• cümə, 29 Mart, 10:01
  • Baku Bakı 5°C

Məhərrəmlik ayı - qanvermə aksiyası və sosial yardımlaşma önə çıxır

04.09.18 20:53 4556
Məhərrəmlik ayı - qanvermə aksiyası və sosial yardımlaşma önə çıxır
Məhərrəmlik ayının başlamasına sayılı günlər var. Bu ay uşaqlıq yaddaşımda təkcə qohum-qonşu arasında toy dəvətnamələrinin iki aya yaxın müddətdə kəsiləcəyindən yaranan sevincdən daha çox, İmam Hüseyn əzadarlığının qeyd edildiyi matəm dövrü kimi qalıb. Adamların üzü gülməz, evlərdən televizor və ya radio səsi gəlməzdi. Konsertə qulaq asmaq "günah” sayılardı. Gün boyu seyid ocaqlarında və ya məscidlərdə təşkil olunan təkkələrdə İmam Hüseyn müsibətinə diz çırpıb göz yaşı tökərdilər. Kişilərin də ayrıca bu tip məclisləri təşkil olunurdu. Uşaqlar isə bu sayaq məclislərdə matdım-matdım baxaraq bu matəmin səbəbini anlamağa çalışardılar.
Ən böyük həyəcan daha çox Aşura və Tasua günləri yaşanırdı. Məscidlərin qarşısında baş yarılması və zəncir vurulması qorxulu mənzərə idi. Əhalinin qatı dini kəsimi kiçik uşaqların da başına xəsarət yetirib qan çıxarmaqla İmam Hüseynə və imamlara saxladığı matəmi nümayiş etdirirdi. Al qana boyanan üzləri, yarılan başları, qançır-qançır olmuş sinələri və kürəkləri görmək hələ psixologiyası möhkəmlənməyən, ağrılara alışmayan, üstəlik, bu ayinlərin yaxın iştirakçısı olmağa təkid edilən uşaqlar üçün o qədər də asan deyildi. Əhali isə öz "ənənəsi”nə sadiqliyini nümayiş etdirməkdə davam edirdi: başlar xəncərlə yarılır, bədənlər qalın zəncirlərlə döyülür - qanlar axıdılır, "Kərbala”, "İmam Hüseyn” fəryadları göyə dirənirdi. Hərçənd, insanların arasında ehsan verənlər, başqalarına yardım göstərənlər də yox deyildi.
Sonralar İslam dininin tarixini öyrəndikcə, təkcə əhalinin deyil, onları istiqamətləndirən dindarların da bir çox dini məsələlərdə olduğu kimi, Aşura mərasimlərinin keçirilməsində də ifrata vardıqlarını, Kərbəla olayları ilə bağlı hekayələr uydurduqlarını, əfsanələr söylədiklərini anladıq. Belə ki, Kərbəla hadisələri yalnız qanlı qırğın, müharibə deyil, bütövlükdə bir hadisələr zənciri olub, İslam dininin mahiyyətinin qorunması, dinin hakimiyyətlər tərəfindən sui-istifadəsinə qarşı sivil etiraz idi.
Artıq bəzi ölkələrdə Aşura mərasimi ilə bağlı müşahidə olunan radikal, insan psixologiyasına və sağlamlığına zərər verən tədbirlərdən Azərbaycanda uzun müddətdir ki, imtina olunması o bu mərasimlərin yönünü xeyli dəyişib. Aşura günü qanvermə aksiyalarının təşkil olunması baş yarılması, zəncir vurulub qan çıxarılması hallarının qarşısını alıb. Məhərrəmlik günlərində sosial yardımlaşma, ehtiyacı olanlara baş çəkmə, yardım etmə kimi sosial aksiyalar kütləvi hal almaqdadır. Qonşu İran və Türkiyədə də Məhərrəmlik günlərində qançıxarma kimi zərərli tədbirlərdən çəkinilir, sosial yardımlaşma hallarına daha çox rast gəlinir. Elə Qafqaz Müsəlmanları İdarəsi də, Dini İşlər üzrə Dövlət Komitəsi də, ölkənin ziyalı təbəqəsi də Məhərrəmlik günlərində insanlara fətvaya uyğun hərəkət etməyi tövsiyə edib.

Dini mükəmməl şəkildə öyrənmək

Ötən illərdə olduğu kimi, bu il də ölkə üzrə Məhərrəmlik mərasimlərinin Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının fətvasına uyğun keçirilməsi, qanvermə aksiyasının təşkil edilməsi planlaşdırılıb. "Aşura günündə və digər günlərdə dinə bir ləkənin gəlməməsinə çalışmaq lazımdır” - deyə Məhərrəm ayının başlaması ilə əlaqədar keçirilən tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə bildirib: "Qanunsuz iş görən din xadimlərinə heç bir güzəşt olmayacaq. Hər şeyin müqəddəsliyi və qanun var. Aşura günü zamanı hər qazi hesabat verəcək. Məhərrəm ayı və Aşura mərasimləri məscidlərdə və Qafqaz Müsəlmanları İdarəsinin fətvasına uyğun, qanun çərçivəsində, fətvada irəli sürülən tövsiyələrə riayət olunmaqla keçiriləcək”.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da "bu və ya digər ayinlər həyata keçirilərkən qanuna əməl edilməlidir. Azərbaycan müsəlman dünyasının nümunəvi ölkəsidir. Bu mərasimlərdə xurafata heç bir halda yol vermək olmaz” - deyə səslənib. Komitə sədri dini radikalizmə və dini xurafata qarşı mübarizənin əhəmiyyətini və aktuallığını diqqətə çatdıraraq qeyd edib ki, bütün problemlərin həlli dini mükəmməl şəkildə öyrənməkdən ibarətdir. Yəni zəncir vurmaq, qan çıxarmaq, özünə xətər yetirmək kimi əməllər qəbul edilən deyil və bunlar sonradan meydana çıxan, uydurulmuş hərəkətlərdir: "Biz də bu əməllərin əleyhinəyik. Qafqaz Müsəlmanları İdarəsi də bu cür çağırışlar edir”. Azərbaycanda tarixən İslam dininin müxtəlif təriqətlərinin birgəyaşayışının mövcud olduğunu, təriqət baxımından qarşıdurmanın müşahidə edilmədiyini deyən Komitə sədri "Azərbaycanda həmişə qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni və dini münasibətlər mövcud olub” - deyə vurğulayıb: "Bu gün də məscidlərdə müxtəlif təriqətlərin daşıyıcıları dini ayinlərini bir yerdə icra edirlər, bir-birinə hörmətlə yanaşırlar”.

Qanvermə və sosial yardımlaşma aksiyası

Professor Şahlar Əsgərovun fikrincə, zəncirvurma, başyarma kimi hadisələr cəhalətin, xurafatın nümunəsidir: "Bu ayinlərin İslama heç bir aidiyyatı yoxdur. Bu, din adından istifadə edərək ifratçılığa yol açmaqdır”. Professor hesab edir ki, Aşura günü insanlar qanvermə aksiyasına qoşulsalar, daha məntiqli olar: "Çünki bizim cəmiyyətdə qana ehtiyacı olan xəstələrimiz, döyüş bölgəsində olan hərbçilərimiz var. Bu cür məqamlarda yalnız sosial və humanist xarakterli addımlar atılmalıdır”.
Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Hacı Şahin Həsənlinin fikrincə, məscidlərdə din xadimləri Kərbala hadisələrindən istifadə edib insanları zorakılığa dəvət edən adamlara İmam Hüseynin zorakı olmadığını, əksinə, zorakılığa məruz qaldığını xatırlatmalıdırlar: "İmam Hüseyni, onun əshabələri və yaxınlarını qətlə yetiriblər. O, atdan yerə düşərkən "qanımı Peyğəmbərə hədiyyə edirəm» deyib. Bu, atıq cəmiyyət üçün böyük bir mesajdır. Yəni bu çağırış insanları həmin günlərdə xeyriyyəçiliyə, fədakarlığa dəvət edir”. QMİ nümayəndəsi hesab edir ki, bu istiqamətdə məscidlər, KİV orqanları əhali insanlar arasında müəyyən maarifləndirmə işləri aparmalıdır. Yəni insanlar Aşurada və Məhərrəmlik günlərində paylaşmağa, bir-birləri ilə həmdərd olmağa çalışmalı, ehtiyaclı insanlara baş çəkməli, onlara yardım etməlidirlər: "Bu ənənə həmişə xalqımızda olub. Həmişə küçələrdə ehsanlar verilib, insanlar təmənnasız bir-birinə xidmət ediblər. Hətta sürücülər insanları mənzil başına təmənnasız daşıyıblar. Yenidən insanların bu ənənələri yaşatması üçün maarifləndirmə tədbirlərinin keçirilməsinə ehtiyac var. Həmin gün poliklinikalarda qanvermə aksiyaları təşkil olunacaq. Yaxşı olar ki, hamı imkan daxilində həmin aksiyalarda iştirak etsin”.
Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli də İslamın doğru həqiqətlərini düzgün çatdırmaq üçün maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu deyir: "Azərbaycan xalqı sevgili Peyğəmbərimizə, onun Əhli-beytinə həmişə sevgi və sayğı göstərib. Bunun bariz nümunəsi də son illərdə şəxsən dövlət başçısı tərəfindən Gəncədə və Bərdədə İmamzadə kompleksinin, eləcə də Bibiheybət məscidinin, Hacı Cavad məscidinin təkrar inşası və təmir işlərinin həyata keçirilməsi Azərbaycan dövlətinin və xalqının milli-mənəvi dəyərlərinin birbaşa təəssübkeşi olduğunu təsdiqləyən amildir”. Şərqşünas Azərbaycanda ta qədimdən Aşura mədəniyyətinin formalaşdığını deyir: "İslam tarixindən xəbərdar olanlar bilir ki, imam Hüseyn hicrətin 61-ci ili, Məhərrəm ayının 10-da şəhadətə yetirilib. Ancaq ağrılı tərəfimiz ondan ibarətdir ki, bizlər zaman-zaman İmam Hüseynin şəhadətini, onun qiyamını doğuran səbəbləri bilmədən İmam üçün ağlamışıq. Düzdür, bu, bizim mərhəmət və şəfqət hisslərimizin oyanmasına vəsilə olub, digər tərəfdən, bəzən yanlışlıqlara da yol verilib”.
Şərqşünas da hesab edir ki, Məhərrəmlik ayında QMİ və Dini Komitənin məscidlərdə birgə qanvermə aksiyası keçirməsi uğurlu addımdır. Belə ki, bu bütün müsəlman və qeyri-müsəlman ölkələrinə vəhdətin, tolerantlığın əyani sübutudur: "Təsəvvür edin ki, qanvermə aksiyasında ölkənin şeyxindən tutmuş, millət vəkillərinə, ziyalılarına qədər hər kəs, həmçinin ölkəmizdə olan digər ənənəvi liderlər də iştirak edirlər. Bu, böyük addımdır. Hesab edirəm ki, insanlarımız bu aylarda qanvermə aksiyasına qoşulmaqla bərabər, fədakarlıq və şücaət örnəyi olan İmam Hüseynin ruhunun sevinməsi üçün vətənimizin, dövlətimizin, bayrağımızın varlığı uğrunda canını sipər etmiş şəhidləri də yad etməlidirlər. Azərbaycanın şəhidlik məktəbi var. Qoy insanlar həmin günlərdə Azərbaycan şəhidlərinin mübarək məzarlarını ziyarət etsinlər, şəhid ailələrinin qapılarını döysünlər. Düzdür, şəhid ailələrini dövlət himayə edir. Ancaq Məhərrəmlik ayını sosial yardımlaşmaya çevirmək üçün biz bu məqamdan məharətlə istifadə etməliyik ki, insanların dini duyğuları yanlış istiqamətə yönəlməsin. Həm də başqa ölkələrin sifarişi ilə deyil, vətənimizin, dövlətimizin varlığı üçün istifadə olunsun. Əzadarlıq günlərində şəhid, qazi ailələrinin, ehtiyacı olan insanların qapıları açılmalıdır. Əgər biz həmin günləri sosial yardımlaşma aksiyasına çevirə bilsək, bu həm dinimizin prinsiplərinə uyğun, həm də İmam Hüseynin və onun əshabələrinin ruhunun bizdən razı qalmasına səbəb ola bilər. Həyətimizdə, küçəmizdə təmizlik işlərinə rəvac verək, bir-birimizə dəstək olaq. Bu mərhəmət, rəhmət və şəfqət hissləri ilə oyanan hər bir qəlb sahibi onsuz da hər zaman bunu edir. Həmin gün kimsə harasa gedib nəzirini verməklə özünü Allah tərəfindən bağışlanmış sayır, ancaq bundan çox biz İmam Hüseynin ölməzlik məktəbini Qarabağa müharibəsi kontekstinə transfer etməliyik. Vətənimizin, dövlətimizin varlığı üçün yad ənənələri - zəncirvurma, bədənə qəsd etmə kimi əməllərdən imtina etməliyik”.
Beləliklə də, Məhərrəmlik günlərində QMİ-nin fətvasına uyğun addımlar atılması, başyarma, zəncirvurma kimi qançıxarma ayinlərini daha mütərəqqi və humanist addımlarla əvəz etmək böyüyən nəslin tərbiyəsində mühüm rol oynayacaq. Onlar xeyirxahlıq, ehtiyacı olanlara kömək etmək, şəhidlərin məzarını ziyarət kimi hisslərlə tərbiyə olunmaqla bərabər, yaddaşları qorxunc olaylardan uzaq qalacaq. Bu onlara dinimizi də sevdirəcək, Vətənimizi də...

Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər