• cümə, 26 Aprel, 13:52
  • Baku Bakı 23°C

Məhəmməd necə “arzuolunmaz uşaq” oldu

17.09.14 13:16 1496
Məhəmməd necə “arzuolunmaz uşaq” oldu
Lənkəran şəhərində bir məktəb var. Xarici Dillər Təmayüllü Gimnaziya kimi tanınır. Deyilənə görə, öz tədris və təlim-tərbiyə metodları ilə digər təhsil ocaqlarından da fərqlənir. Ancaq məktəbin şagirdlərə yanaşmasında digər təhsil ocaqlarından fərqlənən münasibət gimnaziya haqqında eşitdiyimiz müsbətlərə bir qədər kölgə saldı.
Məktəbin IV sinfində oxumalı olan Məhəmməd Məhərrəmov elə ilk dərs günündə – sentyabrın 15-də məktəbdən uzaq düşüb. Təbii ki, öz istəyi ilə yox. Səbəb? Şagirdin dəcəlliyini və ya hiperaktivliyini sinif müəllimi Esmira xanım “həzm” edə bilməyib. 3-cü sinifdən bu xanımın sinfində təhsil alan Məhəmməd bir il sonra “arzuolunmaz uşağa” və ya “dağıdıcı qüvvə”yə çevrilib. Valideyninin dediyinə görə, müəllim digər valideyn və uşaqların yanında «Mən bu uşaqla dərs keçməyəcəyəm!» - deyə iddiasını ortaya qoyub. Bir il ərzində uşağın məktəbdə etdiyi nadinclikləri sadalayaraq onun kimi uşaqla vaxt itirməkdənsə, daha yaxşı oxuyan və nizam-intizamlı şagirdlərlə işləmək istədiyini bildirib. İş ondadır ki, sinif müəllimi direktorunun da sözünü qulaqardına vuraraq sevinclə məktəbə üz tutan şagirdi qapı arxasında qoyub. Naəlac qalan valideyn isə uşağının sənədini məktəbdən istəyərək başqa məktəb axtarışına çıxıb.
Gimnaziyanın direktoru ilə əlaqə saxlayıb dərslərin başladığı gündə baş verən olaya - sinif müəlliminin şagirdi sinfə buraxmaması və valideyni ilə kobud davranması faktına aydınlıq gətirməsini istədik. Məhəmmədin həddən artıq nadinc və sərbəst davranışlı uşaq olduğunu söyləyən direktor Mansur Ağayev uzun danışıqdan sonra uşağın məktəbdə yenidən təhsilinə davam etməsinə razılıq verdi: “Gəlsin sinifdə otursun”. Ancaq fakt budur ki, sentyabrın 15-də övladını məktəbə aparan anası yenidən uşağı ilə birlikdə yuxarıda nəql etdiyim qaydada geri qayıtmalı olub. Sinif müəllimi nə uşağı yaxın buraxıb, nə də anasını eşitmək istəyib. Sinif müəlliməsinin məktəb direktorunun sözünü eşitmək istəməməsi bir yana, gecə-gündüz təhsilin inkişafından, şəxsiyyətyönümlü təhsildən, valideyn-məktəb münasibətlərinin möhkəmlənməsindən, məktəbin şagirdin taleyində oynadığı roldan və s. bəhs etdiyimiz bir vaxtda azyaşlı bir uşağın taleyi havadan asılı qalıb....
Yenidən direktorun yanına?
Doğurdanmı, şagirdlərin, xüsusən ibtidai sinifdə təhsil alanların sənədlərini asanlıqla valideynin qoltuğuna vermək işin çətinliyindən yaxa qurtarmaq deməkdir? Bu addım uşağın gələcək taleyini həll edirmi? Bəs məktəbdə fəaliyyət göstərən psixoloqların vəzifəsi nədən ibarətdir? Onlar heç olmasa, nadincliyindən dad edilən bu cür uşaqlarla bircə dəfə söhbət ediblərmi?
Lənkəran şəhər Təhsil Şöbəsinin müdir müavini Güloğlan Bağırovla əlaqə saxladıqda o, dəcəlliyindən asılı olmayaraq hər hansı bir şagirdin sinfə buraxılmamasının yolverilməz olduğunu bildirdi: «Hamımız orta məktəbdə oxumuşuq. Demək olmaz ki, məktəbdə oxuyan bütün şagirdlər eyni dərəcədə nizam-intizamlıdır. Onların içərisində dərs oxuyanı da, oxumayanı da, dəcəli də, intizamsızı da, savadlısı da, savadsızı da və s. var. Əsl müəllim odur ki, bu cür uşaqların dilini tapa bilsin”. G.Bağırov problemin həlli kimi yenidən məktəb direktoruna müraciət etməyi tövsiyə etdi: “Valideynləri yenə də direktorun yanına getsinlər, bəlkə məsələ həll olundu”. Yəni, məsələni öz aralarında həll etsinlər: valideyn-müəllim və direktor.
Dərslərin başlamasından isə 3 gün keçir...
Mənfi və pis uşaq yoxdur
Məsələyə münasibət bildirən Təhsil Şurasının sədri Əjdər Ağayev bizimlə söhbətində “Şagirdi, xüsusən ibtidai sinif şagirdini sinfə buraxmamağa heç bir müəllimin ixtiyarı yoxdur. Eləcə də heç bir direktor və ya direktor müavini gözünü yumub onun sənədini valideynin əlinə verə bilməz. Bu, hərəkət ən böyük kobudluqdur. Uşaq hüquqlarının, “Təhsil haqqında” qanunun pozulmasıdır. Əgər müəllim hüququ pozursa, demək bu, cinayətdir»- deyə bildirdi. Ekspert təcrübəsindən çıxış edərərk “müəllim hər bir uşağın fərdi xüsusiyyətlərinə uyğun davranmalıdır”- deyə bildirdi: “Uşaq var ki, bir az səsinin tonunu qaldırmaqla ona təsir edə bilərsən. Uşaq elə küsər ki, bir daha sənə qulaq asmaz. Tamamilə mənfi və pis uşaq yoxdur. Dəcəl gördüyümüzün də hansısa müsbət cəhəti var. Həmin uşağı da müsbətin aurasında dəcəllikdən xilas etmək mümkündür. Uşaqların əsasən insanların xoş sözünə, münasibətinə, mehribanlığına və qayğısına ehtiyacları var. Bu, müəllim üçün əsas yoldur və bunu etmək onun vəzifəsidir. Müəllim motivasiya yaratmalı, uşağı maraqlandırmalıdır”. TŞ sədri hesab edir ki, şagirdlər çox vaxtı onlarla kobud davranan müəllimin dərsini oxumurlar: “Biz özümüz də həmişə belə olmuşuq. Sevmədiyimiz müəllimin fənnini oxumamışıq. Əslində özümüzə ziyan edirdik, ancaq müəllim faktoru əsasdır. Xüsusən ibtidai sinifdə dərs deyən müəllim, o uşaqların dəcəlini də, nadincini də sevməlidir. Dərsini canlı keçən, qura bilən müəllimin 45 dəqiqəsi necə keçirsə, onu nə özü bilir, nə də uşaqlar. Yoxsa o, öz dərsini qura bilmir».
Müəllimin düzgün yanaşması
Müəllim-şagird münasibətlərinin kifayət qədər həssas mövzu olduğunu qeyd edən psixologiya üzrə fəlsəfə doktoru Ruhəngiz Mehmanqızı bizimlə söhbətində “uşaq doğurdan da problemli, hiperaktiv ola bilər, ancaq onu məktəbdən uzaqlaşdırmaq - bu qərarı vermək çox həssaslıq tələb edir. Çünki bu, uşağın taleyidir”- deyə bildirdi. Psixoloqun sözlərinə görə, bu, uşağa vurulmuş etiketdir və o, daim bununla yaşayacaq: «Pis uşaq kimi məktəbdən qovuldu» fikrini onun valideyni də, uşaq özü də daim hiss edəcək. Uşaq təbiəti belədir ki, onlara qoyulan etiketi «Onsuz da pisik» deyə yavaş-yavaş doğrultmağa başlayırlar”. R.Mehmanqızı müəllimlərin hiperaktiv uşaqlarla necə işləmək lazım olduğun fikrinə aydınlıq gətirdi: “Şagirdin sinif müəllimi məktəb psixoloqunun fikrini nəzərə almalıdır. Əgər bütün müəllimlər birlikdə qərar qəbul etsələr ki, uşaq hiperaktivdir, onda hədsiz dərəcədə diqqətsizlik var, dərsdə 5 dəqiqədən artıq otura bilmir və s. yenə də o uşağı məktəbdən çıxartmaq düzgün deyil: Təbii ki, müəllimin ona öz yanaşması var. Adətən müəllim belə uşaqları ön cərgədə oturtmalıdır: «Silgi düşdü, gəl götür, lövhəni sil, dəftərləri uşaqlara payla və ya yığ və s.»- deyə ondan köməkçi kimi istifadə etməlidir”.
Psixoloq hesab edir ki, öncə “Uşaq nəyə görə pisdir?” sualının cavabı tapılmalıdır: “Bəlkə yanaşma yaxşı deyil, uşaq özünü pis aparır. Bəlkə uşaq diqqət cəlb etmək istəyir? Uşağa «Pisdir» - deyib məktəbdən uzaqlaşdırmağa çalışmaq asan işdir. Buna sadəcə, onun taleyi kimi yanaşmaq lazımdır”. Psixoloqun fikrincə, müəllimlər çox vaxt asan yol seçərək çətin uşaqlarla işləməkdən boyun qaçırırlar: “İngiltərə Təhsil qanununa görə, sinifdə “2” alan şagird varsa, onun təqsiri müəllimdədir. Yəni əgər uşaq iki alıbsa, demək, müəllim ona heç nə öyrədə bilməyib. Müəllim uşağa hanası tərəfdən yanaşmanı bilməlidir”. R.Mehmanqızı əksər müəllimlərin üzdə olan uşaqlarla işləmək istəyini də istisna etməyib. Belə ki, əgər sinifdə 5 nəfər yaxşı oxuyan şagird varsa, müəllim də onlarla işləyir. Amma müəllim bütün siniflə işləməlidir. Əgər müəllimin həmin uşaqla münasibəti alınmırsa, məktəb psixoloqu cəlb olunmalıdır və yaxud məktəb rəhbərliyi uşağı hansısa psixoloji mərkəzə göndərməlidir ki, dəqiq diaqnostika ala bilsin”. Psixoloqun sözlərinə görə, dünyada uşaqların məktəbə hazırlıq səviyyəsi psixoloji olaraq yoxlanılır. “İndi bizdə hər məktəb özü üçün imtahan edir. Ümumi bir kriteriya yoxdur ki, məktəbə gedən uşaq bunu bilsin. Ona görə də müəllimlər istənilən valideynə «Sənin uşağın keçmədi» - deyə bilərlər. Əgər uşaq psixoloji testdən keçmirsə, demək məktəbə hazır deyil. Testdən keçməyən uşaq 8 yaşı olsa belə məktəbə getməməlidir. Yoxsa məktəbdə problem yaşayacaq. Uşağı məktəbə hazırlamaq lazımdır. Sadəcə, mühitin təsirindən uşaq problemli uşağa çevrilir”. Psixoloq hesab edir ki, nadinc, sözə baxmayan şagirdlər üçün sinfə xüsusi müəllim də cəlb olunmalıdır. «Əvvəllər valideynlər uşağın arxasınca məktəbə getmirdi. İndi isə məktəbin qapısında yığışıb başqa uşaqların hərəkətlərini müzakirə edirlər: «Filan uşaq sinifdən çıxmalıdır, o, bizim uşaqlarımıza mane olur». Bunun özü də müəllimə təsir göstərir. Əgər valideynlərdə narazılıq yaranırsa, həmin sinifdə bütün uşaqların o şagirdə qarşı pis münasibəti yaranır. Müəllimlər də «pis uşaq» sözünü eşidincə onlar həmin şagirdə qarşı eyni münasibəti göstərirlər. Uşaq görəndə ki, onu sinif yoldaşları qəbul eləmir, o, daha da aqressivləşir. Bütün hallarda uşaq diqqət çəkmək istəyir. Bu gün məktəb psixoloqları öz üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirmirlər. Onlar valideynlərlə də, uşaqlarla da ayrı-ayrılıqda söhbətlər apara bilərlər. Müəllim şagirdin dilini tapsa, o, bəlkə də sinifdə ən yaxşı şagird olacaq. Bir müəllimin şagirdə düzgün yanaşması onu yaxşı səviyyəyə qaytara bilər».
Görünür, hələ rayonun bəzi məktəblərində Təhsil Strategiyası kimi mühüm sənəddən xəbərsizdirlər. O üzdən dərslər də, yanaşma da “ənənəvi” qaydada keçirilir. Heç kəs də şagirdin məktəbdən uzaq salınmasına görə valideynin məsuliyyətini kənara atmır. Amma pedaqoqlar uşaq psixologiyasını onların baxışlarından oxumalıdırlar. Şagirdi sinfin qapısından qaytarmağa isə nə qanun yol verir, nə də insanlıq...
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər