• cümə, 19 Aprel, 06:00
  • Baku Bakı 13°C

Məhəmmədlə Turalın qrant davası

27.11.18 18:32 1738
Məhəmmədlə Turalın qrant davası
Müxtəlif bəhanələrlə Azərbaycanı tərk edib xaricə sığınan, oradan ölkəmizə qarşı "qara piar” aparan qaraguruh dəstənin, "iaşə müxalifəti”, "söyüş çetesi” kimi ad çıxaranların siyasi sifariş yerinə yetirdiklərini dəfələrlə öz yazılarımızda qeyd etmişik. Hər zaman vurğulamışıq ki, pul müqabilində Vətəninə, xalqına, dövlətinə, millətinə qarşı çıxan bu dəstə üzvləri özbaşına hərəkət etmirlər. Onlar Azərbaycanın uğurlarını həzm edə bilməyən qüvvələrin, xüsusən də erməni diaspor təşkilatlarının, həmçinin ölkəmizə siyasi təzyiq göstərmək istəyən dövlətlərin əlində maşa rolunu oynayırlar.
Küçə səviyyəsində, təhqirlərlə dolu statuslar yazmaqla, sosial şəbəkədə özlərini "mübariz” hesab edənlərin, cəmiyyətimizə "qəhrəman”, "müxalifətçi” kimi sırınmaq istəyənlərin əqidəsinin, prinsipinin, marağının yalnız pul olduğu artıq heç kimə sirr deyil. Zaman keçdikcə belələrinin əsl mahiyyəti tam çılpaqlığı ilə üzə çıxır. Necə ki, "iaşə müxalifəti”nin mərkəzində yer alan iki mühacir gənc bu günlərdə bir-birinin ünvanına qarşılıqlı ittihamlar səsləndirməklə özlərini ifşa etdilər. Xatırlayırsınızsa, Azərbaycanda keçirilən mühüm beynəlxalq tədbirlər və seçkilər ərəfəsində Tural Sadıqlı və Məhəmməd Mirzəli ad-soyadlı iki nəfər dil-boğaza qoymadan sosial şəbəkə üzərindən canlı yayımlar edir, "müxalif” fikirlər bildirir, dövlət rəsmilərini hədəfə alaraq daha çox təhqirlərlə müşayiət olunan statuslar yazırdılar. İndi hər iki gənc belə statusları bir-birlərinə qarşı yönəldiblər.

Misal üçün, Məhəmməd Mirzəli əqidədaşı Tural Sadıqlı haqda sosial şəbəkədə belə bir status yazıb:"Mən heç zaman bunu yazmazdım, özün məcbur etdin. Sən özünü ifşa etmək qərarına gəldin, davam elə. Mənim də deyəcəyim şeylər olacaq. Qrantı aldın nə qrant verən təşkilatın adını açıqladın, nə aldığın qrantın məbləğini dedin, məni efirə çıxarıb məndən pul qazandın. Mən də sənin bu əməlinə qarşılıq olaraq öz videolarımı "youtube”dən sildirdim. Mən bu işləri pulsuz görən adamam, biz qrant gəlməsə belə, birgə nəyəsə razılaşsaydıq, təbii ki, işlər görüləcəkdi. Amma məsələnin mahiyyəti budur ki, sən məndən istifadə etdin, "xalqın layihəsini də qrant” üçün etdin. Mən bu dəqiqənin özümdə belə xalqın layihəsini etməyə hazıram. Pulsuz parasız gəl edək, digər səhifələri də çağıraq. Bir də ki, elə yazmısan ki, yanımıza çəkdik, filan etdik. Mən öz işimi özüm həyata keçirmişəm”.



"Made in Azerbaijan” səhifəsinin admini olan Məhəmməd daha sonra Turalı satqınlıqda ittiham edib:"Sənin qardaşın iki kilo heroinlə şərlənir azadlığa buraxılır və sonra da gəlir Almaniyaya. Sənin Bakıdakı fəaliyyətin barədə danışmağa başlasam, təmiz batarsan. Almaniyada etdiklərini isə saxlayıram ikinci yazıya”.

Buna cavab olaraq Tural Sadıqlı da status yazıb Məhəmməd Mirzəlini nankorluqda ittiham edib və ona təzyiq olan zaman dəstək olduğunu deyib. Bununla yanaşı, Turalın atası Əlövsət Sadıqlı öz oğluna qahmar çıxaraq, Məhəmmədin ünvanına sərt fikirlər səsləndirib. Lakin müəyyən vaxt keçəndən sonra o, bu statusunu silib.
Bu yazışmaların ardınca Məhəmməd Mirzəlinin şikayəti əsasında "youtube”də "Azad söz” səhifəsindən şikayət edilib və səhifə bağlanıb.

Sosial şəbəkənin aktiv istifadəçiləri hər iki gəncin statuslarının altına rəy yazmaqla həm öz mövqelərini bildiriblər, həm də bu statusları skrenşot edib paylaşmaqla "siyasi mühacirlər”in əsl kimliyini nümayiş etdiriblər.

"Facebook”dakı "5-ci kolon” səhifəsi hər iki gəncin statuslarını paylaşıb, "mühacirlərin” bir-birini ifşa etdiyini qeyd edib. Həmin paylaşımın rəy bölməsinə öz fikrini yazan Azəri Azərin adlı şəxs fitnə ilə yaranan birliyinin fitnə ilə də dağılmasını təbii sayıb.

Vüqar Mirzəyev adlı istifadəçi də Tural ilə Məhəmmədin davasının pul üstündə baş verdiyinə əminliyini ifadə edib. Vurğulayıb ki, Tural Sadıqlı aldığı qrantları Məhəmmədlə bölmədiyindən sonuncu keçmiş dostunu ifşa edib, hətta hikkəsindən kanalını da bağlatdırıb: "Yəqin ki, bu pul məsələsinin içində Orduxan da var. Növbə ona da çatacaq yəqin. Bir şey bəlli oldu ki, ilin əvvəlində Avropada söyüş kampaniyasına start verənlər bunu Vətəni sevdiklərinə görə yox, ağalarından aldıqları qrantlara görə edirmişlər. Bu da "demokraiya” carçıları”.

Şahin Camalov isə Turalla Məhəmmədin Avropada şou göstərməyə başladığını ironiya ilə qeyd edib.
Ələsgər Vəliyev adlı istifadəçi Məhəmmədi müdafiə etmək məqsədilə maskaların yavaş-yavaş cırıldığını yazıb: "Atalarımızdan qalma bir misal var, fahişəliklə oğurluq 40 gün çəkər. Bu misalı boş yerə çəkmədim, baş vermiş hadisələri diqqətlə analiz etmənizi istədim! İnsanın üzünə, üz cizgilərinə diqqət yetirməklə insanları müəyyən mənada tanıya bilərsiniz. Şəxsən mən Məhəmməd Mirzəli ilə tanış deyiləm, həyatda da rastlaşmamışıq, amma onu 100 faiz əminliklə deyə bilərəm ki, Turalla Məhəmməd müqayisə edilməz insanlardır”.

Cabir Məmmədov adlı sosial şəbəkə istifadəçisi yazıb ki, Avropadakı gədələr ancaq pul üçün ölkəni və hakimiyyəti söyürlər: "Biz bu həqiqətləri dilə gətirəndə bəziləri az qala basıb gözümüzü çıxarırdı ki, yox, onlar qəhrəmandırlar, xalq üçün çalışırlar, sözün düzünü deyirlər, siz isə yaltaqsınız. Buyurun, kimin kim olduğu bu dəfə də üzə çıxdı, hələ dəfələrlə də çıxacaq. Özləri etiraf etdilər ki, qranta işləyirlər və qrantı bölə bilməyəndə düşmən kəsilir, hətta bir-birlərinin "youtube” kanallarını da bağlayırlar. Bəs hanı dünənə qədər aparılan "mübarizə”, ay nə bilim "diktaturaya” qarşı savaş?! Bura qədər imiş? Bir görün, siz kimləri "qəhrəman" sayırsınız”.

Gün ərzində sosial şəbəkədə bu kimi çoxsaylı rəylər, statuslar yazılıb. Bütün bu baş verənlər isə həqiqətləri gün işığına çıxarıb. Hələ xeyli müddət bundan əvvəl dəfələrlə yazılarımızda qeyd etdiyimiz gerçəklikləri Məhəmməd Mirzəli və Tural Sadıqlı öz statuslarında bir-birlərini ifşa etməklə təsdiqləyiblər. Bununla da adıçəkilən gənclərin əsl mahiyyəti, seçki öncəsi yaratdıqları "birliyin” səbəbi bir daha məlum olub. Artıq heç kimdə şübhə yeri qalmır ki, hər iki gənci birləşdirən "dəyər” xaricdən alınan qrantlar olub. Bu qrantlar müqabilində isə onların qarşısına Azərbaycan dövləti əleyhinə kampaniya aparmaq məqsədi qoyulub. Pula satılan "iaşə müxalifəti” də bu məqsədlə ən müxtəlif vasitələrə əl atıb.
Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər