• cümə axşamı, 28 mart, 21:02
  • Baku Bakı 13°C

Mehriban Əliyeva Parisdə “Azərbaycan - tolerantlıq məkanı” sərgisində iştirak edib

23.11.13 09:33 1484
Mehriban Əliyeva Parisdə “Azərbaycan - tolerantlıq məkanı” sərgisində iştirak edib
Noyabrın 22-də Parisdəki Mədəniyyət mərkəzində Heydər Əliyev Fondunun təşəbbüsü və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə dünya şöhrətli fotoqraf Reza Deqatinin ölkəmizdə dini tolerantlığı əks etdirən “Azərbaycan - tolerantlıq məkanı” mövzusunda fotosərgisi açılıb.
APA-nın məlumatına görə, sərgidə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva da iştirak edib.
Sərgini açan Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov “Azərbaycan - tolerantlıq məkanı” adlı sərgidə nümayiş etdirilən fotoların müəllifi Reza Deqatinin Azərbaycanın, həmçinin Fransanın böyük dostu olduğunu bildirib.
Səfir ekspozisiyadakı fotoların dünyanın bir çox ölkəsində tolerantlığın mövcud olduğunu nümayiş etdirdiyini bildirib, sərginin bir qədər əvvəl UNESCO-da keçirildiyini xatırladıb.
Mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva çıxış edərək bildirib ki, müxtəlif dini və etnik mənsubiyyətə malik insanların Azərbaycanda əsrlər boyu dinc yanaşı yaşaması ölkədə möhkəm və sağlam təməllər üzərində qurulmuş və qarşılıqlı hörmətə əsaslanan tolerant cəmiyyət modelinin özünəməxsus və nadir formasının yaranmasına səbəb olub.
L. Əliyeva qeyd edib ki, multikulturalizm və etnik-dini azlıqlara hörmət Azərbaycan xalqının milli xüsusiyyətidir və bu gün ölkədə mədəniyyətlərarası və dini tolerantlığı tərənnüm edən fotosərginin nümayişi məhz Azərbaycan dövlətinin bu xüsusiyyətin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və dünyada təbliği istiqamətindəki ardıcıl və davamlı siyasətinin bariz nümunəsidir.
Fransa Senatının Qafqaz-Azərbaycan dostluq qrupunun üzvü Jan-Mari Bokel sərgidə nümayiş etdirilən fotolardan zəngin təəssürat aldığını bildirib və qeyd edib ki, bu gün multikulturalizmi siyasi dövriyyədən çıxarmağa çalışan bir sıra Avropa dövlətlərindən fərqli olaraq, dini və mədəni tolerantlığı dövlət siyasətinin mühüm elementinə çevirə bilmiş Azərbaycanı bu nailiyyətlərinə görə yalnız alqışlamaq olar.
Senator bu yaxınlarda Azərbaycana səfər etdiyini, Gəncədə olduğunu xatırladıb, ölkəmizdə müxtəlif millətlərin nümayəndələrinin dostluq və mehribanlıq şəraitində yaşadığını, Azərbaycandakı tolerantlığın digər ölkələrə nümunə olduğunu, həmkarlarının Azərbaycanın dostu olduğunu, tolerantlığın insanlar arasında ünsiyyət yaratması istiqamətində əhəmiyyətini vurğulayıb, bütün dünyada təhdidlərin hökm sürdüyü bir vaxtda tolerantlığın vacibliyini diqqətə çəkib.
İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman Əl-Tüveycri bildirib ki, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan yüksək sürətlə inkişaf etməklə yanaşı, tarix boyu bu ölkədə formalaşmış mədəni və dini müxtəlifliyin nadir harmoniyasının yaranmasına nail olub. Məhz bu cəhətdən Azərbaycan dünyanın bir çox ölkələrinə, xüsusilə də İslam coğrafiyasının dövlətlərinə nümunə ola bilər.
O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunub, ölkəmizin ərazisinin 20 faizinin işğal edilməsinin müasir sivil dünya üçün dözülməz fakt olduğunu bildirib və torpaqlarımızın tezliklə azad olunmasına çağırıb.
Sərgidə nümayiş etdirilən fotoların müəllifi, Parisdə yaşayan dünyanın tanınmış fotoqraflarından biri, əslən azərbaycanlı olan Reza Deqati tədbirin iştirakçılarına Azərbaycanda rastlaşdığı dözümlülük mühitinin dünyada nadir modellərdən biri olduğunu vurğulayıb, Heydər Əliyev Fonduna bu nəcib təşəbbüsə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.
Sərgidə Fransanın dövlət və hökumət rəsmiləri, UNESCO-nun baş direktoru İrina Bokova, Parisin VII rayonunun meri Rəşidə Dati, senatorlar, deputatlar, tanınmış incəsənət ustaları, fransız ictimaiyyətinin nümayəndələri, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun əməkdaşları iştirak edib.
banner

Oxşar Xəbərlər