AZE | RUS | ENG |

Mehmet Usta Azərbaycanın ən məşhur aktyoru imiş - Fotolar

Mehmet Usta Azərbaycanın ən məşhur aktyoru imiş - Fotolar
İrfan Çiftçi: “Bakı tamaşaçılarından böyük enerji aldıq”

Noyabrın 16-da Nizami Kino Mərkəzində başlanan 3-cü "Türk filmləri həftəsi” ayın 20-də başa çatdı. 5 günlük nəzərdə tutulan film həftəsi rəngarəng və maraqlı anlarla yaddada qaldı.  Tədbir başa çatdıqdan sonra əldə olunan nəticələrlə bağlı layihənin əsas təşkilatçılarından - Türkiyənin ölkəmizdəki səfirliyinin mədəniyyət və tanıtım müşaviri İrfan Çiftçi  ilə söhbət etdik. İrfan bəy "Türk filmləri həftəsi”ndə ağız dolusu danışdı. Bildirdi ki, bu layihəyə böyük marağa səbəb olub. 
 
- Bu layihə çərçivəsində Azərbaycan gənclərinin türk kinosuna böyük sevgi və hörmət göstərdiklərinin şahidinə çevrildik.  Nümayiş olunan filmlərin salonlarında tamaşaçı əlindən yer tapmaq mümkün deyildi. Kino salonlarının bütün seansları anşlaq idi. Hətta filmlərimizi izləməyə o qədər tamaşaçı gəlmişdi ki, onların bir qismi salona daxil ola bilmədi, təəssüf ki, çöldə qaldılar. Onu da qeyd edim ki, gələn tamaşaçıların çoxu gənclərdən ibarət idi. Azərbaycan gənclərinin türk filmlərinə böyük maraqları var. Layihənin özəlliklərindən biri də ondan ibarət idi ki, tamaşaçılara təqdim olunan filmin rejissorları və aktyorları da həmin salonda idilər. Onlar film bitdikdən sonra tamaşaçılarla söhbət edir, fikir mübadilələri aparırdılar. Tamaşaçıların film sənəti, ümumi olaraq filmin dili, texnikası ilə bağlı bilikləri çox yüksək idi. Tamaşaçıların rejissor və aktyorlara verdikləri suallar da böyük marağa səbəb oldu.
 
 

- Necə?
- Tamaşaçılar o qədər diqqətli idilər ki, sən demə izlədikləri filmlərin ən xırda nüanslarına belə fikir veriblər. Onlar elə suallarla müraciət edirdilər ki, türk rejissorlar heç Türkiyədə belə suallarla qarşılaşmadıqlarını deyirdilər. Onlar elementar, boş suallar vermirdilər.  Suallar zamanı "bu səhnənin montajı niyə belə olub”, "burada ssenarinin hekayəsində qırıqlıq var”, "bu səhnədəki replikada boşluq var”  kimi fikirlər də səsləndirirdilər. Hətta, tamaşaçıların ciddi tənqidinə məruz qalan filmlər də oldu.  Bizim rejissorlar, hətta o tamaşaçılardan çox şey öyrəndiklərini də qeyd etməyi unutmadılar.  

- Türk yaradıcı heyəti ilə görüşlər yalnız kino mərkəzində oldu?
- Xeyr. Görüşlər iki universitetdə - Bakı Dövlət Universiteti və  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində də keçirildi. Oradan da çox maraqlı təəssüratlarla geri döndük. Tələbələrlə görüşdən sonra anladıq ki, sən demə, bizim sevimli aktyorumuz Mehmet Usta Azərbaycanın ən məşhur aktyoru imiş (gülürük). Mehmet Ustanı hər iki universitetdən güclə çıxartdıq. O, "Bez Bebek” filmindəki  Şoker rolu ilə Azərbaycanlı gənclərin qəlbində taxt qurub.  İndiki gənclər o Şokeri izləyib böyüyən uşaqlardırlar. Ona görə, ona möhtəşəm bir münasibət göstərdilər. Azərbaycan gəncliyinin yüzdə altmışı onun fanatıdır desəm, yəqin ki, yanılmaram. O, mənim tələbəmdir. Küçədə çətinliklə gəzirdik. İnsanlar ona yaxınlaşır, suallar verir, şəkil çəkdirirdilər. Təbii ki, bu da bizə yeni fikirlər verdi. 
 
 

- Nə üçün layihə çərçivəsində kino izlənilən salonları dəyişdiniz?
- Çünki biz gözlədiyimizdən də artıq tamaşaçı gəlmişdi. Layihənin ikinci günündə böyük salonlardan istifadə etdik. Anladıq ki, növbəti layihədə iki böyük film salonundan istifadə etməliyik. Təbii ki, növbəti layihələrdə bunları dəyərləndirəcəyik. Daha böyük arenalardan istifadə edəcəyik. 
 
 

- Bu layihənin növbəti mərhələsində hansı yeniliklər etməyi düşünürsünüz?
- Bundan sonrakı layihədə  yarışma etmək niyyətindəyik. Tədbirin növbəti il daha rəngarəng olacağını ümid edirik. Tamaşaçıların bu qədər çox maraq göstərməsi bizim də cəsarətimizi artırdı. Azərbaycan tamaşaçılarından böyük enerji aldıq.
 
 
 
- 2-ci "Türk filmləri həftəsi” ilə budəfəki tədbirin fərqi nə oldu?
- Ötən tədbirdən fərqli olaraq bu il daha çox tamaşaçı sevgisi ilə rastlaşdıq. Daha rəngli festival oldu. Həm təşkilatçılıq, həm də tamaşaçılarla görüşlər baxımından daha böyük sevgi gördük. Keçən il bu qədər çox tamaşaçı sevgisi ilə qarşılaşmamışdıq. Türkiyə səfirliyi və Mədəniyyət və Turizm Nazirliyinin işə müdaxiləsi də təbii ki, burada rol oynayır. Özümüzü tərifləmirik, ancaq insanlar belə deyir. 
 
 
 
- Azərbaycan gəncləri türk filmlərini çox sevirlər. Hətta, türk aktyorlarını türklərin özlərindən belə yaxşı tanıyırlar. Təbii ki, bu da festivalın daha rəngarəng olmasına zəmin yaradıb.  
- Əlbəttə. Azərbaycan vətəndaşlarının əksəriyyəti türk filmlərini sevir. İstər tarixi, istər müasir türk kinolarına, seriallarına  qarşı böyük sevgiləri var. Ancaq bu layihədə nümayiş olunan filmlər son bir-iki ildə çəkilən filmlər idi. Filmlərdə çəkilən bəzi aktrisalar var ki, onlar Türkiyədə yeni  tanınmağa başlayırlar. 
 
 

- "Türk filmləri həftəsi”ndə  Azərbaycan və Türkiyənin yaradıcı insanların qarşılıqlı müştərək işlərinin olacağı ilə bağlı bir xəbər eşitdik. 
- Bəli, bunu mən demişəm. Biz artıq  layihəni başlamışıq, davam etdirəcəyik də. İlk layihədə Türkiyə-Azərbaycan rəssamlarının görüşünü təşkil etdik. Yayda şair və ədəbiyyatçıların görüşünü gerçəkləşdirdik. Bundan başqa, kitab sərgisini həyata keçirdik. V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası həyata keçirdik. Sərgi-yarmarkada 150-dən çox yerli, 40 xarici olmaqla, ümumilikdə 40 ölkəni təmsil edən kitabxana, çap və poliqrafiya müəssisələri, o cümlədən çap işi ilə məşğul olan qurumların təmsilçiləri iştirak etmişdi. Biz bu layihəni başlamışıq və davam etdirəcəyik.  İncəsənətin bütün sahələrində bu layihəni davam etdirmək istəyirik. 
 
 Xəyalə Rəis
 







Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0037
GEL 1 Gürcü larisi 0.6951
GBP 1 İngilis funt sterlinqi 2.3826
TRY 1 Türk lirəsi 0.4183
KWD 1 Küveyt dinarı 5.6623
SEK 1 İsveç kronu 0.2011
EUR 1 Avro 2.0862
CHF 1 İsveçrə frankı 1.7424
USD 1 ABŞ dolları 1.7000