• cümə, 29 Mart, 09:50
  • Baku Bakı 5°C

Mehriban Əliyeva Beynəlxalq Sərgilər Bürosunun baş katibinin müavini ilə görüşüb

12.12.17 18:18 2748
Mehriban Əliyeva Beynəlxalq Sərgilər Bürosunun baş katibinin müavini ilə görüşüb
Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva Beynəlxalq Sərgilər Bürosunun baş katibinin müavini Dimitri Kerkentzes ilə görüşüb.

APA-nın məlumatına görə, Azərbaycanın I vitse-prezidenti noyabr ayında Parisdə Bakının Ümumdünya "Expo-2025” sərgisinə namizəd şəhər olması ilə bağlı qəbulun təşkil edildiyini, həmçinin Beynəlxalq Sərgilər Bürosunun 162-ci Assambleyası çərçivəsində Azərbaycan nümayəndə heyəti tərəfindən "Bakı Expo 2025”in təqdimatının keçirildiyini xatırlayıb.

Mehriban Əliyeva məmnuniyyətlə qeyd edib ki, ölkəmiz son illər Beynəlxalq Sərgilər Bürosu ilə səmərəli əməkdaşlıq edir. Azərbaycanın beynəlxalq sərgilərdə uğurla iştirak etdiyini deyən M. Əliyeva Beynəlxalq Sərgilər Bürosunun baş katibinin müavini Dimitri Kerkentzesin bu sərgilərin keçirilməsinə dəstəyini xüsusi vurğulayıb. Ümumdünya "Expo-2025” üçün Bakının da öz namizədliyini irəli sürdüyünü deyən I vitse-prezident ölkəmizin bu sahədə zəngin təcrübəsini qeyd edib. Bildirib ki, son illərdə Bakı bir neçə beynəlxalq tədbirə uğurla ev sahibliyi edib. "Bu tədbirlərin yüksək səviyyədə keçirilməsi göstərir ki, ölkəmiz "Expo-2025”in keçiriləcəyi məkan kimi seçilsə, bu tədbir də yüksək hazırlığı ilə yadda qalacaq” deyən M. Əliyeva "Expo-2025”in Bakıda təşkili təşəbbüsünün həm dövlət qurumları, həm hökumət, həm də cəmiyyət tərəfindən dəstəkləndiyini vurğulayıb.

Birinci vitse-prezident ölkəmizin sərgi üçün təklif etdiyi "İnsan kapitalını inkişaf etdirərək, daha gözəl gələcək quraq” mövzusunun dünya üçün aktuallığını qeyd edib. Dimitri Kerkentzesin ikinci dəfədir ki, Azərbaycana səfər etdiyini deyən M. Əliyeva onun "Expo-2025” sərgisi ilə bağlı təkliflərinin və tövsiyələrinin ölkəmiz üçün çox faydalı olacağına əminliyini ifadə edib. Bildirib ki, gələn il ölkəmizi növbəti mərhələ - qiymətləndirmə missiyasını qəbul etmək və görülən işlər barədə məlumat təqdim etmək gözləyir. Bu baxımdan Beynəlxalq Sərgilər Bürosunun baş katibinin müavininin ölkəmizə səfəri böyük əhəmiyyətə malikdir.

Beynəlxalq Sərgilər Bürosunun baş katibinin müavini Dimitri Kerkentzes isə Azərbaycanda olmaqdan məmnunluğunu bildirib. O qeyd edib ki, Azərbaycan dövlətinin, o cümlədən I vitse-prezident Mehriban Əliyevanın Bakının "Expo-2025”ə namizədliyini irəli sürməsi ilə bağlı tədbirləri dəstəkləməsi Azərbaycanın bu layihəyə önəm verdiyini nümayiş etdirir.


banner

Oxşar Xəbərlər