• şənbə, 20 Aprel, 02:09
  • Baku Bakı 15°C

Mehriban Əliyeva Kann şəhərində sərgi açılışında

11.07.14 11:23 1334
Mehriban Əliyeva Kann şəhərində sərgi açılışında
Fransanın Kann şəhərindəki Festivallar və Konqreslər Sarayında bir neçə sərgini özündə birləşdirən “Azərbaycan: ənənələrin və gələcəyin ölkəsi” adlı sərginin açılış mərasimi olub.
APA-nın məlumatına görə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə iştirak edib.
Tədbirdə çıxış edən Kann Festivallar və Konqreslər Sarayının direktoru Kler-Ann Reks bildirib ki, artıq ikinci ildir Azərbaycan Kannda uğurlu təqdimatlarla çıxış edir və bu da şəhərin həyatında mühüm hadisə kimi qiymətləndirilir. Sonra Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva çıxış edib.
M. Əliyeva qeyd edib ki, artıq iyirmi ildən çoxdur Fransa ilə Azərbaycan arasında bütün sahələri əhatə edən əməkdaşlıq qurulub: “Bu əməkdaşlıq ikitərəfli hörmət, dostluq və maraq əsasında qurulub və inkişaf edir. Bu ilin may ayında Fransa prezidenti cənab Fransua Ollandın ölkəmizə rəsmi səfəri çərçivəsində Azərbaycanın və Fransanın dövlət başçılarının görüşü bu əlaqələrin strateji xarakter daşıdığını bir daha təsdiqlədi. Mən bu kontekstdə keçən ay Fransada təsis olunmuş Azərbaycanın Dostları Assosiasiyasını qeyd etmək istərdim. Biz bu assosiasiyanın yaradılmasını alqışlayırıq və dəstəkləyirik. Bu assosiasiya öz ətrafına Azərbaycanın dostlarını toplayıb. Assosiasiyanın üzvləri Azərbaycan həqiqətlərini Fransa ictimaiyyətinə çatdırırlar. Mən burada assosiasiyanın sədri cənab Jan-Fransua Manseli salamlayıram və ona öz dərin minnətdarlığımı bildirirəm. Həmçinin assosiasiyanın ən fəal üzvlərindən olan və Azərbaycanın əziz dostu xanım Rəşidə Datini görməyimə çox şadam. Ümidvaram ki, assosiasiyanın üzvlərinin sayı artacaq. Mən sizin işinizə uğurlar arzulayıram”.
M. Əliyeva əlavə edib ki, Azərbaycanla Fransa arasında iqtisadi əlaqələr ildən-ilə möhkəmlənir: “Azərbaycanda 50-dən çox fransız şirkəti fəaliyyət göstərir və bu fəaliyyət ikitərəfli fayda gətirməkdədir. Azərbaycan Fransanın Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır. Fransa ilə ticarət dövriyyəmiz iki milyard dollara yaxınlaşır. Mən çox şadam ki, son illər Fransa ilə Azərbaycan arasında humanitar əlaqələr tamamilə yeni səviyyəyə yüksəlib. Bu gün Fransanın ali məktəblərində yüzlərlə azərbaycanlı tələbə təhsil alır, bir çox Fransa universitetlərində Azərbaycan dili və tarixi tədris olunur. Eyni zamanda, Azərbaycanın paytaxtı Bakıda fransız liseyi inşa olunub və fəaliyyət göstərir. Əminəm ki, atılan bütün bu addımlar xalqlarımızı və ölkələrimizi biri-birinə daha yaxın edib, daha sıx dostluq əlaqələri yaradıb. Bu sırada keçən il Kann şəhərində keçirilən Azərbaycan Mədəniyyət Günlərini xüsusi qeyd etmək istərdim. Mən çox şadam ki, Fransanın ən gözəl şəhərlərindən biri olan Kannda bizim bütün tədbirlərimiz böyük maraq və hörmətlə qarşılandı. Biz bu şəhərə ürəkdən bağlandıq və mədəniyyət günlərimizi ənənəvi olaraq hər il burada keçirmək istərdik. Mən fürsətdən istifadə edərək, bizə yardım göstərən və bütün tədbirlərimizdə bizə dəstək verən hər bir insana, xüsusilə Kann şəhərinin keçmiş meri cənab Bernar Broşana və hazırkı meri cənab Devid Lisnarda dərin minnətdarlığımı çatdırıram”.
Qeyd edək ki, iyulun 8-dən etibarən Fransanın Kann şəhərində Azərbaycan Günləri başlayıb.
banner

Oxşar Xəbərlər