• cümə, 19 Aprel, 04:57
  • Baku Bakı 18°C

Məhsul bolluğuna aparan yol

21.07.16 11:06 2080
Məhsul bolluğuna aparan yol
Xəbər verildiyi kimi, Prezident İlham Əliyev "Kənd təsərrüfatı kooperasiyası haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 270-VQ nömrəli Qanununun tətbiqi barədə fərman imzalayıb.
Kənd təsərrüfatının inkişafında xüsusi rol oynayacaq bu qanunun məqsədi ölkədə kənd təsərrüfatı məhsulları istehsalçılarının könüllü birləşməsi əsasında iri kənd təsərrüfatı müəssisələri yaratmaq, onların istehsal potensialından səmərəli istifadə etməklə rəqabət qabiliyyətli kənd təsərrüfatı məhsulları istehsal etmək və məhsuldarlığı artırmaqdır. Fins.az xəbər verir ki, yeni qanun kənd təsərrüfatı kooperasiyasının formalaşmasına və inkişafına təkan verməklə yanaşı, kooperasiya iştirakçılarının iqtisadi, sosial və digər maraqlarının qorunmasında mühüm rol oynayacaq.
"Torpaqlarını birləşdirməyə meyilli olan fermerlər çoxdur”
Millət vəkili Vahid Əhmədov qəzetimizə açıqlamasında bildirdi ki, bu məsələ xeyli vaxtdır Milli Məclisdə müzakirə olunurdu. Birləşdirilmə ilə bağlı təklifləri təzədən sovxoz və kolxozların bərpası kimi qəbul edənlər də var idi: "Amma elə deyil. Kooperativlərin yaradılması ilə bağlı Aqrar siyasət komitəsində geniş müzakirə aparılmışdı. Qanunun qəbul edilməsində əsas məqsəd kənd təsərrüfatı kooperativlərinin yaradılmasından ibarət idi”.
Millət vəkilinin sözlərinə görə, kiçik həcmdə torpaq sahələrini əkib-becərmək çox xərc tələb edir, gəlir isə az olur. Ona görə də kiçik həcmdə olan torpaq sahələri, əkinə yararlı olmasına baxmayaraq, istifadəsiz qalır: "Bir hektar torpağı əkib-becərmək üçün ora müəyyən texnika, işçi qüvvəsi cəlb edilir, məhsul yetişəndə isə məlum olur ki, xərc böyük, məhsuldarlıq isə aşağıdır. Ona görə torpaqları könüllü şəkildə birləşdirib, iri kooperativlər yaratmaq lazımdır. İri torpaq sahələri bir yerdə əkildikdə məhsuldarlıq yaxşı olur, gəlir əldə etmək olur. Xərc isə az gedir. Belə bir metodla İmişlidə taxıl istehsal edən iki iri fermer təsərrüfatı yaradılıb. Həmin ərazidə əvvəl hər hektardan 20-25 sentner taxıl götürülürdü. İndi isə məhsuldarlıq 50-55 sentnerə çatıb. Həmin qanunda göstərmişik ki, kooperativlərə güzəştli kreditlər verilsin. Bu kooperativlər dövlət nəzarətində olacaq, istehsal edilən məhsulların satılması ilə əlaqədar yardımlar göstəriləcək və s. Məqsədimiz kənd təsərrüfatının inkişafına nail olmaqdır. Gərək məhsul bolluğu yaransın ki, ərzaq təhlükəsizliyimiz təmin olunsun”.
V.Əhmədov deyir ki, torpaqlarını birləşdirməyə meyilli olan fermerlər çoxdur: "Onlar görürlər ki, neçə ildir torpaqları əllərində olsa da, əkib-becərə bilmirlər. Əkib becərənlər isə lazımi gəlir götürmürlər. Məhsuldarlıq aşağı olur. Ona görə də fermerlər bir yerdə işləmək istəyirlər. İri fermer təsərrüfatları da bu cür birləşmə nəticəsində yaranıb. Biri var bir hektar üçün traktor gətirəsən, bir də var 100 hektar üçün. Bu, çox ciddi məsələdir və üzərində iş gedir”.
"Kiçik həcmli torpaqlar kənd təsərrüfatının inkişafına mane olur”
Əməkdar kənd təsərrüfatı işçisi Çingiz Fərəcov deyir ki, Azərbaycanda hər nəfərə düşən əkin torpağı olduqca azdır. Ona görə də torpaqdan səmərəli istifadə edilməlidir: "Maraqlı bir fakt demək istəyirəm. Buğda əkənlərə subsidiyalar verilir. Araşdırma nəticəsində məlum olub ki, 2015-ci ildə subsidiya alan təsərrüfatların 50 faizinin əkin yeri 2 hektardan aşağıdır. Kiçik həcmli torpaqlar kənd təsərrüfatının inkişafına mane olur. Çünki bu adamların təsərrüfatları inkişaf etdirməyə gücü çatmır, təşkilatlana, rəqabət qabiliyyətli məhsullar istehsal edə, məhsullarını bazarda sata bilmirlər.
İmkan olmadığına görə az torpağı olan sahibkarlar torpağı şumlamaqda, becərməkdə, məhsulunu yığmaqda çox çətinlik çəkirlər. Ona görə də respublikada külli miqdarda torpaqlar boş qalır. Az torpağı olan sahibkarların kooperasiya halında birləşməsi kənd təsərrüfatında inqilabi bir hadisədir. Burada məhsul yetişdirilməsi üçün lazım olan hər bir şey birləşdiriləcək və kooperativlər yaranacaq. Almaniyada kooperativlər həddindən artıq çoxdur. Dövlət elə gözəl şərait yaradıb ki, bu kooperativlər hamısı gəlirlə işləyir. Orada çalışanlar iqtisadi və sosial cəhətdən müdafiə olunurlar, gəlirləri də artır. Bizdə də bu mexanizmin genişəndirilməsi kənd təsərrüfatının inkişafına şərait yaradacaq”.
İstifadə edilməyən torpaq sahəsi qalmayacaq
Sözügedən fərmanda ən mühüm məqamlardan biri Nazirlər Kabinetinə "Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2020-ci illər üçün Dövlət Proqramı"nın layihəsini 3 ay müddətində hazırlamağın tapşırılmasıdır. Ç.Fərəcovun sözlərinə görə, bu proqramda bir çox məqamlar nəzərdə tutulacaq: "Mütəxəssislər bu dövlət proqramının hazırlanmasına cəlb olunacaq. Eyni zamanda, Almaniyanın, Avstriyanın və ümumiyyətlə, bu kooperasiyaların inkişaf etdiyi ölkələrin iş təcrübəsi öyrəniləcək. Bu kooperativlərdə istehsal olunan ərzaq məhsulu dövlət tərəfindən satın alınacaq.
Dövlət kooperativlərə hansı məhsuldan nə qədər yetişdirmək lazım olduğunu sifariş verəcək. Bu sifariş əsasında kooperativlərlə müqavilə bağlanılacaq. Məhsullar dövlət tərəfindən alınacaq və yerdə qalıb çürüməyəcək. Məhsulları yerləşdirmək, satmaq üçün bazarlar axtarılmayacaq. Çünki dövlət özü bu bazarları axtarıb tapacaq və məhsulların satılmasında fəal iştirak edəcək. Hətta dövlət kooperativlərə istehsal edəcəkləri məhsulların dəyərinin 25 faizini əvvəldən ödəyəcək ki, toxum ala, torpaqlarını şumlaya, texnika ala bilsinlər. Bir sözlə, onlara lazımi şərait yaradılacaq. Bu, həm də çox maraqlıdır. Bakı şəhərində İsmayıllı rayonunun İvanovka kəndində yerləşən Nikolay Nikitin kolxozunun böyük bir mağazası var. Bu mağazada çox təzə və keyfiyyətli məhsullar ucuz qiymətə satılır. Kooperativlər üçün Bakıda və digər şəhərlərimizdə mağazalar açılacaq, məhsullarını satmaları üçün yerlər ayrılacaq”.
Ç.Fərəcov qeyd etdi ki, bu kooperativlər kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaq: "Proqramın icrası ilə kənd təsərrüfatı məhsullarının istehsalı artacaq. Azərbaycanda 200 min hektara yaxın əkin sahəsi istifadəsiz qalır. Amma indi elə bir sahə qalmayacaq ki, orada məhsul yetişdirilməsin. Məhsul bolluğu yaranacaq, insanlar ərzaqla təmin olunacaq. Bazarlarda məhsulun qiyməti aşağı düşəcək, büdcəmizə xeyli sayda vəsait daxil olacaq. Respublikamızın iqtisadi qüdrəti artacaq. Ərzaq təhlükəsizliyi yaranacaq. Xarici ölkələrdən məhsul idxalının qarşısı alınacaq. Əksinə, ən yaxşı rəqabət qabiliyyətli məhsullar ixrac ediləcək. Bu, kənd təsərrüfatımızın inkişafına daha da yaxşı təsir göstərəcək”.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər