfimizdir. Bu layihənin
mahiyyəti ondan ibarətdir ki, reklamlardan həm şirkətlər qazansın, həm də izləyicilər.
Çünki bu gün sosial şəbəkələrdə təqdim olunan reklamlara baxmağa izləyici
maraqlı deyil. Əgər müəyyən gəlir qazanmaq imkanı olarsa, izləyici artıq
maraqlı olacaq.
- Bəs burda investorların maraq göstərmədiyi, əhəmiyyətsiz
yanaşdıqları ideyanın orda uğur qazanması mümkündür?
- Əlbəttə.
"BonAdve” layihəsini "İdeya qazandı” verilişində də təqdim etmişdik. Amma
investorlar söhbətin nədən getdiyini başa düşmədilər. Halbuki, biz layihənin
ilkin versiyasını Cənubi Koreyaya göndərdik və müsbət cavab aldıq, bildirdilər
ki, detalları müzakirəyə açığıq. Bəzən bizim investorların innovativ bilgiləri
yetərli olmur. Yaxud da, bilgiləri olan gözəl mentorlarımız var, dəstək olmaq
istəyirlər, amma investisiya imkanları o qədər deyil.
- Planlarınız nələrdir? Amerikada davamlı qalmaq
istəyirsiniz?
- Əlbəttə,
Azərbaycandan tamamilə ayrılmaq fikrində deyiləm. Mən burada doğulub boya-başa
çatmışam. Orta məktəbi, bakalavr və magistr dərəcələrini, həqiqi hərbi xidmətimi
burada etmişəm. 2009-cu ildən bu ölkədə sahibkar və dövlət müəssisəsinin əməkdaşı
kimi vergi ödəyicisiyəm. Burada mənim ailəm və dostlarım var. Bütün
sadaladıqlarımdan əlavə, bura mənim vətənimdir. Ana yurdu unutmaq isə naxələflik
olardı. Razıyam, orda imkanlar daha çoxdur. Amma orda əldə etdiyimiz uğurları
burda tətbiq etməklə, doğma ölkəmizdə də daha savadlı və düşünən cəmiyyətin
qurulmasına öz töhfəmizi verə bilərik.
Aygün Asimqızı