• cümə axşamı, 28 mart, 22:49
  • Baku Bakı 13°C

“Məhərrəmlik ayında şəhidlərimizi də yad etməliyik”

11.09.18 19:13 1404
“Məhərrəmlik ayında şəhidlərimizi də yad etməliyik”
İqtisadi inkişafına, beynəlxalq aləmdə nüfuzuna görə Cənubi Qafqazın lider dövləti sayılan Azərbaycanda hüquqi dövlət quruculuğu ilə paralel olaraq, demokratik prinsiplərin bərqərar olması istiqamətində də mühüm addımlar atılıb. Ölkəmizdə sabitlik, əmin-amanlıq yaradılıb, mətbuat, söz, sərbəst toplaşmaq, vicdan azadlıqları təmin edilib. Dinindən, dilindən, irqindən, cinsindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı Konstitusiyamızda nəzərdə tutulan bütün hüquqlardan yararlana bilir. Konstitusiyamızın "Dövlətin əsasları” adlı II fəslinin 18-ci Maddəsi "Din və dövlət” münasibətlərini tənzimləyir. Həmin Maddədə bildirilib ki, Azərbaycanda din dövlətdən ayrıdır, bütün dini etiqadlar qanun qarşısında bərabərdir. Bu maddədə yalnız insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin - dini cərəyanların yayılmasının və təbliğinin qadağan olunduğu göstərilib.
Eyni zamanda vurğulanıb ki, ölkəmizdə dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır. Təbii olaraq din, etiqad azadlığının tam şəkildə təmin olunması, ənənədən irəli gələrək multikulturalizm, tolerantlıq kimi dəyərlərin qorunub saxlanması Azərbaycandakı bütün din nümayəndələrinin sülh şəraitində yaşamasına səbəb olub. Bu isə öz növbəsində ölkəmizin ümumi inkişafında mühüm rol oynayıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin cari ilin yanvar ayında açıqladığı statistikaya görə, 1 sentyabr 2009-cu ildə Azərbaycanda dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesi başlayandan sonra 793 dini qurum qeydiyyatdan keçib. Konfessional baxımdan dini qurumların 765-i İslam, 28-i qeyri-islam, yəni 17-si xristian, 8-i yəhudi, 1-i krişna, 2-si bəhai təmayüllüdür. 2017-ci ildə dini təhsil müəssisələrinin (kollec) dövlət qeydiyyatına alınması prosesi başlayandan 10 dini təhsil müəssisəsi dövlət qeydiyyatına alınıb. Cari il fevralın 9-da Prezident İlham Əliyevin imzaladığı sərəncamla İlahiyyat İnstitutu yaradılıb. İbadət evlərinə gəlincə, hazırda ölkə ərazisində 2250 məscid mövcuddur ki, onlardan 136-sı Bakı şəhərində yerləşir. Bundan başqa, Azərbaycanda 14 kilsə, 7 sinaqoq fəaliyyət göstərir. Həmçinin Azərbaycan ərazisində 748 pir və ziyarətgah fəaliyyət göstərir ki, onlardan 25-i Bakı-Abşeron bölgəsinin payına düşür.

Xatırladaq ki, sovetlər dövründə Azərbaycanda cəmi 17 məscid fəaliyyət göstərib. 1990-cı ildən indiyədək ölkədə 800-dən artıq məscid inşa olunub.Belə ki, 1993-2003-cü illər ərzində ölkədə 517 məscid inşa olunub, 200-ə yaxın məsciddə əsaslı təmir işləri aparılıb, 16 məscid yenidən qurulub. Dövlət vəsaiti hesabına 1998-ci ildə Bibiheybət məscid-ziyarətgah kompleksinin yenidən qurulmasına başlanılıb, 1999-cu ildə rəsmi açılışı olub. 2003-2016-cı illər ərzində ölkədə 219 məsciddə inşa və əsaslı təmir və yenidən qurma işləri aparılıb, o cümlədən dövlət vəsaiti hesabına 12 məscid tikilib və ya əsaslı bərpa olunub. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına və tapşırığına uyğun olaraq, Bibiheybət məscid-ziyarətgah kompleksində, Təzəpir məscidində, İçərişəhər Cümə və Həzrət Məhəmməd məscidlərində, Əjdərbəy məscidində əsaslı təmir, bərpa və yenidənqurma işləri aparılıb. 2013-cü ilin may ayının 13-də Şamaxı Cümə məscidi əsaslı bərpa və yenidənqurmadan sonra istifadəyə verilib.
2014-cü ilin dekabr ayının 24-də Bakıda Qafqazın ən böyük məscidi olan Heydər məscidinin rəsmi açılışı olub. Bundan əlavə 2016-cı ilin fevral ayının 17-də Gəncə şəhərində "İmamzadə” dini mədəniyyət abidəsinin yenidənqurma və əsaslı bərpadan sonra açılış mərasimi olub. 2017-ci ilin iyun ayında Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində Prezident İlham Əliyevin tapşırığı əsasında Şuşa Məscidinin arxitekturası əsasında tikilən məscidin açılışı olub. 2018-ci il aprelin 18-də isə Bakıda Hacı Cavad məscidinin yeni binasının açılışı olub. Heydər Əliyev Fondu tərəfindən də 8 məscid və ziyarətgah – Daşkəsən şəhər Cümə məscidi, Gəncə şəhər Şah Abbas və Həzrət Zeynəb məscidləri, Xəzər rayonu Buzovna qəsəbəsi Cümə məscidi, Mərdəkan qəsəbəsi Pirhəsən ziyarətgahı, Binə qəsəbəsi Möhsün Səlim və İmam Rza, Xəzər rayonu Zirə Cümə məscidləri inşa və ya əsaslı təmir olunub. Hazırda ölkədə 306 məscid dövlət tərəfindən tarixi abidə kimi qorunur. Azərbaycanda tikilən və təmir olunan məscidlərdə ibadət edən şəxslərin təhlükəsizliyini təmin etmək məqsədi ilə kameralar quraşdırılıb və ciddi nəzarət var.
Sadalanan faktlardan göründüyü kimi, Azərbaycanda dini etiqad azadlığının təmin edilməsi, insanların dini inanclarını yerinə yetirmək üçün ibadətgahların, ziyarətgahların təmir və bərpa olunması istiqamətində mühüm tədbirlər görülüb. Müxtəlif dinlərə etiqad göstərən inanclı insanlar dövlətin, ölkə rəhbərliyinin bu diqqət və qayğısını yüksək qiymətləndirir, mövcud şəraitdən yararlanır, dini mərasimlər keçirir, ritualları icra edirlər. Bu gündən isə Azərbaycanda Məhərrəmlik ayı başlayıb. Hicri 1440-cı ilin başlanğıcı – Məhərrəm ayının 1-i miladi təqvimlə 2018-ci il sentyabrın 11-nə, Aşura günü sentyabrın 20-nə təsadüf edir. Məhərrəm tarix boyu bütün səmavi dinlər tərəfindən sülh və əmin-amanlıq ayı kimi qəbul edilib, lakin hicri 61-ci ildən etibarən bu ayın onuncu günü olan Aşura yaddaşlara tarixi ədalətsizlik və hüzn günü kimi daxil olub.
Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının bu barədə fətvasında qeyd olunub ki, İmam Hüseynin haqq-ədalət naminə şəhadəti böyük mənəviyyat və dirçəliş nümunəsidir. Eyni zamanda vurğulanıb ki, ölkəmizdə İmam Hüseyn (ə) əzadarlığı bədbinlik əhvali-ruhiyyəsinin təlqini deyil, Vətən və iman sevgisinin təcəssümü, işğal olunmuş Qarabağ torpaqlarının azad edilməsi uğrunda mübarizədə dəyanət örnəyi olmalıdır. Təziyə mərasimlərində şəhidlərimizi yad etmək, onların qanlarının yerdə qalmamasını, əzəli torpaqlarımızın işğaldan azad olunmasını dua etmək müqəddəs borcumuzdur. Fətvada bildirilib ki, müsəlman ümmətinin tarixində kədərli, eyni zamanda insanlara şərəf və qürur bəxş edən Kərbəla faciəsinin, İmam Hüseynin (ə) həyat və şəhadətinin yad edilməsi bu gün də Azərbaycan dindarları tərəfindən ənənəvi olaraq yaşadılır.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Musa Quliyev Məhərrəmlik ayının ölkəmizdə qeyd olunması ilə bağlı "Kaspi”yə açıqlamasında bildirib ki, Azərbaycanın milli-mənəvi, dini dəyərləri qorunub saxlanmalı, bütün dinlərin nümayəndələrinin inanclarına hörmətlə yanaşılmalıdır. O, Azərbaycanda bütün dini konfessiyalar və xalqların nümayəndələri üçün tolerant mühit yaradıldığına diqqət çəkib. Qeyd edib ki, hər il Prezident İlham Əliyev dini konfessiyaların bayramlarında onlara təbrik məktubu göndərir, xoş arzularını və dəstəyini çatdırır.
Deputatın fikrincə, Məhərrəmlik ayı, Kərbəla müsibəti, Aşura da bizim milli-mənəvi dəyərlərimizə sıx inteqrasiya etmiş tarixdir: "İlk növbədə bu tarixi hadisəyə hörmətlə və günümüzün tələbləri səviyyəsində yanaşmaq lazımdır. Məlum hadisələrin baş verdiyi dövrdən indiyə qədər bəşər sivilizasiyası böyük inkişaf yolu keçib, dövrlər, münasibətlər tamamilə dəyişib. O baxımdan Məhərrəmlik ayının qeyd olunması, bundan irəli gələn mərasimlərin, anım tədbirlərinin keçirilməsi sivil qaydalarla uzlaşdırılmalıdır. İmamların əqidə adamları kimi öz amalları yolunda son damla qana qədər mübarizə aparmalarını, şəhidlik zirvəsinə ucalan qəhrəmanlar olmalarını təbliğ etməli, hörmətlə xatırlamalı, onların qəhrəmanlıqlarından, şərəfli həyat yolundan ibrət götürməliyik. Vətənpərvərlik nöqteyi-nəzərindən də bu cür yanaşma qəbul ediləndir. Lakin Məhərrəmlik ayının böyük faciə ayı kimi qeyd edilməsinin, yaşadılmasının tərəfdarı deyiləm. Bu hadisəyə əsrlərdir yaşayan qəhrəmanlıq tarixi kimi yanaşılmalı, bundan ibrət götürülməlidir. Məhərrəmlik ayında Kərbəla şəhidləri ilə yanaşı, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olan, şəhidlik zirvəsinə ucalan oğul-qızlarımızı da yad etməliyik. Onların müqəddəs ruhları qarşısında mənəvi borcumuzu yerinə yetirməliyik. Fikrimcə, bu cür anım mərasimləri, daha yaxşı olar”.

Millət vəkili deyib ki, Məhərrəmlik ayının müxtəlif atributlarla, ayinlərlə, o cümlədən baş yarmaqla, sinə vurmaqla, qan tökməklə faciə kimi qeyd edilməsinin heç kimə xeyri yoxdur: "İndiki dövrdə buna daha sivil yanaşma mövcuddur. Bir neçə il bundan əvvəl Şeyxülislam Hacı Allahşükür Paşazadə tərəfindən çox yaxşı təşəbbüs irəli sürülüb. Artıq Məhərrəmlik ayında Azərbaycanda qanvermə aksiyaları təşkil olunur. Məhərrəmlik ayında qanvermə aksiyasında iştirak etmək, öz qanı ilə başqalarına həyat vermək, hansısa insanı sağlamlığına qovuşdurmaq İmam Əlinin, Həsənin, Hüseynin, ümumilikdə bütün şəhidlərimizin ruhuna ən böyük duadır, savab işdir. Eyni zamanda bu, müsəlman həmrəyliyinin, qardaşlığın bir formasıdır. Bu kimi müxtəlif üsullarla, savab işlərə əl atmaqla Məhərrəmlik ayını ağı demək, zəncir vurmaq, baş yarmaq, hüzn ayı kimi deyil, daha faydalı qeyd etmək olar”.

M.Quliyev Azərbaycanda multikulturalizm, İslam həmrəyliyi illərinin qeyd olunmasını da xatırladıb. Bildirib ki, bütün bunlar Azərbaycanda insanların dini inanclarına nə qədər hörmətlə, tolerant yanaşıldığını ortaya qoyur. Onun sözlərinə görə, ölkəmiz bu yanaşmasına, həyat tərzinə görə bütün islam aləminə nümunə sayıla bilər.

Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər