• çərşənbə axşamı, 23 aprel, 14:36
  • Baku Bakı 24°C

Məhsullarımızı Avropa bazarlarına çıxarmaq hər baxımdan faydalıdır

18.11.17 11:00 2793
Məhsullarımızı Avropa bazarlarına çıxarmaq hər baxımdan faydalıdır
Azərbaycan şirkətlərinin Bosniya və Herseqovinanın şirkətləri ilə əməkdaşlıq etməsi Azərbaycan məhsullarının Avropa ölkələrinin bazarlarına çıxışına imkan yaradacaq. Bunu Trend-ə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov deyib. R.Məmmədovun sözlərinə görə, bu, Bosniya və Herseqovinanın Avropa İttifaqı ilə azad ticarət haqqında razılaşmasının olması sayəsində mümkün ola bilər: "Biz də öz növbəmizdə Bosniya şirkətlərinə Azərbaycanla arasında azad ticarət haqqında razılaşma olan MDB ölkələrinin bazarlarına sərbəst çıxış təklif edə bilərik. Yəni söhbət qarşılıqlı maraqlardan gedir".
AZPROMO-nun rəbəri bildirib ki, iki ölkənin işgüzar dairələri bir çox məsələlərə maraq göstərirlər: "İlk növbədə tikinti, ağır maşınqayırma, avtomobil istehsalı, kənd təsərrüfatı, qida, tekstil, mebel sənayesi və emal sənayesinin müxtəlif istiqamətləri üzrə. Yəni artıq bizim şirkətlərimizin ünsiyyət qurduğu bir sıra istiqamətlər var. Azərbaycanın kənd təsərrüfatı, aqrar sənaye, yeyinti məhsullarının emalı və istehsalı şirkətləri artıq Bosniya və Herseqovina bazarlarındadırlar. Bu, Bosniya və Herseqovina üçün, o cümlədən bizim üçün də ənənəvi sektordur".
Bəs görəsən Bosniya və Herseqovina ilə əməkdaşlıq bizim Avropa bazarlarına çıxış imkanlarımızı daha da şaxələndirə bilərmi? Ümumiyyətlə, bunun üçün daha nələr edilməlidir?
İqtisadçı-ekspert Rəşad Həsənov deyir ki, bu əməkdaşlıq Azərbaycanla Avropa Birliyinə daxil olan ölkələr arasındakı əməkdaşlığı sürətləndirəcək: "Bu özü də bir bazardır və bu istiqamətdə əməkdaşlığın edilməsi, Azərbaycan məhsullarının Bosniya və Herseqovinaya satışı öz növbəsində ixracın həcminin artmasını da şərtləndirə bilər. Amma düşünürəm ki, indiki halda Azərbaycana böyük iqtisadiyyatlarla əməkdaşlıq edilməsi daha çox lazımdır. Məsələn, Almaniya, Fransa, İtaliya kimi nəhəng Avropa ölkələri ilə əməkdaşlığın qurulması istiqamətində səylər daha çox artırılmalıdır. Məhz bu yolla Azərbaycanda ixracın ciddi şəkildə artmasına və iqtisadiyyatın inkişafına təkan vermək olar. Düzdür, əlaqələr üzrə əməkdaşlıq əsas şərtlərdəndir. Amma bundan əvvəl biz böyük bazarlar üçün keyfiyyətli məhsul istehsal etməyi bacarmalıyıq. Biz öz istehsalımızı rəqabətə davamlı etməliyik. Onda bu bazarlara çıxış imkanı əldə edə bilək. Bu məsələ öz həllini tapdıqdan sonra artıq növbəti mərhələ yeni bazarların tapılması, əməkdaşlığın genişləndirilməsi olmalıdır. Bu gün Azərbaycanda yerli sahibkarların xaricə çıxışla bağlı əlaqələri çox zəifdir. Çünki istehsal daha çox yerli tələbata hədəflənib. Bu, ixracın strukturundan da məlumdur. Ölkə 1-1,5 milyardlıq məhsul istehsal edir ki, bunun da böyük hissəsi ancaq kənd təsərrüfatı məhsullarıdır və yerli bazarlara çıxarılır. Məhz bu məqam onu göstərir ki, Azərbaycan sahibkarlarının xarici bazarlarda tərəfdaşlarının sayı azdır və əməkdaşlıq zəif inkişaf edir. Ona görə də xarici şirkətlərin Azərbaycandakı proseslərə cəlb edilməsi və böyük iqtisadiyyatlarla əməkdaşlığın qurulması vacibdir. Düşünürəm ki, bütün hallarda Bosniya və Herseqovina ilə əməkdaşlıq irəliyə doğru atılan bir addımdır və müsbət qiymətləndirilməlidir”.
İqtisadçı ekspert Qadir İbrahimlideyir ki, belə bir əməkdaşlıq çox müsbət haldır və yalnız alqışa layiqdir: "Amma Bosniya və Herseqovina aparıcı Avropa ölkəsi olmadığına görə, bu əməkdaşlıq çərçivəsində yüksək dividentlərdən danışmaq üçün hələ bir qədər tezdir. Bütövlükdə götürdükdə isə, bu əməkdaşlıq özlüyündə Avropaya çıxış deməkdir. Avropa bazarına çıxış Azərbaycana xeyli iqtisadi dividentlər gətirəcək. Azərbaycan şirkətlərinin həmin bazarlara çıxışı şirkətlərin Avropa dövlətləri tərəfindən tanınmasına stimul verəcək. Amma yenə də qeyd edim ki, indiki halda böyük gözləntilərdən danışmaq tezdir. Avropa bazarlarına çıxışımızı təmin etmək və əlaqələrimizi genişləndirmək üçün ilk növbədə keyfiyyətli məhsul istehsalının həcmini artırmalıyıq. Yerli brendlərin Avropa bazarlarında sayı artırılmalıdır. Hazırda Avropa bazarlarında Azərbaycanın bəzi meyvə şirələri və digər məhsulları satılır. Amma ümumilikdə götürdükdə, bu məhsulların həcmi çox azdır. Bizim iqtisadi potensialımız daha çox məhsul təqdim edə bilmək imkanındadır. Bütövlükdə Bosniya və Herseqovina ilə edilən bu əməkdaşlıq həm də bizim iqtisadi gücümüzün artırılması baxımından vacibdir”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər