• şənbə, 20 Aprel, 19:45
  • Baku Bakı 24°C

Mehmanla bağlı qətnaməyə səs verənlər Azərbaycan haqqında məlumatsızdırlar

22.01.19 18:37 696
Mehmanla bağlı qətnaməyə səs verənlər Azərbaycan haqqında məlumatsızdırlar
Azərbaycanın əməkdaşlıq etdiyi Avropa strukturları müxtəlif zamanlarda ölkəmizə qarşı insan haqları, demokratiya adı altında təzyiqlər göstərməyə cəhd edir. Lakin irəli sürülən ittihamların bir bəhanə olduğu açıq şəkildə ortada olur. Çünki Avropa institutları öz daxilindəki problemləri görməzlikdən gəlir. Necə ki, ötən ilin sonlarından başlayaraq Fransada baş verənlər göz qabağındadır. "Sarı jiletlilər” hərəkatının yatırılması üçün assimetrik güc tətbiq edən rəsmi Parisin hərəkətlərinə laqeyd qalan Avropa Parlamentinin görünməmiş çevikliklə Mehman Hüseynovun məsələsini müzakirəyə çıxarıb qətnamə qəbul etməsi kifayət qədər şübhələrə yol açır. Çünki Avropa İttifaqı son bir neçə ildə bütün sahələrdə Azərbaycanla əməkdaşlıq etməyə can atır. Hətta bu il Azərbaycanla Avropa İttifaqı arasında saziş imzalanacağı gözlənilir. Belə bir vəziyyətdə Avropanın digər bir strukturu - Avropa Parlamenti tərəfindən qətnamənin qəbul edilməsi burada maraqlı tərəflərin olduğunu təsdiqləmiş olur.
Belə görünür ki, anti-Azərbaycan dairələri müsəlman aləmində öz abadlığı və azadlığı, rahatlığı və sabitliyi, dincliyi və tolerantlığı, multikulturallığı ilə seçilən Azərbaycanı qarışdırmağa çalışırlar.

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirdi ki, biz dəfələrlə Avropanın ayrı-ayrı strukturlarının Azərbaycan əleyhinə qərəzli yanaşmalarının şahidi olmuşuq: "Böhtan, iftira, yalanla dolu mövqeləri müşahidə etmişik. Bu baxımdan Avropa Parlamentinin Mehman Hüseynovla bağlı qəbul etdiyi qətnamə də istisna təşkil etmir. Hələ 2015-ci ildə Azərbaycanla bağlı qərəzli bir mövqe ortalığa qoyulmuşdu və ölkəmizi qondarma insan hüquqları məsələlərində ittiham edib, eninə-uzununa demokratiyadan dəm vururdular. Amma Avropa Parlamentinin yerləşdiyi Strasburqda, yəni Fransanın özündə son hadisələr fonunda insan hüquqlarının necə kütləvi şəkildə pozulmasının şahidi olduq. Təəssüflər olsun ki, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası heç bir halda bu məsələlərlə bağlı konkret mövqe ortaya qoymadı, insan haqlarının keşiyində dayanmadı. Bu da onunla bağlıdır ki, onlar bizdəki müsbət prosesləri, keçirilən islahatları və Azərbaycanın sabit, təhlükəsiz ölkə, eləcə də müsəlman aləmində sabitlik adası olmasını həzm edə bilmirlər. Müxtəlif qondarma ittihamlarla Azərbaycana təzyiq göstərib, Avropa ictimai fikrində ölkəmizin mənfi obrazını formalaşdırmaq istəyirlər. Bu, onların dəfələrlə sınaqdan çıxardığı üsullardır və Azərbaycan ictimaiyyəti bunları çox gözəl bilir. Bu, o Avropa Parlamentidir ki, Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın keçirdiyi prezident, parlament seçkilərini obyektiv, ədalətli, şəffaf və demokratik seçkilər kimi qiymətləndirmişdilər. Bəs, nə oldu Ermənistanda 50 faizdən artıq səs toplayan Sarkisyana məxsus Respublikaçılar Partiyası son parlament seçkilərində niyə heç 5 faiz səs səs toplamadı? Demək ki, onların heç bir sosial bazası yox imiş, xalq onlara etimad göstərmirmiş. Bəs onda niyə Avropa Parlamenti həmin seçkiləri ədalətli, obyektiv seçki adlandırırdı? Yəni, bütün bunlar onu göstərir ki, ikiüzlü siyasət var və həm də Avropa Parlamentində müəyyən deputatlar var ki, onlar Ermənistan hakimiyyəti, erməni lobbisi və diasporu ilə qaranlıq əlaqələr qururlar. Hesab edirəm ki, bu məsələləri Avropanın hüquq-mühafizə orqanları araşdırmalıdır”.
E.Nəsirovun sözlərinə görə, nədənsə Avropa Parlamenti hesabatlarında və qətnamələrində Ermənistanın təcavüzü nəticəsində Azərbaycanda bir milyondan çox insanın məcburi köçün və qaçqın düşməsi ilə bağlıfakta toxunmur: "Amma bir nəfərlə bağlı böyük hay-küy kampaniyası aparır, Azərbaycan əleyhinə qətnamə qəbul edir və ölkəmizə qarşı siyasi təzyiq mexanizmlərini işə salır. Unutmasınlar ki, Azərbaycan ictimaiyyəti onların bu siyasi təzyiqlərinin arxasında nələrin dayandığını çox gözəl bilir, onların əsl simasını çox yaxşı dərk edir. Eyni zamanda biz onun fərqindəyik ki, belə təzyiqlərlə heç bir halda Azərbaycanı tutduğu yoldan döndərmək olmaz. Cənab prezidentin qeyd etdiyi kimi, bizim işimiz haqq işidir, taleyimiz öz əlimizdədir və öz yolumuzla gedirik. Heç kim bizi bu yoldan döndərə bilməz. Azərbaycan müstəqil dövlətdir və dövlətimizin başçısı da müstəqil daxili və xarici siyasət həyata keçirir. Heç bir böyük dövlətin, beynəlxalq təşkilatın diktəsi altında deyil, Azərbaycan xalqının milli mənafelərindən irəli gələn siyasət həyata keçirilir və bunun da sayəsində xalq öz prezidentini dəstəkləyir. Lakin bəzi qüvvələr bundan əndişələnir və Azərbaycana qarşı cürbəcür təzyiq üsullarını işə salır. Avropa Parlamentinin son qətnaməsi də bu baxımdan qiymətləndirilməlidir. Təəssüflər olsun ki, Azərbaycanda da Avropa Parlamenti və digər beynəlxalq dairələrin əlində alət çevrilən sapı özümüzdən olan baltalar da var. Onlar da ciddi-cəhdlə çalışırlar ki, Azərbaycanda ictimai-siyasi sabitliyi və asayişi pozsunlar. Ancaq bu, mümkün olmayan məsələdir. Çünki Azərbaycan xalqının siyasi iradəsi var və heç bir zaman regionun lideri olmuş bir dövlətini seçdiyi yoldan nə xaricdə olan anti-Azərbaycan qüvvələr, nə də onların ölkəmizdə mövcud olan "5-ci kalon”unun nümayəndələri döndərə bilməz.


Millət vəkili, politoloq Rasim Musabəyov bildirdi ki, xaricdən Azərbaycana qarşı yönələn hücumlara birinci dəfə deyil: "Artıq illərdir ki, bəzi dairələr, Avropa Parlamenti və digər təşkilatlar tərəfindən ölkəmizə qarşı əsasız təzyiqlər edilir, obyektiv olmayan münasibət göstərirlər. Azərbaycan qarşı qərəz nümayiş etdirən qüvvələrin məqsədi ölkəmizi istədikləri kimi yönəltməkdir. Ölkəmizi istəməyən qüvvələr Azərbaycana qarşı apardığı qarayaxma kampaniyaları zamanı bir çox hallarda məsələnin mahiyyətinə varmadan, əsassız fikirlər irəli sürür, addımlar atırlar. Avropa Parlamentində Mehman Hüseynovla bağlı qəbul edilən qətnaməyə səs verənlər nəinki məhbus haqqında, ümumiyyətlə Azərbaycan haqqında bixəbərdirlər. Onlardan bu haqda nə isə soruşsaq, heç bir məlumata malik deyillər”.
R.Musabəyov vurğuladı ki, bəzi dairələrin istəyi Azərbaycanı yürütdüyü müstəqil siyasətdən çəkindirib, istədiklərini etdirməkdir: "Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bununla bağlı qəti mövqeyini ortaya qoyaraq bunun mümkünsüz olduğunu bəyan edib. Azərbaycan öz xarici siyasətini müstəqil şəkildə qurub və onu davam etdirməkdədir. Bu baxımdan, Azərbaycana edilən təzyiqləri hər zaman olub, indi də var. Biz həmin qüvvələrə qarşı hər zaman mübarizə aparmışıq və bu gün də bunu davam etdirməkdəyik”.

AZAD
banner

Oxşar Xəbərlər