AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Mehmet Perinçek: “Ermənistan Azərbaycanın ona verdiyi fürsəti əlindən qaçırmamalıdır”

Mehmet Perinçek: “Ermənistan Azərbaycanın ona verdiyi fürsəti əlindən qaçırmamalıdır”

Müsahibə
23 Mart 2021, 18:15 812
Türkiyəli tarixçi alim, "Rusiyanın dövlət arxivlərindəki 120 sənəddə erməni məsələsi” kitabının müəllifi Mehmet Perinçekin APA-nın Moskva müxbirinə müsahibəsi
"100 il əvvəl olduğu kimi Türkiyə, Azərbaycan və Rusiya yenə də oxşar təhlükələrlə üz-üzədir”

- Mehmet bəy, Sovet Rusiyası ilə Türkiyə arasında Moskva müqaviləsinin imzalanmasından 100 il ötdü. XX əsrin əvvəllərində regiona sülh gətirən Moskva müqaviləsinin bu gün üçün tarixi əhəmiyyətini necə qiymətləndirirsiniz?
- Rus-türk münasibətləri tarixinə nəzər saldıqda, əslində tunc qanunu ilə qarşılaşırıq. Əgər qısa desək, Türkiyə və Rusiya istər Osmanlı, istər çarlıq dönəmində olsun, istərsə də Sovet vaxtı və "Soyuq müharibə” dövründə, ya da bu gün, nə vaxt ki, bu iki ölkə savaşsa, bu savaşın, bu rəqabətin qalibi nə Türkiyə, nə də Rusiya olur. Hər iki tərəf bu savaşdan zərərli çıxır. Rus-türk münaqişəsinin hər zaman tək qalibi olur, bu da Qərb dövlətləridir. Bu baxımdan Qərb dövlətləri öz planlarını rus-türk münaqişəsi üzərində qurur. Çünki Rusiya və Türkiyənin regionda potensial ittifaqı Qərbin planlarını həyata keçirmək yolunda ən böyük maneədir. Bununla yanaşı, Qərb Rusiya və Türkiyəni bir-biri ilə savaşdıraraq onları zəiflədir. Bu da təbii ki, Qərbin strategiyasının gerçəkləşdirilməsi üçün zəmin yaradır. Tunc qanunun əks tərəfi də var. Rusiya və Türkiyə nə vaxt işbirliyində olsalar, həm milli maraqlarını daha rahat təmin edə bilirlər, həm də regiona rifah, sülh və inkişaf gətirirlər. Bu baxımdan, Türkiyə ilə Rusiya arasında Türkiyənin Qurtuluş savaşı dönəmində işbirliyi çox böyük önəm daşıyır. İki ölkə arasında çox ciddi bir tale birliyinin olduğunu görürük. Türkiyənin Çanaqqala savaşında dirənməsi, müttəfiq dövlətlərin İstanbulu almasına və əslində Çar Rusiyasına da yardım etməsinə maneə oldu. Bu, bir növ bolşeviklərin iqtidara gəlməsinin beynəlxalq zəminini hazırlamış oldu. Çar rejiminin devrilməsi, bolşeviklərin hakimiyyətə gəlməsi Rusiyada Türkiyəyə düşmən hakimiyyətin getməsi, dost hakimiyyətin gəlməsinə yol açmış oldu. Bu da öz növbəsində Türkiyənin Qurtuluş savaşında qələbəsinin beynəlxalq zəminini yaratmış oldu. Bu işbirliyinin ən böyük hissəsi Cənubi Qafqazda cərəyan etdi. Qarabəkir paşanın ordusu ilə XI Qızıl Ordu daşnak Ermənistanının ortadan qaldırılmasında bir işbirliyi həyata keçirdilər. O zaman daşnak erməniləri Qərb imperialist dövlətlərin regionda ən önəmli aləti idi. Daşnak erməniləri Qərbin regiondakı planlarına xidmət edirdilər. Bu isə, həm Moskvanın, həm də Ankaranın milli maraqlarına zidd idi. Mustafa Kamal Paşa 1920-ci ilin yanvar ayında Cənubi Qafqazı təhlili edərək, söyləmişdi: "Qərbyönümlü erməni daşnak hökuməti yıxılmadıqca, bizim Qurtuluş savaşını qələbəyə çatdırmağımız mümkün deyil. Həmin ilin 26 aprel tarixində Mustafa Kamal Paşa Leninə bir məktub göndərib. Bilirsiniz ki, 23 aprel tarixində Türkiyə Böyük Millət Məclisi (TBMM) açıldı. Üç gün sonra isə Mustafa Kamal Paşa Leninə məktub göndərib. Bu, TBMM-in ilk xarici siyasət fəaliyyəti idi. Məktubda Mustafa Kamal Paşa erməni daşnak hakimiyyətinin türk-rus orduları tərəfindən birlikdə yıxılmasını təklif etmişdi. Bu təklif Sovet İttifaqı tərəfindən qəbul edilmişdi. Nəticədə daşnak iqtidarı ortadan qaldırılaraq, Cənubi Qafqazda böyük bir problem həll olunmuş oldu. Ermənistanda daşnak hakimiyyətinin ortadan qaldırılması ilə regiona sülh və barışın gəlməsi təmin olunmuşdu. Əgər bu tarixi bu günlə müqayisə etsək, çox maraqlı bir bənzərlik ortaya çıxır. Türkiyənin Kazım Qarabəkir Paşanın rəhbərliyi altında Ermənistana hücuma keçməsi 1920-ci ilin 28 sentyabrında başlamışdı. Azərbaycan isə Vətən müharibəsinə 2020-ci ilin 27 sentyabrında başladı. Düz 100 il sonra oxşar hadisələr cərəyan etmiş oldu. Azərbaycanın Vətən müharibəsi 2020-ci il 10 noyabrda atəşkəsin imzalanması ilə nəticələnmişdi. 1920-ci ilin 24 noyabrında isə Türkiyənin hərəkatı tamamlanmışdı, Türkiyə və Azərbaycanın ərazi bütövlüyü bərpa olunmuşdu. Düz 100 il sonra, yenə Ankara, Moskva və Bakı üçlüyü Cənubi Qafqazdakı problemləri birlikdə həll etmiş oldu. Moskva müqaviləsi Kremldə imzalanmasına baxmayaraq, əslində məhz türk-sovet ordularının, Ankara, Bakı-Moskva işbirliyinin daşnak ermənilərinə qarşı savaşında yazılmışdı. Bu baxımdan, bu gün də Ankara, Bakı və Moskvanın 100 il bundan öncəki kimi strateji işbirliyinə ehtiyacı var. Çünki Türkiyə, Azərbaycan və Rusiya yenə də oxşar təhlükələrlə qarşı-qarşıyadırlar. Bir tərəfdən Suriyada PKK-PYD imperialist bölücü güclər tərəfindən dəstəklənir, necə ki, 100 il bundan öncə erməni daşnaklarını dəstəkləyirdilərsə, bu gün də PKK-PYD-ni dəstəkləyirlər. Eyni şəkildə İŞİD kimi terrorçu təşkilatların da arxasında Qərb imperialist dövlətlərinin dayandığını görürük. Hesab edirəm ki, bu güclərə qarşı Ankara, Bakı və Moskva işbirliyi həyata keçirməlidirlər. Azərbaycan Prezidenti İlham Əliyevin təklif etdiyi, Rəcəb Tayyib Ərdoğanın dəstəklədiyi "3+3” əməkdaşlıq formatı da Moskva müqaviləsindən sonrakı dövrə də bir növ bənzəyir. Bunun həyata keçirilməsi, Ermənistanın Qərbin və regiondan kənar oyunçuların əlində bir alət olmaqdan çıxıb bölgəyə uyğunlaşması, Azərbaycan və Türkiyənin ərazi bütövlüyünə hörmətlə yanaşması, 10 noyabr üçtərəfli bəyanatındakı öhdəlikləri tam yerinə yetirməsi çox önəmlidir. Əminəm ki, bütün bunlar tam həyata keçirildiyi təqdirdə, regionda sülh və təhlükəsizlik bərqərar olacaq və inkişaf təmin ediləcək, necə ki, 100 il bundan öncə Moskva müqaviləsinin imzalanmasından sonra bütün bunlar baş vermişdi. Bu baxımdan, Moskva müqaviləsi tarixdə qalmış bir saziş deyil, bu müqavilənin tarixi əhəmiyyəti bu gün də çox böyük önəm daşıyır. 100 il bundan öncə Türkiyə, Azərbaycan və Rusiyanın Cənubi Qafqazda işbirliyində olması bu gün üçün bizə tarixdən dərs çıxarmağa imkan verir, bu günə dair önəmli ip ucları verir. Bir sözlə, Moskva müqaviləsi regionun rifahı və ölkələrimizin maraqları naminə böyük fürsət idi.

- Ermənistan dövləti, Rusiyadakı erməni diasporu və ermənipərəst rusiyalı siyasətçilər vaxtaşırı Moskva və Qars müqavilələrinin deanonsasiya olunması tələbi ilə çıxış edirlər. Hətta Rusiyadakı erməni lobbisi Dövlət Dumasına müraciət edərək Moskva və Qars anlaşmalarının ləğv olunmasını tələb etmişdi.
- Moskva müqaviləsinin ləğv edilməsi fikir, əslində yeni deyil. 100 il bundan öncə də bu fikir mövcud idi. Bu müqavilənin imzalanmasına maneə olmaq üçün Qərb imperialist dövlətləri o zaman əllərindən gələni etmişdilər. Hətta Türkiyə ilə Rusiyanı bir-birinə qarşı qoymağa çalışdılar. Mətbuat üzərindən yalan xəbərlər yaydılar. Həm Türkiyə, həm də Rusiya daxilindəki bəzi Qərbyönümlü qüvvələrdən istifadə edərək iki ölkəni arasını vurmağa çalışdılar. Bayaq da qeyd etdiyim kimi, 100 il bundan öncə Türkiyə-Rusiya ittifaqı Qərb dövlətlərinin planlarının qarşısında necə əngəl idisə, bu gün də eyni vəziyyətdir. Moskva müqaviləsinin ləğv olunması ideyası Qərb mərkəzlərində istehsal olunur və İrəvandakı Qərblə işbirliyində olanların önünə bişirilərək qoyulur. Onlar erməni xalqının deyil, Qərb imperialist güclərinin maraqlarını müdafiə edirlər. Dolayısı ilə, Moskva və Qars müqavilələrinin ləğv edilməsi erməni xalqının maraqlarına uyğun deyil. Ermənistan xalqının bugünkü marağı Türkiyə və Azərbaycanla əlaqələr qurmaq ola bilər. Ancaq bu yolla Ermənistandakı ciddi iqtisadi və siyasi böhran aradan qaldırıla bilər. Ermənistan üçün böhrandan çıxış ancaq və ancaq Azərbaycan və Türkiyə ilə dost olmaqla mümkündür. Bu baxımdan Moskva və Qars müqavilələri Rusiya, Türkiyə və Azərbaycanın olduğu kimi Ermənistanın da marağına uyğundur. Ona görə də, ermənilər bu müqavilələri göz bəbəkləri kimi qorumalıdırlar.

- Mehmet bəy, Azərbaycan Vətən müharibəsindəki Qələbəsindən sonra regionda yeni əməkdaşlıq platformasının yaradılması gündəmdədir. Ermənistanın regiona sülh və inkişaf vəd edən əməkdaşlıq platformasına qoşulması nə qədər real görünür?
- Ermənilər keçmişdən önəmli dərs çıxarmalıdırlar. 100 il bundan öncə daşnaklar Qərb dövlətləri tərəfindən istifadə edilib bir tərəfə atıldılar. İndi də eyni oyunun şahidi olduq. Erməni xalqı bundan dərs çıxarmalıdır. Ermənistan Azərbaycan tərəfindən təklif olunan regionda "3+3” formatındakı (Rusiya, Türkiyə, İran, Azərbaycan, Gürcüstan və Ermənistan) əməkdaşlıq təşəbbüsünə daxil olmalıdırlar. Ermənistan Azərbaycan qarşısında götürdüyü öhdəlikləri yerinə yetirdiyi və Türkiyəyə qarşı düşmən siyasətindən imtina etdiyi təqdirdə, sərhədlərin, kommunikasiyaların açılması da mümkün olacaq. Hətta Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması da mümkündür. Bu, Ermənistan üçün çox böyük bir fürsətdir. Bu fürsət qaçırılmamalı, yaxşı dəyərləndirilməlidir. Ankara, Bakı və Moskva tərəfindən regionda meydana çıxan bu təşəbbüs İrəvan tərəfindən də dəstəklənməlidir. Ermənistan revanşist ideyadan əl çəkməlidir. Çünki ermənilərin revanşist ideyasının gerçəklə heç bir əlaqəsi yoxdur, ermənilərin revanşı həyata keçirmələri mümkün də deyil. Azərbaycan Ordusu ilə mübarizə apara bilməyəcəklərini zatən İkinci Qarabağ müharibəsində gördük. Amma Ermənistanın macərapərəst siyasəti bölgədəki sülh prosesini baltalamağa yönəlib. Bu gün Ermənistan daxilindəki qarışıqlıq dövründə erməni xalqı çox diqqətli olmalıdır, bu cür revanşist siyasətə əsla yer verməməlidir və sülh prosesini dəstəkləməlidir.