• cümə, 26 Aprel, 01:12
  • Baku Bakı 16°C

Məhkəmə jurnalistin şikayətini qismən təmin edib

03.04.18 12:40 761
Məhkəmə jurnalistin şikayətini qismən təmin edib
Bu gün Bakı Apellyasiya Məhkəməsində bir nəfərin ölümü, bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Seymur Qarayevin barəsindəki hökmdən zərərçəkmişin hüquqi varisi tərəfindən verilən şikayət üzrə məhkəmə prosesi başa çatıb.
APA-nın xəbərinə görə, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə prosesdə qərar elan olunub.
Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Belə ki, təqsirləndirilən şəxsin 4 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası 4 il 6 aya endirilib.
Zərərərçəkmişin hüquqi varisinin nümayəndəsi İmdad Əlizadənin isə apellyasiya şikayəti qismən təmin edilib. Belə ki, 166 min manat maddi və mənəvi zərər hissəsindən 120 min 931 manat ziyanın ödənilməsi təmin edilib. Bu, Mərkəzi Klinika və "Avrasiya" hospitalda mərhum Əli Əliyevin müalicəsinə sərf olunan hissəyə şamil olunub. 120 min 931 manatın 3 min manatı isə mənəvi təzminat kimi zərərçəkmişin hüquqi varisinə ödənilməlidir.
Məhkəmə belə nəticəyə gəlib ki, Klinik Tibbi Mərkəz və Bakı Sağlamlıq Mərkəzində müalicəyə sərf edilən vəsaitin, eyni zamanda yas mərasimi üçün çəkilən xərclərin qəbzləri məhkəməyə təqdim edilmədiyi üçün həmin hissə baxılmamış saxlanılıb.
İ.Əlizadə Bakı Apellyasiya Məhkəməsinin qərarından narazı olduğunu və Ali Məhkəməyə kassasiya şikayəti verəcəyini bildirib. Jurnalist deyib ki, apellyasiya şikayətində mülki iddiasının tam təmin edilməsi və təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını istəyir.
Qeyd edək ki, Nərimanov Rayon Məhkəməsinin hökmünə əsasən, Seymur Qarayev 4 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. S. Qarayev cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
Yol qəzasında ölən Əli Əliyevin oğlu, jurnalist İmdad Əlizadənin 166 min manatlıq mülki iddiası qismən təmin edilib. Hökmdə qeyd edilib ki, təqsirləndirilən şəxsdən maddi ziyana görə 20 min manat, mənəvi zərərə görə isə 3 min manat tutularaq yol qəzasında ölən Əli Əliyevin ailəsinə verilməlidir.
İmdad Əlizadə məhkəmənin hökmü ilə razı olmayıb və apellyasiya şikayəti verib.
"AzərbaycanHavaYolları" QSC-nin (AZAL) əməkdaşı olan S. Qarayev Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma), 263.1-ci (Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə ittiham olunub.
İstintaq dövründə onun barəsində həbs-qətimkan tədbiri seçilməyib.
2016-cı il fevralın 14-də baş vermiş qəzada xəsarət alan Əli Əliyev 504 gün komada qalıb, ötən il iyulun 2-də vəfat edib.
banner

Oxşar Xəbərlər