• cümə axşamı, 25 aprel, 14:11
  • Baku Bakı 23°C

Məhəmməd peyğəmbərin mövlud günü ilə bağlı tədbir keçirilib

02.12.17 19:32 4778
Məhəmməd peyğəmbərin mövlud günü ilə bağlı tədbir keçirilib
Bu gün Qafqaz Müsəlmanları İdarəsində (QMI) Məhəmməd peyğəmbərin mövlud günü ilə bağlı tədbir keçirilib.
APA-nın məlumatına görə, tədbirdə Ərdəbildən din xadimləri iştirak edib.
Tədbirdə çıxış edən QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə bu müqəddəs ayda Allahdan işğal altındakı torpaqlarımızı qaytarmağı bəxş etməsini arzulayıb, şəhidlərimizə rəhmət diləyib.
QMİ sədri bu ilin Azərbaycan prezidentiİlham Əliyevtərəfindən "İslam Həmrəyliyi İli” elan olunduğunu xatırladıb və bu addımın həm də dinlər arasında həmrəyliyə xidmət etdiyini söyləyib. QMİ və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin ölkə daxilində və xaricdə keçirdiyi tədbirlərin əhəmiyyətindən bəhs edən Şeyxülislam Allahşükür Paşazadə deyib ki, bu tədbirlərdə bir daha dünya ictimaiyyətinin belə bir həmrəyliyə, siyasətə ehtiyacı olduğunu görüb. "Xaricdəki tədbirlərə daha çox digər dinlərin nümayəndələri maraq göstəriblər. Bu əslində İslam həmrəyliyindən insan həmrəyliyinə keçidi özündə ehtiva edir. Bu ay da "İslam Həmrəyliyi İli" çərçivəsində Naxçıvanda böyük praktiki konfrans keçiriləcək. Növbəti konfrans islam həmrəyliyinin banisi Heydər Əliyevə həsr ediləcək. Dekabrın 21-də Rusiya, Belorus, Ukrayna, Yaxın Şərq, İran, Türkiyə, Özbəkistan, Hindistandan dövlət və din xadimlərinin qatılacağı böyük bir konfrans keçiriləcək. Bu, indiyə qədər bu məsələyə həsr olunmuş ən böyük konfrans olacaq. Həmrəyliyə böyük ehtiyac olduğu üçün konfransa böyük maraq var. 200-ə yaxın dövlətin dövlət və din xadimlərinin iştirak edəcəyi bu konfransın yekununda dünya ictimaiyyətinə ünvanlanan bəyanat qəbul ediləcək. İslam həmrəyliyi ilə bağlı məsələlər bir il çərçivəsinə sığmır".
QMİ sədri SSRİ dövründə İslam dininə təbliğin çətinliyindən danışıb, Qurani-Kərimitərcümə etmək istəyən zaman təzyiqlərlə üzləşdiyini bildirib: "Mən qorxudan 6 ay Qurana əl vura bilmədim. Akademik Vasim Məmmədəliyev Quranı tərcümə etdi. Vasim Məmmədəliyevin xidmətləri çox yüksəkdir. Ona görə də Vasim Məmmədəliyevə təşəkkür edirik. İndi danışmaq asandır, ancaq sovet dövründə bu işi görmək qəhrəmanlıq tələb edirdi”.
Tədbirdə V. Məmmədəliyevin 75 illik, professor Qəzənfər Paşayevin 80 illik yubileyləri münasibəti ilə çıxışlar olub, QMİ adından hədiyyələr təqdim edilib. Hacı Salman Musayev Azərbaycanda din-dövlət münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayıb.
banner

Oxşar Xəbərlər