• cümə axşamı, 18 aprel, 22:46
  • Baku Bakı 21°C

Mehmanla bağlı yalan ayaq tutdu, amma yerimədi

07.01.19 19:56 599
Mehmanla bağlı yalan ayaq tutdu, amma yerimədi
Azərbaycan dövlətinə təzyiq göstərmək istəyən qüvvələr son bir neçə ildə ölkə daxilində süni şişirdilən və həqiqəti əks etdirməyən "informasiyalar”a əsaslanaraq, öz şəbəkəsini əmrə müntəzir edir. Lakin bu ucuz şoular yalana və böhtana əsaslandığı üçün heç nə ilə nəticələnmir. Elə bu günlərdə bloqqer Mehman Hüseynovla bağlı sosial şəbəkələrdə yayılan yalan məlumatlar da bunu sübut edir. Onun guya 10 gün ərzində "aclıq aksiyası” keçirməsi ilə bağlı sosial şəbəkələrdə "özünü həlak edənlər” yarışa çıxıblar.
Azərbaycan dövlətinə, onun sturkturlarına qarşı ortaya atılan bu yalan və böhtanların əsassızlığı gün kimi aydın oldu. Belə ki, Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov məsələyə aydınlıq gətirib: "Bu adam çörək də yeyir, su da içir, vəkili ilə də görüşür, ailə üzvləri ilə telefonla da danışır. Onun heç bir problemi yoxdur. Bilirsiniz ki, səhhətində problem olan istənilən şəxslə bağlı dərhal reaksiya verilir, həkim müdaxiləsi olur. Amma onunla bağlı belə bir şeyə ehtiyac olmayıb, çünki aclıq aksiyası keçirmir”.
Hətta xidmət rəsmisi deyib ki, M.Hüseynov cəmi bir günlük aclıq aksiyası keçirib: "Aclıq aksiyası elan etmişdi, səhəri gün yemək yeməyə başladı. Bununla bağlı akt da tərtib olunub, özü də akta imza atıb”.
Bəs görəsən xaricdəki bəzi mərkəzlərin əlində alətə çevrilən "sosial şəbəkə qəhrəmanları”, mövcud "söyüş şəbəkəsi” və özünü Azərbaycanda "ana müxalifət” adlandıranlar indi hansı məqsədlə hay-küy qaldırıblar? Mehmanın guya aclıqdan səhhətində problem yarandığını deyənlər indi hansı bəhanəni "əlində bayraq edib” Azərbaycana qarşı kampaniyalar aparacaqlar?

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Hikmət Məmmədov bildirdi ki, son günlər anti-Azərbaycan mərkəzlər yenidən Azərbaycanda süni gündəm yaratmağa və bu məqsədlə Mehman Hüseynov adlı barəsində məhkəmə hökmü olan birisini süni şəkildə alət etməyə çalışırlar: "Əslində isə bu hay-küyün Mehman Hüseynovla heç bir əlaqəsi yoxdur. O, Azərbaycan vətəndaşı olaraq qanunun tələblərini pozub və hakimiyyətin üç müstəqil qolundan biri olan məhkəmə hakimiyyətinin qərarı ilə məsuliyyətə cəlb edilib. İndi isə onu bu vəziyyətə düşməyə təhrik edənlər yenidən növbəti qanun pozuntusuna cəlb etməklə vəziyyətindən sui-istifadə edirlər. Bunlar yolverilməzdir və heç bir beynəlxalq istismarçı şəbəkənin bunu etməyə haqqı yoxdur. Təəssüf ki, bəzən Mehman kimi qurbanları öz toruna salmağı bacaran anti-azərbaycançı şəbəkələr belə gəncləri axıra qədər istismar etməklə onları öz milli maraqlarına qarşı qoyur. Hazırda baş verənlər də növbəti belə oyunun bir həlqəsidir”.
H.Məmmədov qeyd etdi ki, Azərbaycana qarşı cəbhə açan belə şəbəkələri nə Mehmanın taleyi, nə də Azərbaycanın mənafeyi maraqlandırır: "Tam əksinə, onlar hüquq və demokratiya müdafiəçiləri kimi görünməklə, əslində Azərbaycana qarşı düşmənçilik edir, onun beynəlxalq nüfuzuna kölgə salmağa çalışır, ölkəmizin dünya ictimai rəyində antidemokratik obrazını yaratmağa cəhd edirlər. Nəticədə belə mərkəzlər üçün elə Mehman Hüseynov da bir azərbaycanlıdır və onun həbs edilməsi də elə həmin mərkəzlər üçün bir qənimətdir. Çünki hazırki mürəkkəb beynəlxalq şəraitdə söhbət xalqların qlobal müstəvidə mübarizəsindən gedir. Bu mübarizənin qalibləri öz təhlükəsizliklərini təmin edib yaşayacaq, məğlubları isə milli dövlətçiliklərini itirəcəklər. Ona görə də Azərbaycanın əldə etdiyi heç bir uğur imperialist mərkəzlər tərəfindən həzm edilmir. Onlar güclü, təhlükəsiz, özünü müdafiə etməyi bacaran, Lələtəpə, Günnüt əməliyyatları keçirməyə qadir olan, qlobal meqalayihələri həyata keçirən və nəhayət, bir gün öz ərazi bütövlüyünü təmin edə biləcək Azərbaycanı istəmirlər. Məsələnin qısa mahiyyəti bundan ibarətdir. Ona görə də vaxtaşırı biz bu tipli manipulyasiyalarla üzləşirik. Ancaq məsələ ondadır ki, artıq anti-Azərbaycan mərkəzlərin belə ssenarilərinə qarşı Azərbaycanda ictimai immunitet yaranıb və bənzər metodlarla ölkəmizə təzyiq etmək mümkün deyil”.

Ekspert Azər Həsrət bildirdi ki, əslində Mehmanla bağlı heç nə baş vermir: "Penitensiar Xidmətin açıqladığı məlumata görə, ortada bir hüquq pozuntusu var və ona uyğun da qeyri-adi heç bir addım atılmır, sadəcə olaraq, qanun çərçivəsində tədbir görülüb. Bu hadisədən bəzi qüvvələr sui-istifadə edib Azərbaycanda ortalığı qarışdırmağa çalışırlar. Yəni, bu adamlar stəkanda fırtına yaratmağa cəhd göstərirlər. Ümumi olaraq, yanlış informasiyalarla ictimai rəyi çaşdırmağa və bütövlükdə suyu bulandırıb balıq tutmağa cəhdlər var. Bir sözlə, öz məkrli niyyətlərinə nail olmaq istəyirlər. Amma Penitensiar Xidmətdən verilən məlumatdan bəlli oldu ki, Mehman Hüseynovla bağlı bəzi qüvvələrin və mərkəzlərin iddia etdiyi heç bir hadisə baş vermir. Yəni, o, sadəcə olaraq bir gün aclıq elan edib, ikinci gün isə yemək yeməyə başlayıb. Səhhəti ilə bağlı isə heç bir problem yoxdur və hansısa şikayətinin olmaması ilə bağlı akta da imza atıb. Mehman özü onun haqqında yalan yayanları faş etmiş oldu. Amma bu adamlar bütün bunlara baxmayaraq, öz əməllərini davam etdirirlər. Məqsəd isə Azərbaycanda ictimai rəyi çaşdırmaq, ajiotaj yaratmaq, xalq-hakimiyyət birliyini sarsıtmaq, ümumiyyətlə Azərbaycan dövlətini zəif duruma düşürərək öz çirkin niyyətlərinə nail olmaqdır. Lakin bir şeyi unudurlar ki, Azərbaycanda bunu etmək mümkün olan deyil. Çünki Azərbaycan xalqı sabitliyin qiymətini yaxşı bilir və bunu pozmaq istəyən heç kimə şans verməyəcək”.
A.Həsrət vurğuladı ki, anti-Azərbaycan şəbəkəsinin hücuma keçməsinin səbəbi bəllidir: "Həmin mərkəzlər Azərbaycana hücum etmək üçün bəhanələr axtarırlar. Yəni, mümkün olduqca Azərbaycan dövlətini gözdən salmağa çalışırlar və ölkəmizə təzyiq etmək üçün əllərinə fürsət düşməsini gözləyirlər. İndi Mehmanla bağlı ortaya çıxmış durumda bir növ onlara fürsət verilirmiş kimi göründü. Düşünürdülər ki, bunun üzərindən hərəkət edərək Azərbaycana hücuma keçə biləcəklər. Amma yayılan məlumatların yalan olduğu bəlli oldu və təbiidir ki, o adamların da öz istəklərinə çatması imkansız görünür. Niyə bu mərkəzlər yalan informasiyalara əsaslanıb hərəkətə keçirlər? Ona görə ki, həmin mərkəzlərə yalan informasiyaları ötürən şəxslər və mərkəzlər var. O şəxslər Azərbaycanda bir qayda olaraq "söyüşçü” kimi tanınan şəxslərdir. Xüsusilə, bunlar Avropa ölkələrində oturub Azərbaycan dövlətinə qarşı söyüş kampaniyası aparanlardır. Digərləri isə çörəyi bu cür qarmaqarışıqlıqdan çıxan qrant dəllallarıdır. Bu dəllallar bu cür hadisələrdən "bəhrələnib”, yeni maliyyə mənbələri əldə etmək istəyirlər. Üçüncü bir qrup da var ki, bunlar Azərbaycan daxilində oturub siyasi mübarizə apardıqlarını iddia edirlər. Təbii ki, əllərinə düşən yalan-doğru hər bir imkandan istifadə etməyə çalışırlar. Amma nəticə yenə də onların əleyhinə olur. Çünki yalan informasiyalara əsaslanıb siyasi kampaniya aparmaq əvvəlcədən uğursuzluğa düçar olacaq bir addımdır”.

AZAD
banner

Oxşar Xəbərlər